Strateji tərəfdaşlığa yüksələn münasibətlər

 

 Dünya siyasətində tutduğu mövqedən asılı olmayaraq, Cənubi Qafqazda marağı olan və bu regionda yerləşən ölkələrlə perspektivli əməkdaşlıq qurmaq istəyən xarici dövlətlərin ilk növbədə Azərbaycanla qarşılıqlı maraqlar əsasında münasibətlər yaratması artıq beynəlxalq arenada aksiom kimi qəbul olunmaqdadır. Çünki Azərbaycan regionun şəksiz lideri kimi çıxış edir və burada reallaşdırılan hər hansı böyük layihə onun iştirakı olmadan mümkünsüzdür. Geosiyasi əhəmiyyətinə görə Azərbaycan Şərq və Qərb arasında körpü hesab olunur. Bütün bunların fonunda respublikamız öz milli maraqlarının qorunması şərtilə xarici əlaqələrini uğurla inkişaf etdirməkdədir ki, onun da nəticəsində beynəlxalq aləmdə ölkəmiz artıq söz sahiblərindən birinə çevrilməkdədir.

 

"Azərbaycan Birləşmiş Ştatların Qafqazda görəcəyi bütün işlərin əsas mərkəzidir"

 

Xarici siyasətdə qazanılan uğurların davamı və daha da genişləndirilməsi məqsədilə Azərbaycan aparıcı beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etməklə yanaşı, dünya dövlətlərilə qarşılıqlı münasibətlərinin mütəmadi olaraq inkişaf etdirilməsinə mühüm önəm verir. Belə dövlətlərdən biri də dünya siyasətinin müəyyən olunmasında xüsusi rola malik Amerika Birləşmiş Ştatlarıdır.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbilə hakimiyyətə qayıdışından sonra ABŞ-Azərbaycan əlaqələrinin inkişafında olduqca intensiv bir mərhələ başlanıb və bu istiqamətdə görülən işlər hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Öz növbəsində, ABŞ-da hakimiyyət başında olan administrasiyalar da daim Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm vermişlər. ABŞ-ın 44-cü Prezidenti Barak Obama da Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla ikitərəfli əlaqələrin dərinləşməsində maraqlı olduğunu bəyan edib. Bütün bunlar indiki və sonrakı dövrdə də ABŞ-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsinin hər iki ölkənin marağına uyğun olduğunu deməyə əsas verir. Bununla bağlı cənab İlham Əliyev hələ ötən ilin noyabrında prezident seçilməsi münasibətilə Barak Obamaya göndərdiyi təbrik məktubunda qeyd edirdi: "Biz Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında münasibətlərə xüsusi əhəmiyyət veririk. Bu münasibətlər böyük təkamül yolu keçmiş, dostluq və əməkdaşlığımız hazırkı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu gün bir çox sahələrdə, xüsusən də enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və hərtərəfli dəstəyi müvəffəqiyyətimizin əsas amillərindən biridir".

Barak Obamanın rəsmən prezidentlik səlahiyyətlərinə başlamasından öncə onun rəhbərlik edəcəyi administrasiyanın Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi üçün əməli addımlar atmasının zəruriliyinə dair ötən ilin noyabrından etibarən ABŞ mediasında geniş təhlili yazılar dərc olunmağa başladı. Belə media vasitələri sırasında yer alan nüfuzlu "İnternational Herald Tribune" qəzetinin ötən ilin dekabr nömrələrinin birində ABŞ-ın Milli Təhlükəsizlik üzrə Biznes İcraçıları Təşkilatının sədri Stenli Veysin Azərbaycan haqqında yazdığı "Qafqazın açarı" sərlövhəli məqalə xüsusilə diqqəti cəlb edirdi. Məqalədə ABŞ diplomatlarından birinin belə bir fikri yer almışdır: "Azərbaycan bizim bu regionda görmək istədiyimiz bütün işlərin əsas mərkəzidir". Daha sonra məqalədə qeyd edilirdi ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan mühüm rol oynayır: "ABŞ-ın energetika naziri Samuel Bodmanın təbirincə desək, bölgədə həyata keçirilən bütün enerji və kommunikasiya layihələri Azərbaycanın iştirakı olmadan mümkün deyildir". Yazıda Obama administrasiyasına konkret çağırışlar da edilirdi: "Terrorizmə qarşı mübarizədə fəal iştirakına, həmçinin Əfqanıstana və İraqa sülhməramlılar göndərdiyinə görə Azərbaycan Birləşmiş Ştatların Qafqazdakı siyasətində ön planda durmalıdır. Obama administrasiyası Azərbaycanın və regionun iqtisadi inkişafını ləngidən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə əsaslı təkan verməlidir. Əsaslı dəyişikliklər mümkündür. Azərbaycan, Ermənistan, Rusiya, bəzi Avropa ölkələri və ABŞ da daxil olmaqla, münaqişənin həllinə məsul olan Minsk qrupunun bütün üzvləri kompromis üçün güclü stimullara malikdirlər".

