Xüsusi iqtisadi zonalar
haqqında" Azərbaycan Respublikasının Qanununda
əlavələr və dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Bu qanun Azərbaycan
Respublikasında xüsusi iqtisadi zonaların yaradılması
və idarə edilməsi ilə bağlı hüquqi və
iqtisadi münasibətləri tənzimləyir, həmin
zonalarda sahibkarlıq fəaliyyətinin təşkili
qaydalarını müəyyənləşdirir.
Maddə 1. Əsas
anlayışlar
1.0. Bu qanunda istifadə
olunan anlayışlar aşağıdakı mənaları
ifadə edir:
1.0.1. xüsusi iqtisadi
zona - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi
üçün xüsusi hüquqi rejimin tətbiq edildiyi Azərbaycan
Respublikası ərazisinin məhdud hissəsi;
1.0.2. xüsusi hüquqi
rejim - sahibkarlıq fəaliyyətinin güzəştli şərtlərlə
həyata keçirilməsi üçün xüsusi iqtisadi
zona ərazisində onun rezidentlərinə tətbiq edilən
rejim;
1.0.3. gömrük ərazisi
- Azərbaycan Respublikasının quru ərazisindən, daxili
sularından, Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsindən (o cümlədən,
orada yerləşən adalar, süni adalar, qurğular və
tikililər) və onların üzərindəki hava məkanından
ibarət olan ərazi;
1.0.4. xüsusi iqtisadi
zonanın rezidentləri - Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq olaraq dövlət qeydiyyatına
alınmış, xüsusi iqtisadi zona ərazisində
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq
üçün bu qanunla müəyyən edilmiş qaydada
xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini
almış hüquqi və fiziki şəxslər;
1.0.5. xüsusi iqtisadi
zonanın yaradılması və fəaliyyəti sahəsində
səlahiyyətli orqan (bundan sonra - səlahiyyətli orqan) - Azərbaycan
Respublikasında xüsusi iqtisadi zonanın yaradılması və
fəaliyyəti ilə əlaqədar dövlət siyasətini
həyata keçirən müvafiq icra hakimiyyəti orqanı;
1.0.6. xüsusi iqtisadi
zonanın administrasiyası - xüsusi iqtisadi zonanın fəaliyyət
müddətində onun ərazisində yaradılan səlahiyyətli
orqanın yerli qurumu;
1.0.7. xüsusi iqtisadi
zonanın operatoru (bundan sonra - operator) - idarəetmə
sazişi çərçivəsində xüsusi iqtisadi
zonanın idarə olunması və inkişaf etdirilməsinə
cavabdehlik daşıyan, bu sahədə böyük təcrübəyə
malik olan şirkət;
1.0.8. idarəetmə
sazişi - xüsusi iqtisadi zonanın idarə olunması və
inkişaf etdirilməsi üçün səlahiyyətli
orqanla operator arasında imzalanan saziş.
Maddə 2. Xüsusi
iqtisadi zonanın yaradılmasının məqsədi
Xüsusi iqtisadi
zonanın yaradılmasının məqsədi xüsusi
hüquqi rejimin və müasir texnologiyaların tətbiqi əsasında
rəqabət qabiliyyətli yeni istehsal və xidmət sahələrinin
təşkili yolu ilə Azərbaycan Respublikasında
sahibkarlığın və bütövlükdə
iqtisadiyyatın inkişafını sürətləndirməkdir.
Maddə 3. Xüsusi
iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
3.1. Azərbaycan
Respublikasının xüsusi iqtisadi zonalar haqqında
qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, bu qanundan, digər normativ hüquqi aktlardan
və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir.
3.2. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə bu qanundan fərqli
qaydalar müəyyən edildikdə, beynəlxalq müqavilələrin
normaları tətbiq edilir.
Maddə 4. Xüsusi
iqtisadi zonada sahibkarlıq fəaliyyəti
4.1. Xüsusi iqtisadi
zonada Azərbaycan Respublikasının qanunvericiliyi ilə
qadağan edilməyən, yüksək rəqabət qabiliyyətli
məhsulların istehsalı və xidmətlərin göstərilməsi
ilə bağlı sahibkarlıq fəaliyyəti həyata
keçirilir.
4.2. Xüsusi iqtisadi
zonada sahibkarlıq fəaliyyətinin aşağıdakı
növləri qadağan edilir:
4.2.1. qanunvericiliyə əsasən
mülki dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış
əşyaların istehsalı, saxlanılması və
satışı, yerin təkindən faydalı
qazıntıların çıxarılması, habelə qiymətli
metalların, neftin, neft məhsullarının və təbii
qazın hasilatı və emalı;
4.2.2. teleradio
yayımı fəaliyyəti;
4.2.3. spirtli içkilərin
və tütün məmulatlarının istehsalı.
