"Mən xoşbəxt insanam"

 

Bu gün onu bizdən altı illik bir zaman məsafəsi ayırır... Tam 2054 gün. Çoxdumu, azdımı?! Kiminə əsrə bərabər bir müddətdir, kimisi üçün, nə danaq, təqvimdən xəzana düşmüş yarpaq tək üzülən adi günlərdir. Görəsən, zamanı uzunluq vahidi ilə ölçmək mümkündürmü? Mümkün olsa idi, Heydər Əliyevsiz keçən günlərimizi hansı rəqəmlə ifadə etmək olardı? 100 kilometr, 1000 kilometr..? Bəlkə işıq sürəti ilə? Axı, o, canından artıq sevdiyi Azərbaycanın taleyinə işıq saçan, nur ələyən bir günəş misalı idi. Dediklərim kiməsə gəlişigözəl, avazıxoş ifadə kimi görünə bilər, çünki yalnız içinin dərinliklərindən həmişə təmənnasız-filansız bir Heydər Əliyev sevgisi süzülüb axan, dünyamıza onun ala gözlərindən boylanan insanlar bu sözlərin və hər adı səslənəndə təlatümlənən hisslərin həqiqiliyini və səmimiyyətini dərk edə bilərlər.

Nə yaxşı ki, Heydər Əliyevin qədrini bilən, verdiyi çörəyi itirməyən, yaxşılıqlarını qiymətləndirən təmənnasız insanlar tərk olub getməyib aramızdan. Axı, elələrinin xatirələri daha isti, məhrəm, dadlı olur.

 

Gözlənilməz təklif

 

- 1979-cu il may ayının 1-i, bayram günü idi. Zəhmətkeşlərin həmrəyliyini təcəssüm etdirən bu bayram çoxmillətli Bakıda həmişəki kimi böyük coşqu ilə keçirilirdi. Neftçılər prospektindən irəliləyən izdiham Lenin meydanından keçəndə nümayişçilər üzlərini Hökumət evinin tribunalarına tərəf döndərərək diktorun mikrofonla söylədiyi şüarlara "Ura!" nidası ilə səs verir, uşaqlar əllərindəki şar və bayraqları sevinc qarışıq həvəslə yelləyirdilər. Tribunada başda Azərbaycan KP MK-nın birinci katibi, Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd Heydər Əliyev olmaqla respublikanın partiya və sovet orqanlarının rəhbərləri dayanmışdılar. Mənim və həmkarlarımın, həmişəki kimi, vəzifəsi bu cür kütləvi tədbilərdə operativ vəziyyəti nəzarətdə saxlamaq idi. Günortaya yaxın nümayiş bitdi, şəhərdə xalq gəzintiləri başladı. Biz də dağılışmağa hazırlaşırdıq ki, dedilər bəs DTK-nın sədri Krasilnikov səni çağırtdırır. Mən o vaxtlar operativ işdə çalışırdım və təvazökarlıqdan kənar olsa da, pis hesabda olmamalı idim. Hər halda, idarəyədək o qısa məsafəni qət edincə beynimdə yüz dəfə aranı dağa, dağı arana daşısam da, ağlıma səbəb adına heç nə gəlmədi. Sədr müqəddiməsiz-filansız dərhal mətləbə keçdi və guya ki, mən etiraz edəcəkmişəm kimi qəti nida ilə - Sabahdan birinci ilə işləyəcəksən. Get, hazırlaş! - dedi. Hələ də tərpənmədiyimi görüb - Lermontovda komendaturada olarsan...

MK-nın, - deyə əlavə etdi.

Təsəvvür edirsinizmi vəziyyətimi? - Müsahibim üstündən 30 il keçsə də, yenə həmin həyəcanı yaşayırmış kimi bir siqaret alışdırdı. Tüstünü ləzzətlə ciyərlərinə cəkib bir hovurluq toxtayıbmış kimi söhbətinə davam etdi: - Eyni anda beynimdən min fikir keçdi; yeni təyinat bir tərəfdən məsuliyyət demək idisə, digər tərəfdən daxili bir qürur, sevinc və məmnunluqla əlaqəli idi. 29 yaşlı baş leytenant üçün "birinci"nin şəxsi mühafizəsində çalışmaq ilk növbədə bir çekist kimi mənə olan inam və etibardan xəbər verirdi.

Mayın 2-si iş günü olmasa da, Mərkəzi Komitənin komendantlığına gəldim. Dedilər ki, birinci katib yerindədir. Heydər Əliyev üçün istirahət günü məfhumu yox idi. İşi oldumu, - işi isə həmişə olurdu, - bazar günü, bayram günü bilməzdi. Məruzə edib yanına apardılar. Qəbul etdi. Təbii ki, həmin vəziyyətdə nə dediyim sonralar birbəbir yadıma düşməyə başladı. Söhbətimiz təxminən 40 dəqiqə çəkdi. Tez-tez mövzunu dəyişirdi. Məsələn, qəfildən Qrişanın adını çəkib kefini soruşdu. Ay Allah, indi gəl yadına sal görüm, bu hansı Qrişadır. Demə, Peterburqda yaşayan baldızımın yoldaşını nəzərdə tuturmuş. Təbii ki, bu görüş sırf formal xarakter daşıyırdı, məni ünsiyyətdə yoxlamaq, tövsiyələrini vermək istəyirdi. Belə ki, DTK sədri olmuş bir adam ən azından özü əməlli-başlı yoxlamadan cangüdən götürməzdi. Bu görüş isə ona şəxsi müşahidə üçün lazım idi. Çünki Heydər Əliyev insan sərrafı idi, sonralar dəfələrlə şahidi olduğum kimi, bir baxışı ilə rentgen kimi müsahibinin daxilini oxumağı bacarırdı, şəxsən özü əmin olmalı idi ki, bu, məhz axtardığı adamdır, onu yaxın dairəsinə, ailəsinə daxil etmək olar, ya yox?! Axı o, ətrafındakılardan sədaqətlə yanaşı, həm də vicdanlılıq, gözütoxluq tələb edirdi. Bəllidir ki, Heydər Əliyev səviyyəsində olan adamların ətrafında həmişə gizli intriqalar gedib. Ona görə də ölkənin başçısı əmin olmalı idi ki, canını etibar etdiyi şəxs təmiz adamdır, kompromat mənbəyi deyil.

