Beynəlxalq
Qızıl Xaç Komitəsinin (BQXK) Dağlıq
Qarabağ münaqişəsi ilə əlaqədar itkin
düşmüş şəxslər barəsində ətraflı
məlumat toplanılmasına və mərkəzləşdirilmiş
qaydada idarə olunmasına dair milli proqramın birinci mərhələsi
başa çatmışdır.
BQXK-nın Azərbaycan
nümayəndəliyindən bildirmişlər ki, 2009-cu il iyunun
30-na qədər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
(AzQAC) iyirmi nəfər xüsusi təlim keçmiş
könüllüsü itkin düşmüş şəxslərin
ailələri ilə müsahibələr apararaq ətraflı
məlumatlar toplamış, nəzərdə tutulmuş 1151
sorğu anketi doldurmuşlar.
Sorğu anketləri
itkin düşmüş şəxsin zahiri
görünüşləri və hansı şəraitdə
yoxa çıxmaları haqqında geniş məlumatları əhatə
edir. Azərbaycanda bu
prosesin birinci mərhələsi rəsmi olaraq başa
çatmışdır. Lakin Bakı, Sumqayıt şəhərlərində,
Abşeron rayonlarında qeydiyyatda olmuş, amma həmin
ünvanlardan artıq köçmüş itkin üzvü
olan 260 ailəni tapmaq hələ mümkün
olmamışdır.
BQXK-nın
Axtarış üzrə Regional nümayəndəsi Yelena
Miloşeviç Lepotiç BQXK məlumat toplanılması
prosesinin uğurla başa çatması üçün həmin
ailələri BQXK və AzQAC-ın onlara ən yaxın ofisi
ilə (+99 412 493 16 38) əlaqə saxlamağa
çağırmışdır.
ƏMT sorğu anketləri
Azərbaycanın Əsir və itkin düşmüş,
girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasına təhvil veriləcəkdir. Bütün toplanılmış
məlumat mərkəzləşdirilmiş qaydada bir məlumat
bazasında saxlanılacaq və gələcəkdə itkin
düşmüşlərin talelərinə aydınlıq gətirilməsində
kömək edəcəkdir. Lakin məlumat toplanılması
prosesi hələ yekunlaşmamışdır.
İndi həmin proses cəbhə xəttinə yaxın 18
şəhər və rayonda davam etdirilir və gələn il
Azərbaycanın qalan 35 şəhər və rayonunu əhatə
edəcəkdir. BQXK bütün bölgələrdə ətraflı
məlumat toplanılmasını 2010-cu ilin sonuna qədər
bitirməyi nəzərdə tutur.
Xatırladaq ki, 2008-ci il
aprelin 14-də BQXK və Dövlət Komissiyası
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
itkin düşmüş şəxslər haqqında ətraflı
məlumatların toplanması və mərkəzləşdirilmiş
qaydada idarə edilməsi haqda çərçivə
sazişi imzalamışlar.
AzərTAc
Azərbaycan.- 2009.- 31 iyul.- S. 6.