Milli maraqlara söykənən qətiyyətli mövqe
Bu gün istər daxildə, istərsə də
xaricdə ölkəmizin ən qısqanc opponentləri belə,
Azərbaycanın inkişaf trayektoriyasının səngimədiyini,
bu yüksəlişə sabitqədəm dinamikanın xas
olduğunu etiraf edirlər. Bu etirafın yolu hamar olmayıb. Keşməkeşlər,
maneələr, çətinliklər keçilib. Azərbaycan
üçün isə belə bir iqtisadi inkişafa və
sosial rifaha yetişmək ikiqat müşkül olub. Kiçik, lakin zəngin ölkə. Ömrü az
qala iki onilliyi haqlayan müharibə əndişəsi və məhrumiyyətləri,
geosiyasi və geoiqtisadi prizmadan cəlbedici və əlverişli
mövqe, məğrur millət, güclü lider və
bütün bu səbəblər həlqəsini bir-biri ilə
polad tellərlə bağlayan qalib ideologiya.
Qələbəni əldə etmək
həmişə çətindir. Onu saxlamaq, təsadüfi
qonağa deyil, ailənin sevimli üzvünə çevirmək
isə həmişə ikiqat çətin olub. Qəhrəmanlıq
isə bu cür "qonaq-qaranın" sayını
artırmaqdır. Bu, bir tərəfdən uğur, müvəffəqiyyət
nişanəsidirsə, digər tərəfdən
paxıllıq, qısqanclıq, həsəd, xudpəsəndlik
kimi miskin hissləri körükləyən səbəbdir.
Azərbaycan - kəsişən vektorların asudə
limanı
Cənubi Qafqaz kimi
mürəkkəb regionda həyata keçirilən müxtəlif
enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsində
əsas söz sahiblərindən biri kimi
çıxış edən, milli-etnik və dini dözümlülüyün
səviyyəsinə görə fərqli sivilizasiyaları,
müxtəlif mədəniyyətləri qovuşduran Azərbaycan
üçün milli təhlükəsizliyin təmini
xüsusilə aktualdır. Bu aktuallıq bir tərəfdən
ölkəmizin zəngin təbii resurslara malik olması, əlverişli
coğrafi mövqedə yerləşməsi, digər tərəfdən
isə Ermənistanın təcavüzü ilə üzləşməsi,
müharibə şəraitində yaşaması ilə şərtlənir.
Belə bir mürəkkəb mərhələdə
respublikamız dünyanın qabaqcıl siyasi, iqtisadi və təhlükəsizlik
sistemlərinə inteqrasiya xəttini gerçəkləşdirmək
üçün regionun və dünyanın güc mərkəzləri
ilə münasibətlərə dair
düşünülmüş və ardıcıl şəkildə
həyata keçirilən milli təhlükəsizlik
konsepsiyasına malikdir. Rəsmi Bakı Azərbaycanın
milli təhlükəsizlik maraqlarının təmini
baxımından istər Avropanın nüfuzlu beynəlxalq təşkilatları
ilə əlaqələrin genişləndirilməsini, istərsə
də region üçün səciyyəvi yeni əməkdaşlıq
modellərinin dəstəklənməsini strateji məqsədlər
kimi önə çəkir.
Azərbaycan Prezidenti İlham Əliyev
ölkənin milli təhlükəsizliyinin etibarlı təmini
baxımından, ilk növbədə, xarici siyasət sahəsində
düzgün, səmərəli və milli maraqlara əsaslanan
çevik diplomatiya həyata keçirməyə
çalışır. Son illərdə rəsmi
Bakının bu prinsiplər üzərində qurduğu
xarici siyasətin başlıca istiqaməti müstəqil və
güclü dövlət modelinin praktik surətdə
reallaşdırılmasına, beynəlxalq hüququn
bütün subyektləri ilə bərabər əməkdaşlıq
əlaqələrinin qurulmasına yönəlmişdir.
Respublikamız beynəlxalq normalara istinad etməklə sivil
dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən
aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla
münasibətlərini yüksək dinamizmlə inkişaf
etdirmək xəttinə üstünlük verir. Yeni dünya düzənində aparıcı güc
mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə
uyğun diplomatiya yeridən Azərbaycan Cənubi Qafqazda
gerçəkləşdirilən bütün transmilli layihələrdə
əsas söz sahibi, təşəbbüskar kimi
çıxış edir. Beynəlxalq nüfuz və
mövqelərini əhəmiyyətli dərəcədə
gücləndirən Azərbaycan qlobal geosiyasi arealda cərəyan
edən proseslərin istiqamətverici subyektlərindən birinə
çevrilməyə nail olmuşdur.
