Milli ideologiya və insan həyatının mənası

 

Müasir Azərbaycanımızda "milli ideologiya" anlayışı özünə vətəndaşlıq hüququ qazanmaq yolunda çox böyük çətinliklərlə üzləşməkdədir. Buna əyani sübut olaraq son illərdə (müstəqillik dövründə) yazılmış dərsliklərə nəzər salmaq kifayətdir. Hətta fəlsəfə kursu üzrə ali məktəblər üçün hazırlanmış dərs vəsaitlərində az həcmdə, ümumiyyətlə, ideologiya haqqında bəzi fikirlərə rast gəlinsə də, milli ideologiya barəsində heç söhbət salınmır, sanki belə bir məfhuma və onun şərhinə, elmi izahına ehtiyac yoxdur. Həqiqətən də paradoksal haldır: mürəkkəb və ziddiyyətli transformasiya (tranzit) dövrünü yaşayan, təlatümlü dünyada öz layiqli yerini tutmağa çalışan, bugününü və gələcəyini təmin etməyə var gücü ilə can atan ölkəmizin milli maraqlarından qaynaqlanmalı olan, bu maraqları fərdi ictimai, kütləvi psixologiyada işıqlandırmalı və qərarlaşdırmalı olan milli ideologiyaya inteqrativ idrak, metanəzəri bilik generatoru və mənbəyi rolunu daşıyan fəlsəfəmiz də biganədir. Şübhəsiz ki, bu laqeydliyin başadüşülən səbəbləri vardır, lakin bütün hallarda yaranmış vəziyyətlə barışmaq mümkün və düzgün deyil. Biz problemə daha dərindən və əhatəli diqqət yetirməli, ciddi tədbirlər görməliyik.

Nə qədər ki cəmiyyət yaşayır və gələcəyin mövcudluğu uğrunda mübarizə aparır, onun keçici (qısamüddətli) və daimi maraqları, prioritetləri olur. Cəmiyyətin müxtəlif fəaliyyət sahələri və özünüifadə səviyyələri üzrə qruplaşan bu maraqlar məhz ümumi mənafe, milli maraqlar yüksəkliyində bir-birilə uzlaşma, sintezləşmə imkanını və gerçəkliyini əldə edir.

Sözsüz ki, həmin imkan və gerçəkləşmə, hətta eyni bir cəmiyyət üçün, zəmanədən, çoxçeşidli səbəblərdən asılı olaraq az və çox olur, müxtəlif dərəcədə özünü göstərir. Bəzən elə olub ki, dövlət və xalq maraqları adı altında hansısa siyasi qüvvənin və yaxud sosial qrupun maraqları önə keçərək hakim mövqe tutub və faktiki olaraq milli maraqların reallaşmasının qarşısını alıb. Bəşər tarixi belə misallarla zəngindir. Dünya ölkələrinin tarixi onu da sübut edir ki, təkcə xüsusi maraqların uzunmüddətli hökmranlığı, "tam" adından çıxış etməsi və onu əvəzləməsi nəticəsində milli və ya həqiqi dövlət maraqları müdafiəsiz qalır, yekunda isə ölkənin özü iflasa uğrayır və dağılır - SSRİ kimi.

Yeri gəlmişkən, milli ideologiyaya münasibətdə formalaşmış laqeydlik müəyyən qədər Sovetlər İttifaqının dağılması ilə bağlı olmuşdur, daha dəqiq desək, bu dağılma prosesini düzgün anlamamaq nəticəsində yaranmışdır. Bugünün özündə də çoxları belə düşünür: SSRİ yeganə və vahid hakim ideologiya - kommunist ideologiyası çərçivəsində yaşamağa iddialı və qərarlı olduğundan süquta uğradı və dağıldı, ona görə də əgər biz demokratik cəmiyyət qururuqsa, rəsmi hakim ideologiya ola bilməz. Bəziləri də bir qədər yanlışlığa vararaq və qabaqcıl ölkələrin inkişaf tarixindən səhv nəticə çıxararaq deyirlər: "Hər cür ideologiya buxovundan azad olmaq lazımdır", "cəmiyyətin mütərəqqi inkişafı onun ideologiyasızlaşdırılmasındadır".

