Azərbaycan ilə Suriya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

İyunun 3-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan suriyalı həmkarı Valid əl-Muallem ilə görüşmüşdür.

Nazir Valid əl-Muallem Azərbaycanda olmasından məmnunluğunu ifadə edərək Bakıda gedən uğurlu inkişafın onda dərin təəssürat yaratdığını bildirmişdir. Ölkələrimiz arasında münasibətlərin tarixi köklərə söykəndiyini vurğulayan qonaq demişdir ki, Bakıya gəlişindən məqsəd Suriya Prezidenti Bəşşar əl-Əsədin Azərbaycana səfərinin təşkili ilə bağlı məsələlərin həll edilməsidir.

Hazırkı münasibətlərin səviyyəsindən məmnunluğunu bildirən suriyalı nazir ölkələrimiz arasında əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin, müxtəlif səfərlərin həyata keçirilməsinin vacibliyini qeyd edərək iqtisadi, enerji, mədəniyyət, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi üçün mövcud imkanlardan istifadə edilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırmışdır.

Valid əl-Muallem Yaxın Şərqdə gedən proseslər barədə məlumat verərək, ölkəsinin mövcud münaqişələrin yalnız siyasi dialoq vasitəsilə həll edilməsinə tərəfdar olduğunu vurğulamışdır.

Görüşdə nazir E.Məmmədyarov mayın sonunda İKT Xarici İşlər Nazirləri Şurasının Dəməşqdə keçirilmiş 36-cı konfransının yüksək səviyyədə təşkil olunduğunu bildirmişdir. E.Məmmədyarov ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün böyük imkanların olduğunu vurğulayaraq Suriya Prezidenti Bəşsar əl-Əsədin Azərbaycana nəzərdə tutulan səfərinin bu əlaqələrə böyük təkan verəcəyinə əminliyini ifadə etmişdir.

Cənubi Qafqaz bölgəsindəki vəziyyət barədə danışan nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin mümkünlüyünü vurğulamış, problemin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat vermişdir.

Suriyanın xarici işlər naziri Valid əl-Muallem ölkəsinin hər bir dövlətin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinə tərəfdar olduğunu bildirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2009.-4 iyun.-S.5.