Azərbaycanın təhlükəsizlik
problemi, onun təmin edilməsi yolları və vasitələri,
qlobal və yerli təhlükəsizlik maraqlarının
uzlaşdırılması dövlət
başçısı İlham Əliyevi ciddi şəkildə
düşündürən məsələlərdəndir. Bu da təsadüfi
deyildir - Azərbaycan Şərqlə Qərbin, Avropa ilə
Asiyanın kəsişdiyi mühüm nəqliyyat-kommunikasiya
dəhlizlərinin keçdiyi əhəmiyyətli geosiyasi və
geoiqtisadi məkanda yerləşir. Əhəmiyyətli ərazi,
geostrateji və geoiqtisadi üstünlüklərdən
ölkənin milli maraqları çərçivəsində
bəhrələnmək xarici siyasət və milli təhlükəsizlik
idarələrinin qarşısında strateji vəzifə kimi
durur.
Azərbaycan hakimiyyətinin
qətiyyəti, xalqa dərin inamı, hər bir məsələdə
milli maraqları önə çəkməsi sayəsində
respublikamızın xarici siyasəti ölkənin milli maraq və
təhlükəsizliyinə qarşı yönələn istənilən
təhdidə çevik müqavimət göstərir. Dövlətin özünəinamını,
gücünü ifadə edən bu hücumçu diplomatiya əksərən
qarşıya qoyulan məqsədlərin uğurla gerçəkləşməsinə,
Azərbaycanın maraqlarının nəzərə alınmasına
gətirib çıxarır. Milli maraqlara əsaslanan
qətiyyətli diplomatiya eyni zamanda respublikanın Cənubi
Qafqazdakı strateji mövqeyini və nüfuzunu daha da
artırmaqla, Avratlantik məkana inteqrasiyasına geniş
imkanlar açır. Şərqlə Qərbi birləşdirən
neft, qaz və nəqliyyat-kommunikasiya layihələrinin mərkəzinə
çevrilmiş Azərbaycan bu gün nəinki təhlükəsizlik
problemlərinin həllinə nail olur, eyni zamanda Avrasiya məkanında
subregional inteqrasiyanın, enerji təhlükəsizliyinin
mühüm təminatçısı qismində
çıxış edir. Aparıcı Qərb dövlətləri
Azərbaycanın iştirakı olmadan Xəzər hövzəsi
regionunda hər hansı transmilli layihənin gerçəkləşdirilməsini
mümkünsüz sayır, respublikamızın mövqeyi ilə
hesablaşırlar. Avropanın xam neftlə, təbii qazla təminatında
tədricən əsas söz sahiblərindən birinə
çevrilən respublikamız bu coğrafi arealda enerji təhlükəsizliyinin
əsas təminatçılarından birinə çevrilir.
Dövlət başçısı İlham Əliyevin dəfələrlə
bəyan etdiyi kimi, "Azərbaycanın iştirakı olmadan
regionda heç bir layihə gerçəkləşə bilməz".
Diplomatiyanın uğurlu formulu: güclü dövlət -
müstəqil siyasət
Cənubi Qafqazda
sülhün, sabitliyin və iqtisadi əməkdaşlıq təşəbbüslərinin
tərəfdarı kimi çıxış edən rəsmi
Bakı regionun konstruktiv əməkdaşlıq ruhuna xələl
gətirən istənilən geosiyasi dəyişikliklərə
adekvat reaksiya vermək əzmində olduğunu konkret siyasi
situasiyalarda dəfələrlə sübuta yetirmişdir. Dövlət
başçısı Azərbaycanın heç bir dövlətin
daxili işlərinə qarışmadığını bəyan
etməklə yanaşı, hansısa dövlətin
respublikamızla təhdid və təzyiq dilində
danışmasına da qətiyyən yol vermir. Ölkəmiz
çevik siyasət yeritməklə, bir ilə yaxın
müddətdə regionda müşahidə olunan hərbi,
iqtisadi və siyasi böhranı inamla dəf etmişdir. Hələ
2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında hərbi
toqquşma göstərdi ki, Azərbaycanın regionda yeritdiyi
siyasət düzgün olmaqla yanaşı, xalqın milli
maraqlarına əsaslanır.
Rəsmi Bakı regionda Azərbaycanın
milli maraqlarını təhdid edən geosiyasi dəyişikliklərə
adekvat siyasət yeritmək hüququnu da özündə saxlayır.