Beləliklə, həmin gündən mən DTK-nın bölmə rəisi Namiq Tağızadə ilə birlikdə Azərbaycan KP MK-nın birinci katibi, Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd Heydər Əliyevin şəxsi təhlükəsizlik məsələləri ilə məşğul olmağa başladım. Bu, mənim həyatımın ən maraqlı, unudulmaz illəri idi. Yaxın günlərdə ölkəmizdə olmuş tədqiqatçı-alim, professor, Azərbaycanın böyük dostu Rudolf İvanovun mənə bağışladığı kitaba yazdığı ithafda bu sözlər yer almışdı: - Zəmanəmizin əfsanəvi şəxsiyyətlərindən birini qorumuş Aleksandr İvanova...

Bəli, dünən də, bu gün də mən fəxr etmişəm, Allahın əta etdiyi ömür payını bundan sonra nə qədər yaşamaq qismətimdə varsa, yenə də Heydər Əliyevlə keçirdiyim günlərin, illərin iftixarını yaşayacağam. Bilirsiniz, təsadüf elə gətirə bilərdi ki, başqa yerdə, başqa bir adamın yanında da işləməli olardım. Sonralar - Moskvada olarkən, "doqquzluq"dakı (DTK-nın 9-cu idarəsi nəzərdə tutulur - X.N.) həmkarlarımla söhbətlərimdən sonra öz "şefimin" üstün məziyyətlərini özümçün daha çox kəşf edirdim. Yəni, kiminləsə işləyə bilərsən və bu münasibətlər sırf formal, "zəngdən-zəngə" xarakteri daşıya bilər. Heç bir şəxsi simpatiya, könül bağlılığı, mənəvi yaxınlıq olmaz. Kremldəki partiya rəhbərlərinin əksəriyyəti ilə mühafizə arasındakı münasibətlər məhz bu cür idi. Mənim üçünsə bu iş həmişə vəzifə tapşırığından yüksəkdə durub, ruhani borca, mənəvi ehtiyaca çevrilib. Mən həmin illərin Heydər Əliyevlə yanaşı olmaq bəxtiyarlığını yaşamışam.

Bir məqamı etiraf etmək istəyirəm: həmin illərdə də, sonralar - Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra da ətrafımdakı insanların özünün müsbət mənasında qibtəsi ilə rastlaşmışam. Bəli, mən zəmanəmizin canlı əfsanəsi, SSRİ adlı qüdrətli bir ölkənin söz sahiblərindən biri, sonrakı illərdə isə Azərbaycanın xilaskarı və Türk dünyasının liderlərindən birinin birbaşa yaxınlığında işləmək şərəfi ilə mükafatlandırılmışam.

 

Haşiyə

 

Ulu öndərin həyat və fəaliyyətinin oxucularımıza az məlum olan tərəfləri ilə bağlı yazı hazırlamaq istəyirdim. Təhlükəsizlik orqanlarının veteranı, dostum və qələm əhli Bəxtiyar Süleymanlı uzun illər Heydər Əliyevin mühafızə xidmətində çalışmış Aleksandr İvanovun adını çəkəndə ürəyimdən xəbər verdi. Zəng etdim, görüşdük.

Yəqin ki, onu orta nəslin nümayəndələrindən az adam olar ki, tanımasın.

Aleksandr İvanov. Kimi üçün Aleksandr Alekseyeviç, kimi üçün də elə sadəcə Saşa. 1979-82 ci illərdə Azərbaycan partiya təşkilatının rəhbəri Heydər Əliyevin şəxsi mühafizəsində çalışıb. 1982-88-ci illərdə isə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin şəxsı mühafizəsinin rəisi olub. Rəsmi vəzifəsi belə adlanıb: DTK-nın 9-cu idarəsinin 2-ci şöbəsinin 6-cı bölməsinin rəisi.

Həmin illərdə istər Azərbaycanda, istər SSRİ-nin Voloqdadan Sibir də daxil olmaqla Vladivostokadək uzanan ucsuz-bucaqsız coğrafiyasında, istərsə də xarici ölkələrə səfərlərində Heydər Əliyevin zamanın yaddaşına köçürülmüş foto-şəkillərinin əksəriyyətində Aleksandr İvanovu görmək mümkündür.

Aradan çox illərin küləkləri əsib keçsə də, yenə həmin mehriban çöhrə, bir qədər kədərli yaşıl gözlər və səmimiyyət körpüsü yaradan mehriban təbəssüm. Təkrarlanacağından ehtiyat edirmiş kimi: - Vallah, mən hər şeyi Elmira Axundovaya danışmışam (bir oxucu kimi "Heydər Əliyev. Şəxsiyyət və zaman" dördcildliyinin müəllifi yazıçı-publisist Elmira xanıma titanik zəhmətinin nəticəsi kimi ərsəyə gətirdiyi unikal əsərə görə təşəkkür edirik - X.N.), qorxuram nəsə təzə bir şey olmasın, - dedi.

- Bu, təkrar deyil, təkrir olacaq, - redaktorumuzun xoşladığı bu sözləri də mən əlavə etdim.

- Elə isə getdik, verin suallarınızı.

 

Şəxsiyyət və lider

 

- Aleksandr Alekseyeviç, deyilənə görə, Heydər Əliyev sərt, lakin ədalətli idi. Tərifləyə bildiyi kimi, cəzalandırmağı da bacarırdı. Sizcə, ondan qorxurdular, yoxsa sevirdilər?

