Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının qurultayı keçirilmişdir

 

Ulu öndər Heydər Əliyevin ölkəmizdə ordu quruculuğuna verdiyi mühüm töhfələr, Prezident İlham Əliyevin də bu istiqamətdə həyata keçirdiyi tədbirlər, Azərbaycan hakimiyyətinin bütün qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, onların rifahının və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlər də sərgiyə baxanların diqqətini çəkmişdir. Sərgi həm də ona ümid yaradır ki, bu münaqişə tezliklə ədalətli həllini tapacaq və beynəlxalq birlik Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının hüquqlarının bərpasına yardım edəcəkdir.

Qurultay başlamazdan əvvəl Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Dağlıq Qarabağın tarixindən, mədəniyyətindən və ermənilərin Azərbaycanın bu ərazisinə ədalətsiz iddiasından, burada baş verən qanlı hadisələrdən bəhs edən "Ulu yurdum Qarabağ" adlı film nümayiş etdirilmişdir.

Sonra qurultayın rəyasət heyətinin 10 nəfərdən ibarət tərkibi, katiblik və redaksiya komissiyasının üzvləri müəyyən olunmuş, gündəlik və iş qaydası təsdiqlənmişdir.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, qurultayın təşkilat komitəsinin sədri Bayram Səfərov məruzə ilə çıxış edərək demişdir ki, 1992-ci il mayın 8-də Şuşanın işğal edilməsi ilə Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı başa çatmışdır. Bununla da Şuşa, Xocalı, Xocavənd və Ağdərədən olan 65 mindən çox azərbaycanlı ölkənin müxtəlif bölgələrində məskunlaşmaq məcburiyyətində qalmışlar. Ötən dövrdə Azərbaycanda yaşanan sosial-iqtisadi inkişaf Dağlıq Qarabağın azərbaycanlı icmasının qarşısında dayanan vəzifələrin mahiyyətini dəyişmişdir.

Bu da icmanın fəaliyyət istiqamətlərinə yenidən baxmaq, onun təşkilati strukturunu formalaşdırmaq və bu məqsədlə nizamnaməyə əlavə və dəyişikliklər etmək zərurətini yaratmışdır. Qurultayın təşkilat komitəsi bu ilin mayında yerlərdə icma üzvlərinin 69 iclasını keçirmiş və qurultaya 350 nümayəndənin seçilməsini təmin etmişdir. Nümayəndələrin 192 nəfəri və ya 55 faizi Qarabağ müharibəsinin iştirakçılarıdır. B.Səfərov onu da demişdir ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ötən dövrdə beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərində dəfələrlə öz doğma torpaqlarına qayıtmaq niyyətində olduqlarını bəyan etmişlər. İcma üzvləri münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində həll edilməsini istəyir. Amma ermənilər bu prosesə zərbə vururlar. Onların Dağlıq Qarabağda dünya tərəfindən tanınmayan seçkilər keçirməsi də bunu göstərirdi.

B.Səfərov demişdir: "İcma Dağlıq Qarabağda üzdəniraq prezident "seçki"lərinin keçirilməsinə də prinsipial münasibətini bildirmişdir. Biz hesab edirik ki, Dağlıq Qarabağda separatçı qüvvələr tərəfindən keçirilən hər bir qondarma "seçki" Ermənistanın işğalçılıq siyasətini ört-basdır etmək məqsədi daşıyır və işğalın nəticələrinin möhkəmləndirilməsinə yönəlmişdir. İşğal altında olan Azərbaycan torpaqlarında keçirilən üzdəniraq "seçkilər" Azərbaycanın Konstitusiyasını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur. Bu, "oyuncaq seçkilər" yurd-yuvalarından qovulmuş, Dağlıq Qarabağın 17 ildən artıq məcburi köçkün həyatı yaşayan 65 minlik azərbaycanlı icmasının iştirakı olmadan aparılır. Buna görə də həmin "seçkilər" heç vaxt azad, ədalətli və demokratik seçki kimi qiymətləndirilə bilməz".

