Qarabağ - milli sənət xəzinəmizin beşiyi

 

Qarabağın ədəbi tarixi çox qədimdir. Bu bölgə zaman-zaman bəşər mədəniyyətinə böyük dahilər, istedadlı sənətkarlar bəxş edib. Musiqinin, təsviri sənətin, şeirin, el nəğmələrinin beşiyi olan qədim Qarabağ haqqında müxtəlif qaynaqlarda, xüsusən də qədim Suriya mənbələrində maraqlı məlumatlar var. Diqqət çəkən bir faktın üzərində dayanaq: hələ XI əsrin ərəbdilli qarabağlı şairi Məsud ibn Namidar "İncil"i ərəb, fars dilləri ilə yanaşı, türk dilinə də ustalıqla tərcümə edib. Böyük türk alimi Mahmud Kaşkarinin "Divani-Lüğəti-Türk" adlı məşhur əsərində Qarabağla ədəbi ənənə arasında ilk genetik amillər haqqında ətraflı məlumatlar verilmişdir. M.Kaşkarinin bu əsərindəki mükəmməl məlumatlar, materiallar, etnoqrafik və toponomik əlamətlər sübut edir ki, dünya şöhrətli alim "folklor xəritəsi"nə Qarabağın uca dağları, əsrarəngiz çayları, düzləri, gölləri, quşqonmaz qayaları, vadiləri və bunlardan poetik şirə tək çəkilən milli sərvətləri daxil olmuşdur. Çox təəssüflər olsun ki, Qarabağın təkcə coğrafi hüdudları deyil, "bədii ərazi"si də tarix boyu dəyişdirilmişdir. Bu əzəmətli diyarın bədii xəritəsi haqqında ətraflı bilgilər İran, Turan, ərəb tarixçiləri ilə yanaşı, bu torpaqda vaxtilə yaşamış söz nəhənglərinin də araşdırmalarında təkrar-təkrar vurğulanmışdır. Görkəmli xəttat, şair, elm və mədəniyyət xadimi Müştəhidzadə bir şeirində Qarabağın ədəbi tarixi sərhədlərini çox dəqiqliklə qələmə alıb:

 

Sınıq körpü, Mülki-İran,

Gün batanı Basarkeçər, İrəvan,

Qibləsidi Araz çayı, Naxçıvan,

Cahangirlər diyarıdır Qarabağ!

 

Təəssüf ki, bu qəhrəmanlar diyarı zaman-zaman yadelli işğalçıların hədəfinə tuş gəlmiş, dəfələrlə talanmış, parçalanmış, bölünmüş və müəyyən hissəsi bu gün də yağı tapdağındadır.

Qeyd etdiyimiz kimi, Qarabağın ədəbi tarixi çox qədimdir. Tarixi mənbələrin hansı səhifəsini vərəqləsən, o möhtəşəm mühitdən mükəmməl məlumatlar verəcək. Sovet dövründə Bakıda fəaliyyətə başlayan Azərbaycan Yazıçılar İttifaqının Qarabağ bölməsi də yaradılmışdır. Bu bölmə o vaxtlar Xankəndidə yerləşirdi. Qarabağ yazıçılar bölməsinin üzvlərinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, həmişə bu qurumun sədri mütləq erməni təyin edilərdi. Hətta mükafatlandırma, ad alma məsələlərində azərbaycanlı yazıçı və şairlərin isimlərinin üzərindən xətt çəkilər, onların halal payı ermənilərə verilərdi. Məlum hadisələrdən sonra Qarabağın ərazisində yaşayıb-yaradan yaradıcı qüvvələr öz doğma yurdlarından perik düşdülər. Soydaşlarımız Dağlıq Qarabağın ərazisindən zorla və vəhşiliklə qovuldular. Uzun müddət qarabağlı şair və yazıçıların sorağı müxtəlif yerlərdən gəlirdi. Ara-sıra mətbuatda dərc edilən ədəbi yazıları oxuduqca xəbər tuturduq ki, kim sağdır, kim dünyasını dəyişib.

Nəhayət, Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə bu pərakəndəliyə son qoymaq üçün Qarabağ yazıçılar bölməsinin yenidən yaradılmasına rəvac verildi. Hazırda bu qurum Ağcabədidə fəaliyyət göstərir. Qurumun sədri şair və ədəbiyyatşünas, pedaqoq Ənvər Əhməddir. Qurum bu rayonların yazarlarını birləşdirir: Yevlax, Bərdə, Ağdam, Ağcabədi, Goranboy, Tərtər, Beyləqan, Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Ağdərə, Xocalı, Xankəndi, Kəlbəcər, Qubadlı, Laçın. Bəllidir ki, bu rayonların əksəriyyəti işğal altındadır. İndi Ağcabədidə bir araya gələn qələm sahiblərinin ən böyük arzusu tezliklə doğma yurda qayıtmaq, onun müqəddəs qoynunda yaşayıb-yaratmaqdır.

