Qələbə əzmli ordu

 

Bu gün danışıqlar daha da intensiv xarakter daşıyır. Azərbaycan bütün dövrlərdə olduğu kimi, öz konstruktiv, ədalətli və beynəlxalq hüquqa əsaslanmış mövqeyini ortaya qoyur. Bu gün danışıqlar masasında işğal edilmiş bütün torpaqların Azərbaycana qaytarılması məsələsi dayanır, bütün köçkünlərin öz doğma torpaqlarına qayıtması məsələsi dayanır. Bir daha bəyan etmək istəyirəm, - çünki bu məsələ ilə əlaqədar vaxtaşırı müxtəlif spekulyasiyalar irəli sürülür, - danışıqlar masasında Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur və ola da bilməz. Nə bu gün, nə 10 ildən, nə 100 ildən sonra Dağlıq Qarabağ müstəqil dövlət olmayacaqdır. Azərbaycanın mövqeyi birmənalıdır. Bütün təzyiqlərə baxmayaraq, bu mövqeyi biz axıra qədər müdafiə edəcəyik.

 

İlham Əliyev

 

 Hər bir xalqın canı, qanı bahasına əldə etdiyi müstəqilliyinin daimiliyinə və dönməzliyinə etibarlı təminat yaradan vacib amillərdən biri də onun yüksək nizam-intizama, döyüş əzminə malik silahlı qüvvələrinin mövcudluğudur. Qəlbində vətən, yurd, millət sevgisi olan əsl vətəndaş dövlətinin ordusu ilə daim qürur duyur, onun nailiyyətlərinə ürəkdən sevinir. Ulularımızın "Ordum varsa, yurdum var" məsəli də Azərbaycan xalqının milli düşüncəsində ordunun nə qədər ali, müqəddəs ucalıqda dayandığını, xalqın, dövlətin varlıq və mövcudluq, milli kimlik meyarına çevrildiyinin parlaq təcəssümüdür. Şərqin təkcə ilk demokratik cümhuriyyətinin deyil, həm də hərbi nizamnamə və əsasnamə əsasında formalaşan ilk nizami ordusunun Azərbaycanda yaranması isə xalqımız üçün fəxarət doğuran hadisədir.

 

Əsgərə normal xidmət üçün hər cür zəruri şərait yaradılıb

 

 2009-cu il iyunun 26-da yaranmasının 91-ci ildönümü tamam olacaq Azərbaycan Ordusu mövcudluq tarixinin çoxşaxəli hərbi quruculuq və islahatlar mərhələsi kimi səciyyələnə biləcək yeni mərhələsini yaşayır. Silahlı Qüvvələrin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin maddi rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər praktik nəticələrini verməkdədir. Ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son beş ildə bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir.

Dövlət başçısı İlham Əliyev ilk gündən bəyan etmişdir ki, ordunun möhkəm, qüdrətli olması üçün dövlətin iqtisadiyyatının güclü olması vacib şərtdir. Bu reallıq fonunda ölkə rəhbərliyi iqtisadiyyatın inkişaf tempinə adekvat olaraq ordu quruculuğu istiqamətində də qətiyyətli addımlar atır. Təkcə bir faktı demək kifayətdir ki, son beş ildə respublikanın hərbi büdcəsi on dəfədən çox artaraq bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsinə çatmışdır. 2 milyard dollardan artıq hərbi büdcəyə malik Azərbaycan Ordusu bu gün regionda NATO standartları səviyyəsində inkişaf edən nizami, peşəkar və çevik orduya çevrilmişdir. Eyni zamanda Azərbaycan Silahlı Qüvvələri bu gün yüksək döyüş hazırlığına malik və peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş savadlı, vətənpərvər kadrlardan ibarətdir.

Bu gün ordu quruculuğu prosesi elə mühüm və həlledici mərhələyə qədəm qoymuşdur ki, qazanılan nailiyyətlərlə yerindəcə, hərtərəfli, bilavasitə tanış olmadan Azərbaycan Ordusunun ürəkaçan durumunu tam obyektiv canlandırmaq mümkün deyildir. İndi istər arxa, istərsə də ön cəbhədə yerləşən hərbi diviziya və bölmələrdə özünü göstərən hərbi quruculuq prosesi yalnız böyük qürur və iftixar hissi doğurur.

