Milli-mənəvi dəyərlərə növbəti qayğı

 

Ötən əsrin 70-ci illərində Şərqdə ilk dəfə olaraq Bakıda yaranmış peşəkar teatr sənəti xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, təbliği, estetik zövqün formalaşması və maariflənmənin sürətlənməsində mühüm vəzifələr yerinə yetirərək mütərəqqi ideyaların əsl carçısına çevrilmişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan milli teatrının qazandığı böyük nailiyyətlərlə bağlı deyirdi: "Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün də, gələcəkdə də yaşayacaqdır".

Dövlət müstəqilliyimizi qazandıqdan sonra şərəfli tarixi olan milli teatra diqqət və qayğı daha da artırılmışdır. Aktyor və rejissorların səmərəli, mükəmməl fəaliyyət göstərmələri üçün teatr binalarının təmiri, bərpası başlamış, eləcə də yaradıcı kollektivlərin əməkhaqları dəfələrlə artırılmış, ayrı-ayrı istedadlı, görkəmli sənətkarlara fəxri adlar, mükafatlar, Prezident təqaüdü verilmişdir. Yaradıcılıq şəraitinin daha da yaxşılaşdırılması yolunda dövlət tərəfindən vaxtaşırı müxtəlif tədbirlər həyata keçirilmiş, sənətkarların, dramaturqların, rejissorların yubileyləri qeyd edilmiş, onların arzu və istəklərinə uyğun müxtəlif görüşlərin təşkili bu gün də davam etməkdədir. Azərbaycan teatrının beynəlxalq əlaqələri də genişlənmişdir. Respublikada fəaliyyət göstərən 26 dövlət teatrının və bu şəbəkəyə daxil olan digər qurumların səmərəli fəaliyyətini təmin etmək məqsədilə dövlət onlara hər cür qayğı göstərir. Əlbəttə, teatrların fəaliyyətini dünya standartlarına uyğun şəkildə təmin etmək üçün zamanın tələblərindən asılı olaraq müxtəlif sərəncamlar imzalanır, proqramlar həyata keçirilir.

Dövlət başçısı İlham Əliyev tərəfindən "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalanmışdır. Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədilə dövlət proqramı təsdiqlənmişdir. Proqramda mövcud vəziyyətə uyğun olaraq Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə teatr təhsil sisteminin yaxşılaşdırılması məqsədilə onillik müddətinə bir sıra vacib tədbirlərin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Proqramın təsdiqində məqsəd ondan ibarətdir ki, teatr siyasətinin formalaşması və teatr prosesində idarəetmənin optimallaşdırılması üçün bu sahədə islahatlar aparılsın, hər bir teatr binası standartlara uyğun səviyyədə təmir olunsun, onların maddi-texniki bazası möhkəmləndirilsin. Yeni teatr siyasətinin doğru-düzgün həyata keçirilməsi həm də mədəniyyətin hərtərəfli təbliği ilə bağlıdır. Eləcə də ümumbəşəri və milli-mənəvi dəyərlərin qorunması dünya mədəniyyətinə inteqrasiyanı təmin etməklə əlaqəli şəkildə həyata keçirilərsə, bu, ümumilikdə sənətin inkişafına səbəb olur. Bu səbəbdən də həm maliyyə və informasiya resurslarından səmərəli istifadə edilməlidir, həm də hər bir teatrın repertuarı günün tələblərinə uyğun formalaşmalıdır.

Proqramda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsait qanunvericiliyə uyğun şəkildə sərf olunmalıdır.

Bütün məqsəd və vəzifələrin həyata keçirilməsi nəticəsində bu sahədə bir sıra nailiyyətlərin əldə olunması şəksizdir. Ən başlıcası isə, milli teatr sənəti həm qorunub saxlanılacaq, həm də inkişaf etdiriləcəkdir. Onun şəbəkəsi müasir tələblərə uyğun qurulsa, bu, bir tərəfdən də əhalinin teatra olan tələbatının ödənilməsi üçün şərait yaradacaqdır. Qədim teatrı həm də gəncləşdirmək gərəkdir. Bunun üçün istedadlı gənclərin teatra cəlb olunmasına önəm verilməlidir. Nəticədə Azərbaycan teatr sənətinin beynəlxalq aləmdə layiqincə təmsili və təbliği baş tutacaqdır. Bunun üçün isə on il ərzində çox mühüm tədbirlər həyata keçiriləcək və hər bir tədbirin də icra müddəti və icraçısı var. Əsasən Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Teatr Xadimləri, Elmlər Akademiyası və Təhsil Nazirliyi tərəfindən də icraçılıq ediləcəkdir.

Dövlət proqramının uğurlu icrası üçün nəzərdə tutulan tədbirlər planı rəngarəngdir. Təqribən 22-dən artıq mühüm tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Öncə teatr sahəsində idarəetmənin və maliyyə, iqtisadi mexanizmlərin təkmilləşdirilməsi üçün islahatların aparılması vacibdir. On il ərzində respublika ərazisində fəaliyyət göstərən bütün dövlət teatrlarının maddi-texniki bazası möhkəmləndiriləcək, eləcə də bir sıra bölgələrdə yerləşən dövlət teatrlarının binaları təmir-bərpa ediləcək, yenidənqurma işləri aparılacaqdır. Təkcə təmir deyil, həm də bir sıra teatrlarda fəaliyyət göstərən orkestrlər üçün musiqi alətlərinin alınması da nəzərdə tutulub. Bu tədbirlər həm də o zaman həyata keçəcəkdir ki, teatr sahəsində təhsilin təkmilləşdirilməsi yolunda da uğurlu addımlar atılsın.

