Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsi Azərbaycanlı İcması İctimai Birliyi idarə heyətinin üzvləri xarici ölkələrin səfirləri ilə görüşmüşlər

 

İyunun 5-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsi Azərbaycanlı İcması İctimai Birliyi idarə heyətinin üzvləri qurultaydan sonra xarici ölkələrin səfirləri ilə görüşmüşlər. Görüşdə Türkiyə, Belarus səfirləri, Rusiya, ABŞ, Fransa, İtaliya, Almaniya, Yunanıstan səfirliklərinin nümayəndələri iştirak etmişlər.

Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdulla məlumat verərək demişdir ki, qurultayda Dağlıq Qarabağ icması üzvləri geniş tərkibdə təmsil olunmuşdur. Burada Qarabağ müharibəsinin dəhşətlərini öz talelərində yaşamış insanlarla yanaşı, Azərbaycanın tanınmış ziyalıları, o cümlədən görkəmli elm, mədəniyyət incəsənət xadimləri iştirak edirdilər. Ali məclisimiz yüksək səviyyədə keçdi qarşısına qoyduğu məqsədə nail oldu. Qurultayın təşkilat komitəsinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun məruzəsi çox ciddi müzakirə olundu. Çıxışların əsas mahiyyəti ondan ibarət idi ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağı olmaqla yanaşı, orada müəyyən tarixi dövrdə məskunlaşmış bütün insanlar yaşaya bilərlər. Bu gün Azərbaycanın bütün sahələr üzrə inkişafı göstərir ki, azərbaycanlılar mənəvi, psixoloji cəhətdən, dünyaya baxış cəhətdən dünənki deyillər. Əgər biz müharibə gedən zaman qana-qan deyirdiksə, bu gün dünya ictimaiyyətinin etdiyi təkliflər əsasında, Prezidentimizin qətiyyət cəsarətlə yeritdiyi siyasət nəticəsində azərbaycanlı icması Dağlıq Qarabağda tolerant şəkildə ermənilərlə yanaşı yaşamağa mənən hazırdır. İstərdik ki, bizim düşüncələrimizi, həyəcanımızı həm öz ölkələrinizin ictimaiyyətinə, həm qonşu ölkələrin xalqlarına çatdırasınız.

K.Abdulla münaqişənin həlli məsələsində Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini xatırlatmışdır: Biz problemi sülh yolu ilə həll etmək istəyirik. Qeyd edim ki, Azərbaycan öz problemlərini, bəlkə özü həll edə bilər. Amma yaşadığımız dünya yeni prinsiplər irəli sürür. O prinsiplərə əməl etməklə biz dünya ictimaiyyətinə hörmətimizi ifadə edirik. Sevindirici haldır ki, bizim haqq səsimiz bu gün dünyanın bir çox ölkələrinin parlamentlərinə çatır.

Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç qurultayın uğurla yekunlaşmasından məmnunluğunu ifadə etmişdir. Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, münaqişə nəticəsində on minlərlə azərbaycanlının öz torpağında doğma ocağından didərgin düşməsini Azərbaycanın ən böyük problemi adlandırmış, bu problemlə bağlı ölkəsinin mövqeyindən söz açmışdır.

Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti Fərhad Bədəlbəyli, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev, Milli Məclisin deputatları Rövşən Rzayev, Cavid Qurbanov başqaları fikir mülahizələrini bildirmiş, onları maraqlandıran suallarla diplomatlara müraciət etmişlər.

Qeyd edilmişdir ki, Azərbaycan gec-tez öz problemini həll edəcək, məcburi köçkünlər doğma torpaqlarına qayıdacaqlar. Çünki biz ulu öndər Heydər Əliyevin siyasətinə əsaslanırıq İlham Əliyev kimi cəsur Prezidentimiz vardır. Sadəcə olaraq, başqa ölkələr ədalətli mövqe nümayiş etdirsələr, münaqişə daha tez həll olunar. Vurğulanmışdır ki, icma üzvləri BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri icra olunmadığından, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti nəticə vermədiyindən, münaqişə tərəflərinə münasibətdə ikili standart yeridildiyindən, təcavüzkarla təcavüz qurbanının bərabər tutulduğundan narazı qalsalar da, əmindirlər: bir çox ölkələrdə bu münaqişənin həllinin tərəfdarı olan ciddi qüvvələr vardır. Səfirlərdən xahiş olunmuşdur ki, bu qüvvələrlə əlaqələrin yaradılmasında yardımlarını əsirgəməsinlər. Xüsusi qeyd edilmişdir ki, məsələnin sülh yolu ilə həll edilməməsi müharibəyə əl atmaq demək deyildir. Çünki təcavüzkara qarşı sanksiya tətbiqi, müxtəlif təzyiq vasitələri mövcuddur.

Rusiya, ABŞ, Fransa səfirliklərinin təmsilçiləri deyilənlərə münasibət bildirmiş, suallara səlahiyyətləri daxilində cavab vermişlər.

İcmanın sədri Bayram Səfərov diplomatlara qurultayın işində iştirak etdiklərinə görə minnətdarlığını bildirmiş xahiş etmişdir ki, öz ölkələrinin ictimaiyyətinə həqiqəti çatdırsınlar.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-6 iyun.-S.4.