Ötən ilin dövlət büdcəsində nəzərdə tutulmuş bütün sosial-iqtisadi proqramlar icra olunmuşdur

 

Ölkəmizdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlamış demokratik dəyərlərə əsaslanan dövlət quruculuğu, aparılan genişmiqyaslı islahatlar nəticəsində siyasi və iqtisadi sabitlik təmin edilmişdir. Möhkəm təməl üzərində qurulmuş iqtisadiyyat sonrakı illərdə Prezident İlham Əliyev təprəfindən uğurla inkişaf etdirilmiş, şaxələndirilmiş və nəticədə ölkəmizi regionda lider dövlətə çevirmişdir.

Yaradılan hüquqi baza, aparılan islahatlar, respublikanın hərtərəfli inkişafı üçün görülən tədbirlər iqtisadiyyatın inkişaf dinamikasının yüksələn xətt üzrə artmasına təkan vermişdir.

Ötən ilin sosial-iqtisadi yekunları əvvəlki illərdən daha yüksək olmuş və bir daha sübut etmişdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasət ölkəmizin milli maraqlarına, iqtisadi təhlükəsizliyinə və əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir. Aparılan təhlillər deməyə əsas verir ki, ölkəmiz 2008-ci ildə düzgün maliyyə-kredit siyasəti həyata keçirmişdir. Əgər belə olmasaydı, qlobal maliyyə və iqtisadi böhran şəraitində Azərbaycanın maliyyə imkanlarının artması, iqtisadiyyatın inkişafı baş verməzdi.

2008-ci ildə ölkəmizdə əldə edilən iqtisadi artım son illərdə uğurla həyata keçirilən siyasətin məntiqi nəticəsidir. Ötən il ölkəmizin maliyyə sistemi əhəmiyyətli dərəcədə möhkəmlənərək inkişaf tempini saxlamışdır. Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, investisiya, o cümlədən sosial sektor üzrə proqramların dəstəklənməsi, qeyri-neft sektorunun inkişafı hökumətin diqqət yetirdiyi prioritet istiqamətlərdir.

2008-ci ildə ümumi daxili məhsul əvvəlki illə müqayisədə 10,8 faiz artmış, onun adambaşına düşən həcmi isə 9,5 faiz olmuşdur. İqtisadiyyatın və sosial sahənin inkişafına bütün maliyyə mənbələri hesabına 9 milyard 81 milyon manat, başqa sözlə, əvvəlki ildəkindən 34,3 faiz çox əsas kapitala investisiya yönəldilmişdir ki, bunun da 75,5 faizini daxili investisiyalar təşkil edir.

Qlobal maliyyə və iqtisadi böhran əksər ölkələrdə makroiqtisadi göstəriciləri pisləşdirib, ümumi daxili məhsulu və xarici ticarət dövriyyəsini azaldıb, işsizlik kimi ciddi sosial bəla yaradıb. Aparılan uğurlu neft strategiyası ölkəmizdə əhəmiyyətli strateji valyuta ehtiyatlarının yaradılmasına səbəb olmuşdur. Xarici maliyyə bazarından aslılığın minimuma endirilməsi, manatın dayanıqlığının təmin edilməsi nəticəsində maliyyə böhranı digər ölkələrlə müqayisədə Azərbaycan iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərməmişdir. Hələ əvvəlcədən beynəlxalq maliyyə təşkilatları, həm də tanınmış reytinq agentlikləri və onların ekspertləri ölkəmizin iqtisadiyyatının dayanıqlı olacağını bildirmişdilər. Dünya Bankı tərtib etdiyi iqtisadi memorandumunda Azərbaycanın başqa ölkələrlə müqayisədə qlobal böhranın güclü təsirinə məruz qalmayacağını və maliyyə sektorunun böhrandan qaça biləcəyini göstərmişdir. "Fitch Ratings" agentliyi Avropanın 21 ölkəsindən 19-da ümumi daxili məhsulun azalacağını, birində isə dəyişməyəcəyini proqnozlaşdırmış, yalnız Azərbaycanda iqtisadi artım olacağını bildirmişdi.

Tanınmış reytinq agentliklərinin ölkəmizlə bağlı proqnozları özünü doğrultmuşdur. Dünyanı maliyyə və iqtisadi böhran cənginə aldığı bir dövrdə ölkəmizdə sosial-iqtisadi siyasət uğurla davam etdirilmiş, investisiya mühiti daha da yaxşılaşdırılmışdır. Sahibkarlığa dəstək artmış, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi güclənmiş, irimiqyaslı infrastruktur layihələri həyata keçirilmişdir.

