Enerji təhlükəsizliyinin təminatında Azərbaycan
faktoru
Enerji resursları
ilə zəngin olan Azərbaycanın öz karbohidrogen
ehtiyatlarının nəqlində uzaqgörən və milli
maraqlarını nəzərdə tutan siyasət həyata
keçirməsi, həmçinin bu sahədə etibarlı tərəfdaş
olması dünyanın bir çox dövlətlərinin
ölkəmizlə sözügedən sferada əməkdaşlığa
xüsusi maraq göstərməsinə səbəb olub. Azərbaycanın
Avropanın etibarlı enerji təminatında artan rolu isə
dünya miqyasında ölkəmizə diqqətin daha
böyük sürətlə yüksəlməsini stimullaşdırmaqdadır.
Enerji ehtiyatlarının işlənilməsində Azərbaycan
nümunəsi
Bu gün Azərbaycanın
iştirakı olmadan Mərkəzi Asiyadan başlayaraq
Qafqazı keçməklə Türkiyə və Avropa istiqamətində
uzanan enerji layihələrinin reallaşdırılması
mümkün deyil. Məhz bu səbəbdən
kifayət qədər böyük sayılan coğrafi məkanda
yeni enerji layihələrinin, o cümlədən Qərbin
böyük ümidlə baxdığı Nabukkonun
reallaşmasında Azərbaycan əsas rol oynayan dövlət
kimi qəbul olunmaqdadır. Bununla bağlı Bakıda
keçirilən XVI Beynəlxalq Xəzər neft-qaz sərgisi
və konfransının açılışında
çıxış edən Prezident İlham Əliyev deyib:
"Azərbaycanın iştirakı olmadan bölgədə
və geniş mənada yerləşdiyimiz qitədə enerji
təhlükəsizliyi məsələləri tam şəkildə
həll oluna bilməz, şübhə etmirəm ki, bu
mövqe üstünlük təşkil edəcəkdir. Bilirəm
ki, tərəfdaşlarımızın böyük əksəriyyəti
bu mövqeyi bölüşür".
Azərbaycanın mövcud
olduğu qitədə enerji təhlükəsizliyinin təminatında
mühüm rol oynaması ölkə sərhədlərindən
kənarda, özü də ən yüksək səviyyələrdə
etiraf olunmaqdadır. Məhz elə buna görədir
ki, dünyanın hətta ən qüdrətli dövlətləri
belə, enerji sahəsində Azərbaycanla əməkdaşlığa
xüsusi önəm verməklə yanaşı, bundan,
sözün əsl mənasında, qürur hissi keçirdiklərini
də nümayiş etdirirlər. ABŞ-ın dövlət
başçısı Barak Obamanın Prezident İlham Əliyevə
göndərdiyi məktubda qeyd olunur ki, Azərbaycan dünya
bazarlarında mühüm və etibarlı enerji təchizatçısına
çevrilib: "Azərbaycan beynəlxalq
şirkətlərin iştirakı ilə enerji
ehtiyatlarının işlənilməsinin sürətli tərəqqi
və ən qabaqcıl texnologiya ilə nəticələnməsinin
nümunəsidir. 90-cı illərin ortalarında neft və
qaz yataqlarının işlənilməsi üçün
beynəlxalq sərmayəçilərin Azərbaycana
dəvət edilməsi, Şərq-Qərb Enerji Dəhlizinin,
o cümlədən Bakı-Tbilisi-Ceyhan neft boru və Cənubi
Qafqaz qaz boru kəmərlərinin reallaşması Sizin
xüsusi nailiyyətinizdir. Üç ölkənin ərazisindən
keçən, yüzlərlə kilometr məsafəni qət
edən və bir çox beynəlxalq enerji şirkətini
bir araya gətirən həmin layihələr yorulmaz fəaliyyət
və əməkdaşlıq sayəsində nəyə nail
oluna biləcəyini əks etdirir. ABŞ bu mühüm layihələri
həyata keçirən Azərbaycan və digər
iştirakçılarla tərəfdaş olmaqdan iftixar hissi
keçirir".
