Respublikada həyata keçirilən məqsədyönlü tədbirlər sosial-iqtisadi sahədə uğurlu nəticələr verir

 

İqtisadi inkişaf tempi dinamik xarakter alanda aparılan islahatların həyata keçirilməsi müəyyən edilmiş xətt üzrə irəliyə doğru gedir və uğurlu nəticələr verir. İnkişafa təkan verən proqramların, sahibkarlığa geniş meydan açan dəstəyin, sosial-mədəni həyatın yüksəlişinin əsasını təşkil edən texniki bazanın yaradılması ölkənin nüfuzunu artırır. Azərbaycan Respublikasında uğurla həyata keçirilən işlər bunu bir daha sübut edir.

Sumqayıtda cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında respublikada həyata keçirilən inkişaf strategiyasından geniş danışıldı. Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev milli-mənəvi dəyərlərin qiymətləndirilməsi, insan kapitalının inkişaf etdirilməsi, idarəetmədə müasir üsul və formaların tətbiqinə geniş yer verilməsi, vətəndaşların rifah halının daha da yaxşılaşdırılmasına yönəldilən layihələrin həyata keçirilməsi barədə məlumat verdi. Regionların mövcud potensialından səmərəli istifadə etməklə sənaye sahələrinin və kənd təsərrüfatının inkişaf səviyyəsini yüksəltmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni gücləndirmək dövlətin qarşısında duran vacib məsələlərdəndir.

Respublikada bütün sahələrdə aparılan irimiqyaslı islahatlar, əldə edilən uğurlar gənclik şəhəri Sumqayıtın da hərtərəfli inkişafına geniş imkanlar yaratmışdır. Şəhər əhalisinin rifah halının yaxşılaşdırılmasına, sosial problemlərin vaxtında həllinə, infrastrukturun təkmilləşdirilməsinə yönəldilən layihələr ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində öz bəhrəsini verməkdədir.

2009-cu ilin birinci yarısında şəhər iqtisadiyyatının əsas göstəricisi olan ümumidaxili məhsulun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmışdır. Açılan yeni müəssisələrdə və fəaliyyətini bərpa edən istehsal obyektlərində işin uğurlu təşkili nəticəsində şəhərdə son altı ay ərzində 1524 iş yeri açılmışdır. İcra başçısı onu da bildirdi ki, son illərdə şəhər üzrə məhsul buraxılışı və göstərilən xidmətlərin həcmi 3 dəfədən çox artmış, əhalinin həyat səviyyəsini səciyyələndirən nominal əməkhaqqı 250 manatı ötmüşdür. Şəhərin orta, kiçik sənaye müəssisələrində zəruri məhsul çeşidləri istehsalında mühüm irəliləyişlər olmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 9,8 faiz, dəri məmulatları 2, tikinti materialları istehsalında 2,1 dəfə artım əldə edilmişdir.

V.Əliyev qeyd etdi ki, birinci Dövlət Proqramının uğurlu icrası iqtisadiyyatımızın bütün sahələrində nəzərəçarpacaq yeniliklər gətirmişdir. Respublikada formalaşan əlverişli iqtisadi mühit sosial-iqtisadi sahədə zəruri islahatların aparılmasına şərait yaratmışdır. Ölkə başçısının təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" qarşıdan gələn illərdə əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə, regionların simasının kökündən dəyişməsinə xidmət edəcəkdir.

Azərbaycan Prezidentinin imzaladığı "Sumqayıt şəhərinin 60 illik yubileyinin keçirilməsi haqqında" sərəncam sumqayıtlılar tərəfindən böyük məmnunluqla qarşılanmışdır. Sərəncamda Sumqayıt şəhərinin yaradılmasının 60 illik yubileyinin geniş qeyd edilməsi qərara alınmışdır. Bu sərəncam dövlət başçısının Sumqayıta olan diqqət və qayğısı olmaqla bərabər, şəhərə, onun qurucularına, ziyalılara, ümumilikdə, sakinlərə verilən çox dəyərli və böyük qiymətdir.

Yığıncaqda çıxış edənlər Sumqayıt əhalisinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər.

Tədbir iştirakçıları sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etdilər.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2009.- 29 iyul.- S. 3.