Azərbaycan Respublikası Dağlıq
Qarabağ bölgəsinin
azərbaycanlı icmasının
qurultayı nümayəndələrinin
dünya ictimaiyyətinə,
beynəlxalq təşkilatlara,
xarici ölkələrin
parlamentlərinə, dövlət
və hökumət başçılarına müraciəti
Hörmətli xanımlar və cənablar!
Bu gün qurultayını keçirən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 65 min nəfərdən çox insanı birləşdirir. Erməni separatçılarının təzyiq və işgəncələrinə məruz qalaraq, biz 1988-1992-ci illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən - öz doğma torpaqlarımızdan didərgin düşmüş məcburi köçkünlərik.
"Böyük Ermənistan" xülyası ilə yaşayan erməni millətçilərinin qəsbkarlıq planlarının, azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya və soyqırımı siyasətinin təməli 200 il bundan əvvəl qoyulmuşdur. XIX əsrin əvvəllərində ermənilər İran və Osmanlı dövlətlərinin ərazisindən Azərbaycana köçürüldükdən sonra soydaşlarımızın öz torpaqlarından məqsədyönlü şəkildə sıxışdırılıb çıxarılması prosesi başlanmışdır. Bu proses imperiyaların dağılması, inqilablar, hakimiyyət dəyişikliyi və digər keçid dövrlərində xüsusilə güclənmiş, açıq zorakılıq və qətllərlə müşayiət olunmuşdur.
Erməni millətçilərinin işğalçılıq və etnik təmizləmə siyasətinin növbəti mərhələsi ötən əsrin 80-ci illərinin sonunda - Sovet İttifaqının dağılması ərəfəsində başlamış və indi də davam etməkdədir. Qonşu Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon işğal olunmuş, 1 milyona yaxın azərbaycanlı doğma torpaqlarından qovularaq, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Hərbi təcavüz çoxsaylı insan tələfatına, ağır maddi və mənəvi itkilərə səbəb olmuşdur. 1992-ci ilin fevralında azərbaycanlıların ən qədim tarixi məskənlərindən biri olan Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən amansızlıqla dağıdılmış, qocalar, qadınlar və uşaqlar da daxil olmaqla, 600 nəfərdən çox insan işgəncələrlə qətlə yetirilmişdir. Xocalı soyqırımı daim özlərini dünya ictimaiyyətinə məzlum göstərməyə çalışan erməni millətçilərinin riyakarlığını, insanlıq və bəşəriyyət əleyhinə cinayətlərini bir daha açıq göstərmişdir.
Ümumiyyətlə, təcavüz nəticəsində 20 mindən çox azərbaycanlı həlak olmuş, 50 mindən çox insan yaralanmış və ya əlil olmuşdur. 890 yaşayış məntəqəsi, orada yerləşən sosial-iqtisadi infrastruktur, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, tarixi abidələr və məscidlər dağıdılmışdır. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon nəzarətsiz zonaya, transmilli cinayətkar qruplar üçün əlverişli dayaq nöqtəsinə çevrilmişdir.
Azərbaycan və Ermənistan müstəqil dövlətlər kimi Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olduqdan sonra Dağlıq Qarabağ problemi regional çərçivəni aşaraq, beynəlxalq xarakter almışdır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmiş, zor işlədilməklə sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi qeyd olunmuşdur. Bu sənədlərdə silahlı əməliyyatlara və düşmənçilik hərəkətlərinə son qoyulması, erməni hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir.
BMT Baş Məclisi 59, 60 və 62-ci sessiyalarında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair məsələni müzakirəyə çıxarmışdır. Azərbaycan hökumətinin təqdim etdiyi faktlar və ATƏT-in faktaraşdırıcı missiyasının məruzələri əsasında Baş Məclis işğal olunmuş ərazilərdə ermənilərin məskunlaşdırılmasını, kütləvi yanğınların törədilməsini, bu yanğınların ətraf mühitə, insanların sağlamlığına və həyatına təhlükə yaratmasını pisləyən qətnamələr qəbul etmişdir. Həmin sənədlərdə işğal olunmuş ərazilərdən qovulmuş əhalinin öz yurd-yuvalarına qayıtmaq hüququ bir daha təsdiq olunmuşdur.
Digər nüfuzlu beynəlxalq təşkilatlar da münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində müəyyən qərarlar qəbul etmişlər. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) 2005-ci il 1416 saylı qətnaməsində Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunduğu və separatçı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə nəzarət etdiyi göstərilmiş, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunmuş tələblərin yerinə yetirilməsinin və silahlı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi vurğulanmışdır. Bu tələblər AŞ PA-nın 2005-ci il 1690 saylı tövsiyəsində də öz əksini tapmışdır.
Problemin həlli üçün müəyyən səylər göstərilməsinə baxmayaraq, təəssüf ki, indiyədək onun aradan qaldırılması istiqamətində əsaslı irəliləyişə nail olunmamışdır. Münaqişənin nizamlanması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti Ermənistan Respublikasının qeyri-konstruktiv mövqeyi ucbatından lazımi səmərə verməmişdir. Beynəlxalq təşkilatların, vasitəçi dövlətlərin çox zaman siyasi iradə nümayiş etdirməməsi, qətiyyətsiz mövqe tutması, işğalçı ilə təcavüzə məruz qalmış tərəf arasında tarazlıq yaratmaq cəhdləri münaqişənin tezliklə və dinc yolla tənzimlənməsinə əngəl törətmişdir.
Hörmətli xanımlar və cənablar!
Sizi Azərbaycan xalqının üzləşdiyi tarixi ədalətsizliyin aradan qaldırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq prinsiplərinə uyğun həll edilməsi üçün ardıcıl səylər göstərməyə çağırırıq. İnanırıq ki, Siz Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən məcburi köçkün düşmüş azərbaycanlı icmanın çağırışlarına biganə qalmayacaq, münaqişənin ədalətlə həll olunması üçün daha qətiyyətli və prinsipial mövqe tutacaqsınız.
Müraciət Azərbaycan Respublikası Dağlıq
Qarabağ bölgəsinin
azərbaycanlı icmasının
qurultayında qəbul
olunmuşdur
Bakı şəhəri,
5 iyun 2009-cu il
Azərbaycan.-2009.- 6 iyun.-S.4.