Rusiyadakı azərbaycanlı gənclər mütəşəkkil təşkilatlanırlar

 

Bu günlərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tələbə-gənclərdən ibarət bir qrup nümayəndəsi MDU-nun Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın dəvəti ilə respublikamıza səfər etmişdir. Nümayəndə heyətinin tərkibində olmuş MDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dördüncü kurs tələbəsi, universitetin Əcnəbi Tələbələr Şurasının sədr əvəzi, ali məktəbdəki "Azərbaycan klubu"nun rəhbəri Ülfət ƏLİYEV redaksiyamızın qonağı oldu. O, Rusiyada təhsil alan azərbaycanlı tələbələrin fəaliyyətindən, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin gördüyü işlərdən ətraflı söhbət açdı:

- 2007-ci il mayın 3-də MDU-da Azərbaycan mədəniyyətini, coğrafiyasını, tarixini universitetin bütün tələbələrinə təbliğ etmək üçün "Azərbaycan Klubu"nu təsis etdik. Ötən müddət ərzində mühüm uğurlara imza atmışıq. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın qayğısı, Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlunun köməyi ilə müxtəlif tədbirlər keçirmişik. Eyni zamanda, universitetin bütün tədbirlərində fəal iştirak edirik. Həftənin hər şənbə günü milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi təbliğ edən tələbə toplantılarını təşkil edirik. Bu tədbirlərdə Azərbaycan mədəniyyətinə, tarixinə aid məruzələr oxunur.

2008-ci il mayın 20-də MDU-nun bütün əcnəbi tələbələrinin iştirakı ilə "Azərbaycan mədəniyyəti günü" keçirildi. Tədbirdə mədəniyyətimizi geniş təbliğ etdik, həmçinin proqramda müxtəlif rəqslər, sərgilər də yer almışdı. 700 tələbənin iştirak etdiyi tədbirin keçirilməsinə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva böyük dəstək olmuşdu.

"Azərbaycan klubu" qısa müddət ərzində gördüyü işlərlə Moskva Dövlət Universitetinin gənclər təşkilatları arasında ən fəal qurum kimi tanınmışdır. Artıq 6 aydır ki, "Azərbaycan klubu" universitetin 60-dan çox ölkəni təmsil edən Əcnəbi Tələbələr Şurasına rəhbərlik edir. Klubumuzda 300 fəal tələbə birləşib. Onlar Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin təbliğində xüsusi rol oynayırlar. İctimai təşkilatımızın fəaliyyəti nəticəsində ölkəmizin nüfuzu digər əcnəbi tələbələr arasında daha da artmışdır.

İki il əvvəl MDU-nun əcnəbi tələbələrinin ölkəmiz haqqında məlumatları xeyli az idi. Amma bu gün universitetin bütün tələbələri Azərbaycan haqqında dolğun təsəvvürlərə malikdirlər. Biz köməyə ehtiyacı olan tələbələrə də əlimizdən gələn yardımı göstəririk. Qeyd edim ki, Leyla xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə MDU-da klub təsis edilib. Hər bir tədbirimiz yüksək səviyyədə qarşılanır, təşkilatlanma işində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin xüsusi rolu olmuşdur. Çox sevinirik ki, fəaliyyətimizə böyük dəstək verilir. Rusiyadakı Azərbaycan gənclərinin, diaspor təşkilatlarının fəallığının artması Leyla xanım Əliyevanın fəaliyyətinin nəticəsidir. Ümumrusiya Azərbaycanlıları Konqresi də fəaliyyətimizə hər zaman qayğı ilə yanaşır və dəstəyini bizdən əsirgəmir.

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və Heydər Əliyev Fondunun bu ölkədəki nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva gənc soydaşlarımızı birləşdirmək, xarici ölkələrin müvafiq təşkilatları ilə əlaqələri inkişaf etdirmək istiqamətində ardıcıl fəaliyyət göstərir. Gənclər Təşkilatının nümayəndələri Rusiya tələbələri birliyinə fəal inteqrasiya etməyə səy göstərir, təhsil aldıqları ali məktəbləri müxtəlif tədbirlərdə uğurla təmsil edirlər. Əlamətdar haldır ki, MDU-nun Əcnəbi Tələbələr Şurasının sədr əvəzi, RAGT nümayəndəsi, milliyyətcə azərbaycanlı seçilmişdir. Ayrı-ayrı ölkələrdən gəlmiş diasporumuzun gənc nümayəndələrini birləşdirməyə, onların başqa millətlərdən olan yaşıdları ilə qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş bu güclü fəaliyyətin şahidi olan tələbələr böyük həvəslə RAGT ideyalarına qoşulurlar.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi fondun Azərbaycanda gerçəkləşdirdiyi təhsil, idman və digər sahələrdə analoji layihələrini qonşu ölkədə də uğurla həyata keçirir. "Təhsilin dəstəklənməsi" layihəsi çərçivəsində Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva mütəmadi olaraq bu ölkənin müxtəlif bölgələrinə səfərlər edir.