ABŞ-ın ölkəmizdəki səfiri Ənn Ders isə Obama administrasiyasının rəsmən fəaliyyətə başlamasından sonra Qafqazdakı maraqlarının yenə də Birləşmiş Ştatların xarici siyasətinin öncül istiqaməti olacağını bildirdi: "ABŞ-ın Azərbaycandakı uzunmüddətli maraqları və ABŞ Prezidenti Barak Obamanın əvvəllər Azərbaycanda olması faktı iki ölkə arasında münasibətlərin möhkəmlənməsi üçün zəmin yaradır".

 

Nümunəvi müsəlman ölkəsi

 

Azərbaycana, eləcə də onun yerləşdiyi Cənubi Qafqaz regionuna xüsusi əhəmiyyət verəcəyini Barak Obamanın administrasiyası fəaliyyətə başladığı ilk iş həftəsindəcə nümayiş etdirdi. Belə ki, cari il yanvarın 27-də Barak Obamanın administrasiyasının ilk iş həftəsində "ABŞ-ın Cənubi Qafqaz siyasəti: enerji və geosiyasi problemlər" mövzusunda Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunda konfrans keçirildi. Konfransda ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müşaviri Metyu Brayza, Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə əlaqələndiricisi Stiven Mənn, Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun rəhbəri Frederik Starr, Senatın xarici münasibətlər komitəsinin nümayəndəsi Nil Braun, Milli Müdafiə Universitetinin professoru, polkovnik Con Çiki kimi nüfuzlu şəxslər iştirak edib. Frederik Starr konfransda açıq şəkildə qeyd edib ki, ABŞ-ın Əfqanıstanda uğur qazanması üçün Azərbaycanın dəstəyi əhəmiyyətlidir. Polkovnik Con Çiki isə çıxışında vurğulayıb ki, müdafiə üzrə əməkdaşlıq məsələsində Obama administrasiyası dövründə də ABŞ Azərbaycanla strateji tərəfdaşlığını davam etdirməlidir.

ABŞ-ın yeni hökumətinin Azərbaycana xüsusi önəm verdiyini nümayiş etdirən daha bir məqam cari ilin fevralında Prezident Barak Obamanın seçki qərargahının rəhbəri olmuş Devid Plavın ölkəmizə birgünlük səfəri oldu. Məhz həmin səfər okeanın o tayından Azərbaycana verilən yüksək qiymətin göstəricisi kimi qiymətləndirildi.

Bu dövrdə yenə də ABŞ mediasında ölkənin yeni administrasiyasının Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət yetirməsinin vacibliyinə dair məqalələr yer alırdı. Belə media orqanlarından biri olan "Register Qard" qəzetində mart sayında dərc edilən yazıda göstərilirdi ki, İraq və Əfqanıstana hərbi qüvvələr göndərməklə ABŞ-ı dəstəkləyən, bölgədə mühüm təsiri olan Azərbaycanı Birləşmiş Ştatlar özünün müttəfiqi hesab etməlidir: "Azərbaycanın ən böyük problemi qonşusu Ermənistanladır. Ermənistan Azərbaycan ərazisinin bir hissəsini işğal etmişdir, bir milyon insan isə qaçqın və məcburi köçkündür... ABŞ isə nümunəvi müsəlman dövləti axtarırsa, onu bu gün Azərbaycanda görmək olar. Zəngin neft yataqlarına malik Azərbaycanın əhəmiyyəti daha da artacaq və əvvəlki vitse-prezident Dik Çeyni buraya səfər edən sonuncu yüksək səviyyəli ABŞ rəsmisi olmayacaq".

