Zəmanəmiz və fəlsəfəmiz
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 may
2009-cu il tarixli sərəncamı ilə "Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiya" və "Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə
bağlı Dövlət Proqramı" təsdiq
edilmişdir. Bununla, Azərbaycan
elminə zamanın tələblərini, cəmiyyətimizin
ehtiyaclarını ödəmək, yeni inkişaf səviyyəsi
əldə etmək üçün daha etibarlı zəminlər
yaradılmış, geniş imkanlar verilmişdir. Eyni zamanda,
dövlət proqramı ilə konkret məqsədlər və
vəzifələr, məsuliyyət yükünün həcmi
və dərəcəsi müəyyən edilmişdir. Azərbaycanın intellektual inkişafını,
insan kapitalının artmasının prioritet məsələ
kimi öndə tutulmasını və həyata keçirilməsini
təminatlandıran milli strategiya və dövlət
proqramı ictimai, sosio-humanitar elmlərin qarşısında
da ciddi və təxirəsalınmaz vəzifələr
qoymuşdur ki, burada fəlsəfənin və
filosofların üzərinə xüsusi yük, məsuliyyət
düşür.
Müasir fəlsəfəmiz
müxtəlif sahə və mövzuları ehtiva etsə də,
bir əsas məqsədin reallaşmasında öz vahidlik səviyyəsini
tapır: dünyada və cəmiyyətimizdə baş verən
hadisələri, prosesləri yeni baxış
bucağından, habelə yeni paradiqmalar müstəvisindən
öyrənmək, mövcud ciddi problemlərə münasibət
bildirərək mümkün çıxış
yollarını aramaq, təklif və tövsiyələr irəli
sürmək. Bu da təbiiliyi
qədər də qanunauyğundur. Belə ki, hər
bir tədqiqatçı-filosof öz
yaradıcılığında, ilk növbədə,
yaşadığı dövrü əks etdirməyə, onu
"materiallaşdırma"ğa çalışır.
Ümumiyyətlə, fəlsəfə, hər şeydən əvvəl,
öz mahiyyətini onda göstərir və ifadə edir ki,
yeniliklərlə səsləşir, proseslərə
adekvat və ləngimədən reaksiya verir, münasibət
bildirir. Təsadüfi deyildir ki, tarix boyu bütün görkəmli
filosoflar öz dövrləri üçün belə
nümunə göstərmiş, yeninin səlis
anlamını verməyə və daha "optimal yol"
müəyyənləşdirməyə
çalışmışlar. O da həqiqətdir
ki, bəşəriyyət durduqca onun varlığı və
təbiəti, bugünü və gələcəyi ilə əlaqədar
bir çox problemlər öz aktuallığını
saxlayır, zaman keçdikcə yenidən dəyişmiş
şəraitə uyğun şəkildə həllini tələb
edir. Beləliklə də, "əbədi", "ənənəvi"
problemlər "yeni", "müasir" problemlərə
çevrilirlər.
Göründüyü kimi, fəlsəfi
yaradıcılıqla məşğul olan hər bir şəxs
daim iki qrup problemlərlə - "ənənəvi olaraq
müasir olan" və konkret dövrün ortaya
çıxartdığı "tam yeni" problemlərlə
üzləşir. Söz yox ki, hər kəsin
öz prioritetləri olur: biri "daimi problemlər"in, digəri
indi, konkret olaraq, əhəmiyyət kəsb edən "yeni
problemlər"in tədqiqini aparır. Əlbəttə ki,
prioritetlər seçimində zaman-məkan gücü də
öz təsirini göstərir və olduqca əhəmiyyətli
dərəcədə, xüsusən də, köklü və
sürətli dəyişikliklər, transformasiyalar
dövründə. Hazırda yaşadığımız təlatüm
və dramatizmlərlə zəngin zəmanə bu qəbildəndir.
Həm lokal, həm də qlobal miqyasda baş verən
hadisələr, cərəyan edən proseslər günbəgün
öz idraki "həzmetmə"sini tələb edir - təkcə
özləri üçün deyil, insanlar, xalqlar, bəşəriyyət
üçün! Çünki idraki həzmetmə və anlama
nə qədər gec və ləng həyata
keçirilirsə, bir o qədər gələcəyi naməlum,
davranışı proqnozlaşdırılmayan və deməli,
təhlükətörədici "hesablanmamış məhsullar"
dünyanı, cəmiyyətləri, hər bir kəsi qorxu
altında, təhdidlər məngənəsində
saxlayır, qeyri-müəyyənlik, destruksiya və
depressiya ab-havasında şüurların və qəlblərin
sarsılmasına səbəb olur.