Təhlükəsizlik Şurasının son iclasında cənab
İlham Əliyev bu barədə fikrini belə
açıqlamışdır: "Eyni zamanda, Azərbaycan
başqa ölkələr arasındakı ikitərəfli
münasibətlərə heç vaxt müdaxilə etməyib
və etməyəcəkdir. Ancaq bununla bərabər, regionda
yaranan, yaxud da yarana biləcək vəziyyətə uyğun
şəkildə öz siyasətimizi aparmaq bizim təbii
hüququmuzdur və bu hüquqdan istənilən formada istifadə
edəcəyik. Azərbaycan bölgədə sabitləşdirici
rolunu oynayır. Bunu artıq həyat göstəribdir.
Keçən il Cənubi Qafqazda yaşanan siyasi və hərbi
böhran Azərbaycana öz mənfi təsirini göstərməmişdir.
Düzdür, müəyyən, qısa müddət ərzində
bizim enerji və nəqliyyat imkanlarımız məhdudlaşdı,
ancaq biz çevik siyasət aparmaqla, qısa vaxt ərzində
yeni nəqliyyat istiqamətlərini işə sala bildik. Beləliklə,
ən az itkilər verməklə o vəziyyətdən şərəflə
çıxdıq, iqtisadi maraqları qoruduq. Onu da deyə bilərəm
ki, Azərbaycan bir daha etibarlı tərəfdaş və
sabitləşdirici amil kimi öz rolunu göstərə
bilmişdir".
Xarici siyasət
kursunu yeridərkən hansısa güc mərkəzinin mənafeyini
önə çəkməyən dövlət
başçısı eyni zamanda Azərbaycanın geosiyasi rəqabət
meydanına çevrilməsinə yol verməyəcəyini də
qətiyyətlə bəyan etmişdir. Azərbaycan hakimiyyəti
xalqın milli maraqları ilə bağlı bir sıra məsələlərdə
daim əzmkar və qətiyyətli mövqe tutmaqla,
respublikamızdan güzəştli mövqe gözləyən
qüvvələri məyus etmişdir. Ümumiyyətlə,
son illərin bəzi konkret siyasi situasiyaları fonunda Azərbaycan
Prezidenti İlham Əliyevin "güclü dövlət -
müstəqil siyasət" siyasətinə sadiq
qaldığı, dövlətçilik maraqlarından bir
addım belə geri çəkilmədiyi tam təsdiqlənmişdir.
Məsələn, 2006-cı ilin sonlarında bəzi
MDB dövlətlərini "mavi yanacaq imtahanı"na
çəkən Rusiya hökuməti ikitərəfli
diplomatik münasibətlərin səviyyəsinə qətiyyən
adekvat olmayan bu mövqeni Azərbaycana qarşı da
nümayiş etdirməyə çalışsa da, niyyətinə
nail olmayaraq geri çəkilməli olmuşdur. Qiymətləri
kəskin şəkildə qaldırmış Rusiyanın mavi
yanacağından imtina edən rəsmi Bakı üstəlik
böhranla üzləşmiş Gürcüstana dost
yardımı etməklə müstəqil enerji siyasəti
apardığını sübuta yetirmişdir.
Azərbaycan
Prezidenti İlham Əliyev "Exo Moskvı" radiosuna
müsahibəsində mavi yanacağın qiymətlərinin
artırılmasını Rusiyanın daxili işi kimi qiymətləndirməklə
yanaşı, respublikamızın bundan narahatlıq
keçirmədiyini demiş, "Qazprom" şirkətinin
qiymətləri qaldırmaq qərarını Rusiya-Azərbaycan
münasibətlərinin hazırkı səviyyəsinə adekvat
olmadığını təəssüflə
vurğulamışdır. "Qazın qiyməti birdən-birə
230 dollara, son məqamda isə 235 dollaradək
qaldırıldıqda, bunun Rusiya-Azərbaycan münasibətlərinə
uyğunsuzluğu hiss edilir. Bu isə təəssüf
doğurur, çünki bizim münasibətlərimiz
çox müsbət, çox konstruktiv tərzdə qurulur və
energetika ilə müqayisədə daha geniş sahələri
əhatə edir... Rusiyaya borcla bağlı problemi olmayan yeganə
ölkə bizik. Biz qabaqcadan ödəmişik, biz borclu
deyilik, heç vaxt müqavilələri pozmamışıq.