- Bilirsiniz, bu suala birmənalı cavab vermək mümkün deyil. Əvvəla, mən onun xidməti otağının qapısından içəridə nələrin baş verdiyi ilə bağlı fikir söyləmək istəmirəm. O, birinci şəxs idi, səlahiyyət sahibi idi və özünün məxsusi iş üslubu vardı. Sizcə, ona niyə "hakimiyyət ustadı", "insan qəlblərinin mühəndisi" deyirdilər? Ruslarda bir qamçı və kökə məsəli var. Düzdür, Heydər Əliyev heç vaxt kimsəni acılamasa da, bir eyhamlı baxışı kifayət edirdi ki, qarşısındakı öz səhvini başa düşsün. Səfərlər zamanı onun müxtəlif səviyyəli məmurlarla davranışını müşahidə etmək daha asan olduğu üçün deyə bilərəm ki, məmurlar ondan çəkinsələr də, qorxmurdular. Sadəcə, rəğbət, heyranlıq qarışıq bir ehtizazdan söhbət gedə bilər. Məsələn, Rusiya əyalətləri üçün o, yeni və maraqlı rəhbər tipi idi. Olduğu müəssisələrdə sadə insanlarla ünsiyyət qurur, məişətləri, işlərin gedişi, problemləri ilə maraqlanır, müvafiq göstərişlər verirdi. Və bu cür isti, səmimi ünsiyyət tamaşa xarakteri daşımırdı. Çünki Heydər Əliyev hər bir tapşırığı verəndə, hər hansı bir məsələni qaldıranda onu kiməsə yükləmirdi, ortimal həll yollarını da göstərirdi, problemlərin kökünə nüfuz etməyə çalışırdı, heç bir məmuru kimlərinsə gözündə xal qazanmaq xatirinə nahaqdan danlamırdı, haqsızlığa yol vermirdi, özünü sovet bürokratı kimi aparmırdı. Buna görə də o, az bir vaxt içində həm İttifaq və respublika nazirləri, birinci katiblər, həm də sadə zəhmət adamları arasında böyük hörmət qazanmışdı.

Qorxu isə... yox, istənilən formasında o, mənfi patologiyadır. Heydər Əliyev o dərəcədə alicənab, kübar insan idi ki, kiminsə qorxub-çəkinməsinə yol verməzdi. Bəli, işdən söhbət gedən yerdə o, tələbkar, güzəştsiz olmağı bacarırdı ki, bu da təbii idi. Çünki o, bir şəhərin, rayonun deyil, bütöv bir respublikanın, nəhəng bir ölkənin taleyindən yana cavabdehlik daşıyırdı, milyonlarla insanın rifahı onun çıxaracağı qərarlardan asılı idi. Belə bir məsuliyyətin olduğu yerdə ortaya bir qədər sərt xarakter qoymaq, zənnimcə, başadüşülən və məqbuldur.

- Ətrafındakılara münasibətdə Heydər Əliyevin hər hansı bir, belə deyək, hazır resepti vardımı? Çox ünsiyyətcil olduğunu söyləyirlər. Ona ümumxalq məhəbbətinin səbəblərini nədə görürdünüz?

- Heydər Əliyev tabeçiliyində olanlardan və ətrafındakılardan nə istəyirdi? Onun müəyyən etdiyi konkret "qızıl qaydalar" vardı - intizam, tələbkarlıq, obyektivlik və bir də kristal təmizlik. Məsələn, məni işə götürəndə deyirdi ki, bura bax, Saşa, "birinci" ilə yaxınlığına görə ətrafında fırlanan, hansısa xidmət göstərmək istəyənlər çox olacaq. Qətiyyən eşidib görməyim. Özü büllur, məişətdə gözütox və sadə adam olduğu üçün ətrafına da azacıq kölgə düşməsinə yol vermirdi.

Bununla bağlı bir ibrətamiz hadisə danışım sizə. Deməli, hardasa 1980-ci il idi, Sabirabaddan zona müşavirəsindən qayıdırdıq. Yolda maşını saxlamalı olduq. İçməyə su istədi. Bizdə də həmişə maşının yük hissəsində termos, çanta-soyuducuda mineral su və yüngül qəlyanaltı olardı. Özü də maşından düşdü. ZİL-in yük yeri açılanda gözünə çantanın yanındakı iki qarpız dəydi. Məndən soruşdu ki, sənindir? Bütün günü yanında olduğum üçün dinmədim. Bu vaxt sürücü Tolik qayıtdı ki, mənimdir.

- Hardan götürmüsən?

- Almışam.

- Sən hələ cürət edib mənə yalan da danışırsan? - deyə səsini qaldırdı.

Zuğulbaya çatanadək sürücünü məzəmmət edirdi: - Heç düşünmədinmi ki, o iki qarpıza görə Əliyevin adına iki vaqon qarpız siləcəklər?! Kim verdi?..

Zuğulbada Zərifə xanımla görüşüb-görüşməz məni kənara çəkdi və tapşırdı: - Onu şəhərə göndər və sabah Yüsifzadəyə de ki, işdən çıxartsın.

Fikir verin, bu həmin Anatoli Kuşneruk idi ki, Heydər Əliyev hələ DTK-da şöbə müdirinin müavini işləyəndə sərhəd qoşunlarında xidmət edirdi və düz 20 il idi ki, onun sürücüsü idi. Amma nə olsun, prinsip hər şeydən üstün gəldi. Sonradan, heç şübhəsiz, Zərifə xanımın da sayəsində Tolik DTK-da işini qoruya bildi.

O vaxtlar Heydər Əliyevlə işləmiş rəhbər işçilərin əksəriyyəti onun təvazökarlığı ilə bağlı qədərincə misal çəkə bilər. Çünki belə bir davranış istisna sayılmırdı, bu, daha çox bütün respublikanı çulğamış əhvali-ruhiyyədən, mənəvi-psixoloji mühitdən xəbər verirdi. Belə bir ab-havanı qoruyub saxlayan isə, heç şübhəsiz, birinci şəxsin timsalı, şəxsi nümunəsi idi. Heydər Əliyev özünü bütünlüklə ümumi işə sərf etmiş nadir liderlərdən idi. Bunu həm respublikada, həm də Moskvada ən müxtəlif kalibrli rəhbər işçiləri müşahidə etmiş adam kimi tam səmimi deyirəm. Özünə, ailəsinə, əzizlərinə çox az vaxtı qalırdı. Və belə aztapılan məqamlarda onun bir insan, ata, baba, həyat yoldaşı kimi özgün məziyyətləri üzə çıxırdı. Onun məxsusi qiymətləndirmə meyarları vardı. Həmin ölçülərə uyğun gələn adamlara münasibətdə həmişə istiqanlı, səmimi, qayğıkeş idi. İşdə də, həyatda da belə idi. Heç vaxt insanlarla laübalı davranmaz, onların heysiyyətinə toxuna, xətrinə dəyə biləcək söz deməzdi.