Natiq bildirmişdir ki, Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşan ermənilərin torpaq iddialarının heç bir əsası yoxdur. İndi ermənilər dünyanın bir çox ölkələrində yaşayırlar. Dağlıq Qarabağa müstəqillik verilməsi isə müxtəlif ölkələrdə yaşayan ermənilərin analoji niyyətlə çıxış etmələrinə geniş imkanlar yaradar.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı icma qarşısında duran vəzifələrdən də danışaraq demişdir: "Qurultayımızın əsas məqsədlərindən biri icma qarşısında duran növbəti vəzifələri müzakirə etmək və gələcək dövr üçün fəaliyyət proqramını müəyyənləşdirməkdir. Bugünkü qurultay icmamızın həyatında yeni bir mərhələnin başlanğıcını qoyur. İş elə gətirmişdir ki, beynəlxalq ictimaiyyət uzun illərdən bəri daha çox Dağlıq Qarabağın erməni icmasının səsini eşitmişdir. Əlbəttə, belə ədalətsizlik davam edə bilməz. Biz bu ənənəyə son qoymalı, Dağlıq Qarabağın 65 min nəfərdən ibarət azərbaycanlı icmasının haqq səsini dünyaya eşitdirməliyik. Dağlıq Qarabağın azərbaycanlı icmasının öz varlığını göstərməsi artıq tarixi bir zərurətə çevrilmişdir.

Torpaqlarımızın işğalından keçən dövr ərzində çadırlarda, dəmir yolu üzərindəki vaqonlarda, yeraltı qazmalarda anadan olub böyümüş bütöv bir nəsil yetişmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal edilmiş yaşayış məntəqələrinin hər birinin özünəməxsus tarixi və ənənələri vardır. Dağıdılmış əraziləri, evləri bərpa etmək mümkün olacaqdır. Lakin minilliklərlə formalaşmış tarixi, mədəni dəyərlərin bərpasının hansı əzab-əziyyət hesabına başa gələcəyini təsəvvür etmək çətin deyildir. Bunun üçün icma dövlət orqanları ilə birgə müvafiq layihələri hazırlayıb həyata keçirməli, uşaqlarımızı milli ənənələrə sədaqət ruhunda tərbiyə etməlidir.

İcma Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın azərbaycanlı əhalisinin maraqlarını ölkə daxilində və xaricində təmsil edən, rəsmi statuslu qurum kimi tanınmalıdır. Bizim əsas vəzifələrimizdən biri də öz yurdundan didərgin düşmüş soydaşlarımızın hüquq və mənafelərinin müxtəlif instansiyalarda müdafiəsini təşkil etmək olmalıdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində icmanın fəaliyyəti genişləndirilməlidir. Bu məqsədlə müxtəlif səviyyəli beynəlxalq tədbirlərin təşkili, tarixən ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımları, qanlı faciələri, vəhşilikləri əks etdirən çap, audio-video materialların müxtəlif dillərdə hazırlanıb yayılmasına diqqət artırılmalıdır. Eyni zamanda, münaqişənin tarixi kökləri, onun acı nəticələri, işğal olunmuş ərazilərdə yaşayış məntəqələri, tarixi mədəniyyət abidələrinin dağıdılması barədə məlumatlar müxtəlif dillərdə hazırlanmalı, dünya və ölkə mətbuatında yayılması təşkil edilməlidir. Xarici ölkələrdə icmanın filiallarını yaratmaq, müxtəlif beynəlxalq və diaspor təşkilatları ilə sıx əlaqələr qurmaq, birgə fəaliyyət göstərmək və əməkdaşlıq etmək işimizin əsas istiqamətləri olacaqdır".

Ermənistan bu işğala son qoymalı, öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır, - deyən icra hakimiyyətinin başçısı bir məqama da diqqət çəkmişdir. O demişdir ki, Dağlıq Qarabağ hər bir yönü ilə Azərbaycana məxsusdur. Qədim tarix, zəngin mədəniyyət bunu bir daha sübut edir.

Natiq demişdir: "Biz, Dağlıq qarabağlılar, dövlətimizin rəhbərinin, hökumətin Qarabağ ətrafında apardıqları danışıqları böyük diqqətlə izləyirik. Bəli, hazırda məcburi köçkün həyatı yaşayan Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bütün üzvləri bir nəfər kimi doğma yurd-yuvasına qayıdacağı günü səbirsizliklə gözləyirlər.

Dövlətimizin başçısı işğal edilmiş torpaqlarımızın qaytarılması üçün titanik səylər göstərir, bir milyon qaçqın və məcburi köçkünümüzün, bütün Azərbaycan xalqının mənafeyinə görə, bəlkə də əl tutub görüşmək istəmədiyi şəxslərlə görüşməli, söhbət etməli, mübahisə etməli olur. Bu anlarda Prezidentimiz bilir ki, bütün qarabağlı anaların duaları, bütün Qarabağ ağsaqqallarının xeyir-duası onunladır. O gözəl bilir ki, bütün qarabağlılar onunladır, siyasətini, özünü, hər bir sözünü ürəkdən dəstəkləyir, bir əmri ilə istənilən tapşırığının icrasına hazırdırlar.

