Bakıda Türkdilli
Dövlətlərin Parlament
Assambleyasına üzv
ölkələrin parlament
aparatları rəhbərlərinin
toplantısı keçirilmişdir
İyunun 4-də Bakıda Türkdilli Dövlətlərin Parlament Assambleyasına üzv ölkələrin parlament aparatları rəhbərlərinin toplantısı keçirilmişdir.
Türkiyə, Qazaxıstan və Qırğızıstandan gəlmiş qonaqlar tədbirdən əvvəl Milli Məclisin iclas zalına baxmış, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişlər. Sonra qonaqlar parlamentin binasındakı Heydər Əliyev Xatirə zalı ilə tanış olmuşlar. Türkdilli Dövlətlərin Parlament Assambleyasına üzv ölkələrin parlament aparatlarının rəhbərləri türk dünyasının ümummilli lideri, XX əsrin görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, xarici ölkələrə səfərləri, eləcə də Milli Məclisdə keçirdiyi görüşləri əks etdirən fotoşəkillər və digər materiallarla yaxından tanış olmuşlar.
Sonra aparat rəhbərlərinin toplantısı öz işinə başlamışdır. Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev qonaqları salamlamış, tədbirin əhəmiyyətindən danışmışdır. O, bu tədbiri yüksək dəyərləndirmiş və türk xalqları tarixində yeni bir dövrün başlanması kimi qiymətləndirmişdir. Aparat rəhbəri dövlətlərimizin və xalqlarımızın əlaqələrinin daha da möhkəmlənməsində, qarşılaşdığımız problemlərin birgə həllində iştirakçılara uğurlar arzulamışdır.
Türkiyə Böyük Millət Məclisinin baş katibi Əli Osman Koca, Qırğızıstan parlamenti Aparatının rəhbəri Suyumbek Kasmambetov və Qazaxıstan Senatı Aparatının rəhbərinin müavini Serik Sıdıkov çıxış edərək tədbiri yüksək qiymətləndirmişlər.
Toplantıda əsasən Türkdilli Dövlətlərin Parlament Assambleyasının nizamnaməsi, assambleyanın baş katibliyinin harada yerləşməsi, eləcə də Parlament Assambleyasının növbəti sessiyasının gündəliyi ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Sonda təşkilatın nizamnaməsinin müddəaları razılaşdırılmış, Türkdilli Dövlətlərin Parlament Assambleyasının növbəti toplantısının cari ilin sentyabrında Bakıda keçirilməsi qərara alınmışdır.
Tədbirin sonunda Türkdilli Dövlətlərin Parlament Assambleyasına üzv ölkələrin parlament aparatlarının rəhbərləri protokol imzalamışlar.
AzərTAc
Azərbaycan.-2009.-5 iyun.-S.2.