Maddə 5. Xüsusi
iqtisadi zonanın yaradılması
5.1. Xüsusi iqtisadi
zonanın yaradılması haqqında qərar müvafiq icra
hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Qərarda
xüsusi iqtisadi zonanın yaradılmasının məqsədi,
təyinatı, fəaliyyət müddəti və maliyyələşdirilməsi
mənbələri müəyyən edilir.
5.2. Səlahiyyətli
orqanın xüsusi iqtisadi zonanın yaradılması
haqqında təklifinə aşağıdakı sənədlər
əlavə edilir:
5.2.1. xüsusi iqtisadi
zonanın yaradılmasının iqtisadi əsaslandırılması;
5.2.2. xüsusi iqtisadi
zonanın müvafiq ərazisinin iqtisadi, sosial və ekoloji
şəraitinin təhlili, maddi və əmək
resursları, kommunikasiyalar və digər infrastrukturla təminatı
imkanları barədə məlumat;
5.2.3. yaradılması təklif
olunan xüsusi iqtisadi zonanın Əsasnaməsinin layihəsi;
5.2.4. xüsusi iqtisadi
zonada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin
növləri və onların xüsusiyyətləri;
5.2.5. xüsusi iqtisadi
zonanın ərazi sərhədlərinin dəqiq təsviri və
ərazinin planı, yaradılması təklif olunan xüsusi
iqtisadi zonada yerləşən torpaqların tərkibi
haqqında məlumat, torpaq sahələrinin mülkiyyətçilərinin
və torpaq istifadəçilərinin siyahısı;
5.2.6. xüsusi iqtisadi
zonanın yaradılması ilə əlaqədar tədbirlər
planı.
5.3. Səlahiyyətli
orqan yaradılacaq hər bir xüsusi iqtisadi zonanın Əsasnaməsinin
layihəsini hazırlayır və təsdiq olunmaq
üçün müvafiq icra hakimiyyəti orqanına təqdim
edir. Əsasnamədə xüsusi iqtisadi zonanın vəzifələri,
həyata keçiriləcək sahibkarlıq fəaliyyəti
növləri, müvafiq dövlət orqanları və bələdiyyələrlə
qarşılıqlı münasibətləri və digər
şərtlər müəyyən edilir.
Maddə 6. Xüsusi
iqtisadi zonanın ərazisinin müəyyənləşdirilməsi
Xüsusi iqtisadi
zonanın ərazisi onun fəaliyyəti üçün zəruri
olan infrastrukturun (yol, elektrik enerjisi, qaz, su təminatı və
s.), işçi qüvvəsinin və digər amillərin
mövcudluğu, ərazinin inkişaf perspektivi qiymətləndirilməklə
müəyyən edilir.
Maddə 7. Xüsusi
iqtisadi zonanın maliyyələşdirilməsi
Xüsusi iqtisadi
zonanın maliyyələşdirilməsi xüsusi iqtisadi
zonanın fəaliyyətindən əldə edilən gəlirlər,
habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr
hesabına həyata keçirilir.
Maddə 8. Xüsusi
iqtisadi zonanın ləğv edilməsi
8.1. Xüsusi iqtisadi zona
onun yaradılması haqqında qərarda müəyyən
edilmiş müddət bitdikdən sonra ləğv edilir.
Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə
xüsusi iqtisadi zonanın müəyyən edilmiş fəaliyyət
müddəti uzadıla bilər.
8.2. Xüsusi iqtisadi zona
onun yaradılması haqqında qərarda müəyyən
edilmiş müddətdən əvvəl müvafiq icra
hakimiyyəti orqanının qərarı ilə
aşağıdakı hallarda ləğv edilə bilər:
8.2.1. dövlətin
maraqları, təhlükəsizliyi, müdafiə qabiliyyəti
ilə bağlı zərurətdən irəli gələn
hallarda;
8.2.2. xüsusi iqtisadi
zonanın yaradılması haqqında müvafiq qərar qəbul
edildikdən sonra keçən 3 il ərzində:
- sahibkarlıq fəaliyyəti
üçün heç bir razılaşma
bağlanmadıqda və ya əvvəl bağlanmış
razılaşmalar qüvvədən düşdükdə;
- xüsusi iqtisadi
zonanın rezidentləri tərəfindən sahibkarlıq fəaliyyəti
həyata keçirilmədikdə.
8.3. Xüsusi iqtisadi
zonanın ləğv edilməsi ilə bağlı həyata
keçirilən tədbirlər müvafiq qanunvericiliklə
müəyyən edilir.