Ermənilər bir şeyi yaxşı bilməlidirlər. Biz nə Qarabağdan, nə də torpaqlarımızı işğal etmiş erməni separatçılarından heç vaxt əl çəkməyəcəyik! Biz öz torpaqlarımızı da, bu gün erməni millətçilərinin təzyiqi altında inləyən, əziyyət çəkən sadə, sülhsevər erməni qonşularımızı da bu boyunduruqlardan azad edəcəyik.

Dağlıq Qarabağ Azərbaycanın həm tarixi, həm də faktiki ayrılmaz bir hissəsidir, Azərbaycan torpağıdır. Bunu tək biz demirik, bunu bütün dünya deyir".

Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının qurultayının əhəmiyyətindən danışarkən qeyd etmişdir ki, bu, icma üzvlərinin təşkilatlanması baxımından mühüm hadisə olacaqdır. Dövlətin və dövlət başçısının bu prosesə verdiyi dəstək də icmanın formalaşmasına və inkişafına xidmət edir.

K.Abdulla çıxışında bildirmişdir: "Bu gün Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təşkilatlanmasının və öz səsinin, nəhayət ki, ən müxtəlif beynəlxalq arenalardan gəlməsinin təmin edilməsi istiqamətində çox mühüm bir addımın atıldığı gündür. Niyə? Əvvəl məgər bu səsi eşitmirdilər, dərdimizi bilmirdilər, bu problemdə kimin haqlı, kimin haqsız olduğunu dünya ictimaiyyəti bilmirdi? Gözəl bilirdilər. Amma yadınızdadır, televizorların, radioların qarşısında əyləşərək verilişlərə qulaq asarkən, dünya mətbuatının səhifələrindəki yazıları oxuyarkən biz necə hiddətlənirdik. Biz öz haqq səsimizi tamam başqa şəkildə eşitməyimizdən qeyzlənirdik, əsəbdən infarkt olanlar, xəstəxanaya düşənlər, həyatını dəyişənlər olurdu. Biz hansı vəziyyətdə idik? Bunu çox gözəl xatırlayırıq. Ulu öndər Heydər Əliyev ona görə əbədiyaşar Prezident oldu ki, əlində coğrafiya xəritəsi və çubuq bütün dünya ölkələrinin başçılarına səbirlə izah edirdi ki, Azərbaycan haradadır. Bu, həqiqətlərimizin dünyaya çatdırılmasında, dünyanın bu həqiqəti dərk etməsində mühüm rol oynadı. Bu gün biz həmin siyasəti uğurla davam etdirən, ondan bir baza, bünövrə kimi istifadə edərək qətiyyətli siyasət aparan Prezident İlham Əliyevi görürük. İlham Əliyevin qətiyyətli siyasəti bu gün Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təşkilatlanmasına, artıq öz tərəf-müqabilləri ilə, dünyada onu dinləyənlərlə qətiyyətlə üzbəüz durmasına gətirib çıxarmışdır.

Əziz dostlar, biz sabahımızı necə görürük? Biz bu sualın cavabını axtarırıq. Bəli, dünənimizdə qan olub, məhrumiyyət olub, bir-birimizi qətiyyətlə inkar etməyimiz olub. Bu gün isə təşkilatlanırıq və sabaha ümidlə baxırıq. Hansı sabaha baxırıq, biz o sabahdan nə gözləyirik? Biz o sabahdan ərazilərimizin bütövlüyünü gözləyirik. Buna alternativ yoxdur. Qonşuluğa, dinc yanaşı yaşamağa, qarşılıqlı tolerantlığa alternativ yoxdur. Biz bunu istəyirik.

Hamınız bilirsiniz, təxminən bir il bundan əvvəl mən, mənim əziz dostlarım Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu, İlhami Fətəliyev və Azərpaşa Nemətov Qarabağa getdik. Həmçinin erməni ziyalıları da bizimlə Qarabağa, Şuşaya, Xankəndiyə, Yerevana getdilər və oradan da Bakıya gəldik. Bir günün içərisində belə bir səyahət oldu.