Çox düşündürücüdür, müasir Azərbaycanın dirçəldilməsində və inkişafında, onun müstəqilliyinin və dövlət suverenliyinin möhkəmlənməsində, milli maraqların ardıcıl müdafiə edilməsində və reallaşdırılmasında, milli inkişaf konsepsiyasının həm müəyyənləşməsində, həm də uğurla həyata keçirilməsində misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dönə-dönə milli ideologiyanın vacibliyindən, əhəmiyyətindən, onun kəsb etdiyi məzmun və mahiyyətdən, səciyyəvi xüsusiyyətlərindən, məqsəd və vəzifələrindən, aparıcı ideya-prinsiplərindən danışmış, istiqamət vermişlər, eyni zamanda problemlə bağlı kifayət qədər praktiki və nəzəri işlər görmüşlər. Ancaq cəmiyyət üçün heç bir faydalı fəallıq göstərməyə, əməli xeyir verməyə qadir olmayanlar, sadəcə olaraq, boşboğaz "demokratiya populizmi"nə yoluxanlar və onların "modernist" təsiri altına düşənlər nədənsə "milli ideologiya" sözünü eşidəndə az qalır ki, top-tüfənglə opponentlərinin üzərinə yerisinlər. Bəlkə də burada heç bir qəribəlik yoxdur: işdə-əməldə zəhmət çəkməyə, hünər göstərməyə, məsuliyyətlə çalışmağa qadir olanlar, həqiqi vətənkeşlik hissilə yaşayanlar mahiyyətlərə daha tez və dərindən varırlar, zərurətləri dərk edirlər.

Görkəmli filosof, akademik Ramiz Mehdiyev "Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi" adlı məqaləsində yazır: "Ötən illərin tarixi təcrübəsi göstərmişdir ki, cəmiyyətdə canlı və anlaşıqlı ideya olmadıqda, dövlətin və millətin siyasi, iqtisadi və mənəvi inkişafının əsasları sayılan ideoloji oriyentirlər olmadıqda hökmən boşluq yaranır və o, müxtəlif və çox vaxt bir-birinə zidd, ənənəvi sosial-mədəni normalarla vəhdət təşkil etməyən siyasi nəzəriyyə və ideologiyaların qarışığı ilə dolur. Bu, dövlətçiliyin formalaşması prosesinə və millətin simasına mütləq təsir göstərir. 1991-1993-cü illərin praktikası göstərdi ki, dövləti kortəbii, situativ şəkildə idarə etməyə, ictimai şüuru zorakılıqla ideologiyasızlaşdırmağa can atmaq nəyə gətirib çıxara bilər. Odur ki, ideoloji sistemi, cəmiyyəti mənən dirçəltməyə, onun yaradıcılıq potensialını gücləndirməyə, ictimai şüuru uğurlu dövlət quruculuğunun başlıca amilinə çevirməyə qadir struktur kimi qurmaq niyyəti Heydər Əliyev siyasətinin əsası olmuşdur" (Mehdiyev R. Yeni siyasət: inkişafa doğru. I cild. B., 2008, s.457-458).

Hər iki mövqe tərəfdarlarının - istər ideologiyanın vacibliyini etiraf edib onun hakim statusda olmasından təlaş keçirənləri, istərsə də bütövlükdə deideologizasiya bayrağı altına yığılanları təkzib etmək, yanlış yolda olduqlarını əsaslandırmaq o qədər də çətin olmasa da, onları tutduqları bu yoldan döndərmək, əfsuslar ki, asan deyil. Belə ki, yanlışlıq olduqca dərinləşmiş və geniş miqyas almış, kütləviləşmişdir, hətta deyərdim ki, hakim və hökmverici status qazanmışdır. Aydındır ki, belə vəziyyət ictimai həyatın durumuna və axarına mənfi təsir göstərməyə bilməz.

SSRİ-dən ayrılıb müstəqilliyə qədəm qoyduğumuz ilk illərdə hər cür ideologiyadan üz çevirmək meylinə, ideologiyasızlaşdırma kampaniyasına bəlkə də müəyyən qədər bəraət qazandırmaq olardı. AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun hələ 1997-ci ildə "İdeologiya və ictimai-siyasi fikir" adlı məqaləsində yazdığı kimi, müstəqilliyimizin ilk çağlarında "ideologiyasızlaşdırma kampaniyasının səbəblərindən biri, ümumiyyətlə, "ideologiya" anlayışının o vaxta qədər yeganə leqal ideoloji sistem olan kommunist ideologiyası ilə eyniləşdirilməsi idisə, digər səbəb dövlətin başında duran adamların yeni dövrün ümumi səciyyəsini vermək, siyasi, iqtisadi, mədəni inkişaf perspektivlərini müəyyənləşdirmək, xalqın, dövlətin ümummilli mənafeyini elmi şəkildə şərh etmək, mənəviyyatın bütün sahələrini əhatə edən ideyaları ümumiləşdirib konsepsiya səviyyəsinə qaldırmaq iqtidarında olmaması idi" (Xəlilov S.S. Fəlsəfədən siyasətə. B., 1998, s.283).

