Jurnalistikamızın tanınmış nümayəndəsi Nəriman Zeynalovun anım mərasimi keçirilmişdir

 

İyunun 5-də Mətbuat Şurasında jurnalistikamızın tanınmış nümayəndəsi Nəriman Zeynalovun anım mərasimi keçirilmişdir.

"Görkəmli jurnalistlərin anımı" silsiləsindən olan tədbirdə N.Zeynalovun həyat fəaliyyətinə nəzər salınmış, keçdiyi ömür yolunun müasir mediamız üçün örnək ola biləcək məqamlarından söhbət açılmışdır.

N.Zeynalov 1933-cü ildə Göyçay rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin jurnalistika şöbəsini bitirmişdir. "Kommunist" qəzetində (indiki "Xalq qəzeti"ndə) ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışan N.Zeynalov "Molla Nəsrəddin" jurnalının tarixi ilə bağlı 1967-ci ildə namizədlik, 1988-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. Azərbaycanın mətbuat tarixi ilə bağlı 2 cildlik dərslik hazırlamışdır. 1977-ci ildən başlayaraq 10 ilə yaxın "Sovet kəndi" qəzetinə redaktorluq edən Nəriman Zeynalov ömrünün son illərində jurnalistika fakültəsinin dekanı seçilmişdir. 1989-cu ildə dünyasını dəyişmişdir. Mətbuat tarixçisi olan N.Zeynalovun 1971-ci ildə oçerkləri "Qızıl qələm" mükafatına layiq görülmüşdür. "Gümüş dəstəkli qılınc" romanının, "Oğul o kəsdir ki", "Dağlar oğlu", "Bərəkətli torpaq" oçerklər kitabının müəllifi olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-6 iyun.-S.6.