Enerji sahəsində əməkdaşlıq beynəlxalq normalara və ədalətə əsaslanmalıdır

 

Neft-qaz sahəsində həyata keçirilən düşünülmüş strategiya sayəsində Azərbaycan son illər nəinki regionun aparıcı dövlətinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilmişdir. Respublikamızın bölgənin və qitənin enerji təhlükəsizliyində mühüm rol oynadığı hazırda istər fövqəlgüc dövlətləri, istərsə də aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı etiraf olunur. Ulu öndər Heydər Əliyevin neft strategiyasını inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik səyləri nəticəsində Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan, tələbatını özü ödəyən yeganə respublikadır.

2006-cı ilin iyulunda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, 2007-ci ilin əvvəlində isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə düşməsi respublikamızın dünya enerji bazarındakı rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir. Strateji əhəmiyyətli bu layihələr bir çox dövlətlərin iqtisadi maraq və mənafelərinin təminatı, habelə aktual məsələ kimi gündəmə gələn enerji təhlükəsizliyi probleminin həlli baxımından da geniş imkanlar açmışdır. Hazırda bəzi Qərb dövlətləri Xəzər hövzəsinə çıxış imkanı əldə etmək və neft idxalında alternativ imkanlar qazanmaqla birqütblü enerji asılılığından azad olmaq niyyətindədirlər. Bu amil Azərbaycanın Cənubi Qafqazdakı strateji mövqeyini və nüfuzunu daha da artırır, respublikamızın Avratlantik məkana inteqrasiyası üçün daha geniş imkanlar açır. Aparıcı Qərb dövlətləri Azərbaycanın iştirakı olmadan Xəzər hövzəsi regionunda hər hansı transmilli layihənin gerçəkləşdirilməsini mümkünsüz sayır, respublikamızın mövqeyi ilə hesablaşırlar. Avropanın xam neft və təbii qazla təminatında əsas söz sahiblərindən birinə çevrilməkdə olan respublikamızın bu coğrafi arealda cərəyan edən siyasi proseslərə də təsir imkanları getdikcə artır. Respublikamız eyni zamanda qonşu Gürcüstana və Türkiyəyə də mavi yanacaq ixrac etməklə, bu ölkələrin qaza olan ehtiyacının əhəmiyyətli qismini ödəyir.

Bu günlərdə Bakıda keçirilən XVI Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransı Azərbaycanın bütövlükdə Avropa qitəsinin əsas enerji təminatçılarından biri olaraq qaldığını göstərmişdir. Qlobal maliyyə böhranına rəğmən, Bakıda keçirilən ənənəvi sərgi-konfransa marağın daha da artması məhz bu reallıqla şərtlənir. Neft, qaz, neft kimyası sahələri üçün maşın və avadanlığın nümayiş etdirildiyi sərgidə 22 ölkədən 300-ə yaxın şirkətin iştirakı da məhz bu marağın ifadəsidir. Azərbaycan Prezidenti İlham Əliyev konfransdakı çıxışında xüsusi vurğulamışdır ki, ilk dəfə 16 il əvvəl belə bir sərginin keçirilməsi Azərbaycanın enerji potensialının dünyaya təqdimatı məqsədi daşımışdır. 1994-cü ildən Azərbaycanın yeni neft strategiyasının başlandığını deyən dövlət başçısı bu baxımdan "Əsrin müqaviləsi"nin müstəsna əhəmiyyətini də xüsusi önə çəkmişdir. Cənab İlham Əliyev həmçinin bildirmişdir ki, "Əsrin müqaviləsi"ndən 2 il sonra "Şahdəniz" yatağı üzrə müqavilənin imzalanması Azərbaycanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynamışdır.

Neft gəlirlərinin iqtisadiyyatın digər vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən olmuşdur. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq, tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacib olduğunu bildirmişdir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur. Cənab İlham Əliyev XVI Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransındakı çıxışında bu məsələyə geniş yer ayırmış, Azərbaycanda qeyri-neft sektorunun yüksək artım tempini razılıqla vurğulamışdır: "Neft sektoru bizim üçün təkanverici bir vasitə idi. Mən həmişə demişəm, bu gün də demək istəyirəm ki, bizim üçün neft amili bir məqsəd deyil, bir vasitədir. Biz bu vasitədən çox uğurla istifadə etdik. Bu gün Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Bu gün iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı neft sektorundan daha da sürətlə irəli gedir. Bu ilin, bütün dünya üçün böhranlı ilin ilk rübündə iqtisadi inkişaf 4,3 faiz, qeyri-neft sektorunun artımı isə 13,7 faiz təşkil etmişdir. Biz buna məhz neft siyasətinin uğurlu icrası nəticəsində, neftdən əldə edilmiş gəlirlərin səmərəli şəkildə digər sektorlara investisiya kimi qoyuluşu nəticəsində nail ola bilmişik. Bu gün Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır və əminəm ki, bütün son illər ərzində əldə edilmiş iqtisadi uğurlar növbəti illərdə davam etdiriləcəkdir".

