Torpaqların su təminatının və meliorativ vəziyyətinin
yaxşılaşdırılması yüksək məhsuldarlıq
götürülməsinin əsasıdır
Bu gün ölkə melioratorları peşə bayramlarını - Meliorator Gününün üçüncü ildönümünü qeyd edirlər. İki il əvvəl Azərbaycan Prezidenti İlham Əliyev hər ilin iyun ayının 5-nin meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı - Meliorator Günü kimi təsis edilməsi haqqında sərəncam imzalamışdır. Melioratorlar bunu ölkə rəhbəri tərəfindən respublikada məhsul bolluğu yaratmaq kimi müqəddəs və şərəfli işlərində onların əməyinə verilən yüksək qiymət kimi dəyərləndirirlər.
Azərbaycan qədim suvarma əkinçiliyi diyarıdır. Ölkə ərazisində suvarma aparmadan və müvafiq meliorativ tədbirlər görmədən əkinçilikdən yüksək məhsuldarlıq götürülməsi mümkün deyildir. Bu səbəbdən də ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı əsasən mühəndis-texniki meliorasiya və irriqasiya sistemləri ilə təchiz edilmiş 1432,7 min hektar suvarılan torpaqlarda cəmləşdirilmişdir. İstehsal olunan məhsulun 90 faizə qədəri suvarılan torpaqlardan götürülür. Suvarılan sahələrin 126 min hektarı işğal altındadır.
Suvarılan
torpaqlar yüksək mühəndis-texniki səviyyədə
inşa edilmiş meliorasiya və irriqasiya fondları ilə təchiz
olunmuşdur. Bu torpaqların 609 min hektarında kompleks meliorasiya
işləri aparılmış, 288 min hektar sahə ilə təchiz
edilmişdir. Suvarılan sahələrdə
52,1 min km suvarma kanalları, 29,8 min km kollektor-drenaj şəbəkələri
çəkilmiş, onların üzərində 117 min
hidrotexniki qurğu, 941 nasos stansiyası inşa edilmişdir.
Çaylarda axının
qeyri-mütənasibliyinin qarşısını almaq və su
ehtiyatlarından ölkə iqtisadiyyatında səmərəli
istifadə etmək məqsədilə 135 su anbarı, 16
hidroqovşaq tikilmiş, yeraltı sulardan suvarma və məişət
ehtiyaclarını ödəmək üçün 7212
subartezian quyusu qazılmışdır. Əkin sahələrini
və yaşayış məntəqələrini
çayların daşqın və sel sularından qorumaq məqsədilə
132 km daş-beton və beton, 1643 km torpaq bəndlər
tikilmişdir.
Bu geniş meliorasiya və
irriqasiya fondlarının əksəriyyəti ulu öndər
Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi
1969-1982-ci illərdə, onun şəxsi təşəbbüsü
və yaxından köməyi ilə
yaradılmışdır. Ulu öndərin meliorasiya və su
təsərrüfatı sahəsinə diqqət və
qayğısı İttifaq rəhbərliyində olan
zamanlarda, eləcə də 1993-cü ildə müstəqil
respublikamıza hakimiyyətə yenidən qayıtdıqdan
sonra da davam etmişdir.
Hakimiyyətə gəldiyi ilk
dövrlərdə ölkədə mürəkkəb siyasi
durum, iqtisadi böhran, müharibə şəraiti, məcburi
köçkün, qaçqınlar problemi və üstəlik
vətəndaş qarşıdurması təhlükəsi
hökm sürən bir vaxtda ulu öndər ölkə
iqtisadiyyatında islahatlar aparılmasını təkidlə
tələb etdi və onun həyata keçirilməsinə rəhbərliyi
bilavasitə öz üzərinə götürdü.
Aqrar sahədə aparılan
islahatlarla paralel meliorasiya və su təsərrüfatında
da islahatların aparılmasına başlanıldı. İlk
növbədə islahatların normativ-hüquqi bazası
yaradıldı. Bu məqsədlə 30-dan artıq
normativ-hüquqi sənəd, o cümlədən
"Meliorasiya və irriqasiya haqqında" qanun (1996-cı
il), "Azərbaycan Respublikasının Su Məcəlləsi"
(1997-ci il), "Hidrotexniki qurğuların təhlükəsizliyi"
(2003-cü il) haqqında qanunlar qəbul edildi.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin xüsusi qərarı ilə keçmiş kolxoz,
sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin
balansında olmuş təsərrüfatdaxili meliorasiya və
irriqasiya sistemləri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin balansına
götürüldü və onların təmir-bərpasına,
təmizlənməsinə başlanıldı.