8.4. Xüsusi iqtisadi
zonanın müəyyən edilmiş müddətdən əvvəl
ləğv edilməsi haqqında qərar onu qəbul etdikdən
1 ay sonra qüvvəyə minir.
Maddə 9. Xüsusi
iqtisadi zonanın idarə olunması və inkişafı
9.1. Xüsusi iqtisadi zona
yaradıldıqdan sonra səlahiyyətli orqan onun idarə
olunmasını və inkişafını təmin etmək məqsədilə
bu qanunla müəyyən edilmiş tədbirləri həyata
keçirir.
9.2. Xüsusi iqtisadi
zonanın idarə olunması və inkişaf etdirilməsi
xüsusi iqtisadi zonanın administrasiyası və müsabiqə
yolu ilə seçilmiş operator tərəfindən həyata
keçirilir.
9.3. Müsabiqənin
keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir. Səlahiyyətli
orqanla bağlanılan idarəetmə sazişində bu qanunun
müddəaları nəzərə alınmaqla xüsusi
iqtisadi zonanın idarə və inkişaf etdirilməsi üzrə
tərəflərin hüquqları və vəzifələri,
idarəetmənin şərtləri, o cümlədən
xüsusi iqtisadi zonanın iqtisadi inkişaf proqramı, maliyyələşməsi,
sazişin müddəti, xüsusi iqtisadi zonanın infrastruktur
obyektlərinin istismarının, onlara münasibətdə əmlak
hüquqlarının həyata keçirilməsi qaydası və
digər şərtlər müəyyən edilir.
Maddə 10. Səlahiyyətli
orqanın funksiyaları
10.0. Xüsusi iqtisadi
zonanın yaradılması və fəaliyyəti ilə əlaqədar
səlahiyyətli orqan aşağıdakı funksiyaları həyata
keçirir:
10.0.1. xüsusi iqtisadi
zonanın yaradılması və fəaliyyəti sahəsində
vahid dövlət siyasətinin formalaşmasında iştirak
edir və bu siyasətin həyata keçirilməsini təmin
edir;
10.0.2. xüsusi iqtisadi
zonanın yaradılması və vaxtından əvvəl ləğv
edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti
orqanına təkliflər verir;
10.0.3. xüsusi iqtisadi
zonada fəaliyyətin təşkili ilə bağlı
operatora lazımi köməklik göstərir;
10.0.4. səlahiyyətləri
daxilində xüsusi iqtisadi zonanın fəaliyyətini tənzimləyən
normativ hüquqi aktları hazırlayır və təsdiq
edir;
10.0.5. müsabiqə
yolu ilə operatoru seçir və onunla idarəetmə
sazişi bağlayır;
10.0.6. xüsusi iqtisadi
zonanın fəaliyyətinin tənzimlənməsinə dair təkliflər
hazırlayır;
10.0.7. xüsusi iqtisadi
zonada inhisarçılığa yol verilməməsi
üçün zəruri tədbirlər görür;
10.0.8. xüsusi iqtisadi
zonanın fəaliyyəti barədə illik hesabat
hazırlayır və müvafiq icra hakimiyyəti orqanına təqdim
edir;
10.0.9. qanunvericiliklə
və idarəetmə sazişi ilə müəyyən
edilmiş digər funksiyaları həyata keçirir.
Maddə 11. Xüsusi
iqtisadi zonanın administrasiyasının funksiyaları
11.0. Xüsusi iqtisadi
zonanın administrasiyası aşağıdakı
funksiyaları həyata keçirir:
11.0.1. xüsusi iqtisadi
zonanın ərazisində dövlət mülkiyyətində
olan torpaq sahələrini operatora və ya operatorun təklifi əsasında
xüsusi iqtisadi zonanın rezidentlərinə icarəyə
verir;
11.0.2. xüsusi iqtisadi
zonanın rezidentlərinin qeydiyyatını və reyestrini
aparır, onlara xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini
verir;
11.0.3. xüsusi iqtisadi
zonanın müvafiq infrastrukturla, o cümlədən nəqliyyat,
kommunikasiya xətləri və kommunal xidmətləri ilə
təminatı üçün müvafiq təşkilatların
fəaliyyətini əlaqələndirir;
11.0.4. səlahiyyətli
orqanla operator arasında bağlanmış idarəetmə
sazişinə əməl olunmasına nəzarət edir;
11.0.5. xüsusi iqtisadi
zonanın rezidentlərinin fəaliyyəti haqqında
hesabat-statistik məlumatlar alır, onların fəaliyyətinin
monitorinqini həyata keçirir;
11.0.6. xüsusi iqtisadi
zonanın rezidentləri və onlarla operator arasında
mübahisələrin danışıqlar yolu ilə həllinə
kömək edir;
11.0.7. qanunvericiliklə
və idarəetmə sazişi ilə müəyyən
edilmiş digər funksiyaları həyata keçirir.
