Bakıda XVI Beynəlxalq Xəzər neft və qaz
konfransı başa çatmışdır
İyunun 4-də "Hyatt Regency-Naxçıvan" mehmanxanasında XVI Xəzər Beynəlxalq neft və qaz konfransı işini davam etdirmişdir.
Konfransın ikinci iş günündə "Avropanın enerji təminatının şaxələndirilməsi" mövzusunda müzakirələr davam etdirilmişdir. "Xəzərin neft və qaz ehtiyatlarının mənimsənilməsi və dünya bazarına nəqli", "Xəzər regionunda beynəlxalq nəql layihələri" mövzusunda geniş iclaslar, "Cənubi Xəzər regionu-Azərbaycan, İran, Türkmənistan: regional əməkdaşlıq və ehtiyatların nəqli perspektivləri" mövzusunda interaktiv diskussiya keçirilmişdir.
ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Nabukko beynəlxalq qaz kəmərinin icraçı direktoru Reinhard Mitçek, İTGİ layihəsinin rəhbəri Elio Rucceri, "StatoilHidro-Azərbaycan" şirkətinin aparıcı müvəkkili Sveynunq Dankel, Trans Adriatik layihəsinin icraçı direktoru Robert Klayn, E.ON Ruhrqaz AG şirkətinin baş vitse-prezidenti Uve Fip, ARDNŞ-in sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov və başqalarının məruzə və çıxışları dinlənilmiş, müzakirələr aparılmış, ekspertlərin, jurnalistlərin çoxsaylı sualları cavablandırılmışdır.
Konfransda Avropa İttifaqı dövlətlərinin enerji daşıyıcılarına, xüsusən təbii qaza artan tələbatının təhlükəsiz ödənilməsində Xəzər regionunun rolu, nəql sisteminin mövcud vəziyyəti, perspektivləri, yeni sərmayələrin təşviqi və qorunması, kəmərlərin çəkilişi, mühafizəsi, maliyyələşməsi, regionun ekoloji durumu, ətraf mühitin çirklənməsinin qarşısının alınması, ayrı-ayrı qlobal layihələr üzrə əməkdaşlıq, beynəlxalq maliyyə təsisatları ilə əlaqə, ehtiyatların qiymətləndirilməsi, hasilat sənayesində şəffaflığın təmin edilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi, işgüzar diskussiyalar aparılmışdır.
Xüsusi
vurğulanmışdır ki, Xəzər regionundakı
neft-qaz ehtiyatlarının kəşfiyyatı, istismarı, nəqli
sahəsində Azərbaycanın dünyanın aparıcı
dövlətləri, beynəlxalq şirkətləri ilə əməkdaşlığı
və bu sahədə şəffaf mövqeyi həm region, həm
də Avropa ölkələri tərəfindən bəyənilir
və dəstəklənir. Konfrans
iştirakçıları bir daha vurğulamışlar ki,
XVI beynəlxalq neft-qaz sərgisi və konfransı
böyük əhəmiyyətə malik hadisədir və Azərbaycanın
mühüm neft-qaz hasilatçılarından birinə
çevrilməsinin əyani nümunəsidir, ölkəmizin
Avropanın enerji təhlükəsizliyinə böyük
töhfə verdiyini göstərir.
Xarici ölkələrin və
şirkətlərin təmsilçiləri
çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevin
sərginin açılış mərasimindəki nitqində
səslənmiş fikirlərini yüksək qiymətləndirdiklərini,
neft müqavilələrinin həyata keçirilməsində,
neft gəlirlərindən şəffaf istifadə olunması,
neft kapitalının insan kapitalına çevrilməsi sahəsində
Azərbaycanda görülmüş işlərdən, eləcə
də tədbirin təşkili səviyyəsindən məmnun
qaldıqlarını, gələn il keçiriləcək ənənəvi
sərgi-konfransda da böyük məmnuniyyətlə
iştirak edəcəklərini bildirmişlər. Qeyd
edilmişdir ki, əvvəlki illərdən fərqli olaraq
iştirakçıların xüsusi fəallığı
ilə seçilən budəfəki sərgi-konfrans
qarşılıqlı əməkdaşlığın
yaranmasına və inkişafına öz töhfələrini
verəcək, yeni müqavilələrin imzalanmasına təsir
göstərəcəkdir.
Bununla da konfrans öz işini
başa çatdırmışdır.
Azərbaycan.-2009.-5 iyun.-S.6.