Azərbaycan
Prezidenti Administrasiyasının rəhbəri, görkəmli
filosof, akademik Ramiz Mehdiyev "Qlobal inteqrasiya və Azərbaycanda
fəlsəfi fikrin yenidən nəzərdən keçirilməsinə
dair" olduqca əhəmiyyətli, tənqidi-istiqamətverici
xarakterli məqaləsində haqlı olaraq vurğulayır
ki, "fəlsəfənin müxtəlif funksiyaları arasında ən
mühümlərindən biri onun ictimai inkişafın
proqnozlaşdırılmasında metodoloji təməl kimi
çıxış etməsi, proqnostik funksiyaya malik
olmasıdır" ("Azərbaycan" qəzeti, 5 may
2009-cu il, s. 3). Başqa əsərlərində də vacibliyi
qeyd edilən bu funksiya ilə əlaqədar olaraq yazır:
"Düşünürəm ki, milli
ictimaişünaslıq bu barədə ciddi düşünməli,
daha fəal mövqe tutmalı, filosoflarımız milli
inkişafımıza aid məsələlərə daha
çox diqqət yetirməlidirlər". Ola
bilsin ki, müasir dünyanı xaosa sürükləyən səbəblərdən
biri də elə bütövlükdə proqnostikanın zəifliyində
və gücsüzlüyündədir, müasir fəlsəfənin
ictimai praktikadan uzaq düşməsində,
özü-özü ilə məşğul
olmasındadır. Etiraf edək ki, bu
gün, dünya miqyasında fəlsəfə ictimai həyata,
proseslərin təşəkkülünə və gedişinə
təsiretmə gücünü itirməkdədir, onun indiki bəşəri
inkişafdakı iştirakı, sanki epizodik ifadə olunan niyyətlərlə,
kövrək ehtimallarla məhdudlaşır, həm lokal, həm
də qlobal mənada birləşdirici, inteqrativ, sintezləşdirici
rolu və bu əsasda istiqamətverici funksiyası,
"söz sahibliyi" ödənilmir. Nəticədə
ayrı-ayrı cəmiyyətlərdə, regionlarda,
dünyada mövcud olan pərakəndəlik, bir-birini
eşitməmək və anlamamaq halları artır, insani
münasibətləri qoruyub saxlayan, möhkəmləndirən
daxili determinantlar, dəyərlər, hətta indiyə qədər
tarixən önəmli əhəmiyyət
daşımış pozitiv adət-ənənələr, vərdişlər,
davranış nümunələri ortadan çıxır. Bəzən xoşagəlməz bu göstəriciləri,
belə vəziyyəti əməlli-başlı bilgiyə,
istedada malik olmayan, sürüşkən və cılız əxlaq
sahibləri, özlərini "ən müasir insan",
"modern adam", "avanqardist şəxs"
adlandıraraq, dövrün hökmü, tələbi kimi verməyə
çalışırlar, təsirli cavab almadıqda isə
Hegel və Marksdan tutmuş Nəriman Nərimanova, Mirzə
İbrahimova, Əzizə Cəfərzadəyə kimi -
hamını "qılıncdan keçirirlər". Bu "cənablar" bir universal həqiqəti
anlamırlar və anlamaq istəmirlər: heç bir tarixi
dövr dəyərlərin aşınmasına, insani
münasibətlərin, sosial və siyasi institutların tənəzzülünə,
qarşıdurma və toqquşmalara, münaqişə və
müharibələrə, xoşməramlı ümumi
ovqatın və mühitin
dağıdılmasına, abır-həyanın, ictimai
"ölcü"lərin itirilməsinə ehtiyaclı
olmamışdır. Əksinə, hər bir dövr, bəşəri
mövcudluq və inkişaf mərhələsi daha geniş və
məzmunlu insaniliyə, daxili istiliyə və həmrəyliyə,
"ümumi anlama", ölçü və normalara,
onların qüdrətinə ehtiyaclı olmuşdur. Bəşəriyyətin öz zəngin və
layiqli mövcudluğu naminə "yaxa qurtarmaq" istədiyi
mənfur şeyləri onun arzusu, zəruri tələbatı
kimi qələmə verməyin özü, ən azı, səhvdir,
psevdosavad əlaməti olmaqla yanaşı, insanlığa, bəşəriyyətin
halına laqeydlikdir, biganəlik və daşürəklilikdir.
