Bakıda A.S.Puşkinin anadan olmasının 210-cu
ildönümü qeyd edilmişdir
İyunun 6-da Aleksandr Sergeyeviç Puşkinin Bakının ən gözəl guşələrindən birində ucaldılmış abidəsi önünə böyük şairin anadan olmasının 210-cu ildönümü münasibətilə poeziya həvəskarları toplaşmışdılar.
Rusiya hökumətinin hədiyyəsi olan bu bürünc abidənin 2001-ci il oktyabrın 12-də açılışı olmuşdur. Abidənin açılışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iştirak etmişdir. Həmin vaxtdan hər il iyunun 6-da böyük rus şairinin ad günündə poeziya həvəskarları abidənin önünə gəlirlər.
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, "Rossotrudniçestvo" nümayəndəliyinin, Bakının Səbail Rayon İcra Hakimiyyətinin, "Sodrujestvo" Azərbaycan xalqlarının Respublika Həmrəyliyi Cəmiyyətinin təşkil etdikləri ədəbi görüşün iştirakçıları, məktəblilər, ictimaiyyət nümayəndələri Aleksandr Puşkinin abidəsi önünə tər çiçəklər qoymuşlar.
"Sodrujestvo" Azərbaycan xalqlarının Respublika Həmrəyliyi Cəmiyyətinin sədri Tatyana Kərimova, RF-nin ölkəmizdəki səfiri Vladimir Doroxin, xalq yazıçısı Anar, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov, RF Prezidenti Dmitri Medvedev tərəfindən Puşkin medalı ilə təltif olunmuş Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla ədəbiyyatın, insanların mənəvi aləminin inkişafında Puşkin poeziyasının əhəmiyyəti barədə danışmışlar.
A.S.Puşkinin hər ad günündə onun şeirləri səsləndirilir, nağıllarından parçalar göstərilir. 4 yaşlı Danila Orexov "Keşiş və onun işçisi Balda haqqında nağıl"ı, əzbərdən söyləmiş, "Nord" uşaq bağçasında tərbiyə alan körpələr, paytaxtın orta məktəblərinin şagirdləri, Bakı Slavyan Universitetinin tələbələri, "Günay" uşaq teatrının aktyorları şairin şeirlərini oxumuş, tamaşalar göstərmişlər.
Tarixə
çoxlu böyük şairin adı həkk olunmuşdur. Lakin onların heç də
hamısı uşaqların, ziyalıların, sadə əmək
adamlarının, müxtəlif millətlərin nümayəndələrinin
eyni məhəbbətini qazanmamışdır. Bu gün
Puşkinin şeirləri bütün dillərdə, hətta
esperanto dilində də səslənir. Qeyd edək ki,
Puşkinin əsərlərinin tam toplusu yalnız Rusiyada və
Çində nəşr edilmişdir. Şairin şeirləri
hansı dildə səslənməsinə baxmayaraq, eyni dərəcədə
hamıya aydındır və sevilir. Çünki bu şeirlər
məhəbbət, xeyirxahlıq, əbədi dəyərlər
barədədir.
Azərbaycanda Puşkin artıq XIX
əsrin 20-30-cu illərindən tanınmağa
başlanmışdır. Şairin ölümünə ilk əsəri
Mirzə Fətəli Axundov yazmışdır. Onun
"Şairin ölümü" şeirini rus dilinə
Bestujev-Marlinski tərcümə etmişdir.
Puşkinin Moskvada abidəsinin
açılması ilə əlaqədar Azərbaycan
şairi Seyid Əzim Şirvani şeir yazmışdır.
Puşkinin 100 illiyi ilə bağlı Məmmədtağı
Sidqinin məruzəsi ayrıca kitabça şəklində
buraxılmışdır. Böyük rus şairinin şeirlərini
Azərbaycan dilinə Firudin bəy Köçərli və Rəşid
bəy Sidqi çevirmişlər. Sonralar Puşkinin şeirlərinin
Azərbaycan dilinə tərcüməsi ilə Abbas Səhhət,
Mikayıl Müşfiq, Məmməd Rahim, Rəsul Rza məşğul
olmuşlar. Əlbəttə, burada Səməd Vurğunun
böyük rus şairinin "Yevgeni Onegin" əsərini
tərcümə etməsi xüsusi vurğulanmalıdır.
Puşkinin həyat və
yaradıcılığı barədə görkəmli Azərbaycan
tədqiqatçıları Mikayıl Rəfili, Məmməd
Arif, Əziz Şərif, Şıxəli Qurbanov əsərlər
yazmışlar. Böyük bəstəkarlarımız Qara
Qarayev və Ağabacı Rzayeva şairin şeirlərinə
romanslar bəstələmişlər.
Şairin anadan olmasının
210-cu ildönümü də yeni nəşrlər və tədbirlərlə
qeyd edilmişdir. Belə ki, "Sodrujestvo" Azərbaycan
xalqlarının Respublika Həmrəyliyi Cəmiyyəti nəzm
və nəsr əsərləri toplusu nəşr etmişdir.
Topluya "Ədəbi Azərbaycan - 2009" IV Respublika
festivalı iştirakçılarının əsərləri
daxil edilmişdir. Yubileylə bağlı respublikamızın
bütün məktəblərində rus dilinin öyrədilməsinə
dair "Puşkiniana" müsabiqəsi
keçirilmişdir. Azərbaycandakı rus icması
yanındakı rus mədəniyyəti mərkəzi ədəbi-musiqili
müsabiqə təşkil etmişdir.
Qocaman jurnalist İvan Tretyakovun Puşkinin yubileyinə həsr etdiyi essedə deyilir: "Bu yubiley şairin yeni minilliyə daxil olması kimi nəzərdən keçirilməlidir. Yeni minillikdə də şairin nəsr və nəzm əsərlərinə, onun nikbinliyinə, uzaqgörənliyinə, həqiqəti söyləməsinə, insanların ürəklərini alovlandırmasına, onun insan zəifliyinə kinayəli-kədərli təbəssümlə nəzər salmaq qabiliyyətinə heyran olacaqlar".
AzərTAc
Azərbaycan.-2009.-7 iyun.-S.5.