Ötən il əhalinin rifahını müəyyənləşdirən göstəricilərdə də artım dinamikası olmuşdur. Əhalinin nominal pul gəlirləri əvvəlki illə müqayisədə 37,8 faiz artaraq inflyasiyanı 17 faiz üstələmişdir. Ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əməkhaqqı 268 manat təşkil etmişdir. Bu, 2007-ci illə müqayisədə 24,2 faiz çoxdur.

Mayın 29-da Milli Məclisdə 2008-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zamanı bildirilmişdir ki, hesabat ilində iqtisadiyyatda müşahidə olunan dinamik artım özünü dövlət və icmal büdcəsinin göstəricilərində də aydın şəkildə büruzə verir. 2008-ci ilin icmal büdcəsinin gəlirləri 19 milyard 520 milyon manat, xərcləri 12 milyard 464 milyon manat icra edilmişdir ki, bu da 2007-ci illə müqayisədə gəlirlər üzrə 2,4 dəfə və ya 11,5 milyard manat, xərclər üzrə 97,6 faiz çoxdur.

Əvvəlki illərdə olduğu kimi, ötən il də Dövlət Neft Fondu ən iri vergi ödəyicilərindən olmuş, dövlət büdcəsinə 3 milyard 800 milyon manat vəsait yönəltmişdir. Uğurlu neft strategiyası və ondan gələn gəlirlərin qeyri-neft sektoruna və sahibkarlığın inkişafına yönəldilməsi ölkəmizin neft amilindən asılılığını xeyli dərəcədə azaltmış, özəl sektorun inkişafına güclü təkan vermişdir. Bunun nəticəsində qeyri-neft sektorunda məhsul istehsalı ötən 5 ildə 7,8 dəfə artmışdır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının (2004-2008-ci illər) icrası nəticəsində bölgələrdə dayanıqlı inkişaf təmin edilmiş, 27,5 mindən çox yeni müəssisə yaradılmışdır ki, bunun da 40 faizə qədəri regionlarda fəaliyyət göstərir. Yeni müəssisələrin 88 faizdən çoxu özəldir. Yeni istehsal müəssisələrinin yaradılması ilbəil dövlət büdcəsinə gəlirlərin artması ilə yanaşı, işsizliyin aradan qaldırılmasına güclü təkan vermiş, ötən 5 il ərzində 766 mindən çox iş yeri açılmışdır ki, bunun da 547,5 mini daimi iş yeridir.

Əvvəlki illərdə olduğu kimi, ötən il də dövlət büdcəsi sosialyönümlü olmuşdur. Əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə dövlət büdcəsindən maliyyələşən təşkilatların işçilərinin əmək haqlarının, pensiya və müavinətlərin artması üçün ölkə başçısı bir sıra sərəncamlar imzalamışdır. Bu sərəncamlarla elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət müəssisələrində, habelə dövlət büdcəsindən maliyyələşən digər təşkilatlarda çalışanların aylıq əməkhaqqı orta hesabla 50 faiz artmışdır. Aspirantlara, ali, orta ixtisas peşə məktəbləri və liseylərin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin aylıq məbləği orta hesabla əvvəlki illə müqayisədə 40 faiz çox olmuşdur. Hərbi qulluqçuların aylıq əmək haqları 80 faiz, müddətli hərbi qulluqçuların əmək haqları isə 2 dəfə artmışdır. Minimum aylıq əməkhaqqının, əmək pensiyalarının baza hissəsinin məbləği 50 faiz artırılmışdır.

Ötən il məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. İl ərzində məcburi köçkünlərin yeni, sosial infrastrukturlara malik qəsəbələrə köçürülməsi məqsədilə 145 milyon manat vəsait sərf olunmuşdur. Onlara verilən aylıq müavinətlərin məbləği 50 faiz artmışdır.

Qeyd etmək lazımdır ki, ötən ilin dövlət büdcəsinin icrasında nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar uğurla icra olunmuşdur. Dünyada baş verən böhrana baxmayaraq, ölkəmizdə görülən qabaqlayıcı tədbirlər müsbət nəticə vermiş və ötən il iqtisadiyyatda artım tempi qorunub saxlanmışdır.

 

 

Raqif Şirinov

 

Azərbaycan.-2009.-7 iyun.-S.2.