Qarabağ yazıçılar bölməsinin sədri Ənvər Əhmədlə redaksiyamızda görüşdük. Söhbət əsnasında Qarabağ ədəbi mühitinin tarixinə nəzər saldıq. Ənvər Əhməd dedi:

- Qarabağ ədəbi mühiti həmişə Yaxın və Orta Şərqdə böyük təsir qüvvəsinə malik olub. X-XI əsrlərdə dünyanın düşüncə tarixində əfsanəvi sənət nəhəngləri olan Səid ibn Əmirül Bərdai, Əbdül Bəkr Bərdai, Məhəmməd İbn Abdulla Bərdai Azərbaycan xalqının söz ustadları kimi məşhurlaşmışdılar. X-XII əsrlərdə ömrünün sonuna qədər ərəb işğalçılarına qarşı mübarizə aparıb əqidəsindən dönməyən xalq qəhrəmanı Babək, poeziya nəhənglərindən olan Məsud ibn Namidar, Mücərəddin Beyləqani və onlarca başqaları Qarabağın bağrından qopan şəxsiyyətlər idilər və onlar əbədilik, qəhrəmanlıq dastanı yaratdılar.

- Məşhur rəssam, şair, nəqqaş Mir Möhsün Nəvvab da şuşalı idi.

- Bəli, o, həm də hərtərəfli bir şəxsiyyət olub. Mir Möhsün Nəvvabın tərtib etdiyi "Tərkireyi-Nəvvab"da yüz şairin adı çəkilir. XIX əsrin sonu XX əsrin əvvəlində təkcə Şuşada onlarca yazıçı, mühərrir, tarixçi, filosof, şair fəaliyyət göstərib. Onlardan Firudin bəy Köçərli, Haşım bəy Vəzirov, Əhməd bəy Cavanşir, Mirzə Adıgözəl bəy, Mirzə Yusif, Mir Möhsün Xəzani, Mirzə Camal, Həsənəli xan Qarabağlı, Mirzə Camal oğlu, Rzaqulu bəy kimi ölməz şəxsiyyətlərin adlarını fəxrlə çəkmək olar.

- Bu, təkzibedilməz faktdır ki, yeni milli şeir məktəbinin əsası XVIII əsrdə məhz Qarabağda qoyulub...

- Elədir. Buna görə də müdriklər belə deyiblər: "Hər şeir yuvası Qarabağ olmaz". Bu mənada biz unudulmaz Molla Pənah Vaqifi hörmət və ehtiramla yad etməliyik. Uzun illər Qarabağda yaşayıb-yaratmış bu klassikimiz Azərbaycan poeziyasına ana dilimizin şirinliyini gətirdi. Qasım bəy Zakir, Baba bəy Şakir, Abdulla bəy Asi, Cani oğlu Abdullanın ədəbi irsi haqlı olaraq Vaqifin ana südü kimi təmiz, büllur poeziyası ilə üzvi surətdə bağlıdır.

- Tarixi mənbələrdə də göstərilir ki, Qarabağda, xüsusilə də onun dilbər guşəsi olan qədim Şuşada həmişə müxtəlif ədəbi məclislər fəaliyyət göstərib.

- Bu, danılmaz həqiqətdir. Əvvəlcə Hacı Abbas Ağahininin, sonra isə məşhur şair, xan qızı Xurşud banu Natəvanın evində "Məclisi-üns" təşkil edilmişdir. Bu məclisin 30-dan artıq üzvü olub. Bu şairlərin sırasında aşağıdakı sənətkarların adları ədəbiyyat tariximizə qızıl xətlə yazılıb: Mirzə Rəhim Fana, Mirzə Həsən Yüzbaşı, Mirzə Ələsgər Növrəs, Mirzə Haqverdi Səfa və onlarca başqaları. Xan qızı Natəvanla bərabər Mir Möhsün Nəvvabın təsis etdiyi "Məclisi-fəramuşan"da da çoxlu şair, rəssam, nəqqaş iştirak edirdilər. Fatmaxanım Kəminə, Mirzə Məhəmməd Katib və başqaları o dövrdə çox məşhur idilər. Mütləq demək lazımdır ki, Qarabağın ədəbi mühitində şeir, ozan, aşıq sənəti, musiqisi, nağılları folklor nümunələri ilə vəhdətdə yaradılıb. XVII-XVIII əsrlərdə Qarabağın ədəbi mərkəzi sanki bir od vulkanı kimi püskürürdü. Həqiqətən də Qarabağ milli sənət xəzinəmizin beşiyidir. Əgər azman söz zərgərlərinin siyahısını tutsaq, bu çox uzun olar. Sarı Aşıq, Aşıq Pəri, Ağa Bəyim Ağa, Məhəmməd bəy Cavanşir, Gülablı Qənbər, Aşıq Valeh, Qasım bəy Zakir, Cəfərqulu xan Nəva, Əli Murad və onlarca başqa fədai belə söz sahibləri idi.