Lakin indi, bir çox illər keçdikdən sonra müstəqilliyimizin qərarlaşıb möhkəmləndiyi bir vaxtda milli ideologiyaya və ümumiyyətlə, ideologiya məsələlərinə bəslənən soyuq, laqeyd münasibətə heç cür bəraət qazandırmaq mümkün və düzgün deyil. Hər cür ideologiyaya qarşı çıxmaqla, yaxud da "demokratik cəmiyyətdə hakim ideologiya ola bilməz" deməklə, fərqi yoxdur - hər iki halda cəmiyyətimizin mütərəqqi inkişafına yalnız ciddi problemlər yaradılır, onun ruhi-əqli, mənəvi-psixoloji ovqatına, fəaliyyət oriyentirlərinə sarsıdıcı zərbələr endirilir, ictimai özünüdərk və özünüifadə proseslərinə maneələr törədilir. Belə olduqda, dərindən düşünən və məsuliyyət hissi güclü olan adamların - ayrı-ayrı dövlət məmurlarının, alim və siyasətçilərin, mədəniyyət xadimlərinin bütün cəhdlərinə, çəkdikləri zəhmətə baxmayaraq, istər-istəməz, fərdi və ictimai əməkdə, sosial fəallıqda və birgə fəaliyyətdə pərakəndəlik, nizamsızlıq, dolaşıqlıq özünü göstərməyə bilməz. Milli mənafelərə, dövlət maraqları ilə xalqın maraqlarının uzlaşmasına tuşlanmış optimal ictimai fəallıq, daxilən səbəblənmiş və stimullaşmış səfərbərlik belə vəziyyətdə, sadəcə olaraq, arzuladığımız səviyyədə mümkün deyil.

Milli ideologiya milli dövlətin ən yaxşı zəkalarının böyük zəhməti hesabına materiyanı ruhi qüvvəyə çevirən, mənəvi-əxlaqi potensialı qoruyub saxlayan, bu potensialı lazımınca yeniləşdirən və zənginləşdirən fenomendir. O, birbaşa və bəsit mənada anlanılan nəzəri müddəalar, ideya və prinsiplər sistemi deyil, daha dəqiq desək, yalnız bununla kifayətlənmir. Onun kamilləşməsi və bu qismdə əhəmiyyət kəsb etməsi həm nəzəri, həm də praktiki müstəvidə baş verir. Başqa sözlə, fundamental suallara tutarlı, praktiki və nəzəri cəhətdən faydalı cavablar sistemi kimi çıxış edən milli ideologiya öz məna - mahiyyətini, qüdrətini ardıcıl və şüurlu mübarizədə tapır. Mübarizə, milli ideologiya uğrunda döyüş isə çox vaxt ağır və uzunmüddətli olur. Bunu bizim müstəqillik illərimiz də bir daha sübut edir.

İnsana öz həyatının mənasını anlamaqda, axtarıb tapmaqda və reallaşdırmaqda fundamental əsas olan milli ideologiya, hər şeydən əlavə, insanda və cəmiyyətdə insanlıq uğrunda mübarizədir, vicdana və məsuliyyətə çağırışdır. Bu çağırış bir çoxları üçün nə qədər də arxaik, dəbdən düşmüş olsa da, onsuz heç bir dolğun, mütərəqqi həyat mümkün deyil. Vicdan susanda və məsuliyyət itəndə artıq insan həyatının mənasından, cəmiyyətin tərəqqisindən danışmaq əbəsdir.

Əlbəttə, həyatın verdiyi sualların cavablandırılmasında insan azaddır. Ancaq bu azadlığı özbaşınalıqla qarışdırmaq düzgün deyil, onu məsuliyyət nöqteyi-nəzərindən anlamaq gərəkdir. İnsan sualın düzgün cavablandırılmasında, situasiyanın mənasını tapmaqda məsuldur, cavabdehdir. Məna məsuliyyətlə axtarılır və tapılır. Belə də deyə bilərik, mənanı vicdanın köməyilə axtarmaq vacibdir. Məna axtarışında insana rəhbər olan vicdandır - o varlıq ki, onun cilalanması və aşılanması bir funksiya olaraq milli ideologiyanın üzərinə düşür.

Ortaya belə mühakimə çıxa bilər: bir halda ki, hər bir insan üçün onun həyatının mənası nəsə unikal olandır, bu məna "ümumi olan"ın, "vahid qanun"un tələbləri altına düşmür, deməli, "milli ideologiya" deyilən fenomenlə də hesablaşmalı deyil.

İlk baxışda ağlabatan görünən bu mühakimə, əslində, xətti təfəkkürün məhsuludur və insan həyatının mənasını "hesablamaqda" olduqca əsassızdır. Məsələ ondadır ki, hər insanın həyatının mənası onun yaşadığı tarixi zamanla, coğrafi-iqtisadi-siyasi mühitlə, sosial normalar sistemi ilə, ictimai təfərrüatlarla səciyyələnir. Hətta hər bir fərdə məxsus genetik-irsi, immanent xüsusiyyətlər məhz bu tarixi zaman və ictimai mühit fəzasında özünü büruzə verir, gerçəkləşir. Məhz bu qanunauyğunluq çərçivəsində insan həyatının mənası unikal hadisə kimi reallaşır. Hər bir adam mənanın tapılıb reallaşmasında, bütün obyektiv və subyektiv məhdudiyyətlərə baxmayaraq, azaddır. Azadlığın isə əsas dəyər-mahiyyəti insanın öz taleyi barədə məsuliyyəti üzərinə götürmə müstəqilliyindədir, öz vicdan səsini dinləyib taleyi barədə qərar qəbul etmək sərbəstliyindədir. Bu, həmçinin dəyişilmə azadlığıdır, mütləq "belə" olmaqdan uzaqlaşma, başqa cür olmaq azadlığıdır. Və burada məsuliyyət məsələsi mühüm əhəmiyyət kəsb edir. Mənanın həyata keçməsinə görə insan məsuliyyət daşıyır.