Bu, öz növbəsində,
Azərbaycanın ABŞ və digər dünya dövlətləri
ilə təkcə enerji yox, həm də digər sahələrdə
münasibətlərinin qarşılıqlı maraqlara
söykənən əsaslarla möhkəm zəmində
inkişafına təkan verməkdədir. Eyni zamanda, Azərbaycanın
mövcud enerji strategiyasının nə qədər
düzgün və uzaq məqsədlərə
hesablandığını göstərən başlıca
amillərdən sayılır. Uğurlu enerji
siyasəti ölkəmizin nəinki regionda, hətta daha
böyük coğrafi məkanda lider dövlət statusuna yiyələnməsinə
və bunun daha da möhkəmlənməsinə səbəb
olmaqdadır. Əsası ümummili lider Heydər Əliyev tərəfindən
qoyulan və Prezident İlham Əliyevin uğurla davam
etdirdiyi strategiya beynəlxalq aləmdə də xüsusilə
təqdir olunur. Azərbaycanı regionun enerji məsələləri
üzrə lider ölkəsi adlandıran ABŞ Dövlət
katibinin Avrasiya regionunda enerji məsələləri üzrə
xüsusi elçisi Riçard Morninqstar bununla bağlı
bildirir: "Açıq-aşkar məlumdur ki, Azərbaycan və
ABŞ bir-birinə yaxın tərəfdaş olaraq qalacaq. Prezident İlham Əliyev yalnız Praqa Sammitində,
ondan əvvəl Krakov, Vilnüs və Kiyevdə
keçirilmiş sammitlərdə iştirak etməklə
deyil, həmçinin burada, Bakıda ötən ilin noyabrında
Enerji Sammitini təşkil etməklə, bu regionun enerji məsələləri
üzrə lideri olub".
Azərbaycanın enerji sahəsində strateji tərəfdaş
rolu getdikcə artır
Azərbaycanın həm
özünün nəhəng enerji ehtiyatları, həm də
Mərkəzi Asiyadan Avropa istiqamətində göndərilə
biləcək karbohidrogen məhsullarının nəqlində
mühüm tranzit rolu oynaması dünya dövlətlərinin
ölkəmizə diqqətini daha da artırır. Həmçinin Azərbaycandan Mərkəzi
Asiya qazının Avropa bazarlarına
çatdırılması üçün öz
imkanlarından yararlanmaq da xahiş olunur. Bununla bağlı
Riçard Morninqstar qeyd edir: "Biz Azərbaycanı Türkmənistana
öz böyük qaz ehtiyatlarını inkişaf etdirməyə
və qazı Avropa istehlakçılarına
çatdırmaqda yardım etməyə səsləyirik".
Amerikalı diplomat onu da etiraf edir ki, Azərbaycan Qazaxıstan
neftinin daşınmasında da mühüm tranzit ölkədir:
"Azərbaycan Qazaxıstan neftinin daşınmasında
etibarlı və şəffaf şərtləri təmin edəcək.
Xəzərin şimal bölgəsində neft hasilatı
qarşıdakı beş ildə sutkada 2 milyon barelə qədər
artacaq ki, bu da ixrac imkanlarının əhəmiyyətli dərəcədə
artırılmasını zəruri edəcək".
Azərbaycanın Qərb ölkələri
ilə mövcud enerji, o cümlədən təbii qaz sahəsində
əməkdaşlıq səviyyəsi olduqca yüksək dəyərləndirilir.
Bunu Barak Obamanın Prezident İlham Əliyevə göndərdiyi
məktubda yer alan fikirlərdən də aydın görmək
mümkündür: "Biz regional təchizatın şaxələndirilməsinə
yardım etmək məqsədilə təbii qaz
yataqlarınızın işlənilməsinə yönəlmiş
səylərinizi dəstəkləyirik. Həm Sizin ölkəniz,
həm də qonşularınız bundan bəhrələnəcəkdir.