Həmin səfər barədə təəssüratlarını bölüşən natiq demişdir ki, ermənilər Dağlıq Qarabağda bütün maddi-mədəniyyət abidələrini dağıdıblar, hətta məscidlərimizi viran qoyublar. K.Abdulla demişdir: "Biz Bakıya gələndə həmin - erməni ziyalılarının nümayəndələrini erməni kilsəsinə apardıq. Səliqədə-sahmanda, içində kitabxanası, erməni dilində yazılmış kitabları görəndə bu adamlar utandılar. Budur azərbaycanlılıq. Budur bizim münasibətimiz, budur ermənilərin başqa bir dinə, başqa bir xalqa münasibəti! Məgər təkcə azərbaycanlıya münasibətdən söhbət gedir? Xeyr. Onların ətrafında olan bütün millətlərə münasibətləri bu gün göz qabağındadır, bir-bir analiz etmək olar".

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov da qurultayda çıxış edərək demişdir: "Qurultayımız Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının münaqişə ilə bağlı aparılan danışıqlarda öz qəti mövqeyini bildirmək, öz sözünü demək əzmində olduğu bir vaxta təsadüf edir. Biz, qarabağlılar bu tarixi şansdan istifadə etməli, öz haqq səsimizi, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq.

Xocalılılar həmişə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəal dəstələrindən olmuşlar. Həm əhalimiz, həm də rayonumuzun icra strukturları təşkilatlanmış, ölkə rəhbərliyinin qayğısı nəticəsində yaxşı şəraitlə təmin edilmişlər. Xocalılılar ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməkdə davam edirlər. Son prezident seçkilərində, Konstitusiya ilə bağlı referendumun keçirilməsində, əhalimizin ölkənin çox geniş bir ərazisində, 47 inzibati rayonunda məskunlaşdığına baxmayaraq, mütəşəkkil iştirakı, yüksək fəallıq göstərməsi buna gözəl misaldır. Bir sözlə, Xocalı yaşayır, xocalılılılar yaşayır, lakin arzu-istək birdir - Vətənə dönmək!

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Xocalı rayonunun öz gözəlliyi və təbii sərvətlərinə görə xüsusi yeri vardır. Xocalı Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri, başdan-başa tarixi-memarlıq abidələri diyarıdır.

Lakin bütün dövrlərdə diyarımızın ən böyük neməti bizim insanlarımız olmuşdur. Xocalılılar həmişə dinc əməklə məşğul olmuş, alın təri ilə qazandığı halal çörəyinin yiyəsi olmuşlar. Əməksevərlik, işgüzarlıq, qonaqpərvərlik, açıq süfrə həmişə bizim adamları səciyyələndirən əsas cəhət olmuşdur".

Xocalının XX əsrdə üç dəfə ermənilər tərəfindən yandırılıb talan edildiyini xatırladan icra başçısı xüsusi vurğulamışdır: "Ağır gündə xocalılılara arxa duran, onların başlarına gəlmiş faciə ilə təkbətək qalmağa qoymayan ulu öndər, ümummilli liderimiz, xalqımızın xilaskarı kimi hakimiyyətə qayıtmış Heydər Əliyev oldu.

Ulu öndərimiz hakimiyyətə qayıdandan sonra Xocalı faciəsi barədə həqiqətləri beynəlxalq qurumların və ictimaiyyətin diqqətinə çatdırdı. Bu gün həmin işi Prezidentimiz İlham Əliyev görür. Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bütün imkanlardan istifadə edir. İnternet, Xocalı həqiqətləri barədə yazılmış kitablar, hazırlanmış disklər istifadə olunan təbliğat formalarının qısa bir hissəsidir. Atalar "Ot kökü üstündə bitər" deyiblər. Dahi Heydər Əliyevin, sevimli Prezidentimizin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı iş bu gün Leyla xanım Əliyeva tərəfindən də davam etdirilir. Bu, atalar sözünün təsdiqi olmaqla yanaşı, qəlblərimizi də qürur hissi ilə doldurur. Heydər Əliyev Fondunun Rusiya Federasiyası Nümayəndəliyinin Moskva filialının rəhbəri kimi Xocalıya həsr olunmuş tədbirlər keçirməsi, onun təşəbbüsü ilə "Xocalıya ədalət!" kampaniyasına 57 ölkənin tam dəstək verməsi bizim haqq işimizə əvəzsiz töhfədir".