XX əsrin ən möhtəşəm zəka və əxlaq sahiblərindən biri, hələ sağlığında canlı klassik sayılan görkəmli psixoloq-filosof Viktor Franka görə, insan olmaq - deməli, özünə yox, nəsə başqa şeyə, hansısa varlığa yönümlü olmaqdır. Dərin mənada, insan olmaq - situasiyaya cəlb, daxil olmaqdan, dünya ilə təmasa girməkdən ibarətdir. Bu daxilolma, təmasagirmə məsuliyyət və vicdanın hökmü ilə baş verirsə, deməli, ruhi-mənəvi dərketmə, fəzilətli əməllərə cəhd həyata keçirilir. Belə olduqda insan öz həyatını daha mənalı sayır, taleyüklü ağır suallar üzərində düşünür və hərəkət edir: "Bunu mən etməsəm, kim edəcək? Və elə indi bunu etməsəm, nə vaxt edəsiyəm ki? Ancaq bunu yalnız özüm üçün etsəm, mən kiməm?" Burada Albert Eynşteynin belə bir fikrini xatırlatmaq istərdim: öz həyatını mənasız sayan insan nəinki bədbəxtdir, ümumən, çətin ki həyat üçün yararlıdır.

Milli ideologiya məhz o fenomen-varlıqdır ki, bir tərəfdən ictimai əhəmiyyətli, taleyüklü problemlər üzərində düşünməyi cəmiyyət üzvlərinə aşılayır, məna axtarışında və reallaşmasında insanı öz "həcm"indən kənara çıxmağa - transsendləşmə prosesinə sövq edir və ona yardımçı olur, digər tərəfdən unikal insan mövcudluğunun özü üçün oriyentirlər verir, istiqamətverici ideya və prinsiplər, təsəvvürlər sistemi ortaya qoyur.

Bəli, "universal həyat mənası" deyilən şey bəlkə də yoxdur, yalnız individual situasiyaların unikal mənaları var. Ancaq unutmamalıyıq ki, bunların içərisində elələri də var ki, onlara hansısa ümumilik xasdır. Deməli, elə mənalar var ki, müəyyən bir cəmiyyətə, konkret zaman kəsiyində yaşayan sosial birliyə xasdır. Bu mənalar o şeylərdir ki, biz onları dəyərlər adlandırırıq. Başqa sözlə, dəyərlər - universal mənalardır ki, tipik situasiyalarda kristallaşır, cəmiyyət və yaxud hətta bəşəriyyət onlarla rastlaşmalı və yaşamalı olur.

Dəyərlərə yiyələnmək insan üçün məna axtarışını və bu əsasda fəaliyyətinin qurulmasını asanlaşdırır; ən azı, tipik situasiyalarda qərar qəbul etmək daha asanlıqla mümkün olur. Lakin bu asanlığa görə insan çox vaxt "borc qaytarmalı", "ödəniş verməli" olur. Çünki unikal situasiyalara xas unikal mənalardan fərqli olaraq, iki dəyərin bir-birinə zidd olması da mümkündür.

Dəyərlərin ziddiyyətliyi isə qiymətləndirici konfliktlər formasında insan qəlbində, onun ruhi-əqli durumunda əks olunur, daxili aləmin narahatlığını, hətta iztirablarını səbəbləndirir və psixoloqların təbirincə desək, noogen nevrozların təşəkkülündə mühüm rol oynayır.

