Azərbaycan Prezidenti İlham Əliyev Küveytin ölkəmizdəki səfiri Fəhd Saad Səid əl-Meyi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveytin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fəhd Saad Səid əl-Meyi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Küveyt arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. Küveytə rəsmi səfərini ikitərəfli münasibətlərimizin gözəl təzahürü kimi qiymətləndirən Prezident İlham Əliyev səfər çərçivəsində əldə edilən razılaşmaların və müzakirə edilən məsələlərin gələcəkdə də Azərbaycan-Küveyt münasibətlərinin inkişafına xidmət göstərəcəyinə əminliyini vurğuladı. Dövlətimizin başçısı səfirin Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi işinə öz töhfəsini verdiyini bildirdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Səfir Fəhd Saad Səid əl-Mey Küveyt Dövlətinin əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizdəki diplomatik fəaliyyəti müddətində səfirliyə yaradılan şəraitə görə Azərbaycan Hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Fəhd Saad Səid əl-Mey Azərbaycanda üçillik fəaliyyəti dövründə sabitlik və əmin-amanlığın yüksək səviyyədə təmin edildiyinin şahidi olduğunu vurğulayaraq, ölkəmizdəki missiyasından məmnunluğunu bildirdi.

Dövlətimizin başçısı Küveyt əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Küveyt Dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 31 iyul.- S. 1.