 Azərbaycan hərbçilərinin mənəvi-psixoloji vəziyyəti, hərbi və maddi-texniki təminatı, döyüş hazırlığı, bir sözlə, ümumi vəziyyəti ilə əyani surətdə tanış olmaq, qazanılan uğurların canlı şahidlərinə çevrilmək üçün Bakıda yerləşən "N" hərbi hissəsində olduq. Sülhməramlı tabur və Fəxri Qarovul bölüyünün fəaliyyət göstərdiyi bu hərbi hissə özünün ciddi nizam-intizamı, döyüş və atəş hazırlığı, hərbi-vətənpərvərlik ovqatı ilə diqqəti cəlb edir. Ordu hissəsinin hərbi təyinatlı obyektləri, müasir tələblərə tam cavab verən sosial infrastrukturu, yaşıllığa bürünmüş görkəmi, abadlığı, səliqə-sahmanı, maddi-texniki təchizatı dövrün tələblərinə tam cavab verir. "N" hərbi hissəsində əsgərlərin layiqli xidmət keçməsi - atəş və döyüş hazırlığı, taktiki təlimləri, sıra düzülüşləri həyata keçirməsi, habelə istirahəti, mütaliəsi, asudə vaxtını səmərəli keçirməsi üçün lazımi şərait yaradılıb. Bundan başqa, şəxsi heyətin yüksək fiziki sağlamlığının təmini məqsədilə hərbi hissənin həyətində lazımi idman qurğuları quraşdırılıb. Zabit və əsgərlər müntəzəm şəkildə idmanla məşğul olur, fiziki hazırlıqlarını günbəgün artırırlar.

"N" hərbi hissəsinin komandanlığı burada xidmət keçən əsgər-zabit heyətinin maddi-texniki və hərbi təchizatına ciddiliklə, məsuliyyətlə yanaşır. Əsgərlərin dincəldikləri kazarmanın yüksək səliqə-sahmanı, yataq dəstlərinin təmizliyi də ilk baxışdan diqqəti çəkir. Normal infrastruktura malik hamam və sanitar qovşağı əsgərlərin gigiyenik normalara tam əməl etməsinə imkan verir.

Hərbçilərlə söhbət zamanı onu da müşahidə etdik ki, bu gün Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji durumu, habelə hərbi-vətənpərvərlik əhval-ruhiyyəsi yüksək səviyyədədir. Dövlətin hərtərəfli diqqət və qayğısını hər addımda hiss edən mətin əsgər və zabitlərimiz üzərinə düşən məsuliyyəti yetərincə düzgün dəyərləndirir, komandanlığın əmr və göstərişlərini yüksək səviyyədə yerinə yetirməyə çalışırlar. Hər cür qayğı və ehtiyacdan azad olan şəxsi heyətin əsas diqqəti isə nizam-intizama, hərb elminin incəliklərini dərindən mənimsəməyə, bir sözlə, nəzəri-praktiki təlimlərə yönəlib. Xüsusən də antiterror koalisiyasının tərkibində sülhməramlı əməliyyatlarda iştirak edən hərbçilərin geyim və silah-sursatla təchizatı, normativə uyğun qidalanması, zəruri mənəvi-psixoloji hazırlığı istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.

 

Hərbi texnika və ərzaq təminatı yüksək səviyyədədir

 

Dövlət müstəqilliyinin ilk illərində geyim, ərzaq və qida sarıdan obyektiv çətinlikləri olan Azərbaycan Ordusunun çətin günləri çoxdan geridə qalıb. İndi Azərbaycan hərbçiləri normal insan üçün zəruri və faydalı olan bütün qidalarla təmin edilirlər. "N" hərbi hissəsinin ərzaq anbarı ilə tanışlıq zamanı əmin olduq ki, əsgərlərin gündəlik qidalanması yüksək səviyyədədir. Yeməkxanada hərbi təlimata və gigiyenik təmizliyə tam riayət edilir.

Hərbi hissənin ərzaq xidməti rəisi Vüqar Məlikov bildirir ki, hərbi hissədə şəxsi heyətin qidalanması Müdafiə Nazirliyinin xüsusi əmri əsasında həyata keçirilir. Nəzərdə tutulmuş ərzaqlar vaxtında və yüksək keyfiyyətlə hərbi hissəyə çatdırılır. Ət və ət məhsulları, eləcə də digər bəzi ərzaqlar hava şəraitinə uyğun olaraq normal temperaturda kameralarda saxlanılır.