Faktoloji materiallara, elmi müşahidələrə əsaslanaraq deyə bilərik ki, noogen nevrozlar yalnız adi insanlara xas hal-hadisə deyil. Bu tip nevrozlar, faktiki olaraq, əksər zəka sahiblərinin, tarixi şəxsiyyətlərin həyat və yaradıcılığını müşayiət etmişlər. Bu sırada Azərbaycanın milli ideologiyasının tarixən formalaşmasında böyük xidmətləri olmuş M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, Ü.Hacıbəyov, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə kimi görkəmli şəxsiyyətlərin adlarını da çəkə bilərik. Mübahisə açmaq istəmirəm, ancaq çox güman ki, ümumi bir məfkurə, milli dirçəliş və tərəqqi naminə çalışanlar üçün daxili dialoq, seçimetmə, əqli ölçüb-biçmə, götür-qoy, ruhi-əxlaqi dərketmədə əksliklərin mübarizəsi və bütün bunların nəticəsində "ümumi məxrəc"in, "qızıl orta"nın tapılmasına cəhd və fəallıq daha xarakterik olmuşdur. Müxtəlif dövrlərdə və müxtəlif məkanlarda yaşayıb-yaratmış mütəfəkkirlərin, görkəmli dövlət xadimlərinin ən möhtəşəm xidmətləri, böyük əzab-əziyyətləri bəlkə də ondan ibarət olmuşdur ki, özlərində bütün bəşəriyyətin, yaşadıqları cəmiyyətin dərdlərini, ehtiyaclarını, arzu və istəklərini hiss və dərk edərək "əksliklər toqquşması"nın ağır yükünü üzərlərinə götürmüş, birləşdirici simvol - mahiyyətin yaranmasına və qərarlaşmasına çalışmışlar. Onlar çalışmışlar ki, əksliklər toqquşmasının mürəkkəbliyində insanlar özlərini itirməsinlər, Şərdən uzaqlaşaraq Xeyirə doğru hərəkət etsinlər. Böyük zəka və siyasi iradə sahibi olan Heydər Əliyevin bir dövlət başçısı kimi həyat və yaradıcılığı, mötəşəm fəaliyyəti bu həqiqətin əsaslı sübutudur. Onun təkidlə, böyük inamla azərbaycançılığı milli ideologiyanın başlıca və aparıcı ideya-prinsipi kimi irəli sürməsi daha çox məhz əsaslı birləşdirici fenomenin ortaya qoyulması, reallaşması istəyi və qayğıları ilə izah oluna bilər.

İndinin özündə də biz əksliklər mürəkkəbliyi ilə rastlaşdıqda deyirik: "Həqiqət ortadadır!" Və ənənəvi olaraq bu "orta" cəbri mənada anlayırıq. Əslində isə ortada həqiqət yox, problem var ki, onun həlli barədə düşünmürük, aldadıcı "rahat yolla" vəziyyətdən çıxmağa çalışırıq, nəticədə də müxtəlif fəsadlarla üzləşməli oluruq.

Burada bir sıra vacib, müstəsna əhəmiyyət kəsb edən, lakin illər, hətta əsrlər boyu unudulan, xüsusi tədqiqat marağından kənarda qalan məqamlara toxunmaq istərdik. Söhbət o şeylərdən gedir ki, onlara nəzər-diqqətin vacibliyi, sadəcə olaraq, yalnız bugünün, hazırkı dövrün tələbləri ilə şərtlənmir; bu məqamlar bütövlükdə bizim xalqın tarixi mövcudluğu, onun elmi-mədəni ənənəsi və irsi ilə bağlıdır. Həmin məqamlara və onlarla əlaqədar məsələlərə diqqət yetirmədikcə, millətləşmə yolunda, optimal cəmiyyət quruculuğunda, layiqli həyat tərzinin təşkilində daha çox çətinliklərlə, maneələrlə üzləşirik və nəticədə də iki qeyri-məqbul variantdan biri bizim "qismət payı"mız olur: ya candan-haldan tükənərək, taqətdən düşərək proseslərin gedişini kortəbii stixiyanın və yadların mərhəmətinə, təsir gücü olan hansısa dövlətlərin ümidinə buraxırıq, ya da həqiqi yaradıcı fəaliyyətin, öz fədakarlığımızın, öz zəkamızdan və zəhmətimizdən doğan əzmkarlığın lazımınca olmamasını ört-basdır edərək kimlərisə, nələrisə (öz malımız kimi!) yamsılayırıq, gülüş və təəssüf doğuran inadkarlıqla primitiv uyğunlaşma həyata keçiririk.

Başqalarından "ümid çırağı" gözləmək, köklü fikir ortaya qoymadan, rasional, sistemli bir əməli iş aparmadan "yaxşı olanı" yamsılamaq vərdişi, görünür, bizlərdə o dərəcədədir ki, hətta hər "yeni səhifə"ni başlayanda öz köhnə səhifələrimizi unutmağa, yaxud da dəbə yoluxaraq, lənətləməyə hazır oluruq. Ədəb-ərkandan, məntiqdən, məsuliyyət və vicdan hissindən uzaq bu köntöy ənənəyə sadiqlik göstərərək biz vaxtaşırı (dövrdən və dəbdən asılı olaraq!) kimlərisə, nəyisə birtərəfli qaydada, ifrat subyektiv mövqedən hallandırmışıq - ya nifrət yağışı yağdırmışıq, ya da heç bir ölçü-əndazə qoymadan sevmişik, tərifləmişik. Beləliklə, Babəkdən, Koroğludan tutmuş N.Nərimanova kimi - hamını, bütün tarixi şəxsiyyətləri və qəhrəmanları "qılıncdan", yaxud da "öpüşdən" keçirmişik. Sonra isə kimlərisə günahkar sayırıq, "tariximizi unutdurublar" deyirik.