Maddə 12. Operatorun hüquq və vəzifələri
12.1. Səlahiyyətli orqanla
bağlanmış idarəetmə sazişi çərçivəsində
operator xüsusi iqtisadi zonanın fəaliyyətinə görə
məsuliyyət daşıyır.
12.2. Operatorun hüquqları
aşağıdakılardır:
12.2.1. səlahiyyətli
orqanla bağlanmış idarəetmə sazişinə əsasən
xüsusi iqtisadi zonanın hüdudlarında idarəetməni
və təsərrüfat fəaliyyətini təşkil etmək;
12.2.2. xüsusi
iqtisadi zonada kommunal, nəqliyyat, sosial və digər
infrastruktur obyektlərinə investisiya qoymaq, həmin
investisiyalardan və xüsusi iqtisadi zonanın idarə edilməsindən
gəlir əldə etmək;
12.2.3. xüsusi
iqtisadi zonanın kənar infrastrukturla, o cümlədən nəqliyyat
xətləri və kommunal xidmətlərlə təmin edilməsi
üçün müvafiq təşkilatlarla
qarşılıqlı əlaqədə fəaliyyət
göstərmək, xüsusi iqtisadi zonanın inkişaf
etdirilməsi məqsədilə zəruri tədbirlərin həyata
keçirilməsi üçün müqavilələr
bağlamaq;
12.2.4. qanunvericiliklə
və idarəetmə sazişi ilə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
12.3. Operatorun vəzifələri
aşağıdakılardır:
12.3.1. xüsusi
iqtisadi zonanı inkişaf etdirmək;
12.3.2. bu
qanuna, xüsusi iqtisadi zonanın xüsusi hüquqi rejimini tənzimləyən
digər normativ hüquqi aktlara və səlahiyyətli orqanla
bağlanmış sazişin şərtlərinə əməl
etmək;
12.3.3. xüsusi
iqtisadi zonanın administrasiyası ilə birlikdə xüsusi
iqtisadi zonanın rezidentlərinin bu qanuna, xüsusi iqtisadi
zonanın xüsusi hüquqi rejimini tənzimləyən digər
normativ hüquqi aktlara və onlarla bağlanmış
sazişin şərtlərinə, digər aidiyyəti
qanunvericiliyə əməl etmələrini təmin etmək;
12.3.4. xüsusi
iqtisadi zonada sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi məqsədilə zəruri sənədlərin,
o cümlədən xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsinin
alınması üçün xüsusi iqtisadi zonanın
rezidentlərinin maraqlarını etibarnamə əsasında
müvafiq dövlət orqanlarında təmsil etmək;
12.3.5. xüsusi
iqtisadi zonada səlahiyyətli orqanın, xüsusi iqtisadi
zonanın administrasiyasının, habelə digər aidiyyəti
dövlət orqanlarının qanunvericiliklə müəyyən
edilmiş səlahiyyətlərinin həyata keçirilməsi
üçün zəruri şərait yaratmaq;
12.3.6. səlahiyyətli
orqanla bağlanılmış idarəetmə sazişinə əsasən
zəruri infrastrukturun yaradılması, obyektlərin və
xidmətlərin təmin olunması üçün işlər
görmək;
12.3.7. xüsusi
iqtisadi zonanın inkişafı və fəaliyyəti barədə
onun administrasiyasına hesabatlar, o cümlədən kənar
audit hesabatlarını təqdim etmək;
12.3.8. qanunvericiliklə
və idarəetmə sazişi ilə müəyyən
edilmiş digər vəzifələri yerinə yetirmək.
12.4. Operator xüsusi iqtisadi
zonanın ərazisində rezident kimi fəaliyyət göstərə
və rezidentlərə tətbiq edilən güzəştlərdən
istifadə edə bilməz.
Maddə 13. Xüsusi iqtisadi zonanın
rezidentlərinin fəaliyyəti
13.1. Xüsusi iqtisadi zonada fəaliyyət
göstərmək üçün hüquqi və fiziki
şəxslər səlahiyyətli orqan tərəfindən təsdiq
edilmiş formada operatorla niyyət sazişi bağlamalı və
xüsusi iqtisadi zonanın administrasiyasında bu qanunla müəyyən
edilmiş qaydada qeydiyyatdan keçib, xüsusi iqtisadi
zonanın qeydiyyat şəhadətnaməsini
almalıdırlar. Səhmləri və ya
payları 100 (yüz) faiz dövlətə məxsus olan
hüquqi şəxslər xüsusi iqtisadi zonanın rezidenti
kimi qeydiyyatdan keçə bilməzlər.
