Rusiya İqtisad
Akademiyasında Azərbaycan
mədəniyyəti gecəsi
G.V.Plexanov adına
Rusiya İqtisad Akademiyasında Azərbaycan
Xalq Cümhuriyyətinin
yaranmasının 91-ci ildönümü
münasibətilə Azərbaycan
mədəniyyəti gecəsi
keçirilmişdir. Tədbir Leyla Əliyevanın rəhbərlik
etdiyi Rusiyanın Azərbaycanlı Gəncləri
Təşkilatı (RAGT) tərəfindən
təşkil olunmuşdur.
Əvvəlcə Rusiya və Azərbaycanın dövlət himnləri səslənmişdir.
Azərbaycan mədəniyyəti
gecəsi akademiyanın
Azərbaycan klubunun üzvlərinin çıxışları
ilə başlanmışdır.
Şərqdə ilk demokratik dövlətin yaranmasından və müasir Azərbaycandan, xalqımızın mədəniyyəti
və ənənələrindən
bəhs edən "Azərbaycan" sənədli
filmi nümayiş etdirilmişdir.
Akademiyanın prorektoru Svetlana Smirnova tədbirin təşkilatçılarına,
habelə ölkəmizin
Rusiyadakı səfirliyinə
təşəkkürünü bildirmişdir. O vurğulamışdır
ki, ötən il ali məktəbdə
Azərbaycan mədəniyyəti
həftəsi keçirilmiş
və indiki tədbir bu təqdirəlayiq aksiyanın
davamıdır. Ali məktəb ilə Azərbaycanın Rusiyadakı
səfirliyi arasında
səmimi münasibətlər
yaranmışdır. S.Smirnova
demişdir: "Bu cür tədbirlər bir-birimizi yaxşı tanımağa, insanlar arasında qarşılıqlı
anlaşmanın yaranmasına
kömək edir, xalqların mədəniyyətlərinə
hörmət aşılayır".
Azərbaycan səfirliyinin
humanitar məsələlər
üzrə müşaviri
Nigar Axundova Azərbaycan mədəniyyəti
gecəsinin keçirilməsinə
görə ali məktəbin rəhbərliyinə
təşəkkürünü bildirmişdir. Demişdir ki, MDBMİ-nin Azərbaycan gəncləri
klubunun yaradılması
hərəkatına Leyla
Əliyeva başçılıq
etmişdir. Bu hərəkat Rusiya ali məktəblərində
Azərbaycan klublarının
yaradılmasına təkan
vermişdir. N.Axundova demişdir: "Plexanov Akademiyasının Azərbaycan
klubu ən fəal klublardan biridir. Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının tərkibinə
daxil olan bu klubların yaradılmasında Leyla Əliyevanın böyük
xidmətləri vardır.
Rusiyadakı Azərbaycan
gənclərinin və
onların səylərinin
birləşdirilməsi istiqamətində
gördüyü işlərə
görə ona dərin təşəkkürümüzü
bildiririk".
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra gənc Azərbaycan müğənnilərinin, rəqs
ansambllarının, Şən
və Hazırcavablar Klubunun "Qara qızıl" gənclər
komandasının iştirakı
ilə maraqlı konsert proqramı təqdim olunmuşdur. Konsertdə Azərbaycanın
xalq artisti Zülfiyyə Xanbabayeva xalqımızın ümummilli
lideri Heydər Əliyevə həsr olunmuş mahnı və digər populyar mahnılarını
ifa etmişdir.
Ali məktəbin
mədəniyyət evinin
"Konqres mərkəzi"nin foyesində Azərbaycan xalq çalğı alətləri,
milli geyimlər və xalq yaradıcılığı
nümunələrindən ibarət sərgi açılmışdır.
Asya Hacızadə,
AzərTAc-ın
xüsusi müxbiri
Moskva
Azərbaycan.-2009.-5 iyul.-S.2.