Su ehtiyatlarından səmərəli
və qənaətlə istifadə edilməsi məqsədilə
bazar iqtisadiyyatının tələblərinə uyğun
olaraq 1997-ci ildən tədricən sudan pullu istifadəyə
keçildi, suyun paylanmasını təşkil etmək
üçün qanunvericiliyə uyğun olaraq yerlərdə
sudan istifadəedənlər assosiasiyalarının (SİA)
yaradılmasına başlanıldı. 2000-2004-cü illərdə
təxminən 740 min hektar suvarılan sahəni əhatə edən
585 SİA yaradılıb fəaliyyətə başladı.
Ulu öndərin göstərişləri
əsas tutularaq, xarici investisiyalar ilk növbədə
meliorasiya və su təsərrüfatı sahəsinə
yönəldildi. İslam İnkişaf Bankının və
Dünya Bankının ayrıdığı kreditlər
hesabına 2000-ci və 2002-ci illərdə Baş Mil-Muğan
kollektorunun 52,7 km uzunluğunda ikinci hissəsi və kollektorun
Araz çayı ilə kəsişməsində düker
tikilib istifadəyə verildi. İslam İnkişaf
Bankının ayırdığı əvəzsiz vəsait
hesabına Azərbaycanın və Türkiyənin layihə
şirkətləri tərəfindən Samur-Abşeron suvarma
sisteminin yenidən qurulması üzrə unikal bir sxem
hazırlandı. Dövlət büdcəsindən ayrılan
vəsait hesabına isə Vayxır su anbarının
tikintisinə başlanıldı.
İqtisadiyyatımızın
bütün sahələrində olduğu kimi, meliorasiya və
su təsərrüfatı sahəsinə də diqqət və
qayğı hazırda möhtərəm Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin yaradılması və Meliorator
Gününün təsis edilməsi barədə
imzaladığı fərmanlar, sahə üzrə həyata
keçirilən layihələrlə yaxından
tanışlığı, yerlərdə olarkən su təsərrüfatı
obyektlərinə getməsi, "Taxtakörpü" və
"Şəmkirçay" su anbarlarının təməlqoyma
mərasimlərində iştirak etməsi, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci ildə sosial-iqtisadi
inkişafın yekunlarına və 2008-ci ildə
qarşıda duran vəzifələrə həsr edilmiş
iclaslarda sahədə aparılan işlərə yüksək
qiymət verməsi dövlət başçısının
bu sahəyə diqqət və qayğısının bariz
nümunəsidir.
Cənab İlham Əliyevin təsdiq
etdiyi və icrası uğurla başa
çatdırılmış Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafına dair dövlət
proqramı (2004-2008-ci illər) və hazırda həyata
keçirilən "Ölkədə əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair", Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
üzrə (2009-2013-cü illər) dövlət proqramları
qeyri-neft sənayesi, o cümlədən kənd təsərrüfatı
məhsullarının istehsalı və emalı sahələrinin
inkişafında mühüm rol oynamış və
oynamaqdadır. Həmin proqramlar çərçivəsində
respublikamızda meliorasiya və su təsərrüfatı
sistemində son dərəcə vacib və dəyərli olan
bir çox nəhəng layihələrin
reallaşdırılmasına başlanılmışdır.
Dövlət
başçısının bu sahəyə diqqətinin nəticəsi
olaraq son 5 ildə meliorasiya tədbirlərinə ayrılan vəsaitin
həcmi 4,3 dəfə, bütün maliyyə mənbələri
hesabına əsaslı kapital qoyuluşu 22 dəfəyə
yaxın artmışdır. Bunun nəticəsində
mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı
xeyli yaxşılaşmış, sistem üzrə
işçilərin əməkhaqqı 5,7 dəfə
artmış, sahənin maddi-texniki bazası gücləndirilmişdir.