Azərbaycanı qarış-qarış gəzmişik. Raykom katibləri, kolxoz sədrləri, briqadir, pambıqçı, üzümçü, mühəndis, müəllim, çilingər, inşaatçı, bir sözlə, hamıyla fərq qoymadan, eyni hörmətlə danışardı. Sadə əmək adamlarına xüsusi rəğbəti vardı. Onlarla söhbətdən elə bil mənəvi qida, enerji alırdı, yorğunluğu çıxırdı, gümrahlaşırdı. Yuxarıda da qeyd etdiyim kimi, Heydər Əliyev məişətdə çox sadə və təvazökar idi. Məsələn, rayonlara gələndə yerli rəhbərlikdən tələb edirdi ki, heç bir lüzumsuz dəbdəbəyə yol verməsinlər, adamları işdən-gücdən ayırıb yol kənarlarına çıxarmasınlar. Ancaq görəydiniz, ayağını basdığı hər bir yerdə xalq onu necə bir sevinc və coşqu ilə qarşılayır. Bilirsiniz, bunu yalnız birinci katibə olan sevgi adlandırsa idik, bəlkə də riyakarlıq etmiş olardıq. Bu görüşlər xalqın öz liderinə, öndərinə, qayğıkeşinə, əziz adamına olan məhrəmanə və səmimi duyğularının təcəssümünə çevrilirdi.

 

Kreml səmasında yeni ulduz

 

Sonralar ən müxtəlif mənbələr, müəlliflər Heydər Əliyevin Moskvaya aparılmasını gah L.İ.Brejnevin, gah da Y.V.Andropovun xidmətinə yazmağa başladılar. Əslində, bütün bu fərziyyələr, qənaətlər təfərrüatdan başqa bir şey deyildi. Əsas olansa rusların inhisarında olan Kremlə bir azərbaycanlının, müsəlmanın "icazə kağızı" əldə etməsi idi, SSRİ-nin faktiki rəhbəri olmuş iki ayrı-ayrı şəxsin Heydər Əliyevi İttifaq siyasi elitasının zirvəsində görmək arzusu idi. Bəli, müxtəlif vaxtlarda Siyasi Büroda müsəlman xalqların nümayəndələri təmsil olunmuşlar, məsələn, Muhitdinov, Rəşidov, Kunayev. Ancaq etiraf edək ki, onların heç biri məhz Heydər Əliyevin malik olduğu mövqe, nüfuz və sanbalı qazana bilməmişdi. Təsadüfi deyil ki, məşhur rus tarixçi alimi Roy Medvedev Heydər Əliyevi elə beləcə də adlandırmışdı - Kreml səmasının yeni ulduzu.

Tarixin sonrakı gedişi göstərdi ki, Heydər Əliyevin etnik deyil, özünün coğrafi mənasında şərqli olmasının SSRİ-nin xarici siyasətinin yönəldilməsində böyük rolu oldu. O vaxtın Qərb analitikləri Heydər Əliyevi Kremlin Şərq siyasətini hazırlayıb yönəldən hakim şəxslərdən biri hesab edirdilər. Müasirləri də bu cür düşünürdülər və Şərq dünyası bunu yüksək qiymətləndirirdi. Belə ki, Heydər Əliyev Moskvanın Şərq siyasətində ona qədər heç kimin həll edə bilmədiyi işlərin öhdəsindən gəlirdi. Digər tərəfdən isə, Heydər Əliyevin yeni statusu Azərbaycan üçün də çox böyük şanslar vəd edirdi. Bu təyinat Azərbaycan tarixində yeni inkişaf mərhələsindən xəbər verirdi.

Aleksandr İvanov isə Moskvada artıq Heydər Əliyevin şəxsi mühafizəsinin rəisi vəzifəsini yerinə yetirirdi:

- Bu, həm böyük etimad, həm böyük etibar, həm də ki, heç şübhəsiz, böyük məsuliyyət demək idi. 1982-ci il noyabrın 10-da L.İ.Brejnev vəfat etdi və iki gün sonra toplaşan Sov.İKP MK-nın plenumu 15 il DTK-ya rəhbərlik etmiş Y.V.Andropovu (O, altı ay idi ki, MK-nın ideologiya üzrə katibi vəzifəsini icra edirdi - red.) baş katib seçdi. Bu ərəfədə Heydər Əliyevi təcili Moskvaya çağırdılar və artıq hamı Kremlin yeni sahibinin ona vəzifə təklif etdiyindən danışırdı. Bunu biz də bilirdik. Geri dönəndə təyyarədə məni yanına çağırdı və dedi ki, bilirəm, Zərifə xanım da mənə deyib, sən bundan sonra da mənimlə işləməyə etiraz eləmirsən. Səni mühafizənin rəisi təyin edəcəyəm. Qalan işlərlə də özün məşğul olarsan. Bir qədər irəliyə gedərək deyim ki, Heydər Əliyevin son dərəcə gərgin qrafiklə işləməsinə, Kremldə formalaşmış iş rejiminin əksinə olaraq işə tez gəlib gecəyarı getməsinə baxmayaraq, sonralar bir çox adam mənə müracıət edərək komandamızda işləmək istədiyini bildirirdi. İşgüzar keyfiyyətlərinə, şəxsi məziyyətlərinə, insanları qiymətləndirə, qədrini bildiyinə görə.

- Yəqin ki, xarakterindəki bu cizgilər özünü fəaliyyətində də göstərirdi.