Tarixi hadisə və şəxsiyyətlərə münasibətdə "obyektiv" tənqidçilik potensialımız elə miqyas alır ki, özümüzünkülərlə yanaşı, başqalarına da divan tuturuq - Marksı kəmsavad filosof və totalitarist adlandıraraq heykəlini uçururuq, Lenini anadangəlmə cəllad və dəli kimi qələmə veririk. Əcəba, müdriklik budursa, onda ağılsızlıq, həqiqi dəlilik nədir? Maraqlıdır, bizi belə "sürüşmə"lərə vadar edən nədir? Və yaxud, özümüzə məxsusluqda, mədəni ənənəmizdə, düşüncə tipologiyamızda nə çatışmır ki, biz asanlıqla "yaxşı" - "pis" dixotomiyasında çox vaxt ən əlverişsiz, məntiqsiz və aciz mövqe tuturuq, necə deyərlər, divardan-divara yeriyirik, fenomenləri dəyərləndirərkən, yol seçərkən həssaslığımızı, bəzən də başımızı itiririk?! Necə olur ki, möhtəşəmliyi şübhə doğurmayan filosof, şair-yazıçı, dramaturq Hüseyn Cavidi, istedadlı söz sahibi Mikayıl Müşfiqi kampaniyaya qoşularaq, məhv edirik, bu gün isə peşmançılıq əzabı çəkirik? Dünya, belə olduqda, bizim hansı fikrimizə, mövqeyimizə, "obyektiv həqiqət"imizə inansın? Gənc nəsillər hansı yararlı meyarları əsas götürsünlər ki, həyatlarının mənasını axtaranda, qurub-yaradanda onlara yardımçı olsun?

Nə üçün belə olmağımızın, daim eyni "daşa" ilişdiyimizin səbəbləri sırasında çox şeyləri sadalamaq mümkündür: uzunmüddətli asılılıq və suverenliyin təkrar-təkrar pozulması, totalitar ideologiyanın və kütlə psixozunun təsiri, əcnəbi siyasi rejimlərin və dünyanın güc mərkəzlərinin basqısı, millətləşmə prosesində yaranan maneələr, çətinliklər və fasiləlik, polietnikliyin vahid "birləşmə düsturu"nun, eyni zamanda milli ideologiyanın aparıcı və başlıca ideya - prinsipi olan azərbaycançılığın kifayət qədər işlənməməsi və reallaşmaması, təbii zənginlikdən yaranan problemlər, bölgənin (regionun) həssaslığı, intellektual resursların formalaşmasında və idarə olunmasında buraxılan ciddi səhvlər və s. Lakin, fikrimizcə, bir mühüm səbəb var ki, müstəsna əhəmiyyət kəsb etsə də, onun barəsində nə keçmişdə, nə də sonralar xüsusi elmi söhbət aparılıb. Bir çox xalqlarda (çin, yapon, alman, ingilis, fransız və s.) xüsusi müzakirə, araşdırma və mübahisə predmeti olan bu səbəb bizim fəlsəfi, sosial-siyasi, bədii düşüncənin, nəzəri refleksiyanın maraq dairəsindən kənarda qalıb.

Söhbət açdığımız bu səbəb yuxarıda artıq qeyd etdiyim əksliklər problemi və onun, ilk növbədə, koqnitiv (latınca cognitio bilik, idrak deməkdir) müstəvidə baxılması və həll olunması ilə bağlıdır. Bu problemin mühüm tərəfi əksliklərin toqquşması situasiyasında müəyyənlik əldə edərək çıxış yolunu tapmaq üçün hansısa birləşdirici simvolun, məfhum-mahiyyətin olmasıdır.
Sanskritdə psixoloji mənada əksliklər cütünü ifadə edən söz - Dvandvadır. O, hər bir cütlüyü (məsələn, kişi və qadın, sevgi və nifrət, aclıq və toxluq), mübahisəni, rəqabəti, şübhəni və s. ifadə edir. Artıq hind fəlsəfəsinin ən qədim - vedalar dövründə (e.ə.1500-600-cü illər) əksliklər, onların mənşəyi və təbiəti haqqında müəyyən idraki sistem formalaşmaqda idi. Burada əksliklər cütü varlıqların ayrılmaz xassəsi, dünyanın yaradıcısı tərəfindən verilmiş atributları qismində qavranılır və şərh edilir. Vaxtilə XX əsrin 20-ci illərində, görkəmli psixoloq-filosof, analitik psixologiyanın banisi Karl Yunq əksliklər dinamikasının mürəkkəbliyindən azad olmaq prosesinə toxunarkən vurğulayırdı: "Şərq bu prosesi artıq bir çox minilliklər bundan əvvəl mənimsəməyə başlamış və ona görə də xilasolmanın insan iradəsi-qənaəti sferasında yolunun axtarışını irəli sürən psixoloji təlim qərarlaşmışdır". O təəssüflənirdi ki, Qərb dünyagörüşündə, o vaxtdan əsrlər keçsə də, əksliklər mürəkkəbliyindən mütəmadi olaraq yaranan parçalanma və firqəçilikdən xilas yolu kimi yalnız Allaha və yaxud Xilaskara ümid bəsləmək götürülür. "Belə baxışın uşaq sadəlövhlüyü gözə çarpır" deyən Yunq yazırdı: "Hind və Çin dinlərində, həmçinin bu iki dünya anlamını birləşdirən buddizmdə orta cığır haqqında təsəvvür vardır ki, ecazkar-həqiqidir, şüurlu yönümlənmənin köməyilə xilasedici və müyəssərdir. Ved dünyagörüşü şüurlu olaraq əksliklərdən qurtuluş axtarır ki, xilas yoluna ayaq basa bilsin".