Qiyməti birtərəfli qaydada
qaldırmağa və Azərbaycanı müəyyən dərəcədə
məcburiyyət qarşısında qoymağa
çalışmaqdansa, birgə fəaliyyət, müştərək
layihələr üçün təmas nöqtələrini
axtarmaq daha məntiqi və ağlabatan olardı. Azərbaycanı
məcbur etmək qeyri-mümkündür" - deyən
Prezident əlavə etmişdir ki, "Qazprom"un qiymətləri
qaldırmaq, Azərbaycanın isə bundan imtina etmək
hüququ vardır. Bundan sonra bütün imkanlarını səfərbər
edərək özünü müstəqil şəkildə
mavi yanacaqla təmin edən Azərbaycan cəmi 2 il ərzində
qaz idxalçısından qaz ixracatçısına
çevrilməyə müvəffəq olmuşdur. Bu gün
isə artıq Rusiya Azərbaycan qazının bir hissəsini
bazar qiymətlərinə almaq üçün
respublikamızla danışıqlar aparır.
Respublikamız müstəqil
siyasət yeritməklə, həm də Ermənistanın təcrid
vəziyyətinə düşməsi ilə nəticələnən
bir sıra qlobal layihələri gerçəkləşdirmək
əzmindədir. ABŞ və bəzi Qərb
dövlətləri güclü erməni lobbisinin təsiri
altında Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsinə
qarşı çıxsalar da, Prezident İlham Əliyev
ortaya prinsipial mövqe və iradə qoyaraq Türkiyə və
Gürcüstanın da qoşulduğu bu layihənin gerçəkləşməsinə
nail olmuşdur. Üstəlik, Azərbaycan
Gürcüstanın bu layihədə iştirakını
kredit şəklində maliyyələşdirməklə,
müstəqil siyasət yeritmək əzmini nümayiş
etdirmişdir.
Başqa bir
prinsipial fakt: 2007-ci ildə ABŞ Dövlət Departamentinin
hesabatında Dağlıq Qarabağın Azərbaycan ərazisi
olduğuna şübhə toxumu səpən qeyri-obyektiv
yanaşmaya etiraz olaraq rəsmi Bakının nümayiş
etdirdiyi mövqe yol verilmiş "texniki"
yanlışlığın tez bir zamanda aradan
qaldırılmasını təmin etmişdir. Rəsmi Bakının
İraqdakı sülhyaratma əməliyyatlarında
iştirak edən Azərbaycan hərbçilərini geri
çağırmaq barədə qərar qəbul etməsi də
respublikamızın müstəqil siyasətindən xəbər
verir.
Nəhayət, bir
müddət əvvəl Türkiyənin Ermənistanla sərhədləri
açacağı ilə bağlı yayılan məlumatlar
fonunda cənab İlham Əliyevin bu ölkədə
keçirilən "Mədəniyyətlər
İttifaqı" layihəsinin təqdimat mərasimində
iştirak etməməsi analitiklər tərəfindən respublikamızın qətiyyətli
mövqeyinin nümayişi kimi dəyərləndirildi. Bu və digər faktlar bir daha təsdiqləyir ki, Azərbaycanın
xarici siyasəti ölkənin milli maraq və təhlükəsizliyinə
toxunan istənilən məqama məhz bu cür həssas və
çevik reaksiya göstərir, dövlətin özünəinamını,
gücünü ifadə edən bu uğurlu diplomatiya əksərən
qarşıya qoyulan məqsədlərin gerçəkləşməsinə
imkan verir.
Xalqla hakimiyyətin mənəvi birliyi
Müstəqil xarici siyasət
yeridən, milli təhlükəsizliyi təmin etmək
üçün hücumçu diplomatiyaya üstünlük
verən hər bir hakimiyyət daxili potensialına və
resurslarına, ən başlıcası, xalqın dəstəyinə
güvənir. Xalqdan mandat alan, cəmiyyət
qarşısında sosial məsuliyyətini düzgün dəyərləndirən
hakimiyyət komandası fəaliyyəti ilə daim ictimai
etimadı doğrultmağa, hər bir vətəndaşın
mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi
islahatlar kursu həyata keçirməyə, milli maraqları
uca tutmağa çalışır. Bu
prinsip ümummilli lider Heydər Əliyevin dövlətçilik
irsini inamla davam etdirən Azərbaycan Prezidentinin fəaliyyətinin
başlıca qayəsini təşkil edir. İlk gündən
hakimiyyətin xalqa layiqli xidmət vasitəsi olduğunu bəyan
etmiş dövlət başçısı ötən
müddətdə verdiyi bütün vədləri əməli
işi ilə doğrultmaq üçün əzmlə
çalışmış, hər bir addımda vətəndaşların
mənafeyini əsas götürmüş, çevik və qətiyyətli
diplomatiyaya üstünlük vermişdir. Xalqın dəstəyini
hiss edən dövlət başçısı İlham Əliyev
Azərbaycanın milli maraqları ilə bağlı istənilən
məsələdə prinsipial və qətiyyətli mövqe
tutmuşdur.
