Ənənələri yaşadanlar
Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovun 70 yaşı tamam oldu. Azərbaycan musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətə görə o, ölkə başçısı İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif edildi. Bu sevgidən hamımıza pay düşdü.
50 ildən
artıqdır ki, oxucular Azərbaycanın musiqi həyatında
baş verən ən mühüm və əlamətdar hadisələr
barədə məlumatı məhz Ramiz Zöhrabovun məqalələrindən
almış, görkəmli bəstəkarlarımızın
yaradıcılıq portretlərilə tanış olmuş,
onun xalq musiqisi, muğam və aşıq sənəti
haqqında maraqlı yazılarını oxumuşlar. Onu geniş oxucu kütləsinə
təqdim etməyə ehtiyac yoxdur, çünki bir tənqidçi-publisist
və musiqi təbliğatçısı kimi çoxdan
özünü xalqa tanıtmış və sevdirmişdir.
Üzeyir Hacıbəyovdan
başlayaraq milli musiqişünaslığımızda
kök salmış ən yaxşı ənənələr
və musiqi sənətinin bugünkü siması barədə
təsəvvür əldə etmək üçün
R.Zöhrabovun yaradıcılığına nəzər
salmaq kifayətdir. O, nadir musiqişünaslardandır ki, fəaliyyətini
ilk gündən müxtəlif istiqamətlərə yönəldərək
həm elm sahəsində, həm də tənqid və
publisistikada özünü eyni dərəcədə
uğurla sınamış, musiqi təbliğatçısı
və pedaqoq kimi böyük iş aparmışdır.
R.Zöhrabovun tələbəlik illərindən diqqət mərkəzinə
çəkdiyi şifahi ənənəli musiqimizin öyrənilməsi
məsələsinə maraq sonrakı illərdə getdikcə
artmışdır. Onun ildən-ilə cilalanan peşəkarlığı,
əldə etdiyi təcrübə sayəsində hər yeni
tədqiqatı milli musiqişünaslığımıza
töhfə olmuşdur. Hazırda muğam sənətinə
dövlət səviyyəsində böyük qayğı və
diqqətin şahidi olduğumuz bir zamanda, bu qədim və zəngin
ənənənin yaşayıb inkişaf etməsi naminə
beynəlxalq əhəmiyyətli unikal layihələrin həyata
keçirildiyi bir dövrdə muğamın öyrənilməsinə
də maraq artmışdır. R.Zöhrabov hələ ötən
əsrin 60-cı illərindən xalq musiqisi və muğam sənətinin
tədqiqilə məşğul olmağa
başlamışdır. Müəllifi olduğu onlarca kitab
arasında "Azerbaydjanskie tesnifı" (Moskva, 1983), "Azərbaycan
təsnifləri" (Təbriz, 1991), "Muğam"
(Bakı, 1991), "Teoretiçeskie problemı Azerbaydjanskoqo
muqama" (Bakı, 1992), "Azərbaycan modal musiqisi"
(Tehran, 1999, fars dilində), 2000-ci illərdə işıq
üzü görmüş "Şifahi ənənəli Azərbaycan
professional musiqisi", "Çahargah" muğam dəstgahının
nəzəri əsasları", "Rast" muğam dəstgahının
nəzəri əsasları", "Zərbi-muğamlar",
"Azərbaycan rəngləri: janr, lad-məqam və melodik
xüsusiyyətlərin tədqiqi" və digər dəyərli
tədqiqatlarını milli
muğamşünaslığın klassik nümunələri
adlandıra bilərik. Eyni zamanda, R.Zöhrabov
özünün elm sahəsindəki nailiyyətlərindən
bəhrələnərək musiqisevərləri maarifləndirmək
məqsədilə elmi-populyar səpkili işləri ilə də
tanınan nadir musiqişünaslarımızdan biridir.
Muğamın təbliğ olunmasında Ramiz müəllimin
xidmətləri böyükdür. Azərbaycan
televiziyasında apardığı "Xalq musiqisi xəzinəsindən",
"Xalq musiqisi inciləri" adlı silsilə verilişlərdə
muğam sənəti və onun ifaçıları ilə
bağlı maraqlı söhbətləri minlərlə sənətsevəri,
müxtəlif peşə sahiblərini mavi ekran
qarşısında toplayıb, onların milli musiqimizə
olan məhəbbətini daha da artırıb. Bu baxımdan
"Muğam" kitabı da milli
musiqişünaslığımızda
elmi-populyarlaşdırıcı tənqidin nadir nümunələrindən
biri hesab edilə bilər. Bu kitabda muğama aid dəyərli
məlumat bütün dolğunluğu ilə, eyni zamanda hər
kəs üçün anlaşıqlı və maraqlı
olan bir tərzdə təqdim edilir. R.Zöhrabovun elmi fəaliyyətinin
digər istiqaməti - bəstəkar
yaradıcılığının öyrənilməsi də
bilavasitə publisistika sahəsindəki işi ilə
bağlı olmuşdur. Azərbaycan bəstəkarlarının
yaradıcılığına həsr olunmuş "Hacı
Xanməmmədov" (1992), "Rauf Hacıyev" (1993),
"Ramiz Mustafayev" (1995), "Bəstəkarlarımız
haqqında söz" (1995), "Bəstəkarlarımızın
portreti" (1997) kitabları, Üzeyir Hacıbəyov,
Süleyman Ələsgərov, Fikrət Əmirov, Səid
Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Hacı Xanməmmədov,
Arif Məlikov, Vasif Adıgözəlov, Şəfiqə
Axundova, Tofiq Bakıxanov, Aqşin Əlizadə və bir
çox başqa bəstəkarlar haqqında həm elmi, həm
publisistik xarakterli məqalələri musiqisevərlər
üçün maraqlı və dəyərli mənbələr
olmuşdur. Onun müəllifi olduğu dərslik və dərs
vəsaitləri isə ali və orta musiqi məktəblərinin
tədris prosesi üçün zəruri olan ədəbiyyat
siyahısında birinci yerdə olan nümunələrdir.
Ötən əsrin 50-ci illərindən başlayaraq son
onilliyinə kimi R.Zöhrabov bəstəkar kimi də fəaliyyət
göstərmiş, orkestr və kamera əsərlərinin
müəllifi olmuşdur. Bütün bunlarla yanaşı,
R.Zöhrabovun Bakı Musiqi Akademiyasında kafedra müdiri kimi
daşıdığı məsuliyyəti, onlarca
buraxılış işi, magistrlik və namizədlik
dissertasiyalarına rəhbərliyini, həmkarlarının
bir çox işlərinin redaktoru kimi çıxış
etməsini, Azərbaycan Prezidenti yanında Ali Attestasiya
Komissiyasının ekspert şurasının sədri, 20 ilə
yaxın müddətdə Azərbaycan Bəstəkarlar
İttifaqının katibi kimi göstərdiyi fəaliyyəti
də nəzərdən keçirsək, üstəlik,
respublika və beynəlxalq əhəmiyyətli müsabiqələrdə
münsif kimi işini də qeyd etsək, bunların bir şəxs
tərəfindən yerinə yetirilməsinə heyrətlənməyə
bilmərik. Bu gün Ramiz Zöhrabov
yaradıcılığının kamillik zirvəsinə
çatmış alim, tənqidçi-publisist, ictimai xadimdir.
Şəhla Həsənova,
Üzeyir Hacıbəyov adına
Bakı Musiqi Akademiyasının
Professoru
Azərbaycan.-2009.-6
iyun.-S.7.