Əksliklər probleminin brahmanistik anlamında əhəmiyyətli etik məsələlərdən biri ondan ibarətdir ki, əksliklərin təsirinə yol verməyəsən, onlardan yüksəkdə olasan; xilasa aparan yol - düzgün həll vasitəsilə əksliklərdən qurtulmadadır. Nirdvandva - əksliklərin təsirinə məruz qalmayan azadlıqdır. Əksliklər hökmü altında yaşamaq - başqasının yolu ilə getmək, öz həyatının mənasını tapa bilməmək deməkdir. Bu isə çox təhlükəlidir. "Bhaqavad-qita"nın "Karma-yoqa" fəslində deyilir: "İnsan başqalarının işini mükəmməl surətdə görməkdənsə öz təyinatına uyğun vəzifələrini, hətta qüsurlu şəkildə olsa da yerinə yetirsə, daha yaxşı olar".

Analoji fikirlər (əksliklər məsələsinə dair) "Mahabharata"da və digər qədim Hind mənbələrində də öz əksini tapmışdır: kim əksliklərdən azaddırsa, xilas olacaq, qəlb rahatlığı tapacaq; əksliklərin təsiri altına düşməyən əqli korluqdan azaddır və s. Bu mənbələrdən hasil olur ki, Brahman - həm əksliklərin irrasional birləşməsidir, həm onların qəti dəf olunmasıdır - xilasolma halıdır. Affektiv tərəddüdlərdən, yəni əksliklər gərginliyindən qurtuluş tədricən Brahman durumuna aparan xilas yoludur. Ona görə, müəyyən mənada, Brahman yalnız hal-vəziyyət deyil, həm də prosesdir. O, birləşdirici simvol kimi dinamik qanunauyğunluqdur.

Problemlə bağlı olduqca dəyərli mülahizələrə, qənaətlərə, yanaşmalara başqa xalqların da mədəni irsi, fəlsəfi ənənəsi timsalında baxmaq olar. Məsələn, əksliklərarası "orta yol" anlayışı Qədim Çin fəlsəfəsində öz nümunəvi ifadəsini "Dao" formasında tapır. Klassik Çin fəlsəfəsinin ən mühüm kateqoriyalarından olan "Dao"nun hərfi mənası "yol" deməkdir; sonralar o, "səma yolu", "təbiətin inkişaf yolu", "əxlaqi norma", "ilahi qanunauyğunluq" və s. mənalarda işlədilmişdir. Təfəkkürə tətbiqdə "Dao" - məntiq, fikir ardıcıllığı, düşüncə sərrastlığı deməkdir. Müxtəlif qitələrdə, ölkələrdə bu mühüm problemlə bağlı ortaya qoyulmuş bilgiləri ətraflı şərh etmək burada mümkün olmadığından, mən yalnız tezisvari xülasə ilə müəyyən fikirləri çatdırmaq istərdim.

