Cəlilabadda məhsul boldur

 

Faraş kartof yığılır

 

Muğan kəndinin yaxınlığındakı bol məhsullu kartof sahələri göz işlədikcə uzanıb gedir. Baxdıqca baxmaq istəyirsən. Fikirləşirsən ki, bu qədər məhsulu yığıb saxlaya bilsək, payız-qış aylarında başqa ölkələrdən nisbətən baha qiymətə kartof almağa ehtiyac qalmaz. Bir neçə il bundan qabaq bir fermerin dediyi sözlər yenidən yadıma düşdü. O deyirdi ki, kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübəni öyrənmək üçün qardaş Türkiyəyə getmişdim. Bir çox əyalətlərdə oldum. Onlar tədarük etdikləri məhsulu az xərc çəkməklə etibarlı şəkildə qoruyub saxlaya bilir əlverişli vaxtda sataraq yaxşı gəlir əldə etməyi bacarırlar. Çılpaq dağların yamaclarında tunel şəkilli qazma işi aparır, tunelin sağ sol tərəfində anbarlar düzəldirlər. Hər anbar üçün borulardan hava axını qoyulur. Tədarük olunan kartof, soğan digər məhsullar daşınıb həmin anbarlarda saxlanılır.

Bu üsulla saxlanılan meyvə-tərəvəz lazım olan müddətə qədər təravətini, keyfiyyətini itirmir. Cəlilabadda da əkin yerlərindən 4-5 kilometr kənarda dağların altında belə təbii saxlama yerləri düzəltmək o qədər müşkül məsələ deyil.

Torpaq mülkiyyətçisi Nazim Kərimovun sahəsinə çatanda ayaq saxladıq. Qızlar kartofu vedrələrə yığıb kağız kisələrə boşaldırdılar. Sırayla düzülmüş dolu kisələr məhsul bolluğundan xəbər verirdi. İş icraçısı Faiq Rəhimovla söhbət zamanı bildirdi ki, Cəlilabadda ildə iki dəfə kartof yetişdirilir. Yazlıq payızlıq. Torpaq mülkiyyətçiləri, əsasən, yazlıq kartof əkininə üstünlük verirlər. Erkən yetişən kartof xarici bazarlara da çıxarılır yaxşı gəlir gətirir. Bunun özü çeviklik tələb edir. Kim məhsulu tez çıxara bilsə, onu yüksək qiymətə satır. Alıcılar gəlib sahənin üstündə kartofun böyük-kiçikliyinə, keyfiyyətinə, hansı sortdan olduğuna baxandan sonra sövdələşir, məhsulu yığmaq üçün sahiblərinə kağız torbalar paylayırlar. Sahədən yığılan kartof Göytəpə şəhərinə aparılaraq orada tədarükçülərə verilir. Tədarükçülər malı təhvil alaraq onu yük maşınlarına - avtorefrijatorlara yükləyib Rusiyanın, qonşu Gürcüstanın, habelə respublikamızın müxtəlif şəhərlərinə yola salırlar. Tədarükçülərin ölkə xaricindəki nümayəndələri məhsulu qəbul edir onun satışını həyata keçirirlər.

F.Rəhimov 5 hektar sahədə yazlıq kartof əkdiklərini dedi. Həmin torpağın 0,47 hektarının özünün olduğunu, qalanının isə qohum-qonşudan icarəyə götürdüyünü bildirdi. Keçən il buradan 75 ton məhsul əldə olunub. Bu il isə 90 ton kartof yığmaq ümidindədirlər. Yığıma keçən ildəkindən 9 gün tez başlayıb. Bu da məhsulu nisbətən yüksək qiymətə satmağa imkan verəcək. Bütövlükdə isə digər sahələr kimi kartofun qiymətində enmə vardır. İstər istehsalçılar, istərsə tədarükçülər bunun dünyada baş verən maliyyə böhranı ilə əlaqədar olduğunu deyirlər.