247 km təsərrüfatlararası suvarma kanalları, 244 km
kollektor-drenaj şəbəkələri tikilib bərpa
edilmişdir. 201 min hektar suvarılan torpaqların su təminatı
və meliorativ vəziyyəti yaxşılaşdırılmış,
479 ədəd subartezian quyusu qazılmış, respublika
çaylarında 69,7 km uzunluğunda beton, daş-beton və
digər sahilbərkidici bəndlər qurulmuşdur.
Respublikamız üçün böyük əhəmiyyəti
olan Baş Mil-Muğan kollektorunun üçüncü hissəsinin,
Xanarx kanalının, Vayxır su anbarının, Yuxarı Mil
kanalının 4,23 kilometrlik hissəsinin, Qarqar
çayında suqəbuledici qurğunun və 8,065 km
kanalın, Göyçay çayında suqəbuledici
qurğunun, Şəmkir maşın kanalının birinci
növbəsinin tikintisi başa
çatdırılmışdır. Təməli möhtərəm
Prezident İlham Əliyev tərəfindən qoyulmuş
Taxtakörpü su anbarının və Vəlvələçay-Taxtakörpü,
Taxtakörpü-Ceyranbatan kanallarının, uzun illərdən
tikintisi yarımçıq qalmız Tovuzçay və
Göytəpə su anbarlarının tikintisi davam
etdirilmiş, Mil və Qarabağ zonasının 200 min hektardan
artıq ərazisindən drenaj sularının Baş
Mil-Muğan kollektoruna axıdılmasını nəzərdə
tutan Mil-Qarabağ kollektorunun yenidən qurulmasının layihəsinin
hazırlanması başa
çatdırılmışdır.
Meliorativ sistemlərin
istismarına ayrılan vəsait daxilində səhmdar cəmiyyəti
tərəfindən son dövrdə hər il orta hesabla
3000-3200 ədəd hidrotexniki qurğu, 300-350 nasos
stansiyası, 1400-1500 subartezian quyusu təmir edilib işlək
vəziyyətə gətirilmiş, kanal və kollektorlarda
25-30 milyon kbm lildən təmizləmə işləri
aparılmışdır. Sel və daşqın
sularının qəzasız buraxılmasını təmin
etmək məqsədilə hər il dağ çaylarında
8-8,5 mln. kbm həcmində təmizləmə və məcratəmizləmə
işləri görülmüş, 50-60 min kbm həcmində
daş-beton, beton, şax-daş və faşin bəndlər
quraşdırılmışdır. Kür və Araz
çaylarında mövcud bəndlərin hündürləşdirilməsi
və bərkidilməsi işləri həyata
keçirilmişdir. Bu tədbirlər nəticəsində hər
il əkin altında istifadə olunan 1318-1320 min ha suvarılan
sahələr vaxtında və tələb olunan miqdarda su ilə
təmin olunmuşdur.
Hazırda meliorativ sistemlərdə
istismar-təmir və əsaslı tikinti işləri da
müvəffəqiyyətlə davam etdirilir.
Səhmdar cəmiyyətlə
sudan istifadəedənlər birlikləri arasında
qarşılıqlı əməkdaşlıq davam
etdirilmiş, 2008-ci ildə onlarla müqavilələrin
bütünlüklə bağlanılmasına nail olunmuş
və 3276 min manat vəsait toplanmışdır.
"Meliorasiya və irriqasiya
haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişiklik
və əlavələrə uyğun olaraq sudan istifadəedənlər
birliklərinin yaradılmasına və eyni zamanda qanun təsdiq
olunanadək sudan istifadəedənlər assosiasiyaları kimi
fəaliyyət göstərən assosiasiyaların yenidən
dövlət qeydiyyatından keçirilməsinə
başlanılmışdır. Bu günə qədər bu
sahədə müəyyən işlər
görülmüş və 1320 min hektar suvarılan sahələri
əhatə edən 535 birlik yaradılıb qeydiyyatdan
keçmişdir.
Əsaslı tikinti obyektlərində
Dünya Bankının krediti hesabına həyata keçirilən
"2-ci irriqasiya" layihəsi çərçivəsində
respublikanın Sabirabad, Saatlı, İmişli, Beyləqan,
Ağcabədi, Zərdab, Goranboy, Xaçmaz, Quba,
Naxçıvan MR-in Babək və Şərur rayonları ərazisində
suvarma-drenaj şəbəkələrinin bərpası və
Bəhrəmtəpə Hidroqovşağının yenidən
qurulması işləri davam etdirilmiş, Goranboy rayonu ərazisində
1326 ha, Quba rayonunda 2005 ha, Sabirabad rayonunda 1800 ha, Saatlı
rayonunda 3718 ha, İmişlidə 1889 ha və Naxçıvan
MR-in Şərur rayonunda 2779 ha, Babək rayonunda 2937 ha sahədə
suvarma-drenaj şəbəkələrinin bərpası
başa çatdırılmışdır.