Barak Obama administrasiyasının Azərbaycana və onun ən ağrılı problemi sayılan Dağlıq Qarabağ münaqişəsinin həllinə həssas yanaşacağı isə ABŞ Prezidentinin cari il aprelin 6-da Türkiyəyə rəsmi səfərində bir daha yüksək səviyyədə nümayiş olundu. Belə ki, Türkiyə rəsmilərilə görüşündə Barak Obamanın diqqət yetirdiyi əsas məsələlərdən biri məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi idi. Aprelin 7-də Barak Obama Prezident İlham Əliyevə zəng edərək iki ölkə arasında əlaqələrə dair fikir mübadiləsi apardı. Prezidentlər Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, həmçinin energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdilər.

ABŞ-ın Azərbaycanın dostu olduğunu Prezident Barak Obama aprelin 30-da Dövlət Neft Akademiyasında baş verən məlum qanlı olayla bağlı Prezident İlham Əliyevə ünvanladığı məktubda bir daha ifadə etdi. Analoji fikir ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevə Respublika Günü münasibətilə göndərilən məktubda vurğulandı və qeyd edildi ki, ABŞ bundan sonra da Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə mühüm önəm verir. ABŞ Prezidenti məktubunda bildirirdi: "Qarşıdakı illərdə də Azərbaycanla tərəfdaşlığımızın möhkəmləndiriləcəyini səbirsizliklə gözləyirəm".

 

Dünya bazarının mühüm enerji təchizatçısı

 

Barak Obamanın növbəti məktubunu Prezident İlham Əliyevə ABŞ dövlət başçısının Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi səfir Riçard Morninqstar çatdırdı. Budəfəki məktubunda Bakıda keçirilən XVI Beynəlxalq Xəzər neft-qaz sərgisi və konfransının açılışı münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik edən Barak Obama bildirib ki, Azərbaycan dünya bazarında mühüm və etibarlı enerji təchizatçısına çevrilib: "Azərbaycan beynəlxalq şirkətlərin iştirakı ilə enerji ehtiyatlarının işlənilməsinin sürətli tərəqqi və ən qabaqcıl texnologiya ilə nəticələnməsinin nümunəsidir. 90-cı illərin ortalarında neft və qaz yataqlarının işlənilməsi üçün beynəlxalq sərmayəçilərin Azərbaycana dəvət edilməsi, Şərq-Qərb enerji dəhlizinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft boru və Cənubi Qafqaz qaz boru kəmərlərinin reallaşması sizin xüsusi nailiyyətinizdir. Üç ölkənin ərazisindən keçən, yüzlərlə kilometr məsafəni qət edən və bir çox beynəlxalq enerji şirkətini bir araya gətirən həmin layihələr yorulmaz fəaliyyət və əməkdaşlıq sayəsində nəyə nail oluna biləcəyini əks etdirir. ABŞ bu mühüm layihələri həyata keçirən Azərbaycan və digər iştirakçılarla tərəfdaş olmaqdan iftixar hissi keçirir".

Azərbaycanın təbii qaz sferasında həyata keçirdiyi siyasət də Barak Obama administrasiyası tərəfindən yüksək qiymətləndirilir. Bununla bağlı ABŞ-ın dövlət başçısı Barak Obamanın Prezident İlham Əliyevə göndərdiyi məktubunda qeyd edilir: "Biz regional təchizatın şaxələndirilməsinə yardım etmək məqsədilə təbii qaz yataqlarınızın işlənilməsinə yönəlmiş səylərinizi dəstəkləyirik. Həm sizin ölkəniz, həm də qonşularınız bundan bəhrələnəcəkdir. Biz karbohidrogen sektorunuzun işlənilməsi sahəsində işləri bu cür davam etdirməyinizi alqışlayırıq. Bu prosesin nəticəsində regional inkişaf və əməkdaşlıq, o cümlədən qlobal enerji təhlükəsizliyi güclənəcəkdir, eyni zamanda bütün Azərbaycan vətəndaşlarının arzu və tələbatlarını təmin etmək üçün çox dəyərli bir imkan yaranacaqdır. Enerji ehtiyatlarınızın davamlı şəkildə işlənilməsi sahəsində göstərdiyiniz fəaliyyətinizdə Amerika Birləşmiş Ştatları Azərbaycana möhkəm dost və tərəfdaş olacaqdır. Mən Azərbaycanla sıx əməkdaşlığı davam etdirmək əzmindəyəm".