Şəxsi heyətin qidalanması həftəlik ərzaq bölgüsü cədvəlinə uyğun şəkildə həyata keçirilir. Hərbçilər üçün gündəlik 750 qram çörək, 200 qram mal əti, 120 qram müxtəlif yarmalar, 120 qram balıq, 600 qram kartof, 130 qram kələm, 30 qram kərə yağı, 40 qram makaron məmulatları, 40-50 qram xiyar, pomidor və göyərti, 50 qram təbii meyvələr, 70 qram şəkər tozu, 20 qram duz və digər zəruri qidalar verilir. Əsgər və zabit heyətinin gündəlik rasionunda ümumilikdə 24-27 adda qida məhsulu var. "Əvvəlki illərlə müqayisədə orduda ərzaq təminatı yüksək səviyyədədir. İldən-ilə bu sahədə ciddi irəliləyişin, müsbət dəyişikliklərin şahidi oluruq. Hərbi hissələrə gələn istənilən şəxs əsgərlərin yüksək səviyyədə qidalandığının şahidi ola bilər. Biz vəzifə borcumuz isə dövlətin, habelə Müdafiə Nazirliyinin yüksək təminatı müqabilində hərbi hissəsinin əsgər və zabitlərini yüksək keyfiyyətli qida ilə təmin etməkdir" - deyə zabit Vüqar Məlikov vurğulayır.

Azərbaycanın hərbi büdcəsinin artması ilə əlaqədar Silahlı Qüvvələrin silah-sursat və hərbi texnika ilə təminatında da əsaslı dəyişikliklər hiss olunur. İstər ön, istərsə də arxa cəbhədə xidmət keçən hərbçilərimiz müasir atıcı silahlarla, hərbi texnika və qurğularla, mövsümi hərbi geyimlərlə təmin olunurlar. "N" hərbi hissəsində silah-sursatdan istifadə sahəsində də vəziyyət qənaətbəxşdir. Yüksək ixtisaslı, peşəkar zabitlər gündəlik olaraq müxtəlif atıcı silahlardan, rabitə qurğularından istifadə etməyi, minaları necə zərərsizləşdirməyi gənc əsgər və çavuşlara öyrədirlər.

 

İdeoloji hazırlıq qənaətbəxşdir

 

"N" hərbi hissəsində ideoloji iş - hərbi-vətənpərvərlik təbliğatı da normal səviyyədədir. Hərbi hissəsinin tərbiyəvi işlər üzrə cavabdeh zabiti, polkovnik-leytenant Əli Zeynalov qeyd etdi ki, burada şəxsi heyətlə iş, hərbi-vətənpərvərlik təbliğatı nizamnaməyə uyğun şəkildə həyata keçirilir: "Təşviqat-təbliğat mərkəzi əsgər və zabitlərin asudə vaxtlarda işləməsi üçün əyani vəsaitlərlə təmin olunub. Bacarıqlı manqa və bölük komandirləri gənc əsgərlərə müvafiq tapşırıq və tövsiyələr verir, onların Azərbaycan dövləti haqqında lazımi məlumatlara malik olmasına çalışırlar".

Bu mərkəzdə yerləşdirilmiş stendlərdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbçilərlə fotoları, Azərbaycan Ordusu ilə bağlı dəyərli fikirləri, sitatları yer alıb. Əsgərlərin hərbi hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edən xüsusi hərbi təlimatlar, divar qəzeti də məzmunu ilə maraq doğurur. Eyni zamanda divarda vurulmuş lövhələrdə Silahlı Qüvvələrin hərbi andının və Azərbaycanın dövlət himninin mətnləri ilə tanış olmaq mümkündür.

"N" hərbi hissəsində yaradılmış Heydər Əliyev muzeyi isə maraqlı kitabları, eksponatları və əyani tədris vəsaitləri ilə maraq doğurur. Gənc əsgərlər və hərbçilər burada ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin həyat yoluna, çoxşaxəli dövlətçilik fəaliyyətinə həsr olunmuş kitablarla tanış olurlar. Muzeydə hərbçilərin kitablarla yanaşı, hərbi təyinatlı qəzet və jurnalları mütaliə etməsinə də imkan yaradılıb. Divar boyu xüsusi lövhələrdə isə ümummilli liderin Azərbaycan Silahlı Qüvvələrinə yüksək diqqət və qayğısını əks etdirən fotolar vurulub.

Söhbət zamanı polkovnik-leytenant Əli Zeynalov bildirdi ki, son illərdə ordumuzda aparılan genişmiqyaslı islahtlar nəticəsində indi cəsur hərbçilərimizin mənəvi-psixoloji durumu və döyüş hazırlığı yüksək səviyyədədir, şəxsi heyətin dövlətə, xalqa sıx bağlılığı heç kəsdə şübhə doğurmur: "Bu gün Azərbaycan əsgərləri vətənpərvər, yüksək mənəvi-psixoloji hazırlığı olan, yetərincə dünyagörüşə malik gənclərdir. Həyat məktəbi adlandırdıqları hərbi xidmət isə onların həyatında müsbət iz buraxmaqla yanaşı, həm də Azərbaycan Ordusunun qarşısında müəyyənləşən vəzifələrin uğurlu icrasına ciddi inam yaradır".