Əksliklər mürəkkəbliyi ilə hər bir insan, hər bir xalq və ölkə rastlaşır. Ona münasibətdə laqeydlik və ya kortəbii davranış azadlığa yox, barbarlığa və əsarətə aparır. İnsani və milli özünəməxsusluq əksliklər probleminə həssas və yaradıcı yanaşmada, əxlaqi-mənəvi dərketmədə və nizamlı fəallıqda açıqlanır və qərarlaşır. Düzgün və ədalətli yol buradan başlayır. Bu yolda olanın özünəməxsusluğu və individual simaya malik olması heç də insanın eqoizminə dəlalət etmir, əksinə, eqoizmdən uzaqlaşdırır. Ali həyat nailiyyətləri, həqiqi məna axtarışları, ümumiyyətlə, eqoizm müstəvisində mümkün deyil, eqoistik yolla insan həyatın yüksək pilləsinə çata bilməz. Mahiyyəti etibarilə insani həzzalma başqalarına sevinc, xoşbəxtlik bəxş etməkdə reallaşır. Bu mənəvi qanunauyğunluq insan qarşısında daim həyati vəzifələr qoyur və onun statusu, ictimai mövqeyi nə qədər yüksək olursa, bir o qədər üzərinə düşən missiya böyük məsuliyyət və zəhmət tələb edir. Kim mənəvi qanunauyğunluğu gözləyirsə, əksliklər toqquşmasının mürəkkəbliyində özünü itirmir və malik olduğu öz cığırını tərəddüdsüz davam etdirir. Belə insanlar daim xaricdən gələn qanunlara, hansısa əhliləşdiricilərə, təlimçilərə, kənardan təsir göstərib ram edən şəxsə, qüvvəyə ehtiyaclı olmurlar.

Kamil milli ideologiyanın da başlıca vəzifəsi ondan ibarətdir ki, insan, cəmiyyət və millət durumunda azadlıq məfhumunu mədəniyyət atributuna çevirməkdə yardımçı olsun, birgəyaşayışın əxlaq qaydalarının zəruriliyini və mahiyyətini aşılasın. Birləşdirici simvol - fenomenlərə, dəyərlərə (hüquqi dövlətə, demokratiyaya, milliliyə, azərbaycançılığa, doğma yurda, Vətənə, Torpağa, Dilə və Dinə, mədəni-mənəvi irsə və s.) güclü motivasiya, fərdi və ümumi istək, sevgi formalaşdırsın, böyük və çətin başa gələn məqsədlərə çatmaqda, taleyüklü problemlərin həllində dayaq olsun. Güclü motivasiyaların, istək və arzuların, daxili sövqetmələrin yolu isə həmişə əksliklərdən, daha doğrusu, onların münaqişəsindən keçir. Burada da milli ideologiyanın üzərinə daim artan və zamanla şərtlənən yük düşür, deməli, hamımız - ilk növbədə biz ziyalılar xüsusi məsuliyyət daşıyıcılarıyıq. Əzəl-axır xalqımıza "orta yolu" müəyyənləşdirməkdə, öz "Dao"muzu bilməkdə kömək etməliyik, ya yox?! Bu elə məsələ-problemdir ki, başqalarından yardım gözləməyə dəyməz, özümüz çox işlər görməliyik.

Cəmiyyətin iqtisadi, siyasi, sosial və mənəvi fəaliyyət sahələrində, həmçinin beynəlxalq aləmlə dövlətin münasibətlərində əsas kimi qəbul olunan və rəhbər tutulan ideya və prinsiplərin, müddəa və şərtlərin cəmini ifadə edən milli ideologiyanın mühüm təyinatı ondan ibarətdir ki, cəmiyyətin müxtəlif həyat sahələrinin təşkili və idarə olunması, ölkənin bütün spesifik cəhətləri nəzərə alınmaqla, rasional üsul və metodlarla həyata keçirilsin, fərdlər və qruplar arasında sosial tarazlıq, maraqların uzlaşması təmin edilsin, vətəndaş-dövlət münasibətləri optimal tərzdə tənzimlənsin, ümumi rifahın və cəmiyyətdaxili harmoniyanın qərarlaşması bir məqsəd kimi reallaşsın. İnsanların şüurunda işlərin gedişini səliqə-sahmana salmağa, onların sosial fikir prinsiplərini müəyyənləşdirməyə, lazımi inkişaf istiqamətlərini, mərhələlərini dəqiqləşdirməyə yönəlmiş belə ideologiya ümumbəşəri tarixi təkamül tələblərinə, zaman-məkan şərtlərinə, elmi-idraki determinantlara cavab verməli, milli-tarixi, genetik-irsi və bəşəri dəyərlərə söykənməli, reallıqdan pöhrələnən İDEALın gerçəkləşməsi naminə öz fəaliyyətini qurmalıdır. Söhbət mövcud reallığın davamı kimi çıxış edən İDEALdan gedir ki, gələcək vəziyyətin ruhlandırıcı təsviri, sövqedici məramnaməsi olmaqla, subyektiv və xəyalpərəst mülahizələrdən uzaq durmağı üstün tutur və vacib bilir. Bəşər tarixinin təbii məhsulu, indinin konstruktiv davamı olan bu İDEALın qayəsi zəruri və ədalətli olanın uğrunda mübarizədə optimal yolları və vasitələri bilməkdən, mümkünlük (imkan) sərhədlərini tanımaqdan ibarətdir.

 

 

Əbülhəsən ABBASOV,

AMEA Fəlsəfə, Sosiologiya və

Hüquq İnstitutunun

şöbə müdiri, fəlsəfə elmləri

doktoru, professor

 

Azərbaycan. - 2009.- 31 iyul.- S. 4.