XVI Beynəlxalq Xəzər neft-qaz sərgisi və konfransına qatılan Riçard Morninqstar isə enerji sahəsində Prezident İlham Əliyevin apardığı siyasəti belə qiymətləndirdi: "Açıq-aşkar məlumdur ki, Azərbaycan və ABŞ bir-birinə yaxın tərəfdaş olaraq qalacaq. Prezident İlham Əliyev yalnız Praqa sammitində, ondan əvvəl Krakov, Vilnüs və Kiyevdə keçirilmiş sammitlərdə iştirak etməklə deyil, həmçinin burada, Bakıda ötən ilin noyabrında Enerji sammitini təşkil etməklə bu regionun enerji məsələləri üzrə lideri olub".

Bütün bunlar Barak Obamanın hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf edəcəyindən xəbər verir. Elə bunun nəticəsidir ki, Azərbaycanın strateji əhəmiyyətini nəzərə alan bir sıra ABŞ konqresmenləri ölkəmizlə münasibətlərin inkişafını əngəlləyən qanunvericilik aktlarına bəzi düzəlişlərin ləğvini tələb edirlər. Onlardan biri də hələ 1974-cü ildə ABŞ Ticarət Aktına əlavə edilmiş Cəkson-Vənik düzəlişidir. Qeyd edək ki, bu düzəliş emiqrasiya hüquqlarını məhdudlaşdıran müəyyən ölkələrə münasibətdə ən əlverişli ticarət rejiminin tətbiqini qadağan edir.

İndi Azərbaycana qarşı bu düzəlişin qüvvədə qalmasının əhəmiyyətsizliyini əsas gətirən ABŞ Konqresi Nümayəndələr Palatasının Avropa üzrə Alt Komitəsinin sədri və Xarici Əlaqələr Komitəsinin üzvü, konqresmen Robert Veksler və Nümayəndələr Palatasının üzvü, Azərbaycan üzrə İşçi Qrupunun həmsədri, konqresmen Bill Şuster Cəkson-Vənik düzəlişinin Azərbaycana münasibətdə ləğvini nəzərdə tutan qanun layihəsi təqdim ediblər. Konqresmenlər hesab edirlər ki, ABŞ-ın strateji tərəfdaşı olan Azərbaycan çoxdan emiqrasiya azadlığı tələblərinə dair öhdəliklərini yerinə yetirib və Konqres Azərbaycana dair Cəkson-Vənik düzəlişinin tələblərini aradan qaldırmalıdır.

Konqresmen Veksler bununla bağlı bildirir: "Mən ABŞ-ın Qafqazda ən vacib strateji tərəfdaşlarından biri olan, emiqrasiya azadlığı tələblərinə uyğun bütün öhdəlikləri yerinə yetirmiş və bu öhdəliklərin yerinə yetirilməsini davam etdirən Azərbaycana dair Cəkson-Vənik düzəlişinin ləğvini tam dəstəkləyirəm. Bu qanun layihəsinin qəbul olunması Amerikanın Azərbaycanla enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və ticarət də daxil olmaqla digər sahələrdəki əməkdaşlığın gücləndirilməsi niyyəti haqda mühüm mesaj olacaq".

Konqresmen Şuster isə deyib ki, Azərbaycan terrorizmə qarşı mübarizədə əvəzsiz tərəfdaşdır: "Bununla yanaşı, Azərbaycanın şimaldan Rusiya, cənubdan isə İranla həmsərhəd olması onu əsas strateji tərəfdaş edir. Azərbaycan, həmçinin, dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə malikdir və Qafqazda ticarət tərəfdaşı kimi mühüm rolu oynamaqda davam edəcək. Bu qanun layihəsi münasibətlərimizin inkişafı üçün vacibdir".

ABŞ-ın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvləri Alan Makovski və Conatan Katz da Cənubi Qafqazdakı siyasi proseslərdə Azərbaycanın mühüm rol oynadığını bildirirlər.

 

Antiterror koalisiyasının etibarlı üzvü

 

Azərbaycan daha böyük bir coğrafiyanı əhatə edən regionda da ABŞ üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan beynəlxalq antiterror koalisiyasının ən fəal üzvlərindən biridir. İraq və Əfqanıstana qeyri-hərbi yüklərin daşınmasında Azərbaycan ABŞ üçün xüsusi əhəmiyyət kəsb edir. Cari ilin fevralında Qırğızıstan hökuməti ölkədəki Amerika hərbçilərinə "Manas" hərbi bazasını tərk etmələri üçün rəsmi xəbərdarlıq göndərəndən sonra Əfqanıstanda olan koalisiya qüvvələrinin işi xeyli çətinləşmişdi. Çünki Əfqanıstana koalisiya qüvvələri üçün lazımi yüklərin və əsgəri qüvvələrin daşınmasında "Manas" hərbi bazası mühüm rol oynayırdı.