Bu tip "postmodernizm" və "postmodernlik"
xalqları və ölkələri, bütün
dünyanı yalnız fəlakətlərə sürükləyə
bilər, tarix bunu dəfələrlə sübut edib və
etməkdədir. Ona görə də, fikrimcə, bu gün hər
bir kəsin söz demək payı, imkanı onun
ağlına, xoş niyyətinə, istedadına mütənasib
olmalıdır. "Söz azadlığı"nın
hüdudları məsuliyyət və vicdan hissinin, amal və
niyyət paklığının sərhədlərini
aşmamalıdır. Və yaxşı olar ki, insan bunu
özü anlasın, "söz və fikir
azadlığı"nı sui-istifadə alətinə
çevirməsin və nəticə olaraq, inzibati təsir
üsullarına, kənardan senzuraya ehtiyac qalmasın. Yox, əgər bu yoxdursa, kimlərinsə sərsəm,
destruktiv hərəkətlərinə, söz demək,
nümunə olmaq istəklərinə, elmi, təhsili, mədəniyyəti
içindən çürütmək tendensiyalarına nə
cəmiyyət özü, nə də dövlət dözməli
deyil. Neqativlərə, naqisliklərə
dözümlülük, həqiqi demokratiyadan uzaq olduğu qədər
də, adekvat anlanılan tolerantlıqdan uzaqdır. Necə olurdu ki, Heydər Əliyev kimi dahi bir şəxsiyyət,
məharətli dövlət xadimi, siyasətçi, natiq,
diplomat, psixoloq, böyük işlər görmüş insan,
əməldə ən istedadlı islahatçı olsa da, bir
dəfə də "mən islahatçıyam",
"müasirəm" demirdi, qurub-yaratmaqla yanaşı, daim
keçmiş tarixə, mədəni irsə,
sələflərin təcrübəsinə və xidmətlərinə
hörmət-izzətlə yanaşırdı, həssaslıq
göstərirdi, qayğılı münasibət
aşılayırdı, ancaq bir daşı daş üstə
qoymayanlar, heç bir fərqləndirici istedada və qabiliyyətə
malik olmayanlar özlərinə "müasirəm",
"modernistəm", "islahatçıyam" deməkdən
çəkinmirlər?! Nə olar, insan səhv yola düşə
bilər, ancaq həqiqətə, düz yola da qayıda bilər
və bu, həm vacibdir, həm də mümkündür.
Burada isə ən gözəl qaynaq, zəngin məktəb elə
Heydər Əliyevin miras qoyduğu idarəetmə fəlsəfəsidir.
Düşünməli deyilmi: iti və dərin
tənqidi təfəkkürün sahibi olan bu şəxsiyyət
bir dəfə də olsun belə, böyük tarixi
simaların, elm və mədəniyyət adamlarının
ünvanına acı söz, məhvedici fikir söyləməmiş,
onların barəsində istehza ilə çıxış
etməmişdir. Dahi mütəfəkkir Konfutsi, daha sonralar isə
görkəmli dövlət adamı, əvəzolunmaz
islahatçı Den Syaopin çox düzgün demişlər:
"Böyüyün qarşısında kiçilməyən,
bu dünyadan alçalıb gedər!". Məşhur
islahatçı Den Syaopinin olduqca dəyərli fikirlərindən
birini də xatırlatmaq istərdik: "Keçmiş
keçmiş naminə yox, bu gün və gələcək
üçün öyrənilməlidir!";
"Müasirliyə qulluqda qədimlikdən istifadə
olunmalıdır".
