Parisdə AŞ PA-nın Monitorinq komitəsinin növbəti yığıncağı keçirilmişdir

 

İyunun 5-də Avropa Şurasının Parisdə yerləşən ofisində Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq komitəsinin qurumun yay sessiyası qarşısında növbəti yığıncağı keçirilmişdir. Komitə üzvləri gündəlikdəki Avropada insan hüquqlarının vəziyyəti, Rusiya-Gürcüstan münasibətləri, monitorinq prosedurunda irəliləyiş, Ermənistanda demokratik institutların fəaliyyəti, habelə Moldova, Ukrayna, Monako və Albaniya ilə bağlı məsələləri müzakirə etmişlər.

Yığıncaqda Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli ölkəmizi təmsil etmişlər.

Milli Məclisin komitə sədri Səməd Seyidov yığıncaq barədə AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir ki, müzakirə olunmuş məsələlər arasında ölkəmiz üzrə həmməruzəçilərin sonuncu səfəri ilə bağlı məlumatı bizim üçün maraqlı olmuşdur. Məruzə hələlik tam şəkildə təqdim edilməmişdir. Həmməruzəçilərdən Yevgeniya Jivkova yığıncaqda iştirak etməmişdir. Estoniyadan olan digər həmməruzəçi Andres Herkel, sadəcə olaraq, səfərləri barədə məlumat vermişdir. Onun məlumatında Azərbaycanda gedən proseslər, referendum, ölkəmizdə qanunvericilik sahəsindəki islahatlar və başqa məsələlər yer almışdır.

Məruzənin ilk mətni Monitorinq komitəsinin AŞ PA-nın yay sessiyasının gedişi zamanı keçiriləcək yığıncağında müzakirə ediləcəkdir. Sonra isə prosedur qaydalarına uyğun olaraq böyük ehtimalla AŞ PA-nın payız sessiyasında müzakirəyə çıxarılacaqdır. Ola bilər ki, məruzənin müzakirəsi qış sessiyasında keçirilsin. Amma hələlik onun müzakirəsi sentyabr ayında nəzərdə tutulmuşdur.

Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirələr zamanı ölkəmizin mövqeyini bir daha diqqətə çatdırmışlar ki, dəfələrlə qeyd olunmasına baxmayaraq, Azərbaycana qarşı ikili standartlara yol verilir. Azərbaycan hazırda nəinki Cənubi Qafqaz regionunun, habelə Avropanın ən mühüm və əhəmiyyətli ölkələrindən biridir. Ona görə də Azərbaycanda gedən proseslər obyektiv təhlil olunmalı, nəzərdən keçirilməli və bunun əsasında obyektiv məruzə hazırlanmalıdır.

Yığıncaqda Avropada demokratiyanın və insan hüquqlarının inkişafı və bununla bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.

Azərbaycan nümayəndə heyəti həmin məsələlərə öz münasibətini bildirmişdir.

 

 

Əsgər Əliyev,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.-2009.-6 iyun.-S.6.