Hadisələrin belə səpkidə inkişafından narahat olan ABŞ və NATO qüvvələri Əfqanıstana yükdaşımalar üçün yeni marşrutları nəzərdən keçirməyə başladılar ki, bu istiqamətdə ən əlverişli ərazilərdən biri kimi Azərbaycan daha çox diqqət cəlb etdi. Bunun əsas səbəbi isə Azərbaycan vasitəsilə yükdaşımaların təhlükəsiz həyata keçirilməsiydi. Ölkəmizin Əfqanıstanda koalisiya qüvvələrinin təchizatı baxımından vacib rol oynaya biləcəyini nəzərə alan ABŞ və NATO-nun bir sıra təmsilçilərinin iştirakı ilə cari ilin martında Bakıda iki günlük xüsusi konfrans keçirildi. Konfransda Türkiyə, Gürcüstan və Azərbaycandan olan nəqliyyat sahəsi üzrə aparıcı mütəxəssislər ABŞ və digər tərəfdaş ölkələrin Əfqanıstanda əməliyyat aparan hərbi qüvvələrinin təchizatının asanlaşdırılıması məsələlərini müzakirə etdilər. Konfransı ABŞ-ın Avropa Komandanlığı təşkil etmişdi. Tədbirə Türkiyədən, Azərbaycandan və Gürcüstandan hökumət rəsmiləri, özəl şirkətlərin, həmçinin ABŞ Ordu Qüvvələrinin Yerüstü Yerləşdirilmə Mərkəzinin, ABŞ Nəqliyyat Komandanlığının, Pentaqonun Müdafiə Təminatı və Təchizatı üzrə Agentliyinin, ABŞ-ın Avropa Komandanlığının və ABŞ Müdafiə Nazirliyi üçün təminatla məşğul olan digər qurumların nümayəndələri qatılmışdı.

Həmin vaxt konfransa qiymət verən ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndəsi Terri Devidson bildirmişdi ki, Əfqanıstan ABŞ və NATO üçün prioritet bölgə sayılır: "Biz Azərbaycanı Əfqanıstanda sülh və inkişafın bərqərar olmasında etibarlı tərəfdaş kimi görürük. Azərbaycan uzun illər Şərqlə Qərbi birləşdirən körpü rolunu oynayıb, Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşınmasında müstəsna rola malikdir. Buna görə də belə bir konfransın Azərbaycanda keçirilməsi təbiidir".

Onu da qeyd edək ki, Əfqanıstana qeyri-hərbi yüklərin daşınması əsasən özəl şirkətlər tərəfindən həyata keçirilir və Qafqaz vasitəsilə yüklərin daşınmasına hərbi personal cəlb olunmur. Digər tərəfdən, bu, Azərbaycana iqtisadi cəhətdən də olduqca sərfəlidir. Belə ki, Əfqanıstanda olan koalisiya qüvvələri üçün daşınan qeyri-hərbi yüklərin bir çoxu məhz Azərbaycan istehsalı olacaq. Yəni bu məsələ yerli iqtisadiyyata fayda verəcək və Azərbaycanın regionun nəqliyyat mərkəzi kimi inkişafını bir qədər də sürətləndirəcək.

Azərbaycan hərbçiləri həm də ABŞ-la birlikdə Əfqanıstanda sabitliyin təmin olunmasında yaxından iştirak edir. Cari ilin fevralına qədər Azərbaycan Silahlı Qüvvələrinin 2 taqımı (47 nəfər) Türkiyə Silahlı Qüvvələri taborunun tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda xidmət edib. Milli Məclis 2008-ci il oktyabrın 2-də Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayının daha 45 nəfər artırılması barədə qərar qəbul edib. Qərara uyğun olaraq fevralın sonlarında Azərbaycanın 45 nəfərdən ibarət iki taqımı əlavə qüvvə kimi Əfqanıstana yola salınıb. Bununla da Əfqanıstandakı Azərbaycan hərbçilərinin ümumi sayı zabit heyəti ilə birlikdə 95 nəfərə çatıb.

Bütün bunlar həm Azərbaycanın beynəlxalq terrora qarşı mübarizə aparan ən fəal dövlətlərdən biri olduğunu təsdiqləyir, həm də ölkəmizin ABŞ, eləcə də digər Qərb dövlətləri üçün ən etibarlı tərəfdaşlardan biri olduğunu nümayiş etdirir.

