İyulun 28-də
Könüllü Hərbi Vətənpərvərlik Texniki
İdman Cəmiyyəti Respublika Şurasının
(KHVTİC) yaradılmasının 85 illiyi qeyd olunmuşdur.
Əvvəlcə
KHVTİC-nin əməkdaşları Fəxri xiyabana gələrək
müasir Azərbaycan dövlətinin memarı və qurucusu,
ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad
etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq
alim, akademik Zərifə xanım Əliyevanın da məzarı
üzərinə tər güllər
düzülmüşdür.
Sonra onlar Şəhidlər
xiyabanına gedərək Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda canlarından
keçmiş qəhrəman Vətən
övladlarının xatirəsini anmış, məzarları
üzərinə tər güllər düzmüş, "Əbədi
məşəl" abidəsinin önünə əklil
qoymuşlar.
Dövlət himninin səslənməsi
ilə başlayan mərasimdə Könüllü Hərbi Vətənpərvərlik
Texniki İdman Cəmiyyəti Respublika Şurasının fəaliyyəti
ilə bağlı qısametrajlı filim nümayiş
olunmuşdur.
Azərbaycan
Respublikası Prezidentinin müdafiə məsələləri
üzrə köməkçisinin böyük məsləhətçisi
Elşad Babayev əlamətdar gün münasibətilə tədbir
iştirakçılarını təbrik edərək
bildirmişdir ki, ordumuzun yaradılması, möhkəmləndirilməsi,
döyüş hazırlığının yüksəldilməsi
sahəsində ölkə rəhbərliyi tərəfindən
məqsədyönlü tədbirlər həyata
keçirilir. O, KHVTİC-nin gənclərin hərbi biliklərə
yiyələnməsi, texnikanı idarə edə bilməsi,
kadrların orduya daha yüksək səviyyədə hazırlanması
üçün əlindən gələni əsirgəmədiyini
xüsusi vurğulamışdır.
Azərbaycan
Könüllü Hərbi Vətənpərvərlik Texniki
İdman Cəmiyyəti Respublika Şurasının sədri,
polkovnik Novruzəli Orucov bildirmişdir ki, əsası
1924-cü il iyulun 28-də qoyulmuş KHVTİC sovet
dövründə Orduya, Aviasiyaya, Donanmaya Könüllü
Yardım Cəmiyyəti (OADKYC) adı ilə fəaliyyət
göstərmiş, ölkənin ictimai-siyasi həyatında
mühüm rol oynamışdır. OADKYC bütün
SSRİ-də sovet ordusu və dəniz donammasında xidmət
etməmiş və ehtiyatda olan hərbi mükəlləfiyyətli,
çağırış yaşına çatmamış gənclərin
hərbi-texniki aviasiya, hərbi dəniz ixtisasları üzrə
hazırlığını həyata keçirmişdir. Cəmiyyət
həmçinin ordunun, hərbi hava və hərbi dəniz
qüvvələrinin ehtiyatda olan sıravi serjant və
starşına heyətinin biliklərini, döyüş vərdişlərini
təkmilləşdirərək ehtiyatda olan zabitləri ictimai
əsaslar üzrə təşkilatçı-təlimatçı
işinə cəlb edirdi.
Sədr xüsusi
vurğulamışdır ki, Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
bizim cəmiyyətə çox mühüm diqqət yetirir. Cəmiyyətin
əsas məqsədi gənclərimizi hərbi vətənpərvərlik
ruhunda tərbiyələndirmək, onları orduya
hazırlamaqdır. Bu sahədə nailiyyətlərimiz
çoxdur. Son iki ildə 24 ədəd yeni xarici təlim
maşını alınmışdır. Hazırda 3 ədəd
"AN-2" və "YAK-2" təyyarəmiz var, 1 ədəd
aerostat-hava gəmisi gətirilmişdir. Hazırda gənc təyyarəçilər
kursunda 10-11-ci siniflərin şagirdlərindən həvəskar
təyyarəçilər hazırlanır. Artıq 10
müdavimimiz var. Bundan əlavə, paraşütçülər
kursu fəaliyyət göstərir.
Cəmiyyətin sədrinin
birinci müavini mayor Azər Babayev ötən iki il ərzində
görülən işlər barədə ətraflı məlumat
vermişdir.
Digər
çıxış edənlər cəmiyyətin əməkdaşlarını
yubiley münasibətilə təbrik edərək
bildirmişlər ki, bu gün ölkədə Prezident
İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə
böyük quruculuq işləri, inkişaf vüsət
almışdır. Bu istiqamətdə Könüllü Hərbi
Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin
gördüyü işlər təqdirəlayiqdir və gənclərin
hərbi vətənpərvərlik tərbiyəsinin
düzgün təşkilində qurumun böyük rolu
vardır.
Sonra xidmətdə fərqlənən
əməkdaşlara və veteranlara medallar və fəxri fərmanlar
verilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 29 iyul.- S. 3.