13.2. Hüquqi və fiziki
şəxslər operatorla niyyət sazişini
bağladıqdan sonra xüsusi iqtisadi zonanın
administrasiyasına qeydiyyatdan keçmək üçün ərizə
və ona əlavə edilən sənədləri təqdim
etməlidirlər. Ərizə və ona əlavə
edilən sənədlər qanunvericiliklə müəyyən
edilmiş qaydada operator vasitəsilə də təqdim oluna
bilər. Ərizənin forması və
ona əlavə edilən sənədlərin siyahısı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
13.3. Xüsusi iqtisadi
zonanın administrasiyası 10 gün ərzində ərizəyə
və ona əlavə edilən sənədlərə baxır
və qanunvericiliyin tələblərinə uyğun olaraq
müraciət edənə xüsusi iqtisadi zonanın qeydiyyat
şəhadətnaməsini, yaxud qeydiyyata alınmaq
üçün imtinaya səbəb olmayan
çatışmazlıqların aradan qaldırılması
və ya qeydiyyata alınmaqdan imtina (imtinaya səbəb
olmuş hallar göstərilməklə) barədə
yazılı məlumat verir.
13.4. Təqdim olunmuş sənədlər
Azərbaycan Respublikasının Konstitusiyasına, bu qanuna və
digər qanunvericilik aktlarına zidd olduqda qeydiyyata almaqdan
imtina edilir. İmtina ilə əlaqədar
yuxarı orqana və ya məhkəməyə şikayət
verilə bilər.
13.5. Təqdim edilmiş sənədlərdə
dövlət qeydiyyatına alınması üçün
imtinaya səbəb olmayan çatışmazlıqlar
aşkar edildikdə, xüsusi iqtisadi zonanın
administrasiyası həmin sənədləri müraciət
etmiş şəxsə bu çatışmazlıqların
aradan qaldırılması üçün qaytarır. İmtinaya səbəb olmayan bütün
çatışmazlıqlar aşkar edilməli və aradan
qaldırılması üçün müraciət edənə
təqdim edilməlidir.
13.6. Hüquqi və fiziki
şəxslər xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini
aldığı gündən xüsusi iqtisadi zonanın
rezidenti hesab edilir.
13.7. Xüsusi iqtisadi
zonanın rezidentləri qeydiyyat şəhadətnaməsini
aldıqdan sonra bu qanunla müəyyən edilmiş qaydada
sahibkarlıq fəaliyyətinin aparılması məqsədilə
səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş
formada operatorla saziş bağlayır.
13.8. Xüsusi iqtisadi
zonanın rezidentinə qeydiyyat şəhadətnaməsi
verildiyi, yaxud rezidentin qeydiyyatının ləğv edildiyi
gündən sonrakı iş günü ərzində
xüsusi iqtisadi zonanın administrasiyası bu barədə
müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməlidir.
13.9. Xüsusi iqtisadi
zonanın rezidentləri qanunvericiliklə qadağan olunmayan fəaliyyət
növləri ilə məşğul ola və
xüsusi hüquqi rejim çərçivəsində təmin
olunan bütün güzəştlərdən istifadə edə
bilərlər.
13.10. Xüsusi iqtisadi
zonanın rezidentlərinə xüsusi razılıq (lisenziya)
tələb olunan fəaliyyət növlərini həyata
keçirmək üçün lisenziyalar Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq
verilir.
13.11. Xüsusi iqtisadi
zonanın rezidentlərinin vəzifələri
aşağıdakılardır:
13.11.1. öz
fəaliyyətini bu qanuna, xüsusi iqtisadi zonanın xüsusi
hüquqi rejimini tənzimləyən digər normativ hüquqi
aktlara və operatorla bağlanmış sazişə uyğun
olaraq təşkil etmək;
13.11.2. vergi,
gömrük və digər qanunvericilik aktlarına, habelə
bu qanuna müvafiq olaraq müəyyən edilmiş
hesabatları tərtib etmək və müəyyən
edilmiş qaydada aidiyyəti üzrə təqdim etmək.
13.12. Xüsusi iqtisadi
zonanın rezidentləri bu qanunun, habelə xüsusi iqtisadi
zonanın xüsusi hüquqi rejimini tənzimləyən digər
normativ hüquqi aktların tələblərini dəfələrlə
və ya kobudcasına pozduqda onların qeydiyyatı məhkəmə
tərəfindən ləğv oluna bilər. Xüsusi
iqtisadi zonanın rezidentinin qeydiyyatının ləğv edilməsi
barədə iddianı xüsusi iqtisadi zonanın administrasiyası
qaldırır.
