Ədliyyə Nazirliyinin Penitensiar
Xidmətinin Bakı istintaq təcridxanasının
yeni binası ilə tanışlıq
İyunun 2-də
respublikanın güc strukturlarının, hüquq-mühafizə
orqanlarının, diplomatik korpusun təmsilçiləri,
hüquq müdafiəçiləri, ombudsman, beynəlxalq qurumların,
qeyri-hökumət təşkilatlarının və KİV-in
nümayəndələri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin
yeni istifadəyə verilmiş Bakı istintaq təcridxanasına
gələrək karantin bölməsi, istintaq otaqları, məhbusların
saxlanma kameraları, qısa və uzunmüddətli
görüşlər üçün otaqlar, mərkəzləşdirilmiş
idarəetmə sistemi, tibb-sanitariya və digər bölmələrlə
tanış olmuşlar.
Daha sonra təcridxananın akt zalında "dəyirmi masa" keçirilmişdir.
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Nazim Ələkbərov burada yaradılan şəraitdən, Prezident
İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısından,
görüləcək işlərdən
danışmışdır. O bildirmişdir ki,
120 il əvvəl inşa edilən və dövrün tələblərinə cavab
verməyən 1 saylı
Bayıl və 3 saylı Şüvəlan
istintaq təcridxanalarının
əvəzinə Zabrat
qəsəbəsində inşa
olunmuş Bakı istintaq təcridxanası beynəlxalq standartlara tam cavab verir.
Burada 2500 nəfər
saxlanıla bilər. Müəssisədə 1, 2, 4 və
6 nəfərlik 576 kamera
vardır. Yaxın gələcəkdə təcridxananın
yerləşdiyi ərazinin
yaxınlığında Azərbaycan
Respublikası Ağır
Cinayətlərə dair
İşlər üzrə
Məhkəmə üçün
yeni inzibati binanın inşası planlaşdırılır.
N.Ələkbərov
vurğulamışdır ki,
Bayıldakı 1 saylı
istintaq təcridxanasında
saxlanılanlar bu həftə Bakı İstintaq Təcridxanasına
köçürüləcəklər. Artıq Şəki və Lənkəranda yeni qarışıq tipli cəzaçəkmə
müəssisələrinin inşasına başlanmışdır.
Kürdəmir və Gəncədə beynəlxalq
standartlara cavab verən həm cəzaçəkmə müəssisəsi,
həm də təcridxana tikiləcəkdir.
Milli Məclisin
komitə sədri Əli Hüseynov, Baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş prokurorun müavini - hərbi prokuror Xanlar Vəliyev və digər çıxış
edənlər burada yaradılan şəraitdən
razı qaldıqlarını
bildirmiş, penitensiar
sistemin fəaliyyətinin
yaxşılaşdırılması üzrə kompleks tədbirlərin həyata keçirildiyini diqqətə
çatdırmış, məhkumların
saxlanma şəraitinin
yaxşılaşdırılması istiqamətində dövlətin
diqqət və qayğısından bəhs
etmişlər. Vurğulanmışdır
ki, Azərbaycanda insan hüquqlarının
təmin edilməsi sözdə deyil, əməldə özünü
göstərir. Bakı
istintaq təcridxanasında
yaradılan yüksək
şərait bunun bariz nümunəsidir.
Tədbirdə təkliflər irəli sürülmüş, ətraflı fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.-2009.-3 iyun.-S.3.