- Şübhəsiz! Deyim ki, Heydər Əliyevin Nazirlər Sovetində məşğul olduğu sahələrin əhatə dairəsi çox geniş idi. Elm, təhsil, səhiyyə, idman və yaradıcılıq ittifaqlarının daxil olduğu sosial sahə, yüngül sənaye, ticarət, nəqliyyat, Qərbi Sibirdən Avropaya uzanan nəhəng qaz kəmərlərinin tikintisi onun nəzarətində idi. Və ölkənin hər hansı bir nöqtəsində fövqəladə bir hadisə, problemli bir məsələ oldumu, ona tapşırırdılar. Məsələn, 1986-cı il avqustun 31-də Novorossiyskdə "Pyotr Vasev" teploxodu ilə toqquşan "Admiral Naximov" gəmisi 7 dəqiqə ərzində batdı və 1240 sərnişindən 423 nəfəri həlak oldu. O vaxt Heydər Əliyev məzuniyyətdə idi və adəti üzrə Bakıya hazırlaşırdı. Gecə məni çağırtdırdı, yolda dedi ki, Anapaya uçuruq. Onun rəhbərliyi ilə hökumət komissiyası təşkil olunmuşdu. Novorossiyskdə çox nimdaş bir şəraiti olan "Briqantina" mehmanxanasında yerləşdik. İki-üç günə nəzərdə tutulan səfər isə tam 20 gün çəkdi. İlk növbədə xəstəxanadakı adamlara baş çəkdi. Əzizlərini qeyb etmiş insanları başa salmaq, ovutmaq, həm fiziki, həm də psixoloji cəhətdən çox çətin məsələ idi. Heydər Əliyevsə hər gün bu insanların arasında idi, kömək edirdi, təskinlik verirdi.

Onun insan faciəsinə, dərdinə impulsiv münasibətilə bağlı bir epizodu xatırlatmaq istərdim. Heydər Əliyev gündə iki dəfə qəzada həlak olanların qohumları ilə görüşürdü. Əzizlərini itirmiş 1000-dək insan hər gün Novorossiyskdəki yeganə mehmanxananın qarşısında toplaşır, hər yeni xəbəri, ortaya çıxan təfərrüatı havadaca qapırdı. Bir gün şəhər partiya komitəsinə yaxınlaşarkən mühafizə "dəhlizini" yaran bir səs diqqətimizi cəlb etdi. İxtiyar bir kişi qaça-qaça çağırırdı: - Heydər Əliyev! Heydər Əliyev! Oğlum! - Milis onun qarşısını kəsmək istədi. Heydər Əliyevin göstərişi ilə maşından düşüb kişini yanına gətirdim. Gəmi qəzasında qızını itirmiş leninqradlı bir kişi idi. Yaxın vaxtlarda həyat yoldaşını itirmiş bu adam qızını da anasının yanında dəfn etmək istəsə də, aidiyyəti təşkilatlar ona yer vermirdilər. Qızının tabutunu ortalıqda qoyub kömək üçün geriyə - Heydər Əliyevin yanına gəlmişdi. Heydər Əliyev bu ailənin faciəsindən nə qədər mütəəssir olmuşdusa, yerli məmurların onlara göstərdiyi biganə münasibətə də o qədər qeyzlənmişdi. Dərhal Leninqrad Vilayət Partiya Komitəsinin birinci katibi, səhv etmirəmsə, Zaykova telefon açdı. Zavallı kişiyə lazımi yardım göstərilməsini, eləcə də bu işdə süründürməçiliyə yol verənlərin cəzalandırılmasını tələb etdi.

İnsanların faciəsi ona bərk təsir etmişdi; bu neçə gündə xeyli sınıxmışdı. Düşünürəm ki, burada, eləcə də iki il əvvəl Ulyanovskda (1983-cü ildə "Aleksandr Suvorov" gəmisi qəzaya uğramışdı - red.) gördükləri onun 1987-ci ildə "infarkt qazanmasında" az rol oynamadı. Bir məqamı da qeyd etməsəm, olmaz. Mixail Qorbaçovun ayağı ölkəyə düşmədi. Bunu birmənalı olaraq hamı danışırdı. Çernobıl qəzasından tutmuş neçə texnogen faciə baş verdi onun vaxtında. Heç birində də özü hadisə yerinə getmədi. Məsələn, Novorossiysk faciəsi vaxtı "bir addımlıqda" məzuniyyətdə olmasına baxmayaraq, buraya ayağını basmadı.

- Məşhur BAM-ı da Heydər Əliyevin adı ilə bağlayırlar...

- Heydər Əliyev bu yolun tikintisində iki dəfə oldu. Və hər ikisi yaddaqalan hadisələrlə, görüşlərlə zəngin idi. Təyyarə, vertolyot, qatar, Qaz-69, daha o nəqliyyat növü qalmadı ki, bu səfərlərdə istifadə etməyək. O qədər gərgin işləyirdi ki, hərdən onu maşında mürgüləməkdə qoyub özümüz ətrafda keşik çəkirdik. Heç yadımdan çıxmaz, 1984-cü ilin iyununda magistralla bağlı Şimali Muysk tunelinin son 160 metrliyində nəsə ciddi problemlər yaranmışdı. Heydər Əliyev hamını - dörd naziri, tikinti rəhbərlərini uzunboğaz çəkmə və fəhlə paltarı geyib vaqonetkalarda 16 km-lik tunelin dərinliyinə "səyahət" etməyə məcbur etdi. Həmin "yeraltı müşavirə" səkkiz saat çəksə də, bildiyim qədər, problemlərin həllinə pozitiv təsirini göstərdi.

- Səfərlər vaxtı özünə nəsə xüsusi bir diqqət tələb edirdimi?