 

Nümunəvi hərbi orkestr

 

"N" hərbi hissəsində diqqətimizi çəkən məqamlardan biri də Fəxri Qarovul bölüyünün tərkibində fəaliyyət göstərən hərbi orkestin nümunəvi çıxışları idi. Açıq desək, xüsusi parad geyimində əmrə müntəzir dayanan hərbi orkestrin ifasında dinlədiyimiz "Azərbaycan əsgəri" marşı bizim üçün bir qədər də gözlənilməz oldu. Gənc əsgər və çavuşlar rəsmi mərasimlərdə, dövlət tədbirlərində çıxış edəcək qədər hazırlıqlı təsir bağışladılar.

Orkestrin rəisi - hərbi dirijor Fariz Məmmədzadə "N" hərbi hissəsində gənc əsgər və zabitlərə nəfəsli musiqi alətlərindən istifadənin incəliklərini öyrədir. 1993-cü ildə Müdafiə Nazirliyinin xətti ilə Türkiyə Respublikasında Hərbi Musiqi Məktəbini bitirib. Dediyinə görə, dünyada bu cür hərbi müsiqi məktəbləri yalnız ABŞ-da və Türkiyədə mövcuddur. "Ankara Hərbi Musiqi Məktəbinin nəfəs alətləri bölməsini bitirmişəm. İxtisasca saksafon ifaçıyam. 1997-ci ildə hərbi təhsili başa vurub Azərbaycana dönərək Müdafiə Nazirliyinin əmri ilə hərbi orkestrə təlimatçı-musiqiçi vəzifəsinə təyin olunmuşam. 2004-cü ilədək orada musiqiçi kimi çalışdım. 1998-ci ildə eyni zamanda İncəsənət Universitetinə daxil oldum. 2004-cü ildə isə əlavə zabit kursu keçərək leytenant rütbəsi aldım və əmrlə "N" hərbi hissəsinin hərbi orkestrinin dirijoru təyin olundum. Qısa müddətdə musiqi istedadı olan əsgərlərimizi orkestrə cəlb etməyə, onlarla fəal iş aparmağa başladıq. Onlara ixtisaslarına görə musiqi dərsi keçərək hərbi orkestri komplektləşdirməyə nail olduq. Əsgərlərin bəziləri ixtisaslaşmış musiqi məktəblərini bitirdikləri üçün professional musiqiçidirlər. Orkestrin tərkibində həmçinin müddətdən artıq hərbi qulluqçular - çavuşlar, gizirlər də var. Gənc əsgər və çavuşlara notlardan istifadə etməyi öyrədirik. Beş ay müddətində orkestrə cəlb olunmuş əsgərlər hər hansı musiqi alətindən istifadə etməyi öyrənir" - deyən Fariz Məmmədzadə əlavə etdi ki, Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi münasibətilə ötən il keçirilmiş möhtəşəm hərbi paradda dirijor kimi çıxışı onun həyatında ən unudulmaz günlərdən birinə çevrilib.

Əsgər Əliyar Rafaelov da nəfəs alətindən qənaətbəxş səviyyədə istifadə etməyi bu hərbi hissədə öyrənib. Buna qədər yalnız qarmonda ifa etməyi bacaran gənc əsgər barriton adlanan nəfəs alətini mənimsədiyinə görə orkestrin rəisi - hərbi dirijor Fariz Məmmədzadəyə minnətdar olduğunu deyir: "Qarmon ixtisası üzrə musiqi təhsilim var idi. Burada isə nəfəsli musiqi alətlərindən istifadəni öyrəndim. Mənim musiqi duyumum, eşitmə qabiliyyətim, ritmim yoxlandı. Qısa müddətdə barriton alətində ifa etməyi mükəmməl öyrənmişəm. Sevinirəm ki, həm hərbi ximət keçmişəm, həm də əlavə musiqi alətindən istifadəni öyrənmişəm".

"N" hərbi hissəsini xoş təəssüratla tərk edirik. Birmənalı təəssüratımız isə bu olur ki, Azərbaycanda ordu quruculuğu prosesinə göstərilən yüksək diqqət və qayğı praktik bəhrəsini verir. Milli ordunun əsgər və zabitləri üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlir, hərb elminin incəliklərini dərindən mənimsəyirlər. Onlar bu fikirdədir ki, qarşıda Azərbaycan Ordusunu ciddi və taleyüklü bir sınaq gözləyir. Ali Baş Komandanın əmrinə müntəzir dayanan Silahlı Qüvvələrimiz bu sınaqdan üzüağ çıxaraq Azərbaycanın ərazi bütövlüyünü qısa zamanda bərpa edəcəklərinə tam əmindirlər.

 

 

İxtiyar Hüseynli,

 

Samir Elmanoğlu,

 

Azərbaycan.-2009.-2 iyun.-S.4.