Suriya Dağlıq
Qarabağ münaqişəsinin
sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həllinin tərəfdarıdır
İyunun 3-də Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə
səfərdə olan suriyalı həmkarı Valid əl-Muallem
ilə görüşmüşdür. Görüşdən
sonra birgə mətbuat konfransı keçirən nazirlər
müzakirə olunan məsələlər haqqında məlumat
vermişlər.
Nazir E.Məmmədyarov
bildirmişdir ki, görüşdə siyasi, iqtisadi, humanitar və
digər sahələrdə əməkdaşlığın
inkişafı ilə bağlı məsələlər
müzakirə edilmişdir.
E.Məmmədyarov
demişdir ki, görüşdə Dağlıq Qarabağ
münaqişəsinin həllinə də toxunulmuş, məsələnin
yalnız Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin
toxunulmazlığı prinsipi çərçivəsində
nizamlanmasının mümkünlüyü
vurğulanmışdır.
Görüşdə, həmçinin
Suriya Prezidenti Bəşşar əl-Əsədin Azərbaycana
planlaşdırılan səfəri, ölkələrimiz
arasında mövcud iqtisadi əlaqələrin genişləndirilməsi
ilə bağlı məsələlər, Yaxın Şərq
münaqişəsi də müzakirə olunmuşdur. Bildirilmişdir
ki, Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən
sonra Azərbaycan ilə Suriya arasında ticarət dövriyyəsinin
həcmi artacaqdır.
Suriyalı nazir Valid əl-Muallem
isə üç il əvvəl Azərbaycanda olduğunu və
keçən dövr ərzində Bakının sürətlə
inkişaf etdiyini demişdir.
Nazir Valid əl-Muallem
Suriya üçün Azərbaycan ilə əməkdaşlığın
əhəmiyyətini xüsusi qeyd edərək bildirmişdir
ki, səfərinin əsas məqsədi ölkələrimiz
arasında dialoqun davam etdirilməsi və möhkəmləndirilməsidir.
Dağlıq Qarabağ
probleminin həll edilməməsinin bütün region
üçün təhlükə doğurduğunu deyən
nazir Valid əl-Muallem vurğulamışdır ki, ölkəsi
bu münaqişənin sülh yolu ilə, Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllinin
tərəfdarıdır.
AzərTAc
Azərbaycan.-2009.-4 iyun.-S.5.