Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının qurultayı nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti

 

Möhtərəm cənab Prezident!

Hər bir Azərbaycan vətəndaşı kimi, bu gün özünün qurultayını keçirən Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri də ölkəmizdə aparılan böyük quruculuq işlərindən qürur duyur, qazanılan nailiyyətlərə ürəkdən sevinirlər. Ümummilli lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Sizin rəhbərliyinizlə həyata keçirilən inkişaf proqramları son illər Azərbaycanı regionda ən güclü iqtisadiyyata, sosial müdafiə sisteminə və ictimai-siyasi sabitliyə malik bir dövlətə çevirmişdir. Dünyanı bürüyən iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatında, xüsusilə də qeyri-neft sektorunda əhəmiyyətli inkişaf müşahidə edilir, infrastruktur layihələri və sosial proqramlar uğurla icra olunur.

Sizin dəfələrlə vurğuladığınız kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq hazırda xalqımız və dövlətimiz qarşısında dayanan əsas problemdir. Bununla yanaşı, Siz qaçqın və məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin olunması, təhsil, səhiyyə və digər ehtiyaclarının ödənilməsi kimi vacib məsələləri də daim diqqət mərkəzində saxlamısınız. Sizin sərəncamınızla Dövlət Neft Fondundan ilk xərclər məhz bu məqsədlər üçün ayrılmış, qısa müddət ərzində respublika ərazisindəki bütün çadır şəhərcikləri ləğv edilmiş, məcburi köçkünlər yeni salınmış qəsəbələrə köçürülmüşlər. Hazırda məktəblərdə, yataqxanalarda, istismar müddəti başa çatmış tikililərdə və digər yerlərdə müvəqqəti məskunlaşmış ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin olunması istiqamətində də konkret işlər görülür.

Cənab Prezident!

Dağlıq Qarabağın azərbaycanlı icması hazırda 65 min nəfərdən çox insanı birləşdirir. İcmamızın qurultayı ötən dövrə, görülən işlərə bir daha nəzər saldı, qarşıda duran vəzifələri, gələcək fəaliyyətin əsas istiqamətlərini müəyyən etdi. Toplantının gedişi, müzakirələrin məzmunu və qəbul edilən qərarlar göstərdi ki, doğma el-obamızdan ayrı yaşadığımız illər ərzində icmamız öz birliyini daha da möhkəmləndirmiş, dövlətin və cəmiyyətin dəstəyi ilə daha mütəşəkkil qüvvəyə çevrilmişdir. Münaqişə nəticəsində məruz qaldığımız itkilər və məhrumiyyətlər iradəmizi sarsıda bilməmiş, əksinə, bizi düşmənə qarşı daha inadla mübarizə aparmağa səfərbər etmişdir.

Biz ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin nizamlanmasına dair gedən danışıqları, iri dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlarla aparılan məqsədyönlü işləri diqqətlə izləyirik. Erməni separatizminin və təcavüzünün dəhşətlərini öz üzərində hamıdan çox hiss etmiş icmamız artıq 17 ildir ki, torpaqlarımızın azad olunacağı, bütün məcburi köçkünlərin öz evlərinə dönəcəyi günü səbirsizliklə gözləyir. Lakin yekdil fikrimiz belədir ki, Dağlıq Qarabağ probleminin tənzimlənməsi yalnız ölkəmizin ərazi bütövlüyünün bərpası və dövlətimizin suveren hüquqlarının təmin olunması əsasında mümkün ola bilər. Ona görə də münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda tutduğunuz ardıcıl və qətiyyətli mövqeyi, ordumuzun qüdrətinin artırılması istiqamətində həyata keçirdiyiniz tədbirləri birmənalı şəkildə müdafiə edirik. Əmin ola bilərsiniz ki, Dağlıq Qarabağın azərbaycanlı icması torpaqlarımızın işğaldan azad edilməsi naminə apardığınız işlərdə daim Sizinlə birgə olacaq, atdığınız bütün addımları dəstəkləyəcəkdir. İnanırıq ki, Sizin rəhbərliyinizlə xalqımızın bütün taleyüklü problemləri kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də yaxın gələcəkdə öz həllini tapacaq, doğma yurdlarından didərgin düşmüş soydaşlarımız öz el-obalarına qayıdaraq ölkəmizdəki quruculuq işlərinə daha sanballı töhfələr verəcəklər.

Müraciət Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının qurultayında qəbul olunmuşdur.

 

 

Bakı şəhəri, 5 iyun 2009-cu il

 

 

Azərbaycan.-2009.-6 iyun.-S.1.