Maddə 14. Xüsusi iqtisadi zonanın
rezidentləri tərəfindən sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsi
14.1. Xüsusi iqtisadi
zonanın rezidenti xüsusi iqtisadi zona daxilində
sahibkarlıq fəaliyyətini onun operatoru ilə
bağlanmış sazişə uyğun olaraq həyata
keçirir.
14.2. Xüsusi iqtisadi
zonanın rezidentləri xüsusi iqtisadi zonadan kənarda
öz sahibkarlıq fəaliyyətini qanunvericiliklə müəyyən
edilmiş qaydada həyata keçirə bilərlər. Xüsusi iqtisadi zonanın rezidentləri xüsusi
iqtisadi zonadan kənarda yalnız müstəqil balansa malik olan
filiallarını və nümayəndəliklərini
aça bilərlər. Həmin filial və
nümayəndəliklərə xüsusi iqtisadi zonanın
xüsusi rejimi tətbiq edilmir.
14.3. Xüsusi iqtisadi
zonanın ərazisində ayrıca hüquqi şəxs
yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə
təsərrüfat fəaliyyəti ilə məşğul
olan rezidentlər xüsusi iqtisadi zona daxilində fəaliyyət
üzrə xüsusi hüquqi rejim çərçivəsində
müəyyənləşmiş güzəştlərdən
istifadə hüququna malikdirlər.
14.4. Xüsusi iqtisadi
zonanın ərazisində ayrıca hüquqi şəxs
yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə
təsərrüfat fəaliyyəti ilə məşğul
olan rezidentlər maliyyə-təsərrüfat fəaliyyəti
barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilmiş formada balans tərtib
edirlər. Balansın tərtib edilməsi
qaydası Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
14.5. Xüsusi iqtisadi
zonanın rezidenti operatorla bağlanmış sazişdə həyata
keçirilməsi nəzərdə tutulan işlərə
bir il müddətində başlamadıqda
torpaq sahəsinin icarə müqaviləsi və həmin
rezidentlərin qeydiyyatı xüsusi iqtisadi zonanın
administrasiyası tərəfindən, sahibkarlıq fəaliyyətinin
aparılması haqqında saziş isə operator tərəfindən
ləğv olunur.
Maddə 15. Xüsusi iqtisadi zonanın ərazisində
torpaq sahələrinin ayrılması və onlardan istifadə
15.1. Xüsusi iqtisadi
zonanın ərazisində dövlət mülkiyyətində
olan torpaq sahələri üzərində dövlət idarəetməsi
xüsusi iqtisadi zonanın fəaliyyət müddətində
xüsusi iqtisadi zonanın administrasiyası tərəfindən
həyata keçirilir.
15.2. Xüsusi iqtisadi zonada
dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə
müqaviləsi xüsusi iqtisadi zonanın administrasiyası ilə
operator arasında və ya operatorun təklifi əsasında
xüsusi iqtisadi zonanın administrasiyası ilə onun rezidenti
arasında bağlanılır. Operator icarəyə
götürülmüş torpaq sahəsini rezidentlərə
subicarəyə verir. İcarə
müqaviləsinin nümunəvi forması səlahiyyətli
orqan tərəfindən müəyyən edilir.
15.3. Xüsusi iqtisadi
zonanın ərazisində torpaqlar xüsusi iqtisadi zonanın
rezidentlərinə tərəflərin razılığı
ilə müəyyən edilən müddətə icarəyə
verilir. Xüsusi iqtisadi zonanın rezidentlərinə
icarəyə verilmiş dövlət mülkiyyətində
olan torpaq sahələrinin rezidentlər tərəfindən
digər şəxslərə subicarəyə verilməsinə
xüsusi iqtisadi zona rejiminin qüvvədə olduğu
müddətdə yol verilmir.
Maddə 16. Xüsusi iqtisadi zonanın fəaliyyətinə
dövlət nəzarəti
16.1. Xüsusi iqtisadi zonada
icra və yerli özünüidarəetmə (bələdiyyə)
orqanları öz səlahiyyətlərini xüsusi iqtisadi
zona haqqında qanunvericiliyin tələblərini nəzərə
almaqla həyata keçirirlər.
16.2. Xüsusi iqtisadi
zonanın rezidentlərinin maliyyə-təsərrüfat fəaliyyətinin
yoxlanılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən
qanunvericiliklə müəyyən edilmiş qaydada həyata
keçirilir.