Qarabağın tarixinin, mədəniyyətinin təbliği, dünyaya səpələnən və əslən Qarabağdan olan soydaşlarımız arasında əlaqələndirmə işinin təşkili, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mətbu orqanının təsis edilməsi təklifi ilə çıxış edən Ş.Usubov ermənilərin törətdikləri Xocalı soyqırımının bəşəri cinayət olduğunu demişdir.

Milli Məclisin deputatı Həvva Məmmədova bildirmişdir ki, Ermənistanın işğal aktına son qoymaması soydaşlarımızı daha ayıq olmağa sövq edir.

H.Məmmədova daha sonra demişdir: "Dahi şəxsiyyət Heydər Əliyev həm dövlət təhlükəsizlik orqanlarında işlədiyi zaman, həm də Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Dağlıq Qarabağı daim diqqət mərkəzində saxlamış, orada yaşayan bütün insanların həyat şəraitini yaxşılaşdırmış, ali məktəblər açdırmış, dəmir yolu çəkdirmiş, mütəmadi olaraq mütəxəssis kadrların orada yerləşdirilməsi üçün bütün gücünü-qüvvəsini sərf etmişdir.

Ulu öndərin Dağlıq Qarabağ haqqında söylədiyi müdrik bir kəlamı xatırlatmaq yerinə düşər: "Mən həm öz mənəvi istəyimə görə, həm də tutduğum vəzifədən irəli gələn borcuma görə həmişə Qarabağa məhəbbətlə yanaşmış, bu yerin çiçəklənməsi üçün əlimdən gələni əsirgəməmişəm".

Ulu öndərin 2001-ci ildə münaqişənin həlli prosesinin real vəziyyəti ilə bağlı Milli Məclisdə ümumxalq dinləməsini təşkil etməsi geniş beynəlxalq əks-sədaya səbəb olmuşdu.

Ancaq təəssüf ki, son nəticədə beynəlxalq birliyin əsas "oyunçu"larının "ikili standart"lar siyasəti münaqişənin ədalətli həlli yollarının tapılmasına imkan verməmişdir. Bir tərəfdən beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini önə çəkən bu qüvvələr, eyni "əzmkarlıqla" bu xalqların öz müqəddəratını təyinetmə hüququnu müdafiə etməklə hüquqi anlaşılmazlıq mühitinin formalaşmasına rəvac vermiş olurlar.

Əslində isə müasir beynəlxalq hüquqa görə, öz müqəddəratını təyinetmə prinsipi bir qanun tələbi kimi azlıq təşkil edən əhaliyə yox, bütöv xalqa, dövlətə şamil edilir.

Hələ ATƏT-in 1995-ci il iyulun 4-dən 8-dək Vyanada keçirilmiş sessiyasında qəbul edilmiş sənədlərdə göstərilir ki, hər bir xalqın öz müqəddəratını təyinetmə hüququ başqa xalqların hüquqları ilə tarazlaşdırılmalıdır, bu prosesdə zorakılıq yolverilməzdir. Beynəlxalq sənədlərə görə, milli azlıq öz müqəddəratını təyin edə bilər, amma müstəqillik formasında yox. Digər tərəfdən, müstəmləkə və torpaqları işğal edilmiş xalqlar müstəqillik elan edə bilərlər. Müstəqil dövlətin ərazisində yaşayan xalqların isə belə hüququ yoxdur.

Dağlıq Qarabağ isə tarixən Azərbaycanın müstəmləkəsi deyil, onun ayrılmaz hissəsi, tarixi ərazisi olmuşdur.

Beynəlxalq hüquqi sənədlərin hamısı bir daha sübut edir ki, Ermənistanın ölkəmizə qarşı "Millətlərin hüquq bərabərliyi və öz müqəddəratını təyin edilməsi hüququ pərdəsi altında irəli sürdüyü ərazi iddiaları qeyri-qanunidir, öz işğalçılıq hərəkətlərinə "demokratik don" geydirmək cəhdindən başqa bir şey deyildir.

Çox təəssüf ki, beynəlxalq birlik Ermənistanın təcavüzkar siyasətinə hələ də göz yumur, işğalçı ilə işğala məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymaqda davam edir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, dünya dövlətləri başçıları içərisində özünün intellekti, yüksək idarəçilik bacarığı ilə seçilən Prezidentimiz İlham Əliyevin qətiyyəti və əzmkarlığı sayəsində tezliklə doğma torpaqlarımıza qayıdacağımıza tam əminik".

