Azərbaycanın mülki aviasiya işçiləri peşə
bayramlarını qeyd
etmişlər
Azərbaycanın
mülki aviasiya işçiləri iyunun 2-də peşə
bayramlarını - Mülki Aviasiya Gününü qeyd
etmişlər. Builki bayram Azərbaycan Mülki
Aviasiyasının 71-ci ildönümünə təsadüf
etmişdir.
"Azərbaycan Hava
Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, Milli
Aviasiya Akademiyasının, Azərbaycan Dövlət Mülki
Aviasiya Administrasiyasının rəhbərliyi və əməkdaşları
Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin
məzarı önünə əklil qoymuş, müstəqil
dövlətimizin memarı və qurucusunun əziz xatirəsini
ehtiramla yad etmişlər.
Görkəmli oftalmoloq
alim, akademik Zərifə xanım Əliyevanın da məzarı
üzərinə çiçək dəstələri
düzülmüşdür.
Sonra "
Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin də iştirak etdiyi mərasimdə aviatorlar marşı səslənmiş, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov peşə bayramı münasibətilə Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmiş iki nəfərə ali dövlət mükafatını təqdim etmişdir.
Yığıncaqda məruzə ilə çıxış edən Azərbaycan Mülki Aviasiya Administrasiyasının (AMAA) direktoru Arif Məmmədov bildirmişdir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, ölkə aviatorları 2006-cı ildən başlayaraq peşə bayramlarını qeyd edirlər. Bu gün həm də Azərbaycan Mülki Aviasiyasının həyatında tarixi bir gündür, ölkəmizin mülki aviasiyasının 71 yaşı tamam olur.
Mülki aviasiyamızın inkişafında ümummilli liderimiz Heydər Əliyevin böyük xidmətlərini vurğulayan məruzəçi demişdir ki, aviatorlar aviasiyamızın milli strategiyasının əsl memarı olan ulu öndərə həmişə minnətdar olacaqlar. Ölkəmizdə mülki aviasiyamızın inkişafına, infrastrukturunun təkmilləşdirilməsinə, aviaparkın yeniləşməsinə Prezident İlham Əliyevin qayğı və diqqəti olduqca böyük əhəmiyyətə malikdir.
Mülki aviasiyanın ötən birillik qısa tarixinə nəzər salan A.Məmmədov qeyd etmişdir ki, 2008-ci ildə "AZAL" Qapalı Səhmdar Cəmiyyəti yaranmış və bu cəmiyyətin, onun strukturunun formalaşması başa çatmışdır. İki müasir aeroport - "Lənkəran" və "Zaqatala" hava limanları yenidən qurulmuş və istismara verilmişdir. Milli aviaşirkətimizin parkına daxil olmuş "ATR-42" və "ATR-72" təyyarələri üçün uçuş heyətinin hazırlanması uğurla davam edir və yay mövsümündə onlar tam həcmdə istismar ediləcəkdir. Qısa müddətdə - 2005-2008-ci illər ərzində şirkətlərimizin aviaparkı "Airbus-319", "ATR-42-500" və "ATR-72-500" tipli yeni sərnişin təyyarələri, müasir mühərriklərlə təchiz edilmiş, "İL-76" yük təyyarələri və müasir "Evrokopter" vertolyotları ilə təzələnmişdir. "An-12" və "İL-76" təyyarələrini istismar edən "Silk Way" yük şirkəti "Boinq-747" hava gəmisini parkına daxil etmiş və onun istismarına başlamışdır.
Məruzəçi qeyd etmişdir ki, ötən il fəaliyyətə başlamış Dövlət Mülki Aviasiya Administrasiyası mülki aviasiya sahəsinin hüquqi bazasının formalaşması məqsədilə ötən bir il ərzində bir çox qaydaları təzələmiş, aviasiya sahəsinin təməlinin möhkəmlənməsinə, uçuşların təhlükəsizliyinə yönəldilmiş sənədlər işləyib hazırlamışdır. Bu il İKAO tərəfindən keçirilmiş təkrar audit zamanı görülən işlərə yüksək qiymət verilmişdir. İndi EKAG və FAA tərəfindən keçiriləcək auditlərə hazırlaşırıq.
Hazırda ölkəmizin EVROCONTROL-a üzv olması üçün müzakirələr aparıldığını deyən A.Məmmədov bildirmişdir ki, Azərbaycan Ümumdünya Mülki Aviasiya sistemində 20-dən artıq beynəlxalq konvensiyaya qoşulmuşdur və daha iki konvensiyaya qoşulmaq barədə müzakirələr aparılır. 2008-ci ildə beynəlxalq təşkilatların bir neçə seminarı Bakıda keçirilmişdir. Bir neçə gündən sonra mülki aviasiya üzrə Baku Kaspian Karqo Sammitinin üçüncü iclası öz işinə başlayacaqdır. Oktyabrın 7-8-də EKAG aviasiya təhlükəsizliyi üzrə seminarın Bakıda keçirilməsini nəzərdə tutmuşdur. Bu cür tədbirlərin Bakıda keçirilməsi aviasiya sahəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına zəmin yaradır. Bu gün aviatorlar peşə bayramlarını qürur hissi ilə qeyd edir, sabaha nikbinliklə baxır, aviasiyamızın gələcəyinə böyük ümid bəsləyirlər.
Yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
AzərTAc
Azərbaycan.-2009.-3 iyun.-S.3.