- Bu dediklərinizlə bərabər, Qarabağın ədəbiyyatı, mədəniyyəti, tarixi, fəlsəfəsi, həm də bütövlükdə dünyaca məşhur olan "Qarabağnamə"lərdə də öz əksini tapıb.

- Doğru qeyd edirsiniz. Mirzə Adıgözəl bəy "Qarabağnamə", Mirzə Camal Cavanşir "Qarabağ tarixi", Rzaqulu bəy Mirzə Camaloğlu "Pənah xan və İbrahim Xəlil xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri", Mirzə Mehdi Xəzani "Qarabağ tarixi", Əhməd bəy Cavanşir "Qarabağ xanlığının siyasi vəziyyəti" əsərlərində Qarabağ haqqında hər cür məlumat var.

- Yaxşıdır ki, kökündən qaynaqlanan Qarabağ ədəbi mühiti bu gün də yaşamaqda və mübarizə aparmaqdadır.

- Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsi milli poetik köklər üzərində rişə tapır. Bölmənin nəzdində çalışan ədəbi qüvvələr öz sələflərinin yolunu cəsarətlə və ləyaqətlə davam etdirirlər. Bölməmizin 50-dən çox üzvü var. Hər bir qələm sahibi möhkəm inam və əqidə ilə yaralı Qarabağın ağrılı dərdini poeziyaya, nəsrə gətirərək tarixi həqiqəti yazır. Bu bölmədə fəaliyyət göstərən yazıçı və şairlər həm də müstəqil dövlətimizin əbədi varlığına ürəkdən inanaraq inkişafımızı tərənnüm edirlər. Ümummilli lider Heydər Əliyevin arzu və istəkləri, yurda qayıdış inamı və Prezident İlham Əliyevin apardığı hərtərəfli, genişmiqyaslı tarixi fəaliyyət yazılarımızın qayəsini təşkil edir. Qarabağ bölgəsinin istedadlı şair və yazıçıları arasında Xasay Mehdi, Rəhilə İsmayıllı, Tahir Rza, Şiruyyə Şəhriyar, Şöhlət Əfşar, Qasım Qırxqızlı, Vaqif Kəhrizli, Seyid Hüseyn, Elman Hüseynoğlu, Vahid Əlifoğlu, Mürvət Qədimoğlu, Adil Cümşüdoğlu, Seyid Mirəli, Əyyub Şirlanlı, Allahyar Xocalı, Məhsəti, Vüsal Muxtarov kimi coşqun ruhlu şair və yazıçıların adlarını çəkə bilərik. Qarabağa dönüş, qaçqın, köçkün, didərgin həyatı, eyni zamanda, ən ali arzularımız bölgə yazarlarının yaradıcılıq amalıdır.

Sənət dostlarının, rəhbərlik etdiyi qurumun üzvlərinin hər biri haqqında ağızdolusu danışan Ənvər Əhməd özü barədə susmağa üstünlük verdi. Ömrünü, gününü ədəbiyyata və pedaqoji fəaliyyətə bağlamış Ənvər Əhməd uzun illər rayon qəzetlərində işləmiş, eləcə də Xankəndidə fəaliyyət göstərən Pedaqoji İnstitutda baş müəllim və dosent kimi çalışmışdır. Sonralar isə Şuşa Pedaqoji Universitetinin direktor müavini və direktoru olmuşdur. "M.Ə.Sabirin poetikası" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib alimlik dərəcəsi almış Ənvər Əhməd həm də ədəbiyyatşünas kimi fəaliyyət göstərir. 1982-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Ənvər Əhməd 10-dan artıq şeir kitabının müəllifidir.

...Onların qətiyyətli ədəbi fəaliyyətləri sayəsində Qafqazın konservatoriyası sayılan Qarabağın böyük mənalı, milli ruhlu ədəbiyyatı yaranmaqda davam edir. Bu ədəbiyyatın keşiyində duran bölgə yazarları siyasi cəhətdən kamil, ədəbi mənəvi baxımdan xalqına, torpağına, millətinə son dərəcə bağlı insanlardır. Əminliklə demək olar ki, onların hər biri Qarabağa qayıdış ədəbiyyatının yaradılmasında müstəsna rol oynayacaq.

 

 

Flora Xəlilzadə

 

Azərbaycan.-2009.-5 iyun.-S.7.