Dünya şöhrətli
şirkətlərin görüş
yeri yenə də Azərbaycandır
Bu gün Bakıda, Heydər Əliyev adına İdman və Konsert Kompleksində XVI Beynəlxalq "Xəzər neft və qaz, neft emalı və neft kimyası" sərgisi açılır. O, dörd gün davam edəcək. Sərginin ikinci günü isə eyniadlı konfrans da öz işinə başlayacaq.
Dünyada maliyyə böhranı hökm sürsə də, bu, Azərbaycanda hər il dalbadal 16-cı dəfədir keçirilən neft-qaz sərgi və konfransına mənfi təsir etməyib. Belə ki, sərgidə iştirak edən şirkətlərin sayı eyni olaraq qalıb. Sadəcə olaraq, iştirakçıların tərkibinin bir hissəsi dəyişib. Yəni, keçən illərdə tədbirdə iştirak edən şirkətlərin bəzilərinin adına bu il rast gəlinmir. Lakin yeni iştirakçılar da çoxdur. Bu isə onu göstərir ki, Azərbaycanın zəngin neft-qaz ehtiyatlarına malik olması ölkəyə yeni-yeni sərmayədarları cəlb edir.
Bütün bunlar həm də sözügedən tədbirin son 16 ildə qazandığı nüfuzla bağlıdır. Təsadüfi deyil ki, builki sərgi və konfransda 22 ölkəni təmsil edən 300 şirkət iştirak edəcək. Azərbaycan bazarına ilk dəfə çıxan şirkətlər sərginin ümumi ekspozisiya sahəsinin 20 faizini təşkil edirlər. Sərginin 40 faizdən çox hissəsini isə dünya şöhrətli şirkətlər tutub. Onların əksəriyyəti Azərbaycanın neft-qaz sənayesində mühüm rol oynayır və demək olar ki, hər il sözügedən sərgidə iştirak edirlər. Bunlardan ölkəmizdə ən iri neft-qaz layihələrinin əməliyyatçısı bp, onun ən yaxın tərəfdaşlarından olan "İtoçu", "Total", "StatoilHydro", TPAO şirkətlərini, "Nabukko" layihəsinin operatoru OMV-ni və başqalarını göstərmək olar.
Adətən, hər il sərginin ikinci günü neft-qaz konfransı da keçirilməyə başlayır. Bu tədbir iki gün davam edir. Bu il konfrans "Hyatt Regency" otelində keçiriləcək. Konfransda 23 ölkənin 450 nümayəndəsinin iştirak edəcəyi nəzərdə tutulub. Burada Azərbaycan, Türkiyə, İran və Qazaxıstanın sənaye və energetika nazirləri, digər ölkələrin nazirliklərinin və dövlət strukturlarının nümayəndələri, yüksək ixtisaslı mütəxəssislər çıxış edəcəklər.
2009-cu ilin neft-qaz sərgi və konfransının sponsorları isə bunlardır: "platin" sponsor - Azərbaycan Beynəlxalq Bankı, "qızıl" sponsor - ARDNŞ. Tədbirin sponsorlar heyətində EGL, OMV, bp və digər şirkətlər də var.
Bunlar barədə iyunun 1-də Bakının Nobel prospektindəki "Villa Petrolea"da keçirilən mətbuat konfransında ətraflı söhbət açıldı. İTE Group Plc-nin Xəzər regionu üzrə direktoru Edvard Stroon sərgi haqqında ətraflı məlumat verdikdən sonra Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə, Dövlət Neft Şirkətinə, Heydər Əliyev adına İdman və Konsert Kompleksinin kollektivinə, Ticarət və Sənaye Palatasına tədbirə dəstək verdikləri üçün öz minnətdarlığını bildirdi.
Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov 1994-cü ildən bəri hər il keçirilən bu tədbirin getdikcə daha böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. O qeyd etdi ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyi ilə həyata vəsiqə alan neft-qaz sərgi və konfransı uzun müddətdir ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayır. Bu tədbirin hər il Azərbaycanı dünya şöhrətli şirkətlərin görüş yerinə çevirməsi həqiqətən də qürur hissi doğurur.
İTE Group Plc-nin nümayəndəsi Rüxsarə Liberman və İteca Kaspian şirkətinin meneceri Nigar Muradxanlı da builki sərgi-konfrans və onun iştirakçıları barədə ətraflı məlumat verdilər. Onlar ümidvar olduqlarını bildirdilər ki, həmişə olduğu kimi tədbir bu il də böyük müvəffəqiyyətlə keçəcək, çoxlu tamaşaçı cəlb edəcək və Azərbaycan iqtisadiyyatının inkişafı üçün yeni üfüqlər açacaq.
F.Sadıqlı
Azərbaycan.-2009.-2 iyun.-S.3.