Avropanın enerji təhlükəsizliyinin təminatında
Azərbaycan mühüm rola malikdir
İyunun 3-də "Hyatt Regency-Naxçıvan" mehmanxanasında XVI Beynəlxalq Xəzər neft və qaz konfransı işə başlamışdır.
Konfransın ilk günü "Xəzər hövzəsinin ehtiyatları: kəşfiyyat, hasilat və investisiyalar" mövzusuna həsr olunmuşdur.
Əvvəlcə konfransa sədrlik edən İTE Group Plc-nin baş məsləhətçisi Endryu Vud və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev mötəbər tədbirin iştirakçılarını salamlamış, təşkilatçılar adından konfransın işinə uğurlar arzulamışlar.
Üç
geniş iclasda "Enerji təhlükəsizliyi təminatında
Xəzər regionunun rolu", "Xəzər regionunda kəşfiyyat
və hasilat perspektivləri", "Azərbaycanın neft və
qaz sektoruna investisiya qoyuluşu. Beynəlxalq əməkdaşlıq" mövzularında
məruzələr dinlənilmişdir.
Bildirilmişdir ki, XVI Beynəlxalq
neft-qaz sərgisi və konfransı böyük əhəmiyyətə
malik hadisə və bütün dünyanın Azərbaycana
artan marağının bariz nümunəsidir. Eyni zamanda, bu,
Azərbaycanın mühüm neft-qaz hasilatçısı və
ixracatçısına çevrilməsinin əyani
sübutudur və ölkənin Avropanın enerji təhlükəsizliyinə
böyük töhfə verdiyini göstərir. Artıq ənənəyə
çevrilmiş sərgi-konfrans həm də neft-qaz sahəsində
əməkdaşlığın gözəl nümunəsidir.
Tədbirdə
çıxış edən Azərbaycanın sənaye və
energetika naziri Natiq Əliyev qeyd etmişdir ki, bəzi
proqnozlara görə, Xəzər regionunda 200 milyard barel həcmində
neft ehtiyatı mövcuddur. Bu, Amerikanın mövcud neft
ehtiyatlarına bərabərdir. Nazir bildirmişdir ki,
2015-2020-ci illərdə Azərbaycanın stabil neft hasilatı
65 milyon ton, qaz hasilatı isə 40 milyard kubmetr təşkil
edəcəkdir.
Ölkədə neft-qaz sahəsinə
yatırılan investisiyalardan danışan N.Əliyev diqqətə
çatdırmışdır ki, Xəzərdə kəşfiyyat
və hasilat işlərinə 10 il əvvəlki proqnozlara əsasən
200 milyard ABŞ dolları həcmində investisiya
yatırılmalıdır. Lakin hazırkı şəraitdə
investisiyaların həcmi göstərilən proqnozdan iki dəfə
artıq ola bilər. Belə ki, Azəri-Çıraq-Günəşli
yataqlar blokuna ilkin mərhələdə 8 milyard dollar sərmayə
tələb olunduğu proqnozlaşdırıldığı
halda, bu günədək həmin bloka 20 milyard dollar sərmayə
yatırılmışdır.
Xəzərin enerji
resurslarının nəqli ilə bağlı işlərin
yüksək səviyyədə görüldüyünü
diqqətə çatdıran nazir qeyd etmişdir ki, Azərbaycan
tərəfi kəmərlərlə bağlı problemləri
artıq həll etmişdir və ölkəmiz bütün
istiqamətlərdə tranzit layihələri dəstəkləyir.
Konfransda ABŞ Prezidentinin Avrasiya
enerji məsələləri üzrə xüsusi nümayəndəsi
Riçard Morninqstarın, Almaniya Federal İqtisadiyyat və
Texnologiyalar Nazirliyinin enerji siyasəti üzrə baş
direktoru Detlef Daukun, Rusiyanın Energetika Nazirliyinin departament rəhbəri
Stanislav Dorjinkeviçin, Polşanın İqtisadiyyat
Nazirliyinin neft və qaz departamentinin baş eksperti Maçi
Byavikin, Nobel Xeyriyyə Fondunun sədri Maykl Nobelin, Türkiyənin
energetika və təbii ehtiyatlar nazirinin müavini Yusif
Yazarın, ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin,
"bp-Azərbaycan" şirkətinin vitse-prezidenti Qreqori
Metsonun, "StatoilHydro-Azərbaycan" şirkətinin
prezidenti Kristian Hauskenin, Böyük Britaniya Xarici İşlər
Nazirliyinin Xəzər regionu enerjisi üzrə məsləhətçisi
Anqus Millerin, KazMunayQaz şirkətinin prezidenti Kairgeldı
Kabıldinin və digər ölkələrin rəsmi
nümayəndələrinin, ayrı-ayrı şirkətlərin
təmsilçilərinin məruzələri maraqla dinlənilmişdir.
Xalqımızın ümummilli
lideri Heydər Əliyev tərəfindən işlənib
hazırlanmış neft strategiyasının uğurla həyata
keçirilməsi, bu görkəmli dövlət xadiminin
böyük siyasi qətiyyəti və iradəsi nəticəsində
Xəzərin Azərbaycan sektorunun karbohidrogen ehtiyatlarının
xarici ölkələrin tanınmış şirkətləri
ilə birgə istismarına dair 1994-cü ildə
bağlanmış "Əsrin müqaviləsi"nin
regionun iqtisadi və geosiyasi həyatında
yaratdığı dəyişikliklər, siyasət dahisi Heydər
Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft boru kəmərinin işə salınmasının
tarixi əhəmiyyəti barədə danışan natiqlər,
gələcəkdə əməkdaşlığın daha
da genişləndirilməsi barədə təkliflərini
söyləmiş, fikir mübadiləsi aparmışlar.
Son illər Azərbaycanın həm
də təbii qaz ixracatçısı kimi
çıxış etməsi xüsusi vurğulanmış,
Nabukko layihəsinin həyata keçirilməsində ölkəmizin
önəmli rola malik olduğu qeyd edilmişdir.
Xüsusi
vurğulanmışdır ki, artıq on altıncı dəfə
keçirilən və ənənəyə çevrilmiş
Bakı neft-qaz sərgi və konfransında bu il
dünyanın 23 ölkəsini təmsil edən şirkətlərin
450 nümayəndəsinin iştirak etməsi bir daha sübut
edir ki, Xəzər hövzəsi, onun karbohidrogen ehtiyatları
bütün dünyanın diqqət mərkəzindədir.
Xarici ölkələrin və
şirkətlərin təmsilçiləri Azərbaycan
Prezidenti İlham Əliyevin sərginin açılış
mərasimindəki nitqində səslənmiş fikirlərini
yüksək qiymətləndirmiş, neft və qaz müqavilələrinin
həyata keçirilməsində, neft gəlirlərindən
şəffaf istifadə olunması, enerji təminatında
vahid strategiyanın hazırlanması sahəsində Azərbaycanı
bundan sonra da dəstəkləyəcəklərini
bildirmişlər.
Konfrans iyunun 4-də işini davam etdirəcəkdir.
AzərTAc
Azərbaycan.-2009.-4 iyun.-S.4.