Keçən il burada 112 min 225 ton kartof istehsal edilmişdir. Bu ilin yazlıq kartof məhsulu üçün 4 min 913 hektarda əkin aparılmışdır. Həmin sahələrdən 87 min 220 ton məhsul əldə olunacağı gözlənilir. Bundan əlavə, 2 min 437 hektarda payızlıq kartof əkiləcəyi planlaşdırılmışdır. Ümumilikdə cari ildə 114 min ton kartof yetişdirilməsi nəzərdə tutulmuşdur ki, bu da 2008-ci ildəkindən 2 min ton çoxdur.

 

Sünbüllər dənə dolur

 

 Lap çoxdan yaddaşıma həkk olan sözlərdən biri bu olub ki, müharibə vaxtı Cəlilabadın taxılı olmasaydı, ətraf rayonların əhalisi acından tələf olardı. O ağır illərdə Cəlilabadın şabalıdı rəngli məhsuldar torpaqlarında cəfakeş insanların əməyi sayəsində bol taxıl məhsul yetişdirilib. Adamlar gecəni gündüzə qataraq yer şumlayıb, torpağa min bir ümidlə toxum səpiblər. Payız keçib, qış gəlib, yaz dolanıb, isti yay günləri başlayıb. Zəmilər dəniz kimi dalğalananda əkinçilərin üzü gülüb. O zamanlar indiki kimi texnika, taxılbiçən kombayn olmadığından kolxozçular, sovxoz fəhlələri zəmiləri oraqla biçib arabalarla xırmana daşıyar, orada onu atlara qoşulmuş vəllə döyər, sovruğa vurub arpa-buğdasını götürər, samanını ata, mal-qaraya yem edərlərmiş. Cəlilabad o vaxt cəbhəyə yaxından kömək edib. Müharibə başa çatdıqdan sonra rayonda taxılçılıq daha sürətlə inkişaf etdirilib. Respublikamızın taxılla təmin olunmasında mühüm rol oynayan Cəlilabadı hətta bir vaxtlar Azərbaycanın Ukraynası adlandırırdılar. Rayonun dəmir yolu stansiyasındakı anbarlara yığılan taxıl buradan respublikamızın, eləcə keçmiş SSRİ-nin müxtəlif yerlərinə göndərilibdi.

Ərzaq təhlükəsizliyi ilə bağlı dövlət proqramının qəbul edilməsi, ölkə Prezindentinin sərəncamları ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına eləcə buğda əkib-becərənlərə subsidiyaların, güzəştli qaydada mineral gübrələrin verilməsinin nəticəsidir ki, Cəlibadda digər sahələr kimi taxılçılıqda da keçmiş şöhrət geri qaytarılır. Keçən il rayonda 65 min 841 hektarda dənli dənli-paxlalı bitkilər əkilib-becərilmiş, sahələrdən 152 min 422 ton məhsul götürülmüşdür. Bunun 114 min 155 tonu buğda, 3 min 769 tonu arpa, 421 tonu noxud, 968 tonu mərci 109 tonu lobya olmuşdur. Torpaq mülkiyyətçilərindən Yadulla Şahbazov, Mehdi Kərimov, Mirzə Ağayev, Şamil Əhədov, Əlizadə Abışov başqaları hər hektardan 25-27 sentner məhsul götürmüşlər. Cari ilin məhsulu üçün isə 66 min 719 hektarda arpa, buğda, noxud, mərci lobya əkilib-becərilmişdir. May ayının əvvəllərində yağan yağışlara görə sünbüllər gözlənildiyindən qat-qat yaxşı dənə dolmuşdur. Mütəxəssislərin hesablamalarına görə hər hektardan rekord miqdarda məhsul gözlənilir. Yetişdirilən məhsulun vaxtında itkisiz yığılmasında kombaynçıların üzərinə məsul vəzifələr düşür. Rayonda olan 205 ədəd taxılyığan kombaynın hamısı demək olar ki, biçinə hazır vəziyyətə gətirilmişdir. "Aqrolizinq" ASC rayon filialının mexaniki səyyar briqadası biçin zamanı yarana biləcək texniki nasazlıqların vaxt itirmədən aradan qaldırılması üçün lazımi tədbirlər görmüşdür. İndi mexanizatorlar biçinə başlamaq üçün işarə gözləyirlər.

 

 

Seyran Cavadov

 

Azərbaycan.-2009.-4 iyun.-S.6.