Sənətdə yaşanan ömür
"Buta" sarayında Heydər Əliyev Fondunun fəaliyyətə
başlamasının beş illiyi münasibətilə keçirilən
mərasimdə fondun təsis etdiyi "Qızıl çinar"
beynəlxalq mükafat
nominasiyalar üzrə
sahiblərinə təqdim
edildi. Qədim muğam irsinin qorunmasına, muğam ifaçılıq
məktəbinin inkişafına,
yeni ifaçılar nəslinin yetişdirilməsinə
verdiyi töhfələrə
görə xalq artisti Əlibaba Məmmədova "Qızıl
çinar" beynəlxalq
mükafatı təqdim
olundu.
Xalq mahnılarının, muğam
ifaçılığının təşəkkülündə özünəməxsus dəst-xətti
olan ustad xanəndə Əlibaba Məmmədovun adı çəkiləndə ilk anda
"Humayun" yada düşür. Çünki bu
təsnifin ən qabil ifaçısı məhz Əlibaba Məmmədov olub. Ötən əsrin ortalarından oxuduğu bu təsniflə şöhrət
tapan Əlibaba Məmmədov dövrünün
novator sənətçilərindən
sayılıb. Muğamla
müasir mahnılar arasında əlaqə yaradan xanəndə kimi seçilib.
1968-ci ildə
maestro Niyazinin təşəbbüsü ilə
filarmoniyada Xalq Çalğı Alətləri
Ansamblı yaradıldı.
Baxış-müsabiqədə
bu ansambla "Humayun" adı verildi. Əlibaba Məmmədov ansamblın
bədii rəhbəri
və ilk solisti oldu. Görkəmli
sənətkar Hacı
Məmmədova məxsus
fikirdir: "Seyiddən
sonra Əlibaba kimi "Humayun"u oxuyan yoxdur".
Sonralar ansamblda Novruz Feyzullayev, Məmmədlbağır Bağırzadə,
Səxavət Məmmədov,
Zümrüd Məmmədova
və başqaları
oxudular. Onlar Əlibaba Məmmədovdan
həm öyrənir,
həm də məsləhətlər alırdılar.
İndinin özündə
də "Humayun"
ansamblı öz fəaliyyətini dayandırmayıb.
Sorağı müxtəlif
bölgələrdən, hərbi
hissələrdən, hospitallardan
gəlir.
Əlibaba Məmmədov
bir qərinədən
çoxdur ki, Asəf Zeynallı və Bülbül adına orta ixtisas musiqi məktəblərində gənc
nəslə muğam və xalq mahnılarımızın
incəliklərini öyrədir.
Onun ifasında lentə alınmış
"Bayatı-Şiraz",
"Çahargah", "Dəşti", "Rahab",
"Şur" kimi muğamlar və onlarca başqa xalq mahnıları, təsniflər radionun
"Qızıl fond"unda saxlanmaqdadır.
Əlibaba Məmmədov
təsnif janrında mahir ifaçı sayılıb. "Ağarma,
saçım, ağarma",
"Ağrıma, ürəyim,
ağrıma" kimi
mahnıları elə
həzin, lətafətlə
oxuyur ki, bu gün də
həmin musiqi parçalarını biz məhz bu ifada
eşitməyi daha çox sevirik.
Əlibaba Məmmədov
gənclik illərindən
mahnılar bəstələyib.
Mikayıl Müşfiqin,
Əliağa Vahidin sözlərinə yazdığı
mahnıları dövrümüzün
şöhrətli müğənniləri
- Zeynəb Xanlarova, Rübabə Muradova və digər tanınmış sənətçilər
sevə-sevə ifa ediblər. Sovet dövründə müğənninin, xüsusilə
xalq ruhunda oxuyan xanəndənin bəstəkarlıq etməsi
bir qədər yasaq idi. Ona
görə də musiqi həyatı verdiyi sözlər bir növ "xalq mahnısı" adı ilə oxunurdu. Amma el arasında, xüsusilə də sənətkarlar yaxşı
bilirdilər ki, bu, bəstəkar mahnısıdır, onun yaradıcısı da Əlibaba Məmmədovdur.
Xalq tərəfindən
həm öz ifası, həm də mahnıları rəğbətlə qarşılanan,
sevilən müğənni
bəstəkar kimi tanınmaqda maraqlı deyildi. O, ürəyinin diktəsi ilə hərəkət edirdi. Şeir xoşuna gəlirdisə, ona musiqi qoşmaq iradəsindən asılı
deyildi. Bir sözlə, muğamların,
xalq mahnılarının,
təsniflərin özünəməxsus
mahir ifaçısı
olan Əlibaba Məmmədov həm də istedadlı bəstəkar idi. Amma bu haqda
nəsə demək fikrindən uzaq idi. Bütün varlığı ilə sənətə bağlı
olan Əlibaba Məmmədovu ifaçılıq
düşündürürdü.
1959-cu ildə Moskvada keçirilən Azərbaycan
ədəbiyyatı və
incəsənəti ongünlüyündə
iştirak edən Bülbül, Xan Şuşinski, Şövkət
Ələkbərova, Sara
Qədimova, Hacı Məmmədov kimi sənətkarlar arasında
Əlibaba Məmmədov
da var idi. Onun oxuduğu "Bayatı-Kürd" muğamı tamaşaçılar tərəfindən
alqışlarla qarşılanmışdı.
İlk dəfə həmin il sovet
hökumətinin fəxri
fərmanına layiq görülən Əlibaba
Məmmədov bir müddət keçmiş
Azərbaycanın əməkdar
artisti, daha sonra xalq artisti
fəxri adlarını
aldı.
Bir vaxt xalq mahnılarına, muğamlara, xüsusilə
də bu ruhda olan musiqi
parçalarına münasibətdə
laqeydlik var idi. Əlibaba Məmmədov bu biganələr mühitində
öz dəst-xəttindən, avazından
heç vaxt çəkinmədi. O yaxşı
bilirdi ki, muğam millətin ruhudur. Ruhu heç
vaxt öldürmək
mümkün deyil. Bir də muğamları
adi insanlar yaratmayıb ki... Allah vergisidir. Milli musiqimizi bürümüş qaranlıq
mühitə bir gün işıq düşəcəkdi. Həqiqətən də YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sənət və sənətkarlara, xüsusən
də Azərbaycan muğamlarına, xalq mahnılarına göstərdiyi
diqqət yaşlı
sənətkarlarımızın da hədsiz sevincinə səbəb oldu. Əlibaba Məmmədov dedi ki, Bakıda Beynəlxalq Muğam Evinin tikilməsi hamımızın böyük
sevincinə səbəb
oldu. Ara-sıra toplaşdığımız
guşələr, filarmoniyanın
yanı, Sahil bağı yadıma düşdü. Şