" ölüm"ə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın intensivləşdirilməsi mühüm amildir

 

Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov son illər ölkəmizdə adıçəkilən problemin həlli sahəsində görülən işlər barədə ətraflı məlumat verdi. Komissiya sədrinin giriş sözündən və iclasın sonunda söylədiklərindən belə bir yekdil qənaətə gəlmək olar ki, hökumət "ağ ölüm"ün bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu və Azərbaycanın genefonduna hansı zərbələr vura biləcəyini nəzərə alaraq narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəsini artırmaq və intensivləşdirmək məqsədilə bütün mümkün tədbirləri görür və məqsədə çatmaqda israrlıdır. Bu sahədə dövlət başçısının imzaladığı fərman və sərəncamlar, parlamentin qəbul etdiyi qanunlar yetərli hüquqi bazanın yaradılmasına imkan vermişdir.

Əli Həsənov bu işdə bir sıra beynəlxalq təşkilatlarla, ilk növbədə BMT-nin müvafiq strukturları ilə əlaqələrin mühüm önəm daşıdığını diqqətə çatdırdı. Onu da bildirdi ki, yerli icra strukturlarının, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin birgə səmərəli səyləri də problemin çözülməsinə güclü təkan verərdi. O, iclasda iştirak edən mətbuat nümayəndələrini "ağ ölüm"ə qarşı mübarizədə maarifləndirmə və təbliğat istiqamətində daha fəal olmağa çağırdı.

Baş nazirin müavini, Dövlət Komissiyasının sədri Əli Həsənov ölkə başçısının 28 iyun 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram"ın (2007-2012-ci illər) yerinə yetirilməsi istiqamətində Dövlət Komissiyasının işçi qrupunun müvafiq nazirlik, komitə və təşkilatlarla birgə bu ilin altı ayı ərzində gördüyü işləri yüksək qiymətləndirdi. O, bu sahədə hələ də müəyyən problemlərin olduğunu da diqqətə çatdırdı.

Dövlət Komissiyası işçi qrupunun rəhbəri Araz Əliquliyev respublikamızın şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən komissiyalarla birgə narkomanlığın qarşısının alınması istiqamətində görülmüş işləri ətraflı təhlil etdi. Təhsil, Gənclər və İdman nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti, Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri və digər qurumlarla birgə fəaliyyət profilaktik tədbirlərin səmərəsini artırmış, müalicə və reabilitasiya sahəsində uğur qazanmağa kömək etmişdir. Buna baxmayaraq, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin, qeydiyyata götürülmüş xəstələrin sayı, onların arasında yoluxucu xəstəliklərin yayılması artmaqdadır. Xəstələrin müalicəsi sahəsində kadr çatışmazlığı problemi yaşanır və narkoloji tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə ehtiyac duyulur.

Qaçaqmalçılıq yolu ilə ölkəyə daxil olan narkotiklərin daşınması əsasən İran İslam Respublikası ilə həmsərhəd olan bölgələrdən tranzit vasitəsilə reallaşdırılır. Bununla əlaqədar cənub istiqamətində hüquq-mühafizə orqanlarının birgə əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsinə diqqətin artırılması olduqca vacib məsələlərdən biridir. Məhz bu mülahizəni nəzərə alaraq, iclasda Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinə, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinə ölkə ərazisinə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsinə nəzarəti artırmaq, bu növ cinayətlərlə məşğul olan şəxslərin vaxtında ifşa olunmasından ötrü kompleks əməliyyat-axtarış və profilaktik tədbirlərin keçirilməsini gücləndirmək tövsiyə olundu. Narkotik vasitələrdən sui-istifadə edən şəxslərin ətrafında müalicə və reabilitasiya tədbirlərinin müasir səviyyədə qurulması məqsədilə kadr islahatlarının aparılması, narkoloji tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və bu xəstələrin müalicəsində istifadə edilən dərman preparatlarının ölkəyə gətirilməsi Səhiyyə Nazirliyi qarşısında bir vəzifə kimi qoyuldu.

İclasda digər icra strukturlarını və aidiyyəti qurumlarını da gözləyən vəzifələr dəqiq müəyyənləşdirildi.

Xarici işlər nazirinin müavini X.Xələfovun, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi H.Aslanovun, təhsil nazirinin müavini E.Qasımovun, səhiyyə nazirinin müavini E.Ağayevin, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini F.Hüseynovanın, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini T.Rzayevin çıxışlarında da bu gün bəşəriyyəti ciddi düşündürən problemlə bağlı narahatlıq ifadə olundu, çıxış yolları araşdırıldı. İrəli sürülən təklif və mülahizələr iclasın qəbul etdiyi qərarda öz geniş əksini tapdı.

 

 

Akif CABBARLI

 

Azərbaycan.- 2009.- 29 iyul.- S.3.