"Qızıl çinar"
etimad, stimul və məsuliyyət deməkdir
Valideyn himayəsindən məhrum olan körpə və uşaqlara qayğı göstərmək, onların maddi və mənəvi himayəçisi kimi çıxış etmək və bu məsələdə dövlət siyasətinə dəstək vermək yarandığı gündən Heydər Əliyev Fondunun fəaliyyətində aparıcı xətt təşkil edir. Təsadüfi deyil ki, fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ulu öndərin adına layiq fəaliyyəti çərçivəsində uşaq evlərinə və internat məktəblərinə qayğısı diqqəti xüsusilə cəlb edir. Fondun həyata keçirdiyi və öz aktuallığı ilə seçilən "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı da məhz Mehriban xanım Əliyevanın saf niyyət və xeyirxahlığından irəli gəlir.
Ölkəmizdəki uşaq evlərindəki və internat məktəblərindəki bütün problemlərin kompleks həllinə yönələn bu proqramı həyata keçirməklə Heydər Əliyev Fondu həm də cəmiyyətimizin diqqətini maddi və daha çox mənəvi qayğıya ehtiyacı olan kimsəsiz uşaqlara yönəltdi, onlara qayğı örnəyini hər kəsə təlqin etməyi bacardı. Proqram çərçivəsində bugünədək 30-a yaxın uşaq evi və internat məktəbi tamamilə yenidən qurulub, ata-ana himayəsindən məhrum olan körpələrə və uşaqlara ən gözəl yaşayış şəraiti yaradılıb. Uşaqların ərzaq və geyimlə təminatında yaranan bütün çatışmazlıqlara birdəfəlik son qoyulub. Uşaq evlərinə mənsub torpaq sahələrinin qanunsuz özəlləşdirilməsinin qarşısı alınıb. Əminliklə söyləmək olar ki, bu gün ölkəmizdəki uşaq və körpələr evlərində yaradılan şəraitin analoquna nəinki regionda, heç MDB məkanında belə, rast gəlmək mümkün deyil.
Qəzetimizin 31 yanvar və 3 fevral 2009-cu il tarixli nömrələrində Bakının Nizami rayonunda yerləşən 1 nömrəli uşaq evindən bəhs edən geniş məqalə dərc olunmuşdu. Məqalədə bu uşaq evinin problemlərinin həllinin də Heydər Əliyev Fondunun proqramına salınmasından, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə burada əsaslı təmir və yenidənqurma işlərinin aparılmasından, ən müasir avadanlıqlarla təmin olunmasından və yeniləşmiş proqramla fəaliyyət göstərməsindən söz açılmışdır. Bir daha xatırlatmaq istərdik ki, 1 saylı uşaq evinin 1950-ci illərdə tikilmiş binası uzun illər təmir edilmədiyinə görə, yararsız hala düşmüşdü. Mehriban xanım Əliyeva 2004-cü ilin əvvəllərində bura gələrək uşaqlara baş çəkib, onların sosial vəziyyəti, binanın maddi-texniki durumu ilə yaxından maraqlanıb. Üç min kvadratmetr sahəsi olan uşaq evi bütünlüklə əsaslı təmir olunub, xarici ölkələrin istehsalı olan ən müasir texniki avadanlıqlarla təchiz edilib. Uşaq evindəki akt, oxu, idman, rəqs zalları, hər yaş qrupunun öz yataq otağı, rəsm, tikiş, məşğələ, istirahət və kompüter otaqları, uşaqların əl işləri muzey-sərgisi, bərbərxana, müasir səviyyədə təchiz olunmuş tibb kabineti, hamam, üzgüçülük hovuzu, o cümlədən həyətdəki yay konsert meydançası, yaşıllıqlar, stadion burada uşaqların fiziki və əqli cəhətdən sağlam böyümələri üçün hər cür şərait yaradılması Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətinin bəhrəsinin əyani təcəssümüdür.
2006-cı il fevralın 27-dən martın 12-dək keçirilmiş qızılca və məxmərəyə qarşı milli immunlaşdırma kampaniyasına da 1 saylı uşaq evindən start verilmişdir. Bu münasibətlə 2006-cı il fevralın 27-də bu uşaq evində keçirilən mərasimdə Azərbaycan Prezdenti cənab İlham Əliyev də iştirak etmişdi.
