Erməni vəhşiliyinin qanlı salnaməsi

 

Rusiyada mütləqiyyət rejiminin devrilməsindən sonra Cənubi Qafqaz, Xəzər hövzəsi geostrateji əhəmiyyətinə görə baş verən proseslərin mürəkkəbliyi və çevikliyi ilə gərgin və dolğun dövr yaşamışdır. Regiona olan maraq, onun beynəlxalq rəqabət meydanına çevrilməsi bölgənin əksəri azərbaycanlılardan ibarət əhalisinin qətliama məruz qalması ilə müşayiət olundu. Qısa zaman kəsiyində (1917-1920) zəngin, həm də qanlı tarix yaşandı. Azərbaycanlılara qarşı kütləvi qırğınların miqyası və coğrafiyası böyük idi. Bu qırğınları törədənlərin motivləri fərqli, hədəfləri eyni olmuşdur. 90 il öncə baş verənləri incələmək üçün ən etibarlı mənbə tarixi sənədlərdir.

Həmin sənədləri arxiv rəflərindən çıxarıb bir toplu halında geniş ictimaiyyətin diqqətinə çatdırmaq ədalət və həqiqət naminə edilən bir insanlıq borcu sayıla bilər. Tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidinin "Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə" kitabının işıq üzü görməsi alimin həm də vətəndaşlıq qayəsidir. Vətəninin hələ də işğala məruz qaldığı bir vaxtda azərbaycanlılara qarşı dəfələrlə qırğınlar törədənlərin bu gün tarixi saxtalaşdırmasına tutarlı cavabı arxiv sənədlərinin dili ilə verən S.Rüstəmova-Tohidi qərəzsiz elmi mövqedən çıxış etmişdir. Toplunun adından bəlli olduğu kimi, müəllif oxucunun gələcəyi qənaəti, yaxud, tarixin verəcəyi hökmü təlqin etmir. Sənədlərin ortaya qoyacağı həqiqətin aşkarlığına güvənir. Solmaz xanımın əhatəli, geniş məzmunlu, təhlili oçerkində bu vəzifənin öhdəsindən layiqincə gələ bilmişdir. İctimai elmlərdə subyektiv mülahizənin aparıcı istiqamətini bütün hallarda əngəlləmək mümkün olmur. Bəhs olunan topludakı sənədlərin hansı məzmun daşıdığını nəzərə alsaq, təkcə Azərbaycan cəmiyyətini deyil, ümumən bəşər övladını qəzəbləndirməyə yetərli olduğunu bilərək, tədqiqatçının hisslərin fövqündən elmi məntiqi və dürüst yanaşmağı bacarmasını dəyərləndirmək lazımdır. "Martovskie sobıtiya 1918 q. v Baku: predposılki, xarakter, posledstviya" adlanan oçerk daha geniş xronologiyada bəhs olunur.

"Mart hadisələri"nin dərin kökləri və səbəblərinin olduğunu bildirən müəllif daha əvvəlki prosesləri izləməyə başlayır. Ermənilərin öz dövlətlərinə nail olmaq üçün tarixi zəminin XIX yüzilliyin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazı istilası prosesində yaradıldığını və bu ideyanın sonradan erməni millətçiliyinin siyasi devizinə çevrildiyini qeyd edən müəllif hadisələri izləyərək tam qənaətə gəlir ki, gələcək erməni dövlətçiliyinin ərazi baxımından özülü məhz 1918-ci ilin yazında qoyulmuşdur. "Erməni dövlətçiliyi" ideyasını reallaşdırmaq yolunda nəzərdə tutulan başlıca şərt dövlət üçün ərazini təmin etmək məsələsi idi. Erməni ümummilli təxəyyülündə yer almış "Böyük Ermənistan" ideyası üç dəniz arasında nəzərdə tutulurdu. Niyyət edilən məkanda ərazilərin əsasən Osmanlı və Rusiya imperiyaları (Qafqaz) tərkibində olmasının erməni millətçiləri tərəfindən həmin dövlətlərə münasibətini şərtləndirən amilə çevrilməsini söyləyən müəllif XX yüzilliyin əvvəllərindən başlayaraq hakimiyyət dairələrinin mövqeyinə də açıqlıq gətirmişdir.

