Rusiya Fərman Salmanovla fəxr edir
Geologiya sahəsində çox böyük mütəxəssis, dünyada ən məşhur geoloq alimlərdən və praktiklərdən biri, 30 ildən çox Qərbi Sibirdə işləmiş həmyerlimiz Fərman Salmanovun anadan olmasından 78 il keçir. Fərman Salmanov keçən əsrin 70-80-ci illərində Qərbi Sibirdə genişmiqyaslı geoloji axtarışların təməlini qoyanlardan biri olmuşdur. Onun rəhbərliyi altında 150 neft və qaz yatağı, o cümlədən Urenqoy və Yamburq kimi nadir yataqlar kəşf edilmişdir.
Fərman Salmanov Sosialist Əməyi Qəhrəmanı, Rusiyanın əməkdar geoloqu, fəxri neft və qaz sənayesi işçisi, Xantı-Mansi və Yamal-Nen muxtar mahallarının, Surqut şəhərinin, Texas ştatının və Çinin Tszinçjou şəhərinin fəxri vətəndaşı, Lenin mükafatı və İ.M.Qubkin adına mükafat laureatı adlarına, Lenin, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenlərinə layiq görülmüşdür. Akademik Fərman Salmanov dünya geologiya elmində fundamental konsepsiyaların və elmi əsərlərin müəllifi kimi tanınmışdır.
Bu böyük geoloqun xatirəsini əbədiləşdirmək üçün Yamaldakı yataqlardan birinə "Salmanovskoye", Yamal teploxodlarından birinə "Fərman Salmanov" adı verilmişdir. Salmanov bu neft-qaz regionuna dərindən bələd idi. Regionun paytaxtında Fərman Salmanovun abidəsi açılmışdır. Layihənin və abidənin müəllifi RF-nin əməkdar rəssamı, heykəltəraş Nikolay Raspopovdur. Tunc heykəl "Tyumenskaya kamneobrabatıvayuşşaya kompaniya" MMC-nin mütəxəssisləri tərəfindən, abidənin qranit postamenti isə "YamalJilStroy" MMC-nin nümayəndələri tərəfindən hazırlanmışdır.
Salexard şəhərində Fərman Salmanovun abidəsinin açılış mərasimində Yamal-Nen muxtar mahalının Qanunverici Məclisinin sədri Sergey Xaryuçi tədbir iştirakçılarına müraciətlə demişdir ki, Fərman Salmanov həqiqətən əfsanəvi şəxsiyyət idi. O, Rusiya iqtisadiyyatının möhkəmlənməsi, ölkənin bu günü və gələcəyi naminə müstəsna xidmətlər göstərmişdir.
Sergey Xaryuçi demişdir: "Qərbi Sibirdə 30 ildən çox işləmiş Fərman Qurban oğlu burada neft-qaz yataqlarının kəşfinə və mənimsənilməsinə çox böyük töhfə vermişdir. İstər Rusiya tarixində, istərsə dünya tarixində zəngin və nəhəng neft və qaz yataqlarının kəşfində bu qədər səmərəli iştirak etmiş başqa bir geoloq olmamışdır. Sevindirici haldır ki, fədakar əməyi, geoloq alimlər və praktiklər arasında müstəsna nüfuzu ilə yamallıların böyüməkdə olan nəsli üçün nümunə olacaq, həmvətənlərimizin qürur obyekti sayılacaq bu böyük insanın abidəsi Yamal diyarının paytaxtında ucaldılmışdır".
Yamal-Nen muxtar mahalının qubernatoru Yuri Neyolov qeyd etmişdir ki, bu abidənin açılışı - dünya şöhrətli geoloq-alimin, Qərbi Sibirin sərvətlərinin mənimsənilməsinin təşəbbüskarı olmuş, Şimalın neft-qaz perspektivinə hədsiz inam hissi ilə yaşayan əsl vətənpərvər, son dərəcə nikbin, nəcib bir insanın Yamalın və bütün ölkənin iqtisadi inkişafına verdiyi çox böyük töhfəyə cavabdır. Qubernator demişdir: "Fərman Qurban oğlu bütün həyatı boyu sübut etmişdir ki, insan öz namuslu əməyi, sevdiyi işinə sədaqəti sayəsində çox şeyə nail ola bilər. O, adı böyük hərflərlə yazılmağa layiq olan, qətiyyətli, inadkar, seçdiyi yoldan dönməyən GEOLOQ idi. Biz onun kimi insanları daim xatırlayacaq və onların xatirəsini burada, Yamalda əbədiləşdirəcəyik".
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi məşhur neftçi-geoloq, Sibir neftini birinci olaraq kəşf etmiş Fərman Salmanovun xatirəsinə ehtiram əlaməti olaraq Surqutda (Xantı-Mansi muxtar mahalı) Fərman Salmanovun ev-muzeyi qarşısında onun büstünün açılışı münasibətilə təntənəli tədbir keçirmişdir.
Fərman Salmanovun büstünü Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin təşəbbüsü ilə peterburqlu məşhur heykəltəraş Yan Neyman hazırlamışdır. Büstün açılışından əvvəl Surqut şəhərinin sakinləri və Azərbaycan dövlətinin nümayəndələri əfsanəvi həmyerlimiz Fərman Salmanovun Azərbaycan və Rusiya xalqlarının taleyində müstəsna rolu barədə fikir mübadiləsi aparmışlar.
Açılış mərasimində çıxış edən Surqut şəhərinin meri Aleksandr Sidorov demişdir: "İndi bizim olduğumuz yer tarixi yerdir. Bura müqəddəs yerdir, çünki Surqutun müasir tarixi məhz buradan başlanır. Bu gün biz burada yaşamış və həmişə burada yaşayacaq Fərman Salmanova hədsiz təşəkkürümüzü bildiririk. O, daim bizimlə olacaq, qəlbimizdə yaşayacaqdır.
Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbərinin köməkçisi Nemət Nağdəliyev nümayəndəliyin başçısı Leyla Əliyevanın mərasim iştirakçılarına məktubunu oxumuşdur. Leyla Əliyevanın məktubunda deyilir: "Biz Sibir neftinin kəşf edilməsinə görə Fərman Salmanova minnətdar olmalıyıq, çünki onun möhtəşəm kəşflərinin bəhrələrindən bu gün dünyanın bir sıra ölkələrində istifadə edilir. Heydər Əliyev Fondu Fərman Salmanovun büstünü Surqut şəhərinə hədiyyə edir. Qoy bu büst şücaət və xalqlarımız arasında dostluq rəmzinə çevrilsin. Qoy buraya gələn insanlar bizim ortaq tariximizin şanlı səhifələrini yadda saxlasınlar və ona hörmət etsinlər".
Mərasimdə Surqut Rayon İcra Hakimiyyətinin başçısı Dmitri Makuşenko, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, Fərman Salmanovun ailə üzvləri - onun ömür-gün yoldaşı, oğlu və nəvəsi iştirak etmişlər.
Abidə Surqut yataqlarını kəşf etmiş geoloqların memorial kompleksində ucaldılmışdır.
Təntənəli mərasimə Azərbaycan Respublikasının baş konsulluğunun nümayəndələri, Fərman Salmanovun məsləkdaşları, qohumları və yaxınları qatılmışdılar.
AzərTAc
Azərbaycan.- 2009.- 29 iyul.- S. 3.