Mayın 23-24-də Rusiya paytaxtında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş mini-futbol üzrə turnir keçirilmişdir. "Lujniki" Olimpiya Kompleksində Moskvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr arasında "Heydər Əliyev kuboku" uğrunda keçirilən turnir Leyla xanım Əliyevanın başçılıq etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı tərəfindən təşkil olunmuşdur. 16 komandanın iştirakı ilə keçirilmiş yarışların qalibi Moskva Dövlət Sosial-Humanitar İnstitutunun komandası oldu. Komandaya qızıl medalları turnirin final oyunlarına tamaşa edən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva təqdim etdi.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Azərbaycan diasporu ilə əlaqələrin genişləndirilməsinə, bu ölkədəki azərbaycanlı gənclərin sıx birləşməsinə və onların rus cəmiyyətinə inteqrasiya etməsinə, azərbaycanlı gənclərin Rusiyanın ictimai-siyasi həyatında rolunun və nüfuzunun artmasına, Azərbaycan mədəniyyətinin nailiyyətlərinin nümayiş etdirilməsinə, dövlətimizin bugünkü reallıqlarının Rusiya ictimaiyyətinə çatdırılmasına, Azərbaycan və Rusiya xalqları arasında dostluğun möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği istiqamətində də çox mühüm işlər görür.

MDU-nun "Azərbaycan Klubu" Rusiya Federsiyasında fəaliyyət göstərən diaspor təşkilatlarımızın tədbirlərində fəal iştirak edir, onların həyata keçirdikləri layihələrə geniş dəstək verir. Azərbaycanlı tələbələrin fəaliyyət dairəsinin genişlənməsində diaspor təşkilatları da xüsusi rol oynayır. Rusiyadakı cəmiyyətlərimiz çalışır ki, ümumi məsələlərin həllində bir-birimizə yaxından kömək göstərək. Biz bədii, əyləncəli, eyni zamanda, intellektual yaradıcı tədbirlərdə də yaxından iştirak edir, Avropa və Asiyada keçirilən elmi simpoziumlara qatılırıq. Azərbaycanlı tələbələr ölkəmizin təbliği sahəsində üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar. İftixarla qeyd etmək istərdim ki, Rusiyanın ən fəal və intellektual gənc diasporunu bu gün məhz azərbaycanlı gənclər təşkil edir.

Təhsil aldığım ali məktəbin Bakıda fəaliyyət göstərən filalı ilə bağlı da təəssüratımı bölüşmək istərdim. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılan bu ali məktəb qısa müddət ərzində gözləniləndən də böyük nailiyyətlərə imza atıb. Bir məqamı vurğulamaq istərdim ki, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın rəhbərlik etdiyi MDU-nun Bakı filialı bu gün nəinki Azərbaycan təhsilinin flaqmanına çevrilib, ümumiyyətlə, bu tədris ocağı Rusiyada da MDB-nin ən yüksək təhsil verən və səviyyəli ali məktəbi kimi qəbul olunur. Moskvada müəllimlərimiz daim Bakı filialı ilə bağlı yüksək rəylərini bildirirlər. Amma ən əlamətdar məqam odur ki, Rusiyadakı müəllimlər MDU-nun Bakı filialında rotasiyalı dərs demək və mühazirə oxumaq üçün artıq növbəyə yazılırlar. Hər dəfə də Azərbaycandan qayıtdıqdan sonra universitetdəki elmi konfranslarda, tədbirlərdə bu müəllimlər MDU-nun Bakı filialının tədris prosesini ən səviyyəli təhsil forması kimi səciyyələndirir, Nərgiz xanım Paşayevanın rəhbərliyi altında bu filialın artıq Moskva Dövlət Universiteti səviyyəsində tam təhsil verdiyini etiraf edirlər. Bu xəbərləri eşitmək azərbaycanlı olaraq Moskvada hər birimizin qəlbini iftixar hissi ilə doldurur.

Elə səfərimiz müddətində də Moskva Dövlət Universitetinin Bakı filialında təhsil prosesi, tələbələrə yaradılan şərait, filalın digər fəaliyyətləri ilə yaxından tanış olduq. Professor Nərgiz Paşayevanın böyük fədakarlığı və zəhməti sayəsində bu ali məktəb artıq Azərbaycan təhsilini dünya miqyasında təmsil etməyə tam layiqdir. Əminik ki, MDU-nun Bakı filialının tələbələrinin, məzunlarının səsi ən yüksək səviyyələrdən gələcək və onlar Azərbaycanın inkişafına böyük töhfələr verəcəklər.

 

 

Anar Rasimoğlu

 

Azərbaycan.-2009.-5 iyun.-S.6.