Cənubi Qafqazın erməni ekspansionizminin mərkəzinə çevrilməsi prosesinə Rusiya hakimiyyətinin münasibəti konkret məqamlar üzrə səciyyələndirilir. Bu müstəvidə ictimai-siyasi qüvvələrin mövqeyi müəllifin diqqətindən kənarda qalmamışdır. Hadisələrin bilavasitə şahidi olmuş azərbaycanlı xadimlərin mülahizələrinin "daha dəqiq və konkret" olduğunu bildirmişdir. Məmməd Səid Ordubadinin "Qanlı sənələr" əsəri üzərində xüsusi dayanaraq 1905-1907-ci illər hadisələrindən sonra ermənilərin rus hakimiyyətinə "barışmaz" münasibətinin dəyişdiyini yazır. Qafqaz canişini Vorontsov-Daşkovun, erməni millətçiləri və ruhanilərinin imperator II Nikolaya müraciətlərinin məğzindən oxucuları xəbərdar etməklə yeni siyasi xəttin yürüdüldüyünə diqqəti çəkir. Erməni Milli Şurasının yaradılması və çarizmin erməniləri himayəçilik siyasətinə dönüşü mahiyyətində belə erməni müxtariyyəti arzusunun gerçəkləşmədiyi vurğulanır. Bununla belə, Qərb ictimai-siyasi fikrini "erməni dövlətçiliyi məsələsi"nə meyilli etməkdə müəyyən nəticələr əldə olunmuşdu. S.Rüstəmova-Tohidi erməni ideoloqlarının uzun müddət məqsədyönlü çalışmalarının nəticəsiz qalmadığını etiraf edir. Belə ki, Cənubi Qafqazın gələcəyinə dair planlarda "erməni dövlətçiliyi məsələsi" yer alırdısa, gürcülərin bu məsələdə hüququ məqbul bilinirdisə, müəllifin göstərdiyi kimi, regionun çoxsaylı azərbaycanlı əhalisini nə Qərb dövlətləri, nə də Rusiya siyasi qüvvələri diqqətə belə almırdılar.