Rumıniyanın Azərbaycandakı səfiri Nikolaye Ureke Dağlıq Qarabağ münaqişəsini regionda sülhün və təhlükəsizliyin təmin olunmasına ciddi maneə kimi dəyərləndirmişdir. O demişdir ki, beynəlxalq birlik dondurulmuş münaqişələrin mövcudluğundan narahatdır. Diplomat dünya ictimaiyyətinin münaqişənin həllinə yardım etməyə, icmalar arasında etimad mühitinin yaradılmasına töhfə verməyə hazır olduğunu da bəyan etmişdir.

Səfir demişdir: "Bu gün beynəlxalq ictimaiyyət Cənubi Qafqazda dondurulmuş münaqişələrin uzadılmasından çox narahatdır. Xüsusən də Azərbaycan Respublikasında münaqişənin olmasından narahatdır. Bütün bu münaqişələr regionda sülhün, təhlükəsizliyin və sabitliyin olmasına fundamental bir maneədir. Eyni zamanda, regionda aparılan siyasi islahatlara və siyasi inkişafa da maneə olur. Bütün bunları nəzərə alaraq biz hesab edirik ki, dondurulmuş bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunmasına yönəlmiş ümumi səylər daha da intensivləşdirilməlidir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə lazımi yardım göstərilməsinə və dəstəyin verilməsinə hazır olduğunu bildirir və hazırda bütün iştirakçı tərəflərlə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə məsələ müzakirə mövzusudur. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həlli prioritet hesab olunur və biz hesab edirik ki, bu məsələ tezliklə həllini tapmalıdır, çünki münaqişə hazırkı vəziyyətdə qala bilməz. Danışıqların bu mərhələsində olduqca vacibdir ki, beynəlxalq ictimaiyyətin səyləri əlaqələndirilsin. Məhz bu səbəbdən biz ATƏT-in Minsk qrupunun göstərdiyi səyləri qətiyyətlə dəstəkləyirik. Biz çox ümid edirik ki, müvafiq tərəflərin, beynəlxalq ictimaiyyətin dəstəyi ilə və onların birgə səyləri ilə danışıqlar prosesində daha çox irəliləyiş əldə olunacaqdır".

"Qarabağlılar öz doğma torpaqlarına qayıtmaq istəyir. Bütün bunlar bizim haqqımız və hüququmuzdur". Bu sözləri isə Xocavənd rayonunun Qaradağlı kəndindən olan şəhid ailəsinin üzvü Xuraman Tahirova demişdir. O bildirmişdir ki, bütün həmyerliləri kimi, dövlət başçısının rəhbərliyi ilə torpaqlarımızın tezliklə işğaldan azad olunacağına inanır.

X.Tahirova demişdir: "Biz bu qurultaya haqq səsimizi bütün dünyaya eşitdirməyə toplaşmışıq. Ulu öndər bizi - təcavüzkarla üz-üzə qalmış, əliyalın, taleyin ümidinə buraxılmış insanları, Dağlıq Qarabağ camaatını ölümün cəngindən qopardı. Prezidentimiz İlham Əliyev isə bizə yeni yol açdı, sabahımıza ümidlər yaratdı, özümüzə inam hissini qaytardı. Bu gün Qarabağ camaatı yaxşı bilir ki, torpaqlarımızın qaytarılmasını hər zaman düşünən, bu istiqamətdə əlindən gələni əsirgəməyən Prezidentimiz var. Biz artıq bütün dünyada tanınan, səsi eşidilən bir ölkənin vətəndaşlarıyıq. Bu gün mən bu tribunadan şəhid ailəsinin üzvü kimi çıxış edirəm. Mən öz müəllim həmkarlarını, dərs dediyi şagirdləri şəhid vermiş bir məktəbin müəllimi kimi çıxış edirəm. Mən əhalisinin hər 10 nəfərindən biri erməni işğalçıları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, sonra isə yandırılıb külə döndərilmiş Qaradağlı kəndinin sakini kimi çıxış edirəm.