Biz karbohidrogen sektorunuzun işlənilməsi sahəsində
işləri bu cür davam etdirməyinizi
alqışlayırıq. Bu prosesin nəticəsində
regional inkişaf və əməkdaşlıq, o cümlədən
qlobal enerji təhlükəsizliyi güclənəcəkdir,
eyni zamanda bütün Azərbaycan vətəndaşlarının
arzu və tələbatlarını təmin etmək
üçün çox dəyərli bir imkan yaranacaqdır".
Azərbaycanın malik olduğu
karbohidrogen yataqları hələ uzun müddət ölkəmizin
bu sahədə tərəfdaş dövlətləri, o
cümlədən Avropanı enerji ehtiyatları ilə
etibarlı şəkildə təmin etməyə imkan verir.
Bu məqam Prezident İlham Əliyev tərəfindən XVI
Beynəlxalq Xəzər neft-qaz sərgisində xüsusi qeyd
edilib: "Müxtəlif hesablamalara görə, bu il Azərbaycanda
hasil ediləcək neftin həcmi minimum 45 milyon ton təşkil
edəcəkdir. Təbii qazın hasilatı 25-27 milyard kubmetr
təşkil edəcəkdir. Düzdür, bu qazın bir hissəsi
təzyiqin artırılması üçün yenidən
laylara vurulacaqdır. Ancaq bu gün bax, bu rəqəmlər Azərbaycanın
real imkanlarını göstərir. Nəzərə
alsaq ki, Azərbaycanda ən minimal hesablamalara görə, qaz
ehtiyatları 2 və orta hesabla 5 trilyon kubmetr səviyyədədirsə,
görmək olar ki, uzun illər bundan sonra, onilliklər bundan
sonra Azərbaycan enerji sahəsində çox önəmli və
strateji tərəfdaş kimi öz rolunu oynayacaq və bu rol
getdikcə artacaqdır".
Geosiyasi məkanda rəsmi Bakının mövqeyi daha da
güclənir
Azərbaycanın
enerji sahəsində strateji rolu Heydər Əliyev adına
İdman-Konsert Kompleksində keçirilən XVI Beynəlxalq
Xəzər neft-qaz, neftayırma, neft kimyası sərgi və
konfransının işıqlandırılması fonunda
dünyanın aparıcı media orqanları tərəfindən
də geniş şəkildə təhlil edilməkdədir.
Bununla bağlı ABŞ-ın
"United Press İnternational" portalında yer alan məqalədə
qeyd olunur ki, dünyanın ilk neft bumu şəhəri olan
Bakıya və bütövlükdə Azərbaycana bu gün
də beynəlxalq miqyasda maraq olduqca böyükdür.
Portalda qeyd olunur ki, bu xüsusda Vaşinqton Azərbaycan rəhbərliyini
ölkənin enerji resurslarının Qərbə ixrac edilməsi
siyasətini davam etdirməyə çağırır:
"Bununla bağlı ABŞ Nabukko və Türkiyə-Yunanıstan-İtaliya
boru xətlərinin reallaşmasına lazımi dəstək
verəcəyini bildirib". Eyni zamanda, Azərbaycanın
enerji ehtiyatlarının nəqlində məharətli manevrləri
və həyata keçirdiyi siyasət də təqdir olunur.
Belə ki, Azərbaycanın enerji sferasında Qərblə
yanaşı, Rusiya və İran kimi qonşu dövlətlərlə
də yaxşı münasibətlərinin olduğu
vurğulanır. Qeyd edilir ki, məhz belə
xoş münasibətlər nəticəsində ötən
il Rusiya və Gürcüstan arasında baş verən
münaqişə Azərbaycan neftinin ixracında bir o qədər
də ciddi problem yaratmadı. Belə ki, Azərbaycan
Bakı-Novorossiysk neft kəməri və İranın vasitəsilə
neft ixracını davam etdirib. Sözügedən portal
bunu bir daha Azərbaycanın enerji sahəsində uğurlu
siyasətinin mühüm məqamları kimi qələmə
verir və Azərbaycanı Qərb üçün
etibarlı tərəfdaş adlandırır.