Rusiya mütləqiyyətinin devrilməsindən, bolşeviklərin hakimiyyəti ələ almasından sonra yaranmış yeni şəraiti əlverişli görən ermənilərin əsas hədəfi "Zaqafqaziyanın cənub-qərbində hələ mövcud olmayan erməni dövləti üçün əraziləri təmizləmək" olmuşdur. Bu istiqamətdə ermənilərin qanlı əməllərinin coğrafiyasını, miqyasını göstərən müəllif qeyd edir ki, "Böyük Ermənistan" xülyasının taleyi şəhərlərdə, o cümlədən də Bakıda həll olunurdu. Mübarizə aparan qüvvələrin mərkəzi (Azərbaycan milli hərəkatının mərkəzi və bolşeviklərin Cənubi Qafqazda əsas bazası) kimi Bakıda müəllif üçüncü qüvvə amilinə diqqəti çəkir: "Bakı cəmiyyətində olduqca möhkəm siyasi-iqtisadi və ictimai mövqelərə malik erməni millətçiləri". 1918-ci ilin martı üçün Bakıda "erməni amili"nin sosial tərkibi rəngarəng olsa da, məzmunu, demək olar ki, yekrəng idi. Müəllif "erməni amili"nin Bakı şəhəri üçün sosial spektrini incələməklə funksional məcrasının ümumi xarakterini ifadə etmişdir. Erməni burjuaziyasının neft sənayesində imtiyazlı vəziyyəti, Bakıdakı erməni kilsəsinin "Eçmiədzin" funksiyasında mövqeyi, şəhər hakimiyyətinin bütün aparıcı orqanlarında ermənilərin üstün təmsilçiliyi, bütün erməni siyasi partiya və təşkilatlarının fəal rolu, xüsusən də bolşevik təşkilatında, Bakı Sovetində onların güclü çəkisi müəllif tərəfindən təsnif edilmişdir. Çoxtərəfli təsnifatın S.Şaumyanın simasında bariz ifadədə verilməsi bolşevik və daşnak həmrəyliyinin gerçək nümunəsidir. Müəllifin haqlı qənaətinə görə, bu həmrəylik istiqlala can atan Müsavat partiyası başda olmaqla, Azərbaycan milli qüvvələrinə qarşı barışmaz münasibətdə uzlaşırdısa, onların vahid hədəfi həmin milli qüvvələri və onların sosial bazasını təşkil edən müsəlman əhalisini məhv etmək idi. 1918-ci ilin martında Bakıda törədilən müsəlman qırğınlarını şərtləndirən başlıca səbəb məhz bu məqsəddən qaynaqlanmışdı. Qarşıya qoyulan vəzifənin öhdəsindən gəlmək üçün qüvvələr nisbəti birmənalı müttəfiqlərin (daşnak və bolşeviklər) müqayisəyəgəlməz mütləq üstünlüyü səviyyəsində olsa da, onlar hərbi güclərini intensiv artırmaq tədbirləri görürdülər. Bu prosesi faktiki material əsasında işıqlandıran müəllif erməni nəşrlərindən iqtibaslar vermişdir. 1919-cu il tarixli "Armyanski vestnik"dən götürülmüş məlumatda Petroqradda yüksək çinli erməni hərbi rəislərin erməni ordu korpusunun təşkili və erməni hərbçilərinin Qafqaza göndərilməsi ilə məşğul olduğu bildirilir. 1918-ci ilin fevral-mart aylarında Bakıya gəlmiş erməni generalları, göndərilmiş hərbi texnika və sursatdan bəhs edilir. Bununla paralel bolşevik hərbi ordusunun (Qırmızı ordu) təşkili ilə erməni komandanlığının məşğul olduğu, tərkibin isə 70% ermənilərdən ibarət olduğu bildirilir. İran və Orta Asiyadan gələn hərbi təchizata da qane olmayan Şaumyan mərkəzdən əlavə vəsait istəyirdi. Bolşevik-daşnak "hərbi-siyasi sazişi"ni hər iki tərəfin liderlərinin etirafında təqdim edən müəllif müsəlmanların hərbi qüvvəsinin yox dərəcəsini nəzərə çatdırır. Qafqazın siyasi səhnəsində Müsavat partiyasının yerini dəyərləndirərkən onun qısa müddətdə azsaylı siyasi təşkilatdan kütləvi və aparıcı milli qüvvəyə çevrildiyi S.Şaumyanın şərhində belə etiraf olunmuşdur: "İlk əvvəldən Zaqafqaziyada ən zəif siyasi partiya olan Müsavat... ikinci ilin (inqilabın - F.Ə.) əvvəli üçün Zaqafqaziyada ən güclü siyasi partiya oldu". Lakin Müsavatın hərbi gücü siyasi nüfuzu ilə mütənasib deyildi. Bu vacib amili diqqətə almamaq mümkün olmadığı halda, edilmiş bir sıra xəbərdarlıqlara baxmayaraq, S.Şaumyan rəqib tərəf üzərinə əsaslı hücum üçün bəhanə axtarırdı və müəllifin göstərdiyi kimi, təxribatlar sayəsində buna nail ola bilmişdi. Hətta Müsavat təslim olub, təqdim edilən ultimatumu aldıqdan sonra belə müsəlman qırğınları davam etmişdi.

Müəllif müsəlman milli qüvvələrinin, xüsusən Müsavatın mart qırğınlarında məsuliyyəti məsələsinə də yer ayırmışdır. Təhlili mülahizələrindən sonra bu məsələdə Azərbaycan milli qüvvələrinin verdiyi qiyməti məntiqli və ədalətli sayaraq paylaşmışdır: 1918-ci ilin mart hadisələrini Cənubi Qafqazın bütün müsəlman əhalisinin kökünü kəsmək məqsədi daşıyan məqsədyönlü siyasət hesab etmişdir.