2008-ci ilin 15 oktyabr
seçkilərinin nəticələri bir daha təsdiqləmişdir
ki, Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin
dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin,
iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin
edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Son illərdə
respublikamızda uğurla həyata keçirilən siyasət,
ilk növbədə, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsinə,
Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafına
yönəlmişdir.
Milli dövlət
quruculuğu prosesi sürətləndikcə, ictimai,
hüquqi, psixoloji mühit yeniləşdikcə,
respublikanın dünya iqtisadiyyatına inteqrasiyası dərinləşdikcə,
cəmiyyətin hüquq sisteminin əsasını təşkil
edən normativ-hüquqi aktların da müasirləşdirilməsi
zərurəti meydana çıxır. Azərbaycan
Respublikası Konstitusiyasına yeni dövrün tələbləri
ilə uzlaşan bir sıra əlavə və dəyişikliklərin
edilməsi də məhz bu reallıqla şərtlənərək
insan və vətəndaş hüquq və azadlıqlarına
daha etibarlı təminat mexanizmləri formalaşdırmaq niyyətindən
irəli gəlmişdir. Azad, ədalətli və demokratik
şəraitdə keçməklə milli iradəni ifadə
edən 2009-cu ilin 18 mart referendumu, ilk növbədə, Azərbaycanın
demokratikləşmə və vətəndaş cəmiyyəti
quruculuğu yoluna sadiqliyini nümayiş etdirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev
haqlı olaraq son referendumun nəticələrini xalqla iqtidar
arasında dərin mənəvi bağlılığın,
mənəvi vəhdətin ifadəsi kimi dəyərləndirir:
"Bu yaxınlarda keçirilmiş ümumxalq
səsverməsi - referendum və Azərbaycan xalqının
qoyulan məsələlərə münasibəti bir də
onu göstərir ki, Azərbaycanda xalqla iqtidar arasında vəhdət
möhkəmlənib, güclənib və bu da çox
sevindirici haldır. Bütün bunları
biz gündəlik həyatda görürük, insanların
yaşayış səviyyəsinin
yaxşılaşdırılmasında, ictimai-siyasi vəziyyətin
düzgün istiqamətdə inkişaf etməsində
görürük. Əlbəttə, bu, bizə əlavə
imkan yaradır ki, islahatları daha da uğurla aparaq".
Müasir dövrdə
seçkilərin demokratikliyi təkcə ölkədə siyasi
sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin
təmini baxımından deyil, həm də Azərbaycanın
beynəlxalq nüfuz və mövqelərinin gücləndirilməsi
baxımından müstəsna əhəmiyyət kəsb
edir. 18 mart referendumunun qanunvericiliyin tələblərinə
uyğun şəkildə keçdiyini, Avropa standartlarına
tam cavab verdiyini, yekun nəticələrin xalqın azad siyasi
iradəsinə əsaslandığını səsvermə
günü prosesi yaxından izləmiş beynəlxaq
müşahidəçilər, habelə bu sahədə
ixtisaslaşmış ayrı-ayrı beynəlxalq təşkilatların
nümayəndələri də birmənalı etiraf
edirlər.
Ümumiyyətlə, son səkkiz
ayda Azərbaycanda keçirilmiş iki seçki kampaniyası
ölkənin demokratikləşməsi xəttinin uğurla
davam etdirildiyini göstərməklə yanaşı, təcavüzkar
Ermənistanda keçirilmiş son prezident və mer
"seçkiləri" ilə müqayisəyə gəlmir.
Xatırladaq ki, Ermənistanda keçirilmiş
son prezident seçkilərinin qeyri-demokratikliyinə, total
şəkildə saxtalaşdırılmasına etiraz olaraq
geniş vüsət almış kütləvi
iğtişaşlar nəticəsində hökumət
qüvvələri 20-dən çox nümayişçini
amansızlıqla qətlə yetirmiş, yüzlərlə
insanı həbs etmişdilər. Təcavüzkar
dövlətdə fövqəladə vəziyyət elan
olunmuş, kütləvi informasiya vasitələrinin fəaliyyəti
məhdudlaşdırılmış, hətta internet də
senzuraya məruz qalmışdı. Azərbaycana
işğalçılıq siyasətindən əl çəkməyən,
açıq-aşkar Rusiyanın "for-postu" kimi
çıxış edən Ermənistandan fərqli
olaraq, Azərbaycana legitim, xalqın inamına söykənən
hakimiyyət komandası rəhbərlik edir.