Ümumiyyətlə, XX əsrin
iki böyük dövlət xadimlərinin - Den Syaopinin və
Heydər Əliyevin idarəetmə fəlsəfələrində,
dünyagörüşü sistemlərində maraq doğuran
əhəmiyyətli cəhətlər çoxdur. Cəmiyyətin yenidən təşkili və idarə
olunmasında, onun əsaslı modernləşdirilməsi və
islahatların həyata keçirilməsi praktikasında hər
ikisi üçün aşağıdakı zəminlərə
riayət edilməsi, onların üzvi surətdə
uzlaşması və bir-birini tamamlaması önəmli
olmuşdur: milli qürur hissinin və öz xalqının gücünə, böyüklüyünə
inamın canlandırılması; tarixi irsə həssaslıq
və qayğılı münasibət, mənəvi ənənələrə,
sosiomədəni dəyərlərə hörmət və bu
sərvətlərdən istifadə etmək qabiliyyəti;
izolyasionizmin (təcridolunmanın), qapalılığın
yararsızlığının anlanılması, nizamlı açıqlığın
qurulması və xaricdən mütərəqqi, faydalı
olanın götürülməsi; bəşəri dəyərlərə
hörmət və müasirliyə ağıllı cəhd;
özünəməxsusluqla bəşəriliyin, milliliklə
beynəlmiləlçiliyin vəhdətinə önəm
verilməsi; keçmiş sosialist quruculuğu
praktikasının tənqidi təhlili və bu praktikaya
hörmətlə yanaşı, ondan müsbət olanın
götürülməsi; azadlığın
insani ləyaqət, şərəflilik, məsuliyyət və
vicdan hissi kimi fenomenlərlə uzlaşdırılması;
subyektiv-eqoistik siyasi maraqların qətiyyətlə çərçivəyə
alınması və məhdudlaşdırılması; siyasi
hakimiyyətin daxili vahidliyinin, vəhdətinin təşkili və
qorunub saxlanılması; sosial
varlığa innovasion-yaradıcı münasibət, islahat
proseslərində rasional bilgiyə, elmə və müsbət
bəşəri təcrübəyə arxalanmaq, mühüm
əhəmiyyətli məsələlərin həllində
ciddi siyasi iradənin, qətiliyin və ardıcıl-sistemli tədbirliliyin
ortaya qoyulması; milli maraqların həyata keçirilməsi
istiqamətində ictimai və beynəlxalq rəyin
hazırlanması; iqtisadi, siyasi, geopolitik müstəvidə
tarazlaşdırıcı faktorların, "ortaq nöqtələr"in
müəyyənləşdirilməsi, onlardan səmərəli
istifadə və s.
Göstərdiyimiz
bu əsasların hər biri, ayrılıqda və birgə -
kompleks halda, xüsusi tədqiqat obyekti kimi çoxdan öyrənilməyə
layiq və ehtiyaclı olsa da, indiyə qədər bu vəzifənin
mahiyyətinə, əhəmiyyətinə müvafiq səviyyədə
işlər görülməmiş, fundamental qoyuluşda və zəruri kontekstlərdə
fəlsəfi-konseptual araşdırmalar
aparılmamışdır. Bunun məntiqi nəticəsi
olaraq, səmərəli, nəzəri-praktiki əhəmiyyət
daşıyan təklif-tövsiyələr irəli
sürülməmiş, istifadə üçün
yararlı təlimatlar, vasitələr hazırlanmamış,
təsirli və səmimi təbliğat-təşviqat işi
qurulmamışdır. Tarixin belə bir
mürəkkəb, dinamik dövründə, sosial zamanın
olduqca sürətləndiyi bir vaxtda metanəzəri, inteqrativ
bilik, düşüncə və dünyagörüşü-metodoloji
zəminlər yaratmağa borclu olan fəlsəfəmizin həddən
artıq ləng, ifrat arxayınlıqla tərpənməsi, əlbəttə
ki, dözümlü hal deyil. Akademik Ramiz Mehdiyev yuxarıda
adını çəkdiyim məqalədə tam haqlı
olaraq yazır: "Təəssüflər olsun ki, hələlik
müasir fəlsəfə daha çox ənənəvi fəlsəfi
baxışlar üzərində qərar tutur. Ona görə
də biz fəlsəfənin praqmatik, metodoloji və proqnostik
funksiyalarını ümumi dünyagörüşü ilə
vəhdətdə inkişaf etdirməliyik". Akademik müasir mərhələdə Azərbaycan
fəlsəfə fikrinin qarşısında duran
başlıca vəzifələr içərisində
mövcud ictimai gerçəkliyin elmi-nəzəri dəyərləndirilməsini
prioritet problem kimi göstərərək, demokratik dövlət
quruculuğunda Azərbaycan reallığına uyğun konkret
modelin formalaşmasının həqiqətə
çevrildiyini qeyd edir və tam əsasla vurğulayır ki,
yalnız başqa ölkələrin təcrübəsini təqlid
etməklə bu uğurları qazanmaq mümkün olmazdı.