Asiya İnkişaf Bankının
krediti hesabına "Selə qarşı tədbirlər layihəsi"
çərçivəsində respublikanın Balakən, Qax,
Oğuz və Naxçıvan MR-in Şərur
rayonlarının ərazisində çaylarda mühafizə
bəndlərinin tikintisi davam etdirilərək 3106 pm
uzunluğunda sahilbərkitmə işləri
görülmüşdür. Layihə üzrə tikinti
işləri tamamlanmışdır.
Füzuli rayonunun Haramı
düzündə məskunlaşmış məcburi
köçkünlərin əkin sahələrini suvarma suyu
ilə təmin etmək üçün Yuxarı Mil
kanalı üzərində nasos stansiyasının və
suvarma şəbəkəsinin, Neftçala rayonu ərazisində
13,4 min ha sahədə su təminatının
yaxşılaşdırılması məqsədilə
Neftçala magistral kanalının, Yuxarı Qarabağ
kanalı maşın qolunun, Kürdəmir rayonunda
Axtaçı-Ərəbqubalı kanalının tikintisi,
Salyan rayonunda Akuşa kanalının yenidən qurulması,
Ağstafa rayonunda Candar kanalının əsaslı təmiri,
Füzuli və Ağcabədi rayonları ərazisində yerləşən
Laçın qış otlaqlarında müvəqqəti məskunlaşmış
məcburi köçkünlərin su təchizatının
yaxşılaşdırılması üçün təsərrüfatlarası
kanalların tikintisi davam etdirilmişdir.
Respublikamızın qərb
bölgəsi üçün çox böyük əhəmiyyəti
olan Şəmkirçay su anbarı kimi nəhəng bir layihənin
həyata keçirilməsi üçün bütün
hazırlıq işləri başa
çatdırılmış və tikilişinə
başlanılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev
25 may 2009-cu il tarixində bu bölgəyə səfəri
zamanı su anbarının təməlini qoymuşdur.
Meliorasiya və su təsərrüfatı
sahəsində həyata keçirilmiş ardıcıl və
məqsədyönlü tədbirlər nəticəsində
suvarılan torpaqların meliorativ vəziyyəti və su təchizatı
ildən-ilə yaxşılaşmış, becərilən kənd
təsərrüfatı bitkilərinin məhsuldarlığı
yüksəlmişdir. 2006-cı illə müqayisədə
2008-ci ildə taxılın məhsuldarlığı hektardan
0,6 sentner, şəkər çuğundurunun məhsuldarlığı
20,2 sentner, bostan-tərəvəz bitkilərinin məhsuldarlığı
3 sentner artmışdır.
Meliorasiya və irriqasiya sistemlərinin
lazımi səviyyədə istismarının təşkili,
suvarılan torpaqların su təminatının və
onların meliorativ vəziyyətinin
yaxşılaşdırılması, inkişafı, sel və
daşqın sularının zərərli təsirinə
qarşı mübarizə tədbirlərinin gücləndirilməsi
sahəsində səhmdar cəmiyyəti fəaliyyətini
davam etdirir.
Cari ildə 1332 min hektar sahənin
su təminatı nəzərdə tutulmuşdur. Hazırda dənli
bitkilərin suvarılması başa çatmaq üzrədir.
Digər kənd təsərrüfatı bitkilərinin
suvarılması davam etdirilir.
Respublikanın melioratorları
bundan sonra da qarşıda duran vəzifələrin ləyaqətlə
yerinə yetirilməsi üçün bütün imkan və
bacarıqlarından istifadə edəcək, kənd təsərrüfatı
məhsullarının istehsalının
artırılmasına və ölkədə məhsul
bolluğunun yaradılmasına öz töhfələrini verəcəklər.
Əhməd Əhmədzadə,
Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin sədri
Azərbaycan.-2009.-5 iyun.-S.3.