İqtisadi nailiyyətlər milli təhlükəsizliyə
etibarlı təminatdır
Nazirlər
Kabinetinin 2009-cu ilin I rübünün sosial-iqtisadi
yekunları ilə bağlı keçirilmiş iclası dəqiq
iqtisadi hesablama əsasında həyata keçirilən
çevik islahatlar nəticəsində ümumi daxili məhsul
istehsalına görə dünyanın ən sürətlə
inkişaf edən dövlətlərindən birinə
çevrilən Azərbaycanın qlobal maliyyə
böhranının təsirlərinə ən az məruz
qalan dövlətlər sırasında olduğunu bir daha
göstərdi. Əksər dünya ölkələrində
iqtisadi inkişafa ciddi zərbə vuran qlobal maliyyə
böhranına rəğmən, Azərbaycanın 2009-cu ilin
birinci rübündə qazandığı yüksək
nailiyyətlər sistemli və düzgün koordinasiya
olunmuş preventiv tədbirlərin nəticəsidir. Dövlət başçısı İlham Əliyevin
Nazirlər Kabinetinin iclasında xüsusi
vurğuladığı kimi, bir çox dövlətlərin
milli valyutası devolvasiyaya məruz qalaraq yüksək faizlərlə
qiymətdən düşsə də, Azərbaycanda
manatın kursunun sabit saxlanılması əhalinin
alıcılıq qabiliyyətinə mənfi təsir göstərmir.
Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi beynəlxalq
maliyyə institutları 2009-cu ildə dünya üzrə
iqtisadi geriləmənin baş verəcəyini
proqnozlaşdırsalar da, Azərbaycan iqtisadiyyatı ilin
birinci rübündə 14 faiz artmışdır. "Bəzi bədxahlar - Azərbaycana
paxıllıqla yanaşan və bizim
uğurlarımızı qəbul etmək istəməyən
dairələr, adətən, Azərbaycanın uğurlu
iqtisadi inkişafını neft amili ilə bağlayırlar.
İndi neftin qiyməti 3-4 dəfə aşağı
düşübdür. Bu il müəyyən səbəblərə
görə Azərbaycanda neft hasilatı aşağı
düşübdür. Amma buna baxmayaraq, Azərbaycanın
iqtisadiyyatı artır. Birinci rübün ilkin rəqəmləri
artıq mənə çatdırılıb, indi tam təhlil
aparılır. Rəqəmlər göstərir ki, birinci
rübdə Azərbaycanda qeyri-neft sektorunda 14 faiz artım var.
Budur bizim iqtisadi və siyasi islahatlarımızın nəticəsi.
Budur real iqtisadiyyatı şaxələndirmə siyasətinin
nəticəsi. Biz buna nail ola bilmişik. Daxili
istehsalı təşviq etməklə, kreditlərin verilməsini
təmin etməklə, özəl sektorun maraqlarını
müdafiə etməklə və digər tədbirlər nəticəsində
neft amilindən asılılığımızı xeyli dərəcədə
azalda bilmişik. Əminəm ki, gələcəkdə bu
istiqamətdə daha böyük addımlar
atılacaqdır" - deyə dövlət
başçısı bildirmişdir.
Dinamik inkişaf və tərəqqiyə
yol açan islahatlar kursu 2009-cu ilin I rübündə də
yüksək templə davam etdirilmiş, əvvəlcədən
planlaşdırılmış bütün layihələr
uğurla həyata keçirilmişdir. Azərbaycanın
enerji təhlükəsizliyinin möhkəmləndirilməsi,
qeyri-neft sektorunun inkişafı, ölkədə əlverişli
biznes və investisiya mühitinin
formalaşdırılması, işsizlik, yoxsulluq kimi problemlərin
həlli, əhalinin sosial müdafiəsinin gücləndirilməsi
kimi mühüm məqamlar hesabat dövründə gerçəkləşdirilən iqtisadi siyasətin prioritet istiqamətləri kimi
diqqəti cəlb edir. 2009-cu ilin ötən dövründə
Azərbaycanda ümumi daxili məhsulun artımı 4,1 faiz,
qeyri-neft sektorunda 14 faiz təşkil etmişdir. İxrac 20
faiz, respublika iqtisadiyyatına qoyulan investiyaların həcmi
19,6 faiz, orta aylıq əməkhaqqı 26,5 faiz artmışdır.