Biz həmişə fəxr və fərəhlə deyirik ki, Şərqdə ilk teatr, ilk opera Azərbaycanda yaradılıb. Qazanılmış bu ənənələri qoruyub inkişaf etdirmək üçün müasir dövrdə hər bir mədəniyyət müəssisəsi dünya standartları səviyyəsində fəaliyyət göstərməlidir. Əgər ötən əsrin əvvəllərində insanları maarifləndirmək naminə heç bir maliyyə təminatı olmayan, əksinə, nadan qüvvələr tərəfindən təzyiqə, təqibə məruz qalan bir dövrdə ağıllı və savadlı insanlar bu zülmətin içində çıxış yolu taparaq teatr yarada bilirdilərsə, indi hər cür şərait və köməyin olduğu zamanda lazımdır ki, dünya arenasına çıxmaq üçün həm də xarici ölkələrdə kadr hazırlığı müştərək layihələr əsasında həyata keçirilsin. Elə proqramda da belə bir bənd var: "Müvafiq proqram, saziş və müqavilələr çərçivəsində teatr sənəti ilə bağlı xarici ölkələrdə təhsil alma və stajkeçmələrin təşkili". Maraqlıdır ki, bu tədbirin on il ərzində müntəzəm davam etdirilməsi nəzərdə tutulur. Elə tədbirlər var ki, onlar iki ildən bir həyata keçirilməlidir. Məsələn, müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransların təşkili. İldə bir dəfə də nəzərdə tutulan tədbirlər var. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi altında həyata vəsiqə alacaq belə tədbirlərdən biri 2011-ci il üçün nəzərdə tutulub: Beynəlxalq Kukla Teatrları Assosiasiyasının iştirakı ilə "Kukla teatrı həftəsi"nin keçirilməsi dövlət proqramına əsasən on il ərzində xarici ölkələrin tanınmış teatr kollektivlərinin Azərbaycana dəvət olunması planlaşdırılıb. Eləcə də, paytaxtda tanınmış teatr xadimlərinin iştirakı ilə seminarların təşkil edilməsi bu sahədə müəyyən nailiyyətlərin qazanılmasına səbəb olacaqdır.

Dövlət proqramında təkcə paytaxtda deyil, Naxçıvan Muxtar Respublikasında, həmçinin digər bölgələrdə, o cümlədən qaçqın və məcburi köçkünlük şəraitində fəaliyyət göstərən dövlət teatrlarına da hər cür zəruri qayğının göstərilməsi nəzərdə tutulub. Əlbəttə, ilk növbədə, bu mədəniyyət ocaqlarında maddi-texniki bazanın möhkəmləndirilməsi ön plana çəkiləcəkdir. Çünki teatr sahəsində tədbirlərin uğurlu keçməsi üçün maddi-texniki bazanın günün tələbləri səviyyəsində qurulması çox vacibdir.

Azərbaycan teatr sənətinin yaxın on il ərzində inkişaf istiqamətlərini müəyyənləşdirən bu dövlət proqramı milli-mədəni sərvətə çevrilmiş teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, inkişaf etməsinə, dünya mədəniyyətinə qovuşmasına təkan verəcəkdir. Eləcə də dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlərə uyğun olaraq respublika teatrları xarici ölkələrdə keçirilən müxtəlif festivallardakı uğurlu çıxışlarını yenə də davam etdirəcəklər. Proqramda ayrıca bir bənddə erməni hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkünlük şəraitində fəaliyyət göstərən teatrların da adı çəkilmişdir. Məsələn, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa, Füzuli, Ağdam və s. Yəqin ki, on il müddətində bu teatrların da bəxtinə gün düşəcək, onlar öz doğma yerlərində fəaliyyətlərini davam etdirəcəklər. Ölkə Prezidentinin 2007-ci ildə Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında imzaladığı sərəncamda milli mədəniyyətimizin inkişafında böyük rol oynayan teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq potensialının yaxşılaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İndi dövlət proqramında Azərbaycan teatrının daha da yüksəlişi üçün on il müddətində həyata keçiriləcək çox mühüm tədbirlər qeyd edilmişdir. Bu vəzifələrin həlli istiqamətində nəzərdə tutulan hər bir tədbir məqsədyönlüdür və mütərəqqi ideyalarla həmahəngdir. Məqsəd budur ki, bütün sahələrdə olduğu kimi, teatr aləmində də son dərəcə güclü inkişafa nail olunsun, mədəniyyət ocaqlarının salonları tamaşaçı sarıdan korluq çəkməsin, təqdim edilən əsərlər müasir dünyagörüşünü əks etdirsin, sanballı, mükəmməl təsir bağışlasın. Yəni, Azərbaycan teatrı gələcəkdə istənilən tamaşası ilə dünya səhnəsinə çıxa bilsin. Bugünkü inteqrasiya bunu tələb edir. Bu səbəbdən də YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun bir konqresinin Bakı şəhərində keçirilməsi zəruri sayılır. Konqresin baş tutması üçün bəşəri əhəmiyyət daşıyan əsərlərin səhnədə təcəssümü vacibdir. Eləcə də onilliyin sonunda Bakıda beynəlxalq festivalın keçirilməsi bu sahədə yeni bir mərhələnin başlanğıcı olacaq. Əlbəttə, dövlət proqramında nəzərdə tutulan tədbirləri təhlil etdikcə və onun həyata keçirilməsinin təminindən sonra inanırıq ki, Azərbaycan teatr aləmində həqiqətən, yeni bir mərhələ başlayacaqdır. Bu mərhələnin uğurlu olması isə hər bir icraçının nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində göstərəcəyi qəti mövqedən, məsuliyyətdən, dəstək və qayğıdan çox asılıdır.

 

 

Flora Xəlilzadə

 

Azərbaycan.-2009.-4 iyun.-S.3.