16.3. Xüsusi iqtisadi zonada fəaliyyət
göstərən kredit təşkilatlarının fəaliyyətinə
nəzarət Azərbaycan Respublikasının bank
qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Maddə 17. Xüsusi iqtisadi zonanın
gömrük rejimi
17.1. Xüsusi iqtisadi
zonanın rezidentlərinə qanunvericiliklə nəzərdə
tutulmuş qaydada güzəştli gömrük rejimi tətbiq
olunur.
17.2. Xüsusi iqtisadi zonada
istehsal və ya emal olunmuş malları Azərbaycan
Respublikasının qalan ərazisinə ixrac edən xüsusi
iqtisadi zonanın rezidentlərinə güzəştli
gömrük rejimi tətbiq edilmir.
17.3. Güzəştli
gömrük rejimi zamanı Azərbaycan Respublikasının
qanunvericiliyi ilə idxalı və ixracı qadağan edilməmiş
bütün malların xüsusi iqtisadi zonaya
aşağıdakı daxil olma və çıxma
qaydaları tətbiq olunur:
17.3.1. mallar
(aksizli mallardan başqa) Azərbaycan Respublikasının
gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal
edilərkən idxal rüsumu və əlavə dəyər
vergisi tutulmur;
17.3.2. Azərbaycan
Respublikasının gömrük ərazisi xaricindən xüsusi
iqtisadi zonaya idxal olunmuş mallar xüsusi iqtisadi zonadan Azərbaycan
Respublikasının gömrük ərazisi xaricinə ixrac
olunarkən gömrük rüsumları və vergilər
tutulmur;
17.3.3. xüsusi
iqtisadi zonada istehsal və ya emal olunmuş mallar Azərbaycan
Respublikasının gömrük ərazisi xaricinə ixrac
edilərkən gömrük rüsumları və vergilər
tutulmur;
17.3.4. Azərbaycan
Respublikasının gömrük ərazisi xaricindən
xüsusi iqtisadi zonaya idxal olunmuş mallar Azərbaycan
Respublikasının gömrük ərazisinə xüsusi
iqtisadi zonadan idxal edilərkən bu qanunun 17.2-ci maddəsinə
müvafiq olaraq gömrük rüsumları və vergilər
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə
uyğun olaraq tutulur;
17.3.5. xüsusi
iqtisadi zonada istehsal və ya emal olunmuş mallar təmir,
yekun-tamamlama işləri, nümunələrin sərgisi və
digər bu kimi məqsədlərlə Azərbaycan
Respublikasının gömrük ərazisinə müvəqqəti
idxal edilərkən gömrük rüsumları və vergilər
tutulmur;
17.3.6. Azərbaycan
Respublikasında mallar xüsusi iqtisadi zonalar arasında
idxal-ixrac edilərkən gömrük rüsumları və
vergilər tutulmur;
17.3.7. bu
qanunun 17.3.1-17.3.6-cı maddələrində göstərilən
hallardan başqa bütün digər hallarda Azərbaycan
Respublikasının qüvvədə olan gömrük
qanunvericiliyi tətbiq edilir.
17.4. Xüsusi iqtisadi
zonanın ərazisində malların (azqiymətli, tezköhnələn,
təhlükəli mallardan başqa) saxlanılma müddəti
məhdudlaşdırılmır.
17.5. Xüsusi iqtisadi zonaya
malların qanunsuz idxalı və ixracının
qarşısını almaq məqsədilə xüsusi
iqtisadi zonanın sərhədlərində gömrük
orqanları tərəfindən gömrük nəzarəti,
habelə xüsusi iqtisadi zonanın ərazisinə gətirilən
və oradan aparılan mal və nəqliyyat vasitələrinin
gömrük rəsmiləşdirilməsi həyata
keçirilir.
17.6. Xüsusi iqtisadi zonada
mallarla əməliyyat aparan rezidentlər gətirilən, aparılan,
saxlanılan, hazırlanan, emal edilən, satın alınan və
satılan malların uçotunu aparır və həmin mallar
barədə Azərbaycan Respublikasının gömrük
orqanlarına Azərbaycan Respublikasının gömrük
işini aparan icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada hesabat verir. Xüsusi iqtisadi zonada
malların məruz qaldığı bütün dəyişikliklər
uçot sənədlərində öz əksini
tapmalıdır.
17.7. Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
xüsusi iqtisadi zonanın sərhədlərində
gömrük nəzarətinin, gömrük məntəqələrinin
fəaliyyətinin, malların gömrük rəsmiləşdirilməsinin,
nəqliyyat vasitələrinin və fiziki şəxslərin
sərhəddən buraxılma rejiminin sadələşdirilmiş
qaydaları müəyyən edilir.