Bu gün mən öz övladlarının atasını, ömür-gün yoldaşını itirmiş, həyatında cəmi 3 il ailə səadətinin nə olduğunu bilmiş azərbaycanlı ana kimi, azərbaycanlı qadın kimi çıxış edirəm. Nəhayət, 17 ildir ki, adi insan hüquqlarının pozulduğunu dünyanın görmək istəmədiyi Dağlıq Qarabağ camaatının nümayəndəsi kimi çıxış edirəm. Biz qarabağlılar həmişə insanpərvərliyimizlə, qonaqsevərliyimizlə fərqlənmişik. Ulu tanrı Qarabağ torpağına hər şeyin yaxşısını - münbit torpaq, füsunkar təbiət, şeir, musiqi, fitri istedadlı, əməksevər insanlar bəxş etmişdir. Bütün bunların müqabilində 180 il bundan əvvəl bizi ağır imtahana çəkmiş, qonşuluğumuza naqis, qonşu torpaqlarına göz dikən erməniləri qismət etmişdir. Qarabağın qara günləri də elə o vaxtdan başlamışdır. Ötən müddət ərzində bədnam qonşularımızdan çəkdiklərimiz saymaqla qurtaran deyil. Burada əyləşən hər bir nümayəndə, hər bir qarabağlı o vəhşiliklərin, o çirkin əməllərin sahiblərini yaxşı tanıyırlar".

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli də qurultayda çıxış etmişdir. F.Bədəlbəyli icma daxilində fəaliyyət mexanizminin təkmilləşməsinin tarixi zərurətdən yarandığını qeyd etmişdir. O demişdir ki, bu, Dağlıq Qarabağ uğrunda gedən mübarizənin əsasını təşkil edəcəkdir. "Mən, ilk növbədə, Prezident İlham Əliyevə bu məsələdə nümayiş etdirdiyi prinsipiallığa görə dərin minnətdarlığımı bildirirəm. Prezidentimiz, nəinki Dağlıq Qarabağ probleminin müzakirə olunduğu məclislərdə öz kəsərli sözünü demiş, prinsipial mövqeyini bildirmişdir, o, iştirak etdiyi bütün beynəlxalq forum və görüşlərdə, ayrıca qonaqlar, müxtəlif dövlətlərin nümayəndələri və dövlət başçıları ilə görüşlərində də Azərbaycanın mövqeyinin qəti olduğunu dönə-dönə vurğulamışdır.

Mən şübhə etmirəm ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması problemin həlli yolunda bu gün aparılan siyasətin, ümummilli hərəkatın mühüm bir mərhələsi kimi öz müsbət rolunu oynayacaqdır. Hesab edirəm ki, bu icma var qüvvəsi ilə Dağlıq Qarabağ uğrunda aparılan ümummilli mübarizəyə töhfə verəcəkdir".

Milli Məclisin deputatı Elman Məmmədov qurultayın Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyətinin daha səmərəli qurulmasına xidmət edəcəyini demişdir.

Bu məsələdə dövlət başçısının tövsiyələrinin mühüm rola malik olduğunu söyləyən E.Məmmədov bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda Prezident İlham Əliyevin yaxın silahdaşları kimi çıxış etməliyik. İcmanın beynəlxalq əlaqələrini genişləndirməsi olduqca vacibdir.

E.Məmmədov demişdir ki, 1993-cü ilin ikinci yarısından başlayaraq ulu öndərimizin apardığı gərgin iş nəticəsində biz informasiya blokadasını yarmağa nail olduq. Bu gün bu işi Prezidentimiz çox uğurla davam etdirir. Prezidentimiz bizə tapşırıq verib bəyan elədi ki, biz artıq bu sahədə müdafiə olunmamalıyıq, biz bu istiqamətdə hücuma keçməliyik. Bu hücumda, bu işdə biz bir icma olaraq Prezidentimizin yaxın silahdaşı, fəal köməkçisi olmalıyıq.

Bizim icmamızın gələcək işi, əsasən beynəlxalq təşkilatlarla, beynəlxalq aləmlə işləmək istiqamətinə yönəlməlidir. Biz beynəlxalq aləmdən, beynəlxalq təşkilatlardan, dünyada söz sahibi, güc sahibi olan dövlətlərdən nə istəyirik? Bizim istəyimiz nədir? Bizim istəyimiz tərəfimizi saxlamağı onlardan xahiş etmək deyil. Bizim istəyimiz onlardan haqq-ədalət yolunda olmağı tələb etməkdən ibarətdir".

Ombudsman Elmira Süleymanova ermənilərin təcavüzü nəticəsində bu gün respublikamızın hər 8 nəfərdən birinin məcburi köçkün olduğunu bildirərək, bunun beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində görülən işlərdən danışmışdır.