Onun fikrincə, bu modelin daha da optimallaşdırılması
və gələcəyə xidmət etməsi
üçün müstəqillik dövründə
artıq qət edilmiş quruculuq mərhələsi,
qazanılmış təcrübə dərindən və hərtərəfli
öyrənilməli, tranzit dövrünü yaşayan
ölkələrdə dövlət quruculuğu problemləri
müqayisəli surətdə təhlil edilməli, yeni tələb
və çağırışlara cavab verən konseptual əsaslar
işlənilməlidir. Cənab Ramiz Mehdiyevin
tam haqlı qənaətinə görə, bu yolda Azərbaycanda
dövlət quruculuğu fəlsəfəsinin ümummilli
lider Heydər Əliyev tərəfindən əsası
qoyulmuş prinsiplər üzərində inkişaf etdirilməsi
və müstəqillik dövrünün son 16 ilində əldə
olunmuş praktiki nailiyyətlərin nəzəri cəhətdən
ümumiləşdirilməsi geniş imkanlar açır.
Şübhəsiz ki, təxirəsalınmaz
vacib işlərin təşkilində və həyata
keçirilməsində başlıca məsuliyyət elmi
elitanın üzərinə düşür. Elmin
nüfuzunu və statusunu qaldırmaq, aktual problemlər üzrə
mövcud potensialı səfərbər etmək, elmi
yaradıcılıqda nümunə olmaq, zəruri koordinasiya-əlaqələndirmə
şəbəkəsini formalaşdırmaq, ehtiyac olarsa,
hansısa qanunverici təşəbbüslə
çıxış etmək, hüquqi əsasların
yaradılmasını təminatlandırmaq, intellektual
resursların formalaşması, səmərəli idarə və
istifadə olunması ilə bağlı tədbirlər
görmək və s. - bütün bu məsələlərin
həllinə elmi elita ilk növbədə cavabdehdir. Elə
ona görə də akademik Ramiz Mehdiyev vurğulayır:
"Dünya elminin alimə və tədqiqatçıya
münasibətdə irəli sürdüyü tələb və
standartlara cavab verən milli elmi elitanın formalaşması
son dərəcədə vacibdir".
Elitadan söhbət
düşmüşkən, fəlsəfə və ümumiyyətlə,
ictimai, sosio-humanitar elmlər qarşısında duran bir
xüsusi əhəmiyyətli problemə diqqət çəkmək
istərdim. Bildiyimiz kimi, fəlsəfənin mühüm
bölmələrindən biri praksiologiyadır (yunanca
"praktikos" - fəaliyyətli). Onun obyekti
olan insan fəaliyyəti vasitəsilə insan
varlığının mahiyyətini və təbiətini,
şəxsiyyətin özünüifadə və
özünütəsdiq xüsusiyyətlərini, onun əqli-ruhi
aləmini, maddi və mənəvi istehsala xidmət edən
praktikasını, bu praktikanın başqalarının
sosiallaşması üçün verdiyi və verə
biləcək faydanı daha uğurlu öyrənmək olur. Hər şeydən əlavə, yalnız bu zəmində
tarixi şəxsiyyətlərin, vaxtilə elita rolunda fəaliyyət
göstərmiş insanların özünü, onların təcrübəsini,
qoyduqları irsi dəyərləndirmək (qiymətləndirmək
yox, məhz dəyərləndirmək!) olar. Əgər mahiyyət
xarakterli keyfiyyətlər lazımınca dəyərləndirilmirsə,
onlar insan, bugünkü və gələcək nəsillər
üçün sərvətə çevrilə bilmirlər.
Bu mənada, bizim fəlsəfə elmi hələ çox
işlər görməlidir. Nadir şəxsiyyətlər
fenomeni yalnız tarixin və yaxud psixologiyanın predmeti deyil,
burada fəlsəfə tarixi, sosial fəlsəfə,
aksiologiya, siyasi fəlsəfə, mədəniyyətşünaslıq
üzrə mütəxəssislər öz töhfələrini
verməyə borcludurlar.