Sənədlər toplusu kimi çox dəyərli olan kitabın müəllif mətnində və qeydlərində istifadə olunmuş çoxsaylı arxiv sənədləri və materialları sırasında son dövr nəşrləri də yer almışdır. Tehranda, Moskvada çıxan ədəbiyyatla yanaşı, Yerevanda nəşr olunan sənədlərin elektron variantından istifadə edilmişdir. Bu arxiv sənədlərinin Azərbaycan tarixşünaslığında elmi dövriyyəyə gətirilməsi müəllifin faydalı əməyinin mühüm bir tərəfidir. S.Rüstəmova-Tohidi mart qırğınları zamanı İran təbəələrinin qətlə yetirilməsi məsələsinə ayrıca yer verməklə tədqiqat istiqamətini dərinləşdirmək ehtiyacı yaratmışdır. Əksəriyyəti etnik Azərbaycan türkü olan İran təbəələrinin qətliamına dair müəllif mətni ilə yanaşı, kitabın üçüncü fəslində şahid ifadələrində məlumatlar geniş yer almışdır. Mart qırğınlarının qarşısını almaq məqsədilə İran konsulunun fəal müdaxilə cəhdlərinin fayda verməməsi göstərilir. Bakı kəndlərinin qətliama məruz qalması, qətlə yetirilmiş əhalinin sayı barədə, müsəlman meyitlərinin dəfninin mümkünsüzlüyü haqqında, qırğınların Azərbaycan qəzalarında davam etdirilməsinə dair yeni məlumatlar və yanaşma tərzi maraq doğurur. Bakı Xalq Komissarları Sovetinin tərkibi daxil olmaqla fəaliyyəti məzmununda da "erməni amili"nin yer aldığı konkret nümunələrdə təsbit olunmuşdur. Erməni ideoloqlarının saxtalaşdıraraq hallandırdıqları məsələlərdən biri də 1918-ci ilin sentyabrında Bakıda baş vermiş hadisələrlə bağlıdır. Bakının azad edilməsindən sonra ermənilərin qətlə yetirilməsinə dair şişirtmə rəqəmlərin yayılmasına müəllif münasibətini bildirmişdir.

Azərbaycan milli qüvvələri tərəfindən mart hadisələrinə ilk siyasi qiymət vermək cəhdindən başlayaraq Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin ikinci ayında yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətinin sonunadək bu istiqamətdə görülmüş tədbirlərin ardıcıl, yığcam şərhi verilmişdir. Zaqafqaziya Seymində Azərbaycan fraksiyasının "Bakı hadisələri" ilə bağlı mövqeyinə aydınlıq gətirilmişdir. Fövqəladə Təhqiqat Komissiyasının tərkibi, iş şəraiti, gördüyü işlərin nəticələri haqqında bitkin təsəvvür yaratmağa nail olan müəllif bu komissiyanın yaradılmasını və fəaliyyətini düşməncəsinə qarşılayan siyasi qüvvələrin, xüsusən də erməni ictimaiyyətinin reaksiyasını, "Daşnaksütyun" fraksiyasının Azərbaycan Parlamentindəki bəyanatı, eserlərin mətbu orqanı nümunəsində diqqətə çatdırmışdır. Komissiyanın fəaliyyətini arxiv sənədləri əsasında izləyən müəllifin gəldiyi qəti qənaət belədir: Fövqəladə Təhqiqat Komissiyasının bütün üzvləri başda sədr Ələkbər bəy Xasməmmədov olmaqla qanun və vicdanın aliliyini rəhbər tutmuşlar. Versal Sülh konfransına yola düşmüş Azərbaycan heyətinin komissiyanın (FTK) materialları ilə təchiz edilməsinə dair konkret məlumatlar müəllif mətnində yer almışdır.

1918-ci il mart hadisələrinin nəticələrini Azərbaycan xalqının milli və dövlətçilik tarixi müstəvisində dəyərləndirərkən müəllif 70 il sonra yenidən başlayan erməni təcavüzünə siyasi qiymət verilməsinin tam tarixi-hüquqi əsasının olduğunu qeyd etmişdir.