- Yəqin məişət mənasında nəzərdə tutursunuz. Çünki rəsmi planda Siyasi Büro üzvünü demirəm, Nazirlər Soveti sədrinin birinci müavininin belə regiona səfəri böyük siyasi hadisə idi. O ki qaldı Heydər Əliyev olsun. Yuxarıda qeyd etdim bayaq, onu yerlərdə bacarıqlı, müdrik və səmimi rəhbər kimi qiymətləndirirdilər. Hər şey yüksək səviyyədə təşkil edilirdi. Amma o, məişətdə dovtələb deyildi. Bir faktı deyim. Heydər Əliyev, bildiyiniz kimi, sağlam həyat tərzi keçirirdi, idmanla dostluq edirdi, gümrah idi. Süfrə başında çox az yeyirdi. Siyasi Büronun üzvü kimi naharı 9-cu idarənin nəzdində olan xüsusi mətbəxdən gəlirdi. Amma səfərdə olanda vəziyyət dəyişirdi. Məsələn, bayaq Novorossiyskdən danışdım. Orada planlaşdırıldığından artıq gün qalası olduq. Moskvadan qaçaraq çıxmağımıza baxmayaraq, mən son anda bir qədər onun xoşladığı süzmədən və "Doktor" kolbasasından sifariş verib götürməyə macal tapmışdım. Bir neçə gün yüngül qəlyanaltılarını beləcə yola verdik. Sonra azuqəmiz tükəndi və mən Moskvadakı uşaqlardan xahiş etdim ki, gündəlik poçtu çatdıran feldyeger xidməti ilə həmin "menyu"nu təkrar eləsinlər. Balaca bir bağlama idi. Qısa fasilədən sonra süfrədə həmin təamları görən Heydər Əliyev təəccübləndi və haradan tapdığımızı soruşdu. Yolunu deyəndə mənə möhkəmcə təpindi, məzəmmət elədi ki, bax, indi deyəcəklər ki, görün feldyeger xidmətindən nəyə görə istifadə edirlər. Heydər Əliyev belə sadə adam idi. Hansı ki, onun ranqında olan rəhbərlər ürəkləri istəyəni sifariş verib təyyarə ilə gətizdirə bilərdilər.

Söhbət ki yeməkdən düşdü, bir məzəli əhvalatı da danışım. Amma bu, Bakıda olmuşdu. Hamı bilir ki, 70-ci illərin sonu, 80-ci illərin əvvəlləri bir ara dükanlarda ərzaq qıtlığı oldu. O vaxtlar birinci katib tez-tez qəfildən dükanlara baş çəkər, vəziyyətlə maraqlanardı. Mənim vaxtımda bir dəfə işdən çıxıb evə tərəf gedirdik. Təsdiq olunmuş konkret marşrut vardı və "Gənclik" istiqamətində hər kəs öz yerini bilirdi. Kommunist küçəsinə çatanda adəti üzrə sağa burulub "Neftçılər" prospektinə düşəsi idik ki, Heydər Əliyev sürücüsünə - Tolik, sola sür! - deyə göstəriş verdi. Qala divarlarının yanından Zevin küçəsinə endik. Burada o, maşından düşüb bir-bir yol üstündəki mağazaları gəzməyə başladı. Hər şeylə maraqlanırdı; qiymətlərlə, çeşidlə... Heç yadımdan çıxmaz, o vaxtkı Leytenant Şmidt və 28 Aprel küçələrinin kəsişməsində babat bir ərzaq mağazası vardı. Bir dəfə də ora girdik. Heydər Əliyev piştaxtaya yanaşdı, orada isə adamın iştahasını "oxşayan" qaxac edilmiş Tambov budu vardı. Məndən soruşdu:

- Pulun varmı?

Daxili işlər naziri Cəfər Vəliyev qayıtdı ki, var!

- Səndən soruşmuram. Saşa, bir kilo al.

3 manat 70 qəpik ödəyib çıxdıq. İqamətgaha çatanda adəti üzrə həmişə onu qarşılayan Zərifə xanıma təbəssümlə dedi: - Bir bax, Zərifə, sənə necə hədiyyə almışam.

Təsəvvür edin ki, istefasından sonra "doqquzluğ"un bir çox əməkdaşı məndən Heydər Əliyevin foto-şəklini istəyirdi. O hamıya şəklini yazıb bağışladı. Sonralar hər dəfə mənim Bakıya yola düşdüyümdən xəbər tutan keçmiş xidmət personalının adamları dönə-dönə Heydər Əliyevə salamlarını çatdırmağımı xahiş edirdilər.

 

* * *

 

Heydər Əliyev belə insan idi: işdə ciddi, tələbkar, həyatda ünsiyyətcil, istiqanlı, mehriban. Sadə zəhmət adamları, rəhbər işçılər onunla təmasdan vəcdə gəlirdilər; əlçatmaz və təvazökar, sərt və qayğıkeş, tələbkar və demokratik... Bu, Heydər Əliyev idi, onun iş metodu, işə və insanlara yanaşma tərzi belə idi. Çünki o, hakimiyyət hərisi deyildi. Hakimiyyət onun üçün yalnız özünüifadə vasitəsi, bacardığını xalqına ərməğan etmək imkanı idi. Bir sözlə, bunu deməklə hesab edirik ki, müasirlərindən çoxunun belə bir yekdil fikrini ifadə etmiş olardıq ki, Heydər Əliyev dövrünün İttifaq ali siyasi elitasının ən xarizmatik, seçilən siması idi.

 

...İl var bir günə dəyməz, Gün var min aya dəyər

 

Şəkillər... Əslində, foto-şəkillər bir anın ovqatını, görüntüsünü tarixə həkk edir. Amma illər, onillər sonrası həmin şəkil əlinə keçəndə tək o anın deyil, bütövlükdə lentə alınmış həmin zaman məsafəsinin ətrafında cərəyan edən saatların, günlərin, ayların müşayiət etdiyi xoş xatirələrə dalırsan... və illərin qovub gətirdiyi həmin xatirə küləklərinin içində nə qədər tanış, doğma, içinə işıq salan, ovqatına sığal çəkən hadisələr, görüşlər yada düşür. Bu gün Heydər Əliyevi bizə yaxınlaşdıran, uzaqlaşmağa qoymayan nəsnələrdən biri də şəkillərinin bolluğudur. O, çox yaraşıqlı, cüssəli, fotogenik görünüşə malik kişi idi. Buna görə də, demək olar ki, onun bütün foto-şəkilləri çox koloritli alınırdı - canlı, impulsiv, hərəkətli...

