"Fəlsəfə və
sosial-siyasi elmlər"
jurnalının növbəti
nömrəsi çapdan
çıxmışdır
Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (AFSEA) tərəfindən nəşr olunan "Fəlsəfə və sosial-siyasi elmlər" jurnalının 2009-cu il ikinci nömrəsi çapdan çıxmışdır.
AFSEA-nın prezidenti, akademik Ramiz Mehdiyev jurnala yazdığı ön sözdə bildirir ki, qloballaşmanın əsas təsir vasitələri iqtisadi və siyasi amillər olsa da, mədəniyyət sahəsində inteqrasiya meyilləri də getdikcə artmaqdadır. Ənənəçilikdən müasirliyə gedən yol müxtəlif xalqları ortaq bir ictimai modelə yaxınlaşdırır və milli identifikasiyanın kəskin konturları getdikcə solğunlaşır. Ən yeni mərhələdə düşüncə tərzləri, fikrin metodologiyası və fəlsəfi dünyagörüşləri arasındakı fərqlər də getdikcə azalır. Fəlsəfi idrakın ümumbəşəri dəyərlər kontekstində inkişaf etdirilməsi beynəlxalq inteqrasiya sisteminə də təsir göstərir.
Akademik Ramiz Mehdiyev bu il mayın 2-də AFSEA-nın təşəbbüsü ilə Bakıda keçirilən "Müasir dünyada yeni düşüncəyə ümumi baxış" mövzusunda beynəlxalq elmi konfransın böyük əhəmiyyətini vurğulayaraq bildirir ki, ortaq milli fəlsəfi fikir ənənələrinə malik olan xalqların həm fəlsəfə tarixi sahəsində, həm də müasir fəlsəfi tədqiqatlar sahəsində əməkdaşlıq etməsi çox vacibdir. Bu baxımdan, konfransda Azərbaycanın fəlsəfə, sosiologiya və politologiya sahəsində tədqiqat aparan alimləri ilə yanaşı, Türkiyə və Əlcəzairdən gəlmiş görkəmli elm adamlarının iştirakı gələcək elmi əməkdaşlıq planlarının işlənib hazırlanması üçün müəyyən imkanlar açdı. Eyni zamanda, biz qonşu Türkiyədə fəlsəfi tədqiqatların vəziyyəti və problematikası haqqında ətraflı bilik ala bildik.
Qoyulan problemin həll yollarının axtarışı jurnalın müasir fəlsəfənin aktual problemləri rubrikasında akademik Ramiz Mehdiyevin "Qlobal inteqrasiya və Azərbaycanda fəlsəfi fikrin yenidən nəzərdən keçirilməsinə dair" adlı məqaləsində də davam etdirilir. Müəllifin yazdığına görə, müasir fəlsəfi düşüncənin strukturunda min illərdən bəri toplanmış ənənəvi bilik və metodlarla yanaşı, yeni dövrün spesifikasından irəli gələn məqamlar da ortaya çıxır. Ona görə də fəlsəfənin qarşısında duran vəzifələr təkcə klassiklərin əsərlərini təhlil etməkdən ibarət olmayıb, həm də yaşanılan dövrün xüsusiyyətlərinin nəzərə alınmasını tələb edir. Müasir dövr öz fəlsəfi təhlilini gözləyən yeni hadisələrlə zəngindir. Bu hadisələr həm siyasi, iqtisadi, sosial sahələri, həm də mədəni-mənəvi həyatı ehtiva edir.
Bu istiqamətdə gedən proseslərdə Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının rolunu xüsusi vurğulayan Ramiz Mehdiyev qurumun nəşr etdiyi "Fəlsəfə və sosial-siyasi elmlər" jurnalının bu sahədəki təşəbbüsünü gələcəkdə türkdilli xalqların birgə fəlsəfi tədqiqatlarını işıqlandırmaq üçün xüsusi əhəmiyyətə malik olduğunu bildirir.
İslam dünyasının böyük mütəfəkkirlərindən biri İbn Xəldunun (1334-1409) 675 illik yubileyinin ölkəmizdə qeyd olunması xüsusi əhəmiyyətə malikdir. İbn Xəldun tarix fəlsəfəsi və siyasi fəlsəfə sahəsində təkcə ərəblərin deyil, bütün dünyanın ən böyük simalarından biridir. O, həm də sosiologiya elminin banisi hesab olunur. Belə ki, müasir sosiologiyanın bir sıra terminləri, habelə sivilizasiya haqqında təlimin prinsipləri İbn Xəldun yaradıcılığında sistemli şəkildə tədqiq edilmişdir. Onun təlimi islam düşüncəsi ilə sonrakı əsrlərdə yaranmış Qərb düşüncəsi arasında bir körpü rolunu oynamışdır. Jurnalın İbn Xəldunun yubileyinə həsr olunmuş rubrikasında AMEA-nın müxbir üzvü, professor S.Xəlilovun "İbn Xəldun - materialist, K.Marks isə idealist simasında" adlı məqaləsi və İbn Xəldunun məşhur "Müqəddimə" əsərindən tərcümələr yer almışdır.
XIX-XX əsrlərin tanınmış simalarından biri Mixail Nüaymənin əsərlərinin ilk dəfə Azərbaycan dilində çap olunması da diqqətəlayiqdir. Keçmiş sovet məkanında ərəb məhcər ədəbiyyatının görkəmli tədqiqatçısı, professor Aida İmanquliyeva tərəfindən tədqiq olunmuş və sadəcə şair kimi deyil, eyni zamanda, görkəmli bir mütəfəkkir kimi təqdim olunmuş M.Nüaymənin yaradıcılığı həm fəlsəfə tarixinin öyrənilməsi, həm də müasir fikrin formalaşmasında klassiklərin rolunun nəzərə alınması baxımından çox əlamətdardır. Jurnalın Mixail Nüaymənin 120 illik yubileyinə həsr olunmuş rubrikasında həm mütəfəkkirin görüşlərini şərh edən məqalə, həm də yazıçının əsərlərindən tərcümələr oxucuların ixtiyarına verilir.
Ənənəvi olaraq jurnalın bu sayında da AFSEA-nın həyata keçirdiyi və ya qatıldığı elmi-fəlsəfi tədbirlər, eyni zamanda, Azərbaycan filosoflarının xarici ölkələrdə keçirilən bir sıra konfranslarda iştirakı və ölkəmizdə təşkil olunan beynəlxalq miqyaslı fəlsəfi tədbirlər haqqında məlumat dərc olunmuşdur.
AzərTAc
Azərbaycan.-2009.-7 iyun.-S.2.