"Nabukko" Asiyadan Avropaya uzanan qaz körpüsü
olacaq
Qarşıdakı 20 ildə Avropanın qaza tələbatının xeyli artacağı gözlənilir. Bu tələbatı Avropanın ətrafında yerləşən zəngin təbii qaz yataqları hesabına təmin etmək mümkündür. Lakin qazın istehlakçılara çatdırılması da böyük problemdir. Çünki mövcud qaz həcmlərinin Avropa bazarlarına nəqli üçün hazırda kifayət qədər texniki imkan yoxdur.
Bundan əlavə,
zəngin qaz ehtiyatlarına malik Xəzər regionu, Yaxın
Şərq və Misir kimi rayonlar da var ki, onların hələlik
boru kəmərləri vasitəsilə Avropaya
çıxışı mövcud deyil. "Nabukko" bu ehtiyatları
Türkiyədən, Bolqarıstandan, Rumıniyadan,
Macarıstandan, Avstriyadan keçirərək Avropaya
çatdıran kəmər kimi nəzərdə tutulub. Onu
Avropaya birləşən qaz körpüsü də
adlandırırlar.
"Nabukko"nun Azərbaycana həm
qaz istehsal edən, həm də tranzit ölkə kimi
marağı böyükdür. İki ildir Bakıda bu layihənin
təşəbbüskarı olan OMV şirkətinin ofisinin fəaliyyət
göstərməsi də bu səbəbdən irəli gəlir.
Bu ayın əvvəlində isə "Nabukko" layihəsinin
baş direktoru Reinhard Mitschek Bakıda idi. O, Azərbaycana Xəzər
neft-qaz sərgisində iştirak etmək üçün gəlmişdi.
Xəbər verildiyi kimi, OMV-nin ofisində R.Mitschek neft
mövzusunda yazan bir neçə nəfər jurnalistlə
söhbət etdi.
"Nabukko"nun baş direktoru
ilk növbədə qeyd etdi ki, Bakıda 16-cı dəfə
belə nüfuzlu bir sərginin keçirilməsi Azərbaycanın
beynəlxalq səviyyədə öz sözünü deyən
bir ölkə olduğunu göstərir. O bu il Budapeştdə
və Praqada "Nabukko"ya aid keçirilən sammitlərdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
iştirakının layihənin inkişafında xüsusi
yeri olduğunu söylədi.
"Nabukko" irəliləyir.
R.Mitschek bu barədə məlumat verərək dedi ki, layihə
ətrafında aparılan danışıqlar yüksələn
xətlə icra olunur. Artıq onların son mərhələsidir.
Belə ki, Azərbaycan və Türkiyə hökumətləri
arasında danışıqlar gedir. Ümumiyyətlə, əməkdaşlıq
uğurla inkişaf edir və danışıqların
qısa müddət çəkəcəyi gözlənilir.
Maliyyə üçün də
banklarla danışıqlar aparılır. Məsələyə
daha dərindən, real yanaşmaq üçün Avropa Yenidənqurma
və İnkişaf Bankı böyük təşəbbüslər
göstərir. Bu sahədə Avropa Birliyi "Nabukko"ya
çox dəstək verir. Bu il həmin xətlə layihə
üçün 200 milyon avroya yaxın vəsait
ayrılıb.
Son həftələrdə əməkdaşlıq
sahəsində aparılan intensiv danışıqlar göstərir
ki, 2010-cu ildə danışıqlar artıq baş tutacaq,
sazişlər imzalanacaq. Belə ki, Almaniyanın RWE şirkəti
Türkmənistanda, Macarıstanın MOL şirkəti isə
Şimali İraqda danışıqlar və
araşdırmalar aparır. 2011-ci ildə tikintiyə
başlanacaq və 2014-cü ildə nəql mümkün
olacaq. Layihə 2020-ci ilədək Yaxın Şərq
qazını da bu xəttə cəlb etməyi nəzərdə
tutur.
R.Mitschek Azərbaycanın Asiyadan
Avropaya doğru körpü rolunu oynayacağını bir daha
vurğuladı. Lakin "Nabukko" Azərbaycana təkcə
tranzit ölkə kimi baxmır. Ölkəmiz bu layihənin
diqqətini həm də dünyada qaz ixracatçısı
kimi tanınmağı ilə cəlb edir. R.Mitschek deyir ki,
"Nabukko" "Şahdəniz" yatağından ikinci
mərhələdə çıxarılan qazı almaq niyyətindədir.
Bununla yanaşı, əgər ARDNŞ digər yataqlardan da
qaz təklif edərsə, bunu da almaq istəyər.
Ümumiyyətlə,
"Nabukko" Azərbaycanla geniş spektrdə əməkdaşlıq
etməyi düşünür. Məlum olduğu kimi, onun əsas
təşəbbüskarı - OMV şirkəti dünyada həm
də elektrik şirkəti kimi tanınır. Odur ki, şirkət
Azərbaycanda qeyri-enerji, biznes sahəsində də iş
qurmaq arzusundadır. Burada gələcəkdə yanacaqdoldurma
stansiyaları təşkil etmək barədə də fikirləri
var.
R.Mitschek daha sonra bildirdi ki, əgər
"Nabukko" qaz kəməri layihəsi əməliyyatçı
rolunu oynayırsa, OMV layihənin təşəbbüskarı
kimi çıxış edir. "Nabukko"nun
reallaşması üçün OMV böyük və məsul
iş aparır. Lakin onun layihədəki iştirak payı digər
tərəfdaşlarla bərabərdir - 16,6 faiz. Tərəfdaşlar
isə bunlardır: MOL (Macarıstan), "Transqaz"
(Rumıniya), "Bulqarian Energy Holdinq" (Bolqarıstan), BOTAŞ
(Türkiyə), RWE (Almaniya). "Nabukko" boru kəməri
layihəsi isə qazı alıb-satmaqla məşğul
olacaq bir şirkətdir. Onun ikinci məqsədi layihəyə
ayrı-ayrı ölkələrdən müxtəlif şirkətləri
cəlb etməkdir. Əlbəttə, siyasi maneələr
olmasa.
Layihənin Rusiyaya və "Qazprom"a
münasibətinə gəldikdə isə, R.Mitschek bildirdi
ki, "Nabukko"nun bu ölkə və qurumla
danışıqları olmayıb: "Çünki
onların sözügedən layihədə pay almağa
marağı olduqlarını görməmişik".
Təbii ki, "Nabukko"ya aid
bir sıra məsələlər açıq qalmaqdadır.
Bununla belə, "Nabukko"nun baş direktoru layihənin qələbə
qazanacağına əmindir. O, ümidvar olduğunu bildirir ki,
gələcəkdə həm qaz alıcıları və
satıcıları, həm onun istehsalı və ixracı ilə
məşğul olan şirkətlər, həm də tranzit
ölkələr bu layihədən hərtərəfli qazanacaqlar.
F.Sadıqlı
Azərbaycan.-2009.-7 iyun.-S.4.