Müasir zəmanəmizə
bu əlamətlər xasdır: dünya ciddi surətdə
tarazlığını itirib və qaneedici yeni
"davranış kodeksi"nin yoxluğundan əziyyət
çəkməkdədir; total xarakterli qlobal maliyyə-iqtisadi
böhran, onun davamı olaraq sosial və siyasi gərginliyin
artması da buna əyani sübutdur. Həm ayrıca
götürülmüş cəmiyyətlər daxilində,
həm də ümumdünya miqyasında görünməmiş
qütbləşmə, kəskin təbəqələşmə
dərinləşmiş və dərinləşməkdə
davam etməkdədir. Bu şəraitdə müasir insan "sarsılmış
şüur" sindromu ilə yaşamağa vadar edilir, onun
sosial özgələşməsi isə
qarşısıalınmaz prosesə çevrilir.
Razılaşmalıyıq ki,
indiki təbəddülatlar olduqca qeyri-adi, sarsıdıcı
xarakter daşıyırlar, sanki dünyanın özü
qabarıq surətdə bölünmüş, parçalanmışdır.
Amma hər tərəfdə qloballaşmadan, inteqrasiyadan,
universallaşmadan söhbət gedir. Bəli, bir
tərəfdən müasir dünyanın yeni mövcudluq
forması kimi çıxış edən qloballaşma
öz möhtəşəm gücünü göstərir,
hətta bəzi dairələr tərəfindən milli
identiklik sərhədləri pozularaq mədəniyyətlərin
homogenləşməsinə gizli və
açıq-aşkar cəhdlər edilir, digər tərəfdən
bəşəri universium daxilində indiyə qədər
görünməmiş qarşıdurma, fərqləndirmə,
fəlsəfi anlaşmaların və siyasi yanaşmaların
toqquşması baş verir. O səviyyədə ki, bir
sıra alimlər, siyasətşünaslar artıq
sivilizasiyaların toqquşmasından danışırlar. Bəlkə də elə bu sivilizasiyalararası
toqquşmanın təzahürüdür ki, Şimali Amerika
sivilizasiyasının, Qərbin bəzi söz və səlahiyyət
sahibləri islam sivilizasiyasını etnik və dini komponentlərdən,
milli adət-ənənələrdən, mədəniyyət
sütunlarından, hətta doğma dildən
uzaqlaşdırmaq, azad etmək cəhdindədirlər,
çünki bu fenomenlər milli identikliyin mənbəyidir. Ancaq xoşbəxtlikdən, bu eqoist, mənfur,
supermaterialist proyektə qarşı, yəni, milli
simasızlaşdırma vasitəsilə islam Şərqinə
məxsus sərvətlərə sahib olmaq cəhdinə
qarşı bir islam aləmində yox, Qərbin özündə
də güclü müqavimət müşahidə
olunmaqdadır - müqavimət müxtəlifliyinə və
səbəblərinə baxmayaraq! Bir çox görkəmli
alimlərin, Nobel mükafatı laureatlarının son zamanlar
nümayiş etdirdikləri mövqe də bu faktı təsdiqləməkdədir.
Dünyada baş verən qlobal
transformasiyaların mühüm bir keyfiyyət xüsusiyyəti
də məhz bundadır - yəni, yeni müstəvidə və
yeni mənada, məzmunda Şərlə Xeyir arasında gedən
mübarizədə. Bu toqquşma, demək olar ki,
bütün digər lokal və regional münaqişələri,
hadisə və prosesləri, o cümlədən Qarabağ
konfliktini, onun durumunu, gedişini və həll
olunmasını determinə edir, az ya çox dərəcədə
səbəbləndirir və səciyyələndirir.
Bir çox tanınmış
mütəxəssislərin haqlı olaraq söylədikləri
kimi, Xeyir və Şər arasında mübarizə yalnız
Şimali Amerika sivilizasiyası və islam sivilizasiyası
arasındakı toqquşma ilə məhdudlaşmır. Bəşəriyyət,
onların fikrincə, bütövlükdə bir vahid
sivilizasiya olaraq, panamerikan sivilizasiyasına qarşı
dayanmışdır. Məsələn, Nikolas Hagger yazır:
"Biz iki sivilizasiyanın toqquşması dövründə
- ekspansionist inkişaf mərhələsini yaşayan və
dünya hökmranlığına can atan ABŞ-ın
başladığı müharibə dövründə
yaşayırıq. Bu müharibə terrora qarşı
mübarizə adı almışdır. Yaxın zamanlarda
yaranmış və yaxud yaranan bloklar və
parçalanmış dövlətlər bu aqressiv siyasət
çərçivəsində baxılmalıdır. Bunlar
altruist məqsədlər üçün deyil, şəxsi
maraqlar naminə yaradılır. Nə qədər
ki Birləşmiş Ştatlar öz inkişafının
güclü, ekspansionist mərhələsindədir, qlobalist cəhdlər
bu dövlətin personallaşmış maraqlarını ifadə
edir, hərçənd ki, mahiyyət bütün bəşəriyyətin
rifahı haqqında sözlərlə pərdələnir"
(Xaqqer N. Sindikat. İstoriə qrəduheqo mirovoqo
pravitelğstva. M., 2008, s. 526).