Mehriban xanım Əliyeva indiyədək bir neçə dəfə 1 nömrəli uşaq evinin sakinlərinin görüşünə gəlib və hər dəfə burada yeniliklərin şahidi olduğunu, yaradılmış nümunəvi şəraitdən razı qaldığını bildirib.
Bu günlərdə 1 nömrəli uşaq evi üçün əlamətdar hadisə baş verib. Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə uşaq evinin direktoru Nərminə Zöhrabovaya Heydər Əliyev Fondunun təsis etdiyi "Qızıl çinar" beynəlxalq mükafatı təqdim olunub. Mükafatı şəxsən Mehriban xanım Əliyeva təqdim etdi. Qeyd edək ki, "Qızıl çinar" beynəlxalq mükafatı həyatını Yer üzündə bəşəri dəyərlərin, humanizm prinsiplərinin bərqərar olmasına həsr edən ictimai xadimlərə, dünyanın tanınmış adamlarına, seçilən nüfuzlu insanlara təqdim olunur. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə Heydər Əliyev Fondunun layihə və proqramlarında fəal iştirak edən, sıx əməkdaşlığa səy göstərən, xalqlararası əlaqələrin möhkəmlənməsinə, ümumi işə öz töhfəsini verən bir neçə insana "Qızıl çinar" beynəlxalq mükafatı təqdim olunub. Doktor İhsan Doğramacı, xalq artisti Əlibaba Məmmədov, BMT-nin ölkəmizdəki sabiq rezident əlaqələndiricisi Marko Borsotti və ürək-damar cərrahı Rəşad Mahmudov bu mükafatı alıblar. 1 nömrəli uşaq evinin direktoru Nərminə Zöhrabova isə gənc nəslin hərtərəfli, əsl vətəndaş kimi böyüməsi sahəsindəki xidmətlərinə görə "Qızıl çinar" mükafatına layiq görülüb.
Bu günlərdə yolumuzu yenidən 1 nömrəli uşaq evindən saldıq. Direktor Nərminə Zöhrabova ilə uşaq evinin həyətində qarşılaşdıq. O, hər səhər olduğu kimi, uşaqların məktəbə yola salınmasına nəzarət edirdi. Söhbətimizə də elə aldığı mükafatdan başladıq. Ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə keçirilən təntənəli mərasimə dəvət edilməsini rəhbərlik etdiyi uşaq evinə və əməyinə verilən qiymətin nəticəsi kimi dəyərləndirən Nərminə Zöhrabovanın sözlərinə görə, "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülməsi onun üçün gözlənilməz olub: "İnanın ki, mərasimə dəvət alanda da, keçirildiyi saraya daxil olub masa arxasına əyləşəndə də mənə mükafat veriləcəyini bilmirdim. Adım çəkiləndə eşitdiyim mənə yuxu kimi gəldi. Necə gedib hədiyyəni aldığımı, çıxış edərək təşəkkürümü bildirdiyimi xatırlaya bilmirəm. Necə həyəcanlı olmuşamsa, mənə veriləcək gül buketini almağı da unutmuşam. Əyləşdiyim masaya yaxınlaşanda İhsan Doğramacının oğlu Əli Doğramacı dedi ki Nərminə xanım çiçəyi unutdunuz. Bu vaxt elə bil yuxudan ayıldım".
Nərminə Zöhrabova 2003-cü ilin iyulundan 1 nömrəli uşaq evinə rəhbərlik edir. O vaxtdan bu yana Heydər Əliyev Fondunun himayəsi ilə uşaq evində aparılan işlərdən danışdıqca fəxr edir, qürrələnir. Deyir ki, 2003-cü ilə qədər burada yaşayan uşaqların əksəriyyətinin valideynləri, qohum-əqrəbası barədə məlumat olmayıb. Müəyyən yaş həddinə çatdıqdan sonra isə uşaqlar taleyin ümidinə buraxılıblar. Direktor kimi öz işinə çox ciddi və səylə yanaşmasının nəticəsi olaraq uşaqların böyük əksəriyyətinin yaxınları barədə informasiya toplamaq mümkün olub. Bundan sonra hətta bəzi uşaqların valideynləri də tapılıb. Bu gün rəhbərlik nəinki uşaqların qohumlarını axtarıb tapır, həmçinin aidiyyəti qurumlardan varideynlərdən qalan mülkiyyətin onlara verilməsini də tələb edir.
Hazırda bu uşaq evində yaşayanların böyük əksəriyyəti məktəblidir. Uşaq evində fəaliyyət göstərən dülgərlik, xalçaçılıq, tikiş, rəssamlıq, rəqs və digər dərnəklər uşaqların müxtəlif peşələrə yiyələnməsinə imkan yaradır. Bütün uşaqların maddi təminatı daim diqqət mərkəzindədir.
Uşaq evinin böyüyən və hətta əsgərliyə yola salınan sakinləri diqqətdən kənarda qalmırlar. Qışda biz orda olduğumuz zaman Nərminə xanım iki "uşağının" hərbi xidmətdə olduğunu bildirmişdi. Aprel ayında həqiqi hərbi xidmətə çağırış zamanı daha iki nəfər vətən qarşısında borcunu yerinə yetirməyə yollanıb. Uşaq evinin rəhbərliyi mütəmadi olaraq hərbi hissələrin komandirləri ilə əlaqə saxlayır, onların vəziyyəti ilə yaxından maraqlanır. Bu yaxınlarda keçirilən gənc əsgərlərin andiçmə mərasimində uşaq evinin nümayəndələri də iştirak ediblər.
Uşaq evinin yanında Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün 50 mənzillik yaşayış binası inşa edilib. Bu il yanvarın 22-də fondun prezidenti Mehriban xanım Əliyeva bu binanın açılışında iştrak edib. Əvvəllər uşaq evlərini tərk edən qızlar taleyin hökmünə buraxıldığından onların sonrakı həyatını izləmək çox hallarda mümkün deyildi. Yeni yaşayış binası bu problemin həllinə xidmət edir. Binadakı bütün mənzillər müvafiq mebel, televizor, paltaryuyan maşın və digər məişət avadanlığı ilə təmin edilib. Yaxın vaxtlarda uşaq evlərində böyümüş qızlar bu binada məskunlaşa biləcəklər.
Yanvar ayından bu yana uşaq evinin sakinləri müxtəlif yarış və müsabiqələrdə ən yüksək nailiyyətlərə imza atıblar. Reqbi komandası beynəlxalq yarışda birinci olub. İstanbulda keçirilən ənənəvi uşaq bayramından isə böyük zəfərlə qayıdıblar.
Qarşıdan qızmar yay gəlsə də, uşaqların dincəlmək sarıdan problemləri yoxdur. Çünki onlar bütün yayı Şüvəlandakı yay düşərgəsində, dəniz sahilində keçirəcəklər. Bu düşərgə uzun illər idi ki, istifadəsiz qalaraq, yararsız vəziyyətə düşmüşdü. Amma Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu düşərgə tamamilə yenidən qurulub, burada əsl uşaq şəhərciyi yaradılıb.
Nərminə Zöhrabovanın sözlərinə görə, əmək fəaliyyəti ərzində çox mükafatlar alıb. Amma heç vaxt "Qızıl çinar" beynəlxalq mükafatını aldığı zaman keçirdiyi hissləri yaşamayıb. "Mənə sanki bir dünya bağışladılar. Uzun illər xaricdə işlədiyimdən ölkəmdə mükafat almamışdım. Xaricdə alınan mükafatlar zamanı keçirdiyim hisslər vətənimdə keçirdiyim hisslərə heç vaxt çatmaz. Doğma ölkəmdə bu mükafatın verilməsi mənim üçün çox əzizdir. Amma mən bu mükafatı yalnız öz ünvanıma aid etməzdim. "Qızıl çinar" beynəlxalq mükafatını rəhbərlik etdiyim uşaq evinə və ən əsası bizə hamilik edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən qiymət kimi dəyərləndirirəm"-deyə Nərminə Zöhrabova bildirir.
Hər bir mükafat əməyə verilən dəyərin göstəricisi olmaqla yanaşı, həm də məsuliyyət deməkdir. Bu mənada, "Qızıl çinar" mükafatı bir tərəfdən özünü doğruldan etimadın təcəssümü, digər tərəfdən fəaliyyətə təsir edəcək böyük stimul, və ciddi məsuliyyətdir. Nərminə Zöhrabova əmindir ki, bundan sonra da uşaqların və gənc nəslin hərtərəfli, əsl vətəndaş kimi böyüməsi sahəsində vətənimizə ləyaqətlə xidmət edəcək, bu işdə Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanım Əliyevanın etimadını layiqincə doğruldacaq.
Rəşad Cəfərli
Azərbaycan.-2009.-4
iyun.-S.3.