Kənd təsərrüfatı məhsullarının
istehsalında artım 4,3 faiz, ümumi yük
daşımalarının həcmində 5 faiz təşkil
etmiş, pərakəndə əmtəə dövriyyəsi
10 faiz, pullu xidmətlərin həcmi 20,5 faiz
çoxalmışdır. Yanvar-fevral aylarında xarici ticarət
dövriyyəsi 13,3 faiz artaraq 2 milyard 418 milyon dollar təşkil
etmişdir.
Dünya Bankı mart ayında tərtib
etdiyi İqtisadi Memorandumda Azərbaycanın başqa ölkələrlə
müqayisədə qlobal böhranı daha güclü
mövqe ilə qarşıladığını, habelə
maliyyə sektorunun böhranı əzmlə dəf etdiyini
göstərmişdir. Nüfuzlu "Fitçh Ratings"
agentliyi Avropanın 21 ölkəsindən 19-da ümumi daxili məhsulun
azalacağını, birində dəyişməyəcəyini,
yalnız Azərbaycanda iqtisadi artımın
olacağını bildirmişdir. Asiya İnkişaf Bankı
isə bu artımı 8 faiz civarında
proqnozlaşdırmışdır. Azərbaycan
dünyanın azsaylı dövlətlərindən biridir ki,
milli valyutası devolvasiyaya məruz qalmamış, həyata
keçirilən antiinflyasiya tədbirləri səmərəli
nəticələr vermişdir.
Türkiyə Ermənistanla sərhədlərin
açılması məsələsinə son qoydu
Fevral ayından
etibarən rəsmi Ankaranın Ermənistanla sərhədləri
açacağı ilə bağlı yayılan, rəsmən
təkzibi xeyli çəkən məlumatların istər
Türkiyədə, istərsə də Azərbaycanda müxtəlif
səviyyələrdə narazılıqla
qarşılanması, ciddi müzakirə obyektinə
çevrilməsi
iki dost, qardaş ölkə arasındakı münasibətlərin
əlahiddə xarakterindən irəli gəlirdi. Fəqət, Azərbaycan bu məsələdə də
kifayət qədər təmkinli, diplomatik normalar çərçivəsində
davrandı, cərəyan edən proseslərə emosiyalar əsasında
deyil, rasional, praqmatik təfəkkürlə qiymət verməyə
çalışdı. Rəsmi Bakı istənilən
geosiyasi dəyişikliyə Azərbaycan xalqının
milli maraq və mənafeyini əsas tutaraq qiymət verəcəyini
bəyan etməklə, həm də qətiyyətli mövqe
nümayiş etdirdi.
Etiraf etmək lazımdır ki,
bu məsələnin hətta müzakirə olunması belə,
iki qardaş dövlət arasında uzun illər
formalaşmış strateji müttəfiqlik münasibətlərində
mənəvi-psixoloji baryerlər doğururdu. Hər bir
dövlətin diplomatiyada müəyyən taktiki manevrlərə
əl atmaq, siyasi oriyentirlərdə dəyişikliklər etmək
məcburiyyətində qaldığı vaxtlar olur. Fəqət,
Ermənistanla münasibətlərin tarixi və Cənubi
Qafqaz regionundakı mövcud durum Türkiyənin
işğalçı dövlətə güzəştli
yanaşmasını təkcə siyasi deyil, həm də mənəvi-psixoloji
baxımdan yolverilməz edir.
Ermənistanın məkrli
siyasətində heç nə dəyişmədiyi halda,
Türkiyənin təcavüzkar dövlətlə sərhədi
açması, əcaba, nəyi dəyişəcəkdi?
Şübhəsiz bu sualın bir cavabı var-Türkiyə ilə
sərhədlərin açılması daha çox Ermənistanın
maraqlarına xidmət etməklə, təcavüzkar dövlətin regiondakı
manevr imkanlarını genişləndirə bilərdi. Azərbaycanda bu məsələ ilə bağlı
istər ictimai, istərsə də rəsmi səviyyədə
açıq ifadə olunan etirazlar isə təkcə Ermənistanın
Azərbaycana qarşı işğalçı siyasətindən,
beynəlxalq hüquq norma və prinsiplərinə etinasız
münasibətindən irəli gəlmirdi. Ermənistanla
sərhədlərin açılması ən azı
psixoloji-siyasi anlamda da Türkiyənin dövlət mənafeyinə
cavab vermirdi.
Siyasətdə nə qədər
çətin, mürəkkəb situasiyalar olsa belə, müəyyən
mənəvi-əxlaqi dəyərlər, milli maraqlar sonda
sözünü deyir. Zəngin dövlətçilik
təcrübəsinə, iqtisadi, siyasi və hərbi potensiala
malik Türkiyə də yayılan əsassız məlumatlara
rəğmən, sonda milli maraqlarını müdafiə etmək,
müstəqil siyasət yeritmək niyyətində
olduğunu sübuta yetirdi. Türkiyənin Prezidenti
Abdulla Gül, Baş naziri Rəcəb Tayyib Ərdoğan bu məlumatların
reallıqdan uzaq olduğunu bəyan etdilər.
Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğanın Bakıya son səfəri isə iki
dost ölkə arasında diskomfort yaradan bu mövzuya birdəfəlik
son qoydu. Cənab Ərdoğan yayılan məlumatları
qətiyyətlə təkzib edərək hər hansı
narahatlığa, tərəddüdlərə əsas
olmadığını bir daha bəyan etdi. "İsrarla
üzərində dayandığım məsələ budur -
bizim sərhədlərimiz Dağlıq Qarabağın
işğalından sonra bağlanmışdır.
İndi də işğal ortadan qalxmayınca biz sərhədlərimizi
açmayacağıq. Bunu kim söyləyir? Bunu Türkiyə
Cümhuriyyətinin Baş naziri söyləyir. Bundan başqa daha zəmanətli ifadə ola bilərmi?!"
- deyən Türkiyənin Baş naziri hamını bu
mövqeyə güvənli yanaşmağa, iftira xarakterli,
fitnəkar məlumatlara inanmamağa çağırdı.
Onun fikrincə, Türkiyə ilə Azərbaycan arasında
münasibətlər "Bir millət, iki dövlət"
devizinə uyğun inkişaf edir və bu əlaqələrdən
narahatlıq keçirən qərəzli dairələrin fitnəkar
cəhdləri heç bir fayda verməyəcək.
Cənab Rəcəb Tayyib Ərdoğanın
Bakıda verdiyi açıqlamalar eyni zamanda rəsmi
Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə prinsipial və dəyişməz
mövqeyini ifadə edir. Türkiyə bu məsələdə
Azərbaycanın narahatlığını təbii qəbul
etməklə yanaşı, indiki reallıqda Ermənistanla sərhədlərin
açılması üçün heç bir səbəb
görmür: "Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki
həssaslığı, həmçinin bizim də həssaslığımızdır.
Dağlıq Qarabağ məsələsində bu günə
qədər yol verilmiş bəzi möhtəkirliklər
Türkiyə olaraq, Türkiyə Cümhuriyyətinin
hazırkı hökuməti olaraq bizim qəbul etməyimiz
mümkün deyildir. Bu günə qədər necə qəbul
edilməyibsə, bu gün də eyni şəkildə qəbul
edilə bilməz, inanıram ki, belə bir şey bundan sonra
da əsla qəbul edilməyəcəkdir. Çünki burada
bir səbəb-nəticə bağlılığı
vardır. Dağlıq Qarabağın işğalı bir səbəbdir.
Sərhədlərin bağlanması bir nəticədir".
Bütövlükdə,
rəsmi Bakı bu gün istənilən dövlətlə əməkdaşlığını
sivil diplomatik normalar çərçivəsində, beynəlxalq
hüquq normaları əsasında qurmaqla, həm milli təhlükəsizliyini
təmin etməyə, həm də regionda sülhün,
sabitliyin möhkəmlənməsinə, regional əməkdaşlıq təşəbbüslərinin
miqyasca genişlənməsinə çalışır. Rəsmi
Bakı hansısa dövlətin mənafeyinə xələl
gətirməyən, regionda hansısa narahatlıq yaratmayan qətiyyətli,
sabit, konkret hədəflərə istiqamətlənmiş
çevik diplomatiya ilə Azərbaycan xalqının
maraqlarını daim uca tutur. Nəticədə
bu gün dünya siyasətinin gedişinə ciddi təsir
imkanları olan əsas güc mərkəzləri də
respublikamızla hesablaşır, Azərbaycanla təhdid və
təzyiq dilində deyil, konstruktiv, qarşılıqlı
faydalı əməkdaşlıq ovqatında
danışmağın yeganə düzgün yol olduğunu
başa düşürlər.
Xalid Niyazov
Azərbaycan.-2009.-5 iyun.-S.4.