Bu gün fəlsəfə məhz
belə bir ümumi fonda öz missiyasını daşımaq
zərurətindədir. Onun universal, metanəzəri
xarakterli elm olduğunu nəzərə alsaq, bu ümumi mənzərənin,
yaşanan dövrün ziddiyyətlərinin, tələb və
xüsusiyyətlərinin fəlsəfi tədqiqatlarda və
araşdırmalar üçün mühüm rol
oynadığı daha da aydın olar. Söhbət
yalnız zəmanənin mürəkkəbliyinə,
qloballaşmanın çağırışlarına həssaslıqdan
getmir, bu, necə deyərlər, öz yerində, əsas məqsəd
və başlıca vəzifələr ondan ibarətdir ki, nəzəri
və praktiki həllini tələb edən ciddi problemlərin
müqabilində adekvat kateqorial-instrumental aparat, paradiqmal baza,
qnoseoloji-metodoloji zəminlər, hətta, zərurət
olduqda, yeni leksika və prosedurlar yaradılsın. Bu mənada,
bir sıra alimlərin "fəlsəfənin yeni layihəsi"
haqqında fikirləri ilə razılaşmaq olar.
Belə olduqda,
aydındır ki, fəlsəfə elmimiz və
filosoflarımız daha yaxından işə girişməli,
biganə və passiv müşahidəçidən fəal
iştirakçıya çevrilməli, taleyüklü problemlərin
həllinə öz töhfələrini verməlidirlər. Ən
azı ona görə ki, həlli vacib olan ciddi problemlər
yalnız siyasətin və siyasətçilərin
inhisarına verilə bilməz. Əks halda, nəinki ictimai
şüurda, intellektual sahədə geriləmə və
deqradasiya baş alıb gedər, konkret-praktiki işlərin,
milli və dövlət əhəmiyyətli məsələlərin
həll olunub reallaşmasında da ağır itkilərlə
üzləşərik.
Bütün çətinliklərə
baxmayaraq, filosoflarımızın başlıca məqsədi
Azərbaycan xalqının mənəvi mədəniyyətinin,
ictimai-fəlsəfi fikrinin tarixinə, fəlsəfə,
politologiya, sosiologiya və sosial psixologiya elmlərinin aktual
problemlərinə dair geniş araşdırmalar aparmaq, yeni tələblərə
cavab verən
qnoseoloji zəminlərin, metodoloji yanaşmaların işlənib
hazırlanması olmalıdır. Xüsusi diqqət
Azərbaycanın yeniləşən dünyada bir müstəqil
ölkə kimi milli maraq və prioritetlərinin gözlənilməsi,
cəmiyyətimizin demokratik prinsip və normalar əsasında
təşkilatlanması və idarə olunması, insan
hüquq və azadlıqlarının təmin edilməsi,
şəxsiyyətin sosiallaşması məsələlərinə,
hüquqi dövlətin əsas əlamətlərini
özündə uzlaşdıran milli dövlət və
dövlətçilik problemlərinə yetirilməlidir. Bu diqqətin təzahürü olaraq, milli ideya və
milli ideologiya, azərbaycançılıq, ideya-siyasi və
sosial fəlsəfi cərəyanların cəmiyyətimizin
inkişafında rolu, siyasi institutların demokratikləşməsi
və effektivliyi, sosial institutların funksional kamilliyi, vətəndaş
cəmiyyətinin formalaşması və sosial idarəetmənin
optimallaşdırılması, gender münasibətlərinin
tənzimlənməsi kimi problemlərin öyrənilməsinə
önəm verilməli, zəruri hallarda yeni, qeyri-ənənəvi
metodologiyalardan, təsəvvürlər sistemindən istifadə
olunmalıdır.