- Aleksandr Alekseyeviç, mən Heydər Əliyevin respublikadakı fəaliyyəti dövrünə qayıtmaq istərdim. Həmin illərdə, özünüzün də dediyiniz kimi, rayonlara mütəmadi səfərləriniz olurdu. Və o illərin foto-şəkillərində tez-tez İlham Əliyevi də görürük. Bu nə ilə bağlı idi; gənclik marağı idi, yoxsa Heydər Əliyev belə istəyirdi? Axı, həmin səfərlər son dərəcə gərgin qrafikdə keçirdi.

Bir də ki, bu gün bəzi müəlliflər öz yazılarında bir qədər irəli gedərək İlham Əliyevin hakimiyyət olimpinin zirvəsinə ucalan yolunu məhz 80-ci illərlə bağlamağa cəhd göstərirlər. Şəxsən bəndəniz bu "ekskursu" çox uğursuz və konyunktur hesab edir.

- Bilirsiniz, o vaxtlar bir kimsənin ağlına belə gəlməzdi ki, haçansa İlham atasını bu vəzifəsində əvəz edə bilər. Bəli, indi bəzi apoleqetlər, - onlar isə bütün zamanlarda olublar, - bir az eyforiyaya qapılıb bunu hələ o vaxt gözlədiklərini söyləyə bilərlər. Əslində, kökündən yanlış fikirdir. Nəyə görə? Çünki o vaxt heç bir partiya funksionerinin ağlına belə gəlməzdi ki, haçansa sovet quruluşu dağıla, bir-birilə möhkəm bağlarla bağlı olan respublikalar müstəqilliklərini əldə edə bilərlər. Bu, birinci və əsas şərtdir. İkincisi isə, sovet-kommunist idarəetmə sistemində özünün hər hansı bir formasında irs-varis institutu, hakimiyyətin bu prinsiplə ötürülməsi mexanizmi mövcud deyildi. Bu məsələdə diqqət yetiriləsi əsas fakt ondan ibarətdir ki, İlham hansı ailədə, mühitdə, necə bir insanın yanında böyüyürdü. Hesab edirəm ki, məhz bu amil İlham Əliyevin gələcək həyat yolunun müəyyənləşməsində taleyüklü rol oynayıb.

Heydər Əliyev yay aylarında xüsusilə sıx qrafikdə işləyirdi. Bu o vaxtlar idi ki, respublika hər il keçici qırmızı bayraqlar alırdı. Taxıl səpini, biçini, pambığın becərilməsi, üzümün yığılması - kənd təsərrüfatı işləri bir-birini əvəz etdiyi üçün, demək olar ki, günü rayonlarda keçirdi. Heydər Əliyev öz enerjisi, gərgin iş rejimi, çevik ritmi ilə ətrafındakıları da yoluxdurmağı bacarırdı. Harada olduğumuzdan asılı olmayaraq sübh saat 6-da ayaq üstə olar, qaş qaralanadək işləyərdi. Bakı ilə əlaqə saxlayar, köməkçilərinə müəyyən tapşırıqlar verər, sonra icrasını yoxlayardı. Bəziləri bu cür rejimə dözə bilmir, başqaları onun bu qədər enerjini haradan aldığı barədə baş sındırırdılar.

Bəli, o vaxtlar Heydər Əliyev İlhamı da özü ilə aparırdı. Təsəvvürünüzə gətirin: Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi gərgin tədris semestrindən sonra dincəlmək üçün evinə dönür, burada isə mavi dəniz, sərin bulaq əvəzinə onu Günəşin od ələdiyi pambıq rayonları gözləyir. İnsafən, heç vaxt şikayətlənmirdi. Bir dəfə də olsun demədi ki, bu günlük mənsiz keçinin. Əksinə, hamı kimi vaxtında durar, bütün tədbirlərdə həvəslə iştirak edər, deyilənlərə, danışanlara maraqla qulaq asardı. İnsanlara münasıbətdə çox kübar, alicənab idi. Əliyevlər ocağının tərbiyəsi o qədər güclü idi ki, nə qədər elitar olsa belə, Moskva mühiti onun davranışına təsir edə bilməmişdi.

Moskva illərində Heydər Əliyevin ailəsi Qorki-10-da 7 saylı dövlət bağ evində yaşayırdı. Onun özü belə istəmişdi, baxmayaraq ki, sonralar şəhərin özündə də ev vermişdilər, amma Sevilin də, İlhamın da ailəsi burada idi. Çünki gündəlik gərgin, əsəbi işdən sonra Heydər Əliyevə ailəsini bir yerdə görməkdən, nəvələri ilə əylənməkdən şirin nə ola bilərdi?

- Tanıyanların hamısı deyir ki, Əliyevlər ocağının uğur, bərəkət, əmin-amanlıq ilahəsi Zərifə xanım idi.

- Siz mənim üçün elə bir incə və müqəddəs mövzuya toxundunuz ki!..

Zərifə xanım... Əziz, mehriban Zərifə xanım. Səmimi, qayğıkeş, diqqətcil Zərifə xanım. Nəcib, şəfqətli, əliaçıq Zərifə xanım. Hansı epitetləri, minnətdar ifadələri işlətsəm, yenə də azdır, o işıqlı, əməli, niyyəti nur insanın məziyyətlərini açıb qoymaqda acizdir. O, olduğu kimi görünən və göründüyü kimi olan nadir bir xanım idi. Hamımızın anası idi. Xatirələrimin içində bu insanın məxsusi yeri var. Onun haqqında çoxları danışıb, yazıb. Portretini də çəkiblər, heykəlini də düzəldiblər. Hər birinin səmimiyyəti, sənətkarlığı qarşısında baş əyirəm, ancaq inciməsinlər. Zərifə xanım xeyirxahlığı, nəcibliyi, mehribanlığı, qayğıkeşliyi ilə, qəlbləri ovsunlayan, riqqətə gətirən diqqətcilliyi ilə sanki Tanrının öz tişəsi ilə insan cildində yonduğu bir abidə idi.