 

Azərbaycan ABŞ-la islam dünyası arasında körpüdür

 

ABŞ üçün ölkəmizin mühüm əhəmiyyət kəsb etməsinin digər bir səbəbi isə Azərbaycanın Amerika ilə islam dünyası arasında körpü rolunu oynamasıdır. Bu məqamla bağlı ABŞ-ın Azərbaycandakı səfiri Ənn Ders qeyd edir: "Müsəlman ölkələri ilə münasibətlərdə yeni siyasətin və yeni yanaşmanın tətbiqi zamanı Azərbaycan ABŞ-a çox böyük yardım göstərə bilər". Amerikalı diplomat ölkəsinin islam dünyasına münasibətindən danışarkən Azərbaycanın dünyəvi ölkə olduğunu, məhz bu istiqamətdə ABŞ-ın siyasətinə yardımçı ola biləcəyini vurğulayır. Prezident Barak Obamanın terrorçuluqla islamın bir-biri ilə uzlaşmadığını söylədiyini xatırladan səfir ABŞ-da milyonlarla müsəlmanın yaşadığını, 1200-ə yaxın məscidin fəaliyyət göstərdiyini, müsəlmanların Amerikanın həyat tərzinin bir hissəsinə çevrildiyini bildirir.

Bu mənada Barak Obamanın Qahirə Universitetində müsəlman və ərəb ölkələrinə etdiyi müraciətin reallaşmasında Azərbaycanın özünəməxsus rol oynayacağı şübhə doğurmur. Müraciətində cənab Barak Obama əsas diqqəti müsəlman dünyası ilə Amerikanın münasibətlərini yaxşılaşdırmağa yönəldib: "Mən Qahirəyə gəlmişəm ki, Birləşmiş Statlarla müsəlman dünyası arasında yeni başlanğıc axtaram. Bu yeni başlanğıc qarşılıqlı anlaşmaya və qarşılıqlı hörmətə əsaslanmalıdır. Ona əsaslanmalıdır ki, Amerika ilə islamın rəqib olmağa ehtiyacı yoxdur.

Əksinə, onlar ümumi prinsipləri bölüşürlər - ədalət və inkişaf, dözümlülük və bütün insanların ləyaqətinə hörmət prinsiplərini. Dəyişiklik bir günə əldə oluna bilməz. Bu gün bizi bu nöqtəyə gətirən məsələləri həll edə bilməsək də, ilk addımı ata bilərik. Quranda deyildiyi kimi, hər zaman həqiqəti deyin!".

Barak Obama daha sonra qeyd edib: "Mən xristianam, amma atam müsəlman ailəsindən çıxıb. Uşaqlığımda İndoneziyada sübh vaxtı azan səsinə oyanmışam... Mən islam mədəniyyətinin ABS-ın bir parçası olduğunu bilirəm. Quruluşumuzdan bu tərəfə ABS-dakı müsəlmanlar bizim üçün vuruşdular, Olimpiya atəşi yandırdılar, Nobel mükafatları qazandılar".

Barak Obama onu da bildirib ki, Amerikanın müsəlman dünyası ilə münasibətləri bir gecədə dəyişə bilməz: "Amma amerikalılarla müsəlmanlar arasında qarşılıqlı inamsızlıq və şübhələrə son qoyulmalıdır. Ümumi işlər Amerika ilə müsəlmanları bir araya gətirməlidir".

Barak Obamanın Qahirədəki çıxışından bir daha aydın görünür ki, ABŞ müsəlman dünyası ilə münasibətlərində yeni bir səhifə açmağı düşünür. Azərbaycan isə bu məsələdə, səfir Ənn Dersin qeyd etdiyi kimi, ABŞ-a yaxından yardımçı ola bilər. Başqa sözlə deyilsə, Azərbaycan ABŞ-la islam dünyası arasında gələcəkdə də körpü rolunu oynamaq iqtidarındadır.

Bütün bunlar ABŞ-Azərbaycan münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişafının hər iki ölkə üçün nə dərəcədə zəruri əhəmiyyət kəsb etdiyini bir daha meydana çıxarır. Məhz elə bu səbəbdəndir ki, istər Azərbaycan rəhbərliyi, istərsə də ABŞ administrasiyasının xarici siyasətdə diqqət yetirdiyi əsas məqamlardan biri iki ölkə arasındakı münasibətlərin inkişafı ilə bağlıdır.

 

 

R.İslamoğlu

 

Azərbaycan.-2009.-7 iyun.-S.1.