17.8. Malların gömrük
rəsmiləşdirilməsi və gömrük
anbarlarında saxlanılması üçün gömrük
qanunvericiliyinə uyğun olaraq gömrük
yığımları alınır.
17.9. Aksizli mallar xüsusi
iqtisadi zonaya idxal olunarkən, onlardan Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
bütün gömrük ödənişləri tutulur.
17.10. Xüsusi iqtisadi
zonanın ərazisində xüsusi razılıq (lisenziya) əsasında
gömrük brokerləri və sərbəst anbarlar fəaliyyət
göstərə bilərlər. Gömrük
brokerlərinin və sərbəst anbarların
lisenziyalaşdırılması qanunvericiliyə müvafiq
olaraq həyata keçirilir.
Maddə 18. Xüsusi iqtisadi zonanın
vergi rejimi
18.1. Xüsusi iqtisadi
zonanın rezidentlərinə qanunvericiliklə nəzərdə
tutulmuş güzəştli vergi rejimi tətbiq olunur.
18.2. Xüsusi iqtisadi
zonanın ərazisində sahibkarlıq fəaliyyəti
göstərən, qeydiyyatdan keçmiş rezidentlər
malların təqdim edilməsindən, işlərin
görülməsindən, xidmətlərin göstərilməsindən
əldə etdikləri vəsaitin məbləğindən
(ümumi hasilatın həcmindən) və satışdan kənar
gəlirlərindən 0,5 faiz dərəcə ilə vergini
(sadələşdirilmiş vergini) hesablayır, rüb qurtardıqdan
sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan
həmin verginin məbləği haqqında müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi formada
vergi orqanlarına bəyannamə verir və həmin müddətdə
bu vergini dövlət büdcəsinə ödəyirlər.
18.3. Xüsusi iqtisadi
zonanın rezidentləri bu qanunun 18.2-ci maddəsində nəzərdə
tutulmuş vergi və fiziki şəxslərin muzdlu işlə
əlaqədar gəlirindən vergi istisna olmaqla, vergi
qanunvericiliyi ilə müəyyən edilmiş digər vergiləri
ödəməkdən azaddırlar.
18.4. Xüsusi iqtisadi zonanın
rezidentinə bu maddədə müəyyən edilmiş vergi
rejimi yalnız həmin zonada göstərdiyi sahibkarlıq fəaliyyətinə
tətbiq edilir.
18.5. Xüsusi iqtisadi
zonanın rezidentinin bu qanunun 14.5. maddəsində
göstərilmiş səbəbdən qeydiyyatı ləğv
edildikdə onun əvvəlki dövrlər üzrə vergi
öhdəlikləri vergi qanunvericiliyində müəyyən
edilmiş qaydada yenidən hesablanır və ödənilir.
18.6. Xüsusi iqtisadi
zonanın ərazisində vergi ödəyicilərinin və
dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin
digər iştirakçılarının vergitutma məsələləri
ilə bağlı hüquq və vəzifələri, vergi nəzarəti,
vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət,
digər məsələlər vergi qanunvericiliyi ilə müəyyən
edilir.
Maddə 19. Xüsusi iqtisadi zonada valyuta
və əmək münasibətlərinin tənzimlənməsi
Xüsusi
iqtisadi zonanın ərazisində valyuta və əmək
münasibətləri Azərbaycan Respublikasının valyuta
və əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
Maddə 20. Xüsusi iqtisadi zonanın
rezidentlərinə dövlət təminatları
20.1. Xüsusi iqtisadi zonanın
rezidentlərinin xüsusi iqtisadi zonanın ərazisində
qoyduqları investisiyaya, əldə etdikləri gəlir və
mənfəətə, sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsinə, qanuni qazanılmış vəsaitlərin
xaricə köçürülməsi şərtlərinə
dair hüquqlarına təminat verilir.
20.2. Dövlət xüsusi
iqtisadi zona yaradılarkən onun ərazisində müəyyənləşdirilmiş
xüsusi hüquqi rejimin xüsusi iqtisadi zonanın fəaliyyət
göstərəcəyi bütün müddət ərzində
qüvvədə qalacağına təminat verir.
Maddə 21. Bu qanunun tələblərinin
pozulmasına görə məsuliyyət
Rezident və
qeyri-rezident hüquqi və fiziki şəxslər bu qanunun
müddəalarından irəli gələn tələblərin
pozulmasına görə Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq olaraq məsuliyyət
daşıyırlar.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2009-cu il
Azərbaycan.-2009.-6 iyun.-S.1.