S.Rüstəmova-Tohidi mövzu ilə bağlı son 20 ildə nəşr olunmuş ədəbiyyatda Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinin bir qisminin yer aldığını göstərmiş, həmin sənədlərin tam həcmdə nəşrinin aktuallığını bir daha vurğulamışdır. İstisnasız olaraq tədqiqatçıların paylaşdığı haqlı müəllif qənaətidir ki, bəhs edilən sənədlər böyük elmi mənbəşünaslıq, tarixi-siyasi və diplomatik əhəmiyyətə malikdir. Bu sənədlər bir il ərzində (31 mart 2007-30 mart 2008) S.Rüstəmova-Tohidi tərəfindən sistemləşdirilmiş və "Zerkalo" qəzetində müvafiq şərhlərlə dərc olunmuşdur. Sənədləri ayrıca toplu şəklində dərc etmək zərurətindən müəllif onları fərqli prinsiplərə uyğun təshif etmiş və ayrı-ayrı fəsillərdə yerləşdirmişdir. Altı fəsildə təqdim olunan sənədlər 1918-ci ilin martında yalnız Bakıda törədilmiş qırğınları əhatə edir, beş fəsildə şahid ifadələri məzmunu daşıyır, sonuncu fəsil isə məhkəmə-istintaq sənədləridir. Müəllifin təsnifat prinsipi fəsillərin başlığından bəlli olduğu kimi məntiqi-hüquqi əsasa malikdir. Giriş mətnində müəllif hər bir fəslin ilk növbədə sistemləşməsini açıqlamış, əsaslandırmış və qısa şərhini vermişdir. Fəsillərin şərhində ayrı-ayrı məsələlər üzrə sənədlər nömrələrlə təqdim edilərək ümumiləşdirilmişdir. Sənədlərin fəsillər üzrə müəllif şərhi ilə tanış olan hər bir şəxs kifayət qədər əhatəli məlumat əldə edə bilər. Mart qırğınlarının mənzərəsini daha dolğun qavramaq üçün topluya daxil edilmiş yardımçı vəsait olduqca dəyərlidir. Sənədlərdə adı keçən coğrafi yerlərin tarixi və müasir adları müəllif tərəfindən tərtib edilərək verilmiş, Bakı şəhərinin 1913-cü ilə aid xəritəsi də əlavə olunmuşdur. Həmçinin sənədlərin mətnlərinə dair geniş qeydlər toplunun sonunda rəqəm ardıcıllığı ilə yerləşdirilmişdir.

Ciddi və məsuliyyətli zəhmət tələb edən bu tədqiqatın əhəmiyyətini şərtləndirən amillər çoxdur. Amma yəqin ki, həmin amillər içərisində nəzərdə tutulmayan həssas bir məqam var ki, bu da köhnə Bakı əhlinin (şəhər və kəndləri daxil olmaqla) kitabla tanışlıqda keçirəcəyi hisslərdən qaynaqlana bilər. Minlərlə ailənin taleyindən keçmiş qırğınlar, qarətlər, zorakılıqlar, işgəncələr sənədlərin dili ilə canlandığı kimi, həmin nəsillərin unutdurulmuş yaddaşını təzələyir, adı keçən ünvanlarda, konkret şəxslərdə aidiyyətli nəslin törəmələri xalqının ümumi faciəsi ilə yanaşı, öz kədərini, öz nisgilini yaşamalı olur.

"Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə" (Bakı, 2009) toplusu XX əsrin əvvəli ilə sonu arasında körpü, XXI əsr üçün mühüm yaddaşdır. Bu varisliyin üzvi göstəricisi 1918-ci ildə Azərbaycan Cümhuriyyəti hökumətinin Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərarı idisə, 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" verdiyi fərman oldu. Fərmanın verilməsi "tarixin hökmü"ndən irəli gəlirdisə, onun yaratdığı tədqiqat imkanlarından səmərəli, məhsuldar faydalanmaq çağdaş tarixçilərin üzərinə düşür. Belə məsuliyyətli və şərəfli vəzifənin öhdəsindən bacarıqla gələn S.Rüstəmova-Tohidinin əməyi ibrətamizdir. Tarixi sənədlərin əhəmiyyətini düzgün müəyyənləşdirərək xüsusi kitab halında nəşrini gerçəkləşdirən Milli Təhlükəsizlik Nazirliyinin xidməti də təqdirəlayiqdir.

 

 

Firdovsiyyə Əhmədova,

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının dosenti

 

Azərbaycan.-2009.-3 iyun.-S.6.