Dağlıq Qarabağ bölgəsinin
azərbaycanlı icmasının
fəaliyyətində yeni
mərhələ başlayır
Dağlıq Qarabağ
bölgəsinin azərbaycanlı icmasının qurultayı
təşkilatın növbəti mərhələ
üçün fəaliyyət istiqamətlərini, konkret vəzifələrini
müəyyənləşdirdi. İcmanın həmtəsisçiləri,
fəalları 1992-ci ildən indiyə qədər
görülmüş işlərə nəzər salaraq
ötən müddət ərzindəki fəaliyyətlərinin
o qədər də səmərəli
olmadığını qeyd etdilər. Bildirildi ki, təşkilat
dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış
soydaşlarımız, diaspor təşkilatlarımız ilə
əlaqələri genişləndirməli, Azərbaycan həqiqətlərinin
beynəlxalq miqyasda daha geniş yayılmasına nail
olmalıdır. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icmasının həmtəsisçisi, Milli Məclisin
deputatı Elman Məmmədov qəzetimizin əməkdaşı
ilə söhbətində icmanın indiyə qədər
gördüyü işlərə, növbəti mərhələdə
qarşıda duran vəzifələrə toxundu:
- Səmimi etiraf edirəm
- icmanın bugünəqədərki fəaliyyəti qanedici
deyil. Azərbaycanın üz-üzə qaldığı gərgin
vəziyyəti, icmanın torpaqlarının işğal
altında olmasını nəzərə alsaq, icmanın indiyə
qədər gördüyü işləri ürəkaçan
hesab etmək olmaz. Bu çatışmazlıqların isə
bir sıra obyektiv səbəbləri var. Təşkilatın
fəaliyyət göstərmək üçün nəinki
qərargahı, heç adicə iş otağı da yoxdur. Belə
bir təşkilatın normal fəaliyyət göstərməsi
üçün ilk növbədə güclü təminat,
müasir texnologiya tələb olunur. Biz yerimizi tədricən
gənc kadrlara verməliyik. Dünyanın idarə edilməsində
yaxından iştirak imkanlarına, qabiliyyətinə malik
soydaşlarımızı icmaya cəlb etməliyik. Çünki
onlar müasir dövrlə, proseslərin gedişi ilə
ayaqlaşa bilirlər. Dağlıq Qarabağ bölgəsinin
azərbaycanlı icmasının səmərəli fəaliyyət
göstərməsi üçün zəruri olan şərtlər
bunlardır. Qurultaydan sonra, növbəti mərhələdə
qarşımızda olduqca ciddi vəzifələr durur. Ötən
müddət ərzindəki fəaliyyətimizə ciddi nəzər
salıb nöqsanlarımızı xatırlamalıyıq ki,
gələcəkdə həmin səhvləri təkrarlamayaq.
- Qurultaydan sonra
icmanın fəaliyyətində hansı yeniliklər gözlənilir?
- Yeni tərkibdə fəaliyyətə
başlayacaq Dağlıq
Qarabağ bölgəsinin
azərbaycanlı icması
növbəti mərhələdə
qarşısına böyük
vəzifələr qoyub
və konkret işlər müəyyənləşdirib.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması,
ayrı-ayrı ölkələrdə Dağlıq
Qarabağdan olan soydaşlarımızın mütəşəkkil
təşkilatlanması, təbliğat
tədbirlərinin, beynəlxalq
konfransların təşkil
edilməsi üçün
bir sıra işlər görüləcək.
Dünyanın siyasi səhnəsində güclü
mövqeyə malik nüfuzlu dövlətlər
və beynəlxalq təşkilatlarla əlaqələrin
genilşlənməsində icmanın üzvü olan tanınmış ictimai-siyasi xadimlərin imkanlarından yetərincə
istifadə ediləcək.
Tam əminliklə deyirəm - icma yüksək səviyyədə
təşkilatlanıb və
növbəti mərhələdə
səmərəli fəaliyyət
göstərəcək. Təşkilat
bütün soydaşlarımızın
əlaqələrinin genişləndirilməsinə
öz töhfəsini
verəcəkdir. Çalışacağıq
ki, icmanın işində ciddi dönüş yaradaq.
Dünyanın müxtəlif
bölgələrində etnik
qarşıdurmalar, münaqişə
ocaqları mövcuddur.
Biz onların nizamlama təcrübəsindən
də qaynaqlanmalıyıq.
Beynəlxalq təşkilatların
nəbzini tutmalı, nüfuzlu qurumlarla əlaqələri daha da genişləndirməliyik.
Eyni zamanda müasir tələblər
səviyyəsində fəaliyyət
göstərməyə müvəffəq
olmalıyıq. Lazım
gəldikdə sözümüzü
güc vasitəsilə,
adi vaxtlarda isə diplomatiya ilə deməli, mövcud reallıqla hesablaşmalıyıq. Dağlıq
Qarabağ bölgəsinin
azərbaycanlı icmasının
növbəti qurultayının
cəbhə xəttində,
ərazisinin böyük
hissəsi işğal
edilmiş rayonlardan birində keçirilməsi
məsələsi gündəmə
gələcək.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icmasının bütün
üzvləri yurd həsrəti, ata-baba ocaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. İcmanın
üzvləri ermənilərlə
birgə yaşamaqdan heç vaxt imtina etməyiblər. Bu, indi də
belədir. Erməni icması da bu reallığı dərk etməlidir.
Düşünürəm ki,
növbəti mərhələdə
Dağlıq Qarabağ
bölgəsinin azərbaycanlı
icmasının beynəlxalq
birliklər, dünya ölkələri tərəfindən
rəsmən tanınmasına
nail olacağıq. İcma münaqişənin
həlli yolunda bu gün aparılan
siyasətin, yürüdülən
ümummilli hərəkatın
mühüm mərhələsində
öz rolunu oynayacaq. Zənnimcə, beynəlxalq ictimaiyyət icmanın üzvləri ilə danışıqlar
aparmağa hazırdır.
Son günlər baş verən proseslər belə deməyə əsas verir. Dünya dövlətləri parlamentlərinin Dağlıq
Qarabağ münaqişəsi
nəticəsində Azərbaycanın
üzləşdiyi problemlərini
tədqiq etməsi, qaçqınların, məcburi
köçkünlərin doğma
yurd-yuvalarına qayıtmalarını dəstəkləməsi
belə deməyə əsas verir.
Anar Rasimoğlu
Azərbaycan.-2009.-7 iyun.-S.3.