Tanıyanlar nəinki mübaliğəyə yol vermədiyimi, hətta düşündüklərimi ifadə etməkdə xeyli "piyada" olduğumu təsdiq edərlər. Onun ürəyi hərənin ətrafına sığınıb isindiyi, qığılcım payı aldığı gur şöləli tonqal idi. Qəribə xilqət idi, yaxşılıq eləməkdən həzz alırdı və buna adi şey kimi baxırdı. Çox illər sonralar mən Zərifə xanımın bir çox məziyyətlərinin Mehriban xanımın timsalında təzahür etdiyini gördüm. Düz deyiblər ki, gəlin ocağa gələr.

O iki insanın bir-birinə münasibəti isə bir başqa aləm idi. Zərifə xanımın Heydər Əliyevə bəslədiyi ülvi hisslərin, hesab edirəm ki, Yer üzündə tayı-bərabəri yoxdu. Hər necə olsa, mən 10 il bu ailənin az qala bir üzvü olmuşam, bu ilahi münasibətləri müşahidə eləmişəm və Zərifə xanımın şəfqətindən, qayğısından mənə də pay düşüb. Həmişə Heydər Əliyevi qapıdan yola salar, arxasınca su atardı. Heydər Əliyev də öz növbəsində bir səfərə çıxdımı, çatan kimi dərhal Zərifə xanımı arayırdı ki, nigaran qalmasın. O, Heydər Əliyevi sözün əsl mənasında ana nəvazişi və məhəbbəti ilə əhatə eləmişdi, onun tək ömür-gün yoldaşı deyil, həm də vəfalı dostu, sirdaşı, etibarlı sipəri idi. İlhamı, Sevili bir yerə yola salanda onlar mənzil başına çatana kimi özünə yer tapa bilmirdi. Bu insan özü üçün yaşamırdı, ailəsi, uşaqları ilə nəfəs alırdı. Hələ başqa Siyasi Büro üzvlərinin xanımlarından fərqli olaraq, işləyirdi də, insanlara xidmət edirdi.

Zərifə xanımda anadangəlmə bir ziyalılıq, qeyri-adi təvazö vardı. Bu ailə ilə daha yaxından tanış olduqca, bildim ki, bu, genlərin işidir.

Bu hadisə Heydər Əliyev hələ Bakıda işləyəndə baş vermişdi. Bir dəfə səhər hovuzdan kottecə qayıdarkən dedi ki, Saşa, bu gün Moskvaya, Zərifə xanımı gətirməyə uçursan. Yola düşdüm. Yuri Kamayev məni qarşıladı. Geriyə biletlərimizi də o almışdı. Ancaq axşam Zərifə xanım məni tapıb dedi ki, bəs ata zəng eləmişdi (biz öz aramızda Heydər Əliyevi bu cür çağırırdıq), tapşırdı ki, general-polkovnik Sviqun DTK xətti ilə xüsusi reyslə Bakıya müşavirəyə uçur, biz də ona qoşulaq. Təyyarə beş nəfərlə Vnukovo-1- dən havaya qalxdı. Bir də gördüm ki, şassi nəsə xoşagəlməz səslər çıxarır. Təyyarə hündürlüyü götürə bilmirdi, artıq üçüncü dairəni yerinə yetirirdi. Sviqun məsələ ilə maraqlandı. Mühafizəçiləri dedilər ki, bəs pilotlar qapını bağlayıblar, bələdçi isə oturub ağlayır. Zərifə xanım yerindən qalxıb mənim yanımda oturdu. - Nə baş verir? - soruşdu. - Heç nə, hər şey normaldır, bu saat qalxacağıq, - dedim. Təyyarə beş dəfə enib qalxdı. Demə, yanacağını atırmış. Belə bir fövqəladə məqamda Zərifə xanım əlimdən tutaraq nə desə yaxşıdır: Görəsən, Heydər Əliyev, İlham xəbər tutsalar, neyləyəcəklər?! Həyəcanlanacaqlar!

Ölümün qaşla göz arasında olduğu həmin təhlükəli anda da bu insan özünü deyil, əzizlərini düşünürdü.

Yaxud başqa bir misal. Zərifə xanım xəstələnəndə ağrılarına mətanətlə sinə gərir, Heydər Əliyevin, uşaqların yanında özünü şux tutmağa çalışırdı. Bir Allah bilirdi ki, bu ona nəyin bahasına başa gəlirdi. Bir dəfə xəstəxanada yanında idik. Heydər Əliyev həkimlərlə danışırdı. Birdən Zərifə xanım məndən soruşdu: "Sən bu gün nahar etmisən?" Quruyub qaldım; vücudu qəddar bir xəstəliyin pəncəsində əsir qalan, özünə kömək edə bilməyən bu mərhəmət mücəssəməsi başqası üçün narahat olurdu. Özümü güclə saxlayıb: Axı Siz indi o halda deyilsiniz, - deyə bildim. Ancaq nə olsun, bağa qayıdanda gördüm ki, baş aşpaz məndən incik gəzir. Demə, Zərifə xanım ona da zəng edib məni yedizdirmədiyi üçün məzəmmət edibmiş. Bax, belə bir İnsan idi Zərifə xanım. Mən bu gün də onun ruhu üçün dua edirəm.

Çox-çox sonralar moskvalı telejurnalist Oksana Puşkinanın "Röyaya oxşayan məhəbbət" verilişinə müsahibəsində Heydər Əliyev deyirdi ki, həyata vida etdiyi günün axşamı Zərifə xanım ömür-gün yoldaşına "...Məndən ötrü narahat olma, uşaqlardan muğayat ol və unutma ki, mən səni çox sevirəm" kəlmələri ilə bitən bir məktub veribmiş. Heydər Əliyev çox möhkəm, təmkinli insan idi. Ancaq bu ayrılığı əsl faciə kimi qarşıladı, dağ boyda adam bir andaca çökdü, sınıxdı.

 

 

(Ardı var)

 

Xalid NİYAZOV,

 

Azərbaycan.- 2009.- 31 iyul.- S. 2-3.