Azərbaycanın bölgədə müstəqil siyasət yeridən, enerji asılılığı olmayan dövlət kimi mövcudluğu həm də respublikamızın neft və qaz kəmərləri şəbəkəsi ilə şərtlənir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın zəngin neft və qaz ehtiyatlarının Qərbə nəqlində boru kəmərlərinin şaxələndirilməsi, mümkün qədər çox alternativlərin yaradılmasını vacib sayır. Bu baxımdan mümkün marşrutlar içərisində hansının siyasi, kommersiya, iqtisadi, ekoloji və təhlükəsizlik baxımından daha əlverişli olması araşdırılır. Dünya bazarlarına birbaşa çıxışı olmayan respublikamız üçün bu, strateji əhəmiyyətli məsələdir. Cənab İlham Əliyevin sərgi-konfransda vurğuladığı kimi, Azərbaycan bu problemin öhdəsindən əhəmiyyətli dərəcədə gələ bilmişdir: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk neft kəmərləri - onların hamısı bu gün işlək vəziyyətdədir, Azərbaycan neftini müxtəlif istiqamətlərə ixrac edir. Bakı-Tbilisi-Ərzurum, Bakı-Rusiya, Bakı-İran, Bakı-Gürcüstan qaz kəmərləri. Bu dörd kəmərdən üçü bu gün işlək vəziyyətdədir və üç kəmər vasitəsilə Azərbaycan qazı ixrac edilir. Yəni, Azərbaycanın enerji, neft və qaz potensialının şaxələndirilməsi məsələlərini biz tam şəkildə həll edə bilmişik. Dünya bazarına birbaşa çıxışı olmayan ölkə üçün bu, həlledici məsələdir. Neft-qaz sərvəti nə qədər olursa-olsun, bunları dünya bazarına çıxarmaq mümkün olmadığı təqdirdə onun heç bir mənası yoxdur".

Azərbaycan neft kəmərlərinin şaxələndirilməsi məsələsini təkcə iqtisadi və kommersiya baxımından deyil, həm də siyasi baxımdan vacib sayır və bəzi istehsalçı dövlətlərin öz üstünlüyündən təzyiq vasitəsi kimi istifadə cəhdlərinə qarşı çıxır. Məlumdur ki, son illərdə dünyanın enerji satışı bazarında dominant mövqeyə malik olan bir sıra dövlətlərin, ilk növbədə Rusiyanın mavi yanacağın qiymətlərində kəskin artımlar etməsi zəminində meydana çıxan narazılıqlar kommersiya mübahisəsi hüdudlarını xeyli aşaraq ciddi geosiyasi məzmun kəsb etməyə başlamışdır. Nəticədə qaz ixrac edən Rusiya ilə bəzi istehlakçı və tranzit ölkələr arasında dəfələrlə gərginlik yaranmışdır.

Azərbaycan öhdəliklərinə sadiq etibarlı iqtisadi tərəfdaş olaraq belə halların baş verməməsinə, istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında sivil, işgüzar münasibətlərin qurulmasında maraqlıdır. Cənab İlham Əliyev sərgi-konfransdakı çıxışında ixrac-idxal məsələlərinin siyasiləşdirilməsinin əleyhinə olduğunu vurğulamışdır: "Gələcək illərdə enerji təhlükəsizliyinin təmin edilməsi işində istehsalçılar, istehlakçılar və tranzit ölkələr mütləq əməkdaşlıq etməlidirlər. Hər üç tərəfin maraqları təmin edilməlidir. Azərbaycan bir müddət bundan əvvəl istehlakçı ölkə kimi fəaliyyət göstərib və biz bilirik ki, xarici enerji resurslarından asılılıq nə deməkdir. Eyni zamanda, bu gün Azərbaycan həm tranzit, həm də ixracatçı ölkədir. Əlbəttə ki, bizim maraqlarımız da müdafiə olunmalıdır. Enerji təhlükəsizliyi hamı üçün, təkcə istehlakçılar üçün yox, eyni zamanda istehsalçılar üçün, tranzit ölkələr üçün təhlükəsizlik deməkdir. Ancaq bu üç tərəf arasında əməkdaşlıq mütləq şəffaf olmalıdır. Bu əməkdaşlıq beynəlxalq təcrübəyə əsaslanmalıdır. Bu əməkdaşlıq qarşılıqlı surətdə faydalı əsaslar üzərində, bazar iqtisadiyyatı prinsipləri əsasında, azad və sağlam rəqabət prinsipləri əsasında qurulmalıdır" deyən dövlət başçısı əlavə etmişdir ki, istehsalçı, istehlakçı və tranzit ölkələr arasında əməkdaşlıq beynəlxalq normalar əsasında qurulmalı, alqı-satqı məsələlərində qiymətlər ədalət prinsipi əsasında razılaşdırılmalıdır.

Ümumilikdə, XVI Xəzər neft-qaz sərgi və konfransının gedişi göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin inamla gerçəkləşdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu ildən-ilə yüksəlir. Bu strategiya eyni zamanda Azərbaycanın milli təhlükəsizliyinin vacib amilinə çevrilmişdir. Dövlət başçısı ölkənin artan iqtisadi potensialını səmərəli və güclü enerji kompleksinin formalaşmasına yönəltməklə respublikamızın həm də müstəqil siyasət yeritməsini təmin etməyə çalışır. Bütün bunlar isə respublikamızı həm də Avropa məkanında etibarlı tərəfdaşa çevirir.

 

 

S.Elmanoğlu

 

Azərbaycan.-2009.-7 iyun.-S.2.