Britaniyanın
aparıcı media orqanlarından biri sayılan
"Guardian" qəzeti isə yazır ki, Azərbaycan
öz enerji ehtiyatlarının nəql edilməsində yeni
marşrutlar seçəcəyini və bu zaman siyasət yox,
kommersiya maraqlarının əsas götürüləcəyini
bəyan edib:
"Azərbaycan Prezidenti İlham Əliyev bildirir ki, enerji
sektoru çox siyasiləşib. Dövlət
başçısının sözlərinə görə,
satış və alış müqavilələrində qiymətlər
beynəlxalq praktikaya uyğun olmalıdır. Xəzər
sahilində yerləşən Azərbaycan avropalı enerji
istehlakçılarına alternativ təchizat marşrutu təklif
edir. Bu ölkənin sahib olduğu neft və qazın ixrac
edilməsi üçün artıq malik olduğu yeddi boru xətti
var. Həmçinin Azərbaycan Xəzər və Mərkəzi
Asiya qazının Avropaya çatdırılmasını nəzərdə
tutan Nabukko layihəsində də potensial tərəfdaşdır.
Belə bir vaxtda Rusiyanın qaz nəhəngi
olan "Qazprom" da Azərbaycan qazını almaq
üçün ARDNŞ-lə danışıqlar aparır.
Əgər Azərbaycan və Rusiya arasında qaz sövdələşməsi
baş tutarsa, Nabukkonun perspektivi müəyyən qədər
də olsa, sual altına düşə bilər.
Görünür, elə bu səbəbdəndir ki, Avrasiya
regionunda enerji məsələləri üzrə xüsusi
elçisi Riçard Morninqstar "Reuters"ə
açıqlamasında Azərbaycanın getdikcə daha
çox önəmli dövlətə çevrildiyini
bildirir. Gürcüstanın Baş naziri Nika Qilauri isə qeyd
edir ki, Cənubi Qafqazda həyata keçirilən bütün
layihələr Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynayır. O bu layihələrin geosiyasi məkanda
Azərbaycan və Gürcüstanı daha da gücləndirdiyini
vurğulayır".
İngilis dilində dərc edilən
"Moscow Times" qəzeti isə yazır ki, Qafqazda
reallaşdırılan enerji layihələrində
başlıca rol Azərbaycana məxsusdur. Qəzet onu da
vurğulayır ki, Azərbaycan həm də tranzit əhəmiyyətinə
görə, dünyanın diqqətini özünə cəlb
edə bilib. Belə vəziyyətdə ölkə
rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində
Azərbaycanın regionda enerji sahəsində maraqlı olan
bütün xarici dövlətlərlə
qarşılıqlı maraqlara söykənən bərabərhüquqlu
əməkdaşlıq qura bilməsi valehedici adlanır.
"Moscow Times" onu da yazır ki, Qərbin böyük
ümidlərlə baxdığı Nabukkonun da gələcək
taleyi məhz Azərbaycanın əlindədir.
Bütün bunlar dövlətimizin
bir daha dünyanın enerji siyasətində kifayət qədər
vacib rol oynayan tərəflərdən biri kimi
çıxış etdiyini göstərir. Məhz elə bu
səbəbdən Azərbaycanın dünya üçün
əhəmiyyətinin günü-gündən
artdığı açıq etiraf edilir və ölkəmizlə
əməkdaşlığın əhatə dairəsinin
genişlənməsinə beynəlxalq maraq çoxalır.
R.İslamoğlu
Azərbaycan.-2009.-4 iyun.-S.2.