Yüz illərdir erməni təcavüzü xalqımıza dünyada misli görünməyən bəlalar gətirib. Bunlardan bəlkə də, ən böyüyü əhalimizin hər 8 nəfərindən birinin qaçqına və məcburi köçkünə çevrilməsi oldu. Biz bu imtahandan ləyaqətlə çıxdıq. Ləyaqətlə çıxdıq ona görə ki, dünyaya səpələnmədik. Ləyaqətlə çıxdıq ona görə ki, öz torpağımıza, öz xalqımıza, öz ulu öndərimizə sığındıq və bu gün də onun siyasətini davam etdirən Prezidentimiz İlham Əliyevə inamla yaşadıq. İnandıq və yanılmadıq. Yanılmadıq ona görə ki, Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi 2003-cü ildə bəyan etdi ki, neft gəlirləri əsas etibarilə ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərimizin şəraitinin yaxşılaşmasına yönəldiləcəkdir.

İndi artıq Azərbaycanda çadır şəhərciyi yoxdur, qaçqınlarımız, məcburi köçkünlərimiz abad, müasir şəhərciklərdə yaşayırlar. Ancaq beynəlxalq birlik bilməlidir ki, bu insanların hüquqları bərpa olunmalıdır. Onlar öz doğma yurdlarına qayıtmalıdır və mütləq qayıdacaqlar.

Xocavənd Rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov isə dedi ki, yeni informasiya texnologiyalarından istifadə edərək Azərbaycanın işğal olunan torpaqları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının vəzifələri sırasına daxildir. "Bu məqsədlə icma elektron informasiya vasitələrindən geniş istifadə etməli, kompüter mərkəzi, internet şəbəkəsi yaratmalı, icmanın saytı və mətbu orqanı olmalıdır. Bütün bunların vasitəsilə mütəmadi olaraq ölkə və dünya ictimaiyyətinə ermənilərin törətmiş olduqları soyqırımı və insanlığa sığmayan cinayətləri, torpaqlarımızın işğala məruz qalması, mədəniyyət abidələrimizin məhv edilməsi, Dağlıq Qarabağ azərbaycanlılarının pozulmuş hüquq və azadlıqları barədə ardıcıl məlumatlar çatdırılmalıdır.

Qarabağ uğrunda gedən döyüşlərdə xocavəndlilərin göstərdikləri qəhrəmanlığı xatırladan E.Hüseynov bildirmişdir: "Qısaca desək, bu gün bu müharibənin toxunmadığı bir ailə belə tapmaq mümkün deyildir. Ancaq ermənilər də, dünya birliyi də bilməlidirlər ki, danışıqlar əbədi ola bilməz.

Biz nəyin bahasına olursa-olsun, öz torpaqlarımıza qayıdacağıq. Heç kim unutmamalıdır ki, biz bu torpaqların əzəli sakinləriyik. Hazırda bizim işğal edilmiş torpaqlarımızı hər an azad etməyə qadir güclü ordumuz var. Bugünkü Azərbaycan dövləti Dağlıq Qarabağın işğal olunduğu dövrdəki Azərbaycan deyildir. Bu gün qüdrətli dövlətimiz, qətiyyətli Ali Baş Komandanımız vardır".

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atəşkəsə nail olunduğunu, sonra Azərbaycanda güclü ordu quruculuğuna başlandığını bildirmişdir. O demişdir: "1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı cəmiyyətin bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da əsaslı dönüş yaratdı. Məhz bu böyük şəxsiyyətin gərgin əməyi, əzmi və uzaqgörənliyi sayəsində ölkəmizdə vahid komandanlığa tabe olan Milli Ordunun formalaşdırılmasına başlanıldı. Həmin dövrdən etibarən Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, ölkəmizin ərazi bütövlüyünün beynəlxalq hüquqi prinsiplər çərçivəsində həlli üçün ardıcıl və məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsinə başlanıldı.

UIu öndər Heydər Əliyevin münaqişənin aradan qaldırılması üçün apardığı siyasi kurs bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfındən qətiyyətlə davam etdirilir. Vətən müharibəsi veteranları möhtərəm Prezidentimizin apardığı siyasəti dəstəkləyir, ordu quruculuğu, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirirlər".

Sonra təşkilati məsələlər müzakirə edilmiş, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin Nizamnaməsinə əlavə və dəyişikliklər olunmuşdur. İyirmi iki nəfərdən ibarət idarə heyəti, beş nəfərlik nəzarət-təftiş komissiyası formalaşdırılmışdır.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi idarə heyətinin sədri və icmanın rəhbəri seçilmişdir.

Qurultayda Azərbaycan Prezidentinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə və dünya ictimaiyyətinə müraciətlər qəbul olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-6 iyun.-S.3-4.