Bəsit şərhçilik,
sitatçılıq, subyektiv tərəflilik, zamanın
sınağından çıxmayan konsept və yanaşmalara
meyillilik aradan götürülməlidir. Ən
başlıcası odur ki, fəlsəfi təfəkkür tərzində
və üslubunda yeniləşmə, mülahizələrdə
obyektivlik, etibarlı əsaslandırma və elmi plüralizm
prinsipləri rəhbər
tutulsun. Nəticədə fəlsəfi fikrin
dinamikası həyatın ümumi inkişaf sürəti ilə
ayaqlaşar, mühüm əhəmiyyətli sosial-siyasi,
iqtisadi, geosiyasi və mənəvi hadisələr, proses və
faktlar lazımınca qiymətləndirilər və dəyərləndirilər,
vacib ümumiləşdirmələr aparılar. Beləliklə, həm fəlsəfə elminin cəmiyyətdə
rolu güclənər, onun idraki, proqnostik, aksioloji, metodoloji
funksiyaları həyata keçirilər, həm də cəmiyyətimizə
lazımi töhfə verilər, dövrün tələblərindən
doğan sifarişlər ödənilər. Yekunda isə
xoşagəlməz, təhlükəli hal - həyat və fəlsəfə
arasında uçurum aradan götürülür. Danılmaz
həqiqətdir ki, gerçəkliyin kəsərli idraki
silahı rolunu daşımayan, uydurma, sxolastik mülahizələrin,
yersiz stereotiplərin şərhi ilə əlləşən
"fəlsəfə" yeniləşən cəmiyyətimizin
həyat fəlsəfəsi ola bilməz.
Fəlsəfi təlimlər həmişə
şəxsi yaradıcılıq formasında üzə
çıxıb. Fəlsəfə- filosofun işindən
çox onun həyatının özüdür,
dünyanın dərk olunmasında və dəyişdirilməsində
şəxsi iştirakıdır. Ancaq çox təəssüflər
olsun ki, indinin özündə də fəlsəfi
yaradıcılıqda elmi-şəxsi yanaşma
lazımınca dəyərləndirilmir. Hətta çox zaman
elmi yazılarda "mən" sözünün işlənməsi
qəbahət sayılır və yerli-yersiz "biz hesab
edirik", "bizim fikrimizcə" kimi ifadələr fəlsəfəmizin
simasızlaşdırılmasına səbəb olur. "Mən"dən
qaçma üsulunu mütləqləşdirməklə təhlükəli
anonimliyə yol açılmırmı? Anonimlik
olan yerdə isə məsuliyyət və vicdan hissi zəifləyir,
çünki kütləyə sığınmaq sindromu
yaranır. Ümumi yaradıcılıq o dərəcədə
əhəmiyyətlidir ki, ayrı-ayrı fərdi
yaradıcılıqların çiçəklənməsinə,
vüsət tapmasına yol açır. Ayrılıqda
Sokrat, Platon, Aristotel, Demokrit, Bəhmənyar, Urməvi, Tusi
yaradıcılığı olmasaydı, bu gün qədim
yunan fəlsəfəsinin və ya orta əsr Azərbaycan
peripatetizminin ümumi çəkisindən bəlkə
heç danışılmazdı. Yaxud klassik alman fəlsəfəsi
o dərəcədə və o çəkidə dəyərlidir
ki, Kant, Hegel, Fixte, Şellinq, Feyerbax kimi istedadların misilsiz
şəxsi yaradıcılıq nümunələri olub. Bu həqiqət
bizi dərindən düşündürməli, təfəkkür
və ruhun, əməl və hərəkətin
intibahını alovlandırmalıdır. XXI əsrdə
yaşayıb-yaradan doğma Azərbaycanımızın
müqəddəratını daha da möhtəşəm,
parlaq etmək istəyiriksə, hər birimiz
"ümumi"yə fərdi töhfə verməliyik;
çalışmalıyıq ki, Sədi Şirazi demişkən,
bu dünyadan köçəndə xəcalətli getməyək.
Əbülhəsən Abbasov,
AMEA Fəlsəfə, Sosiologiya
və Hüquq İnstitutunun şöbə
müdiri, fəlsəfə elmləri
doktoru,
professor, Rusiya Pyotr
Akademiyasının müxbir
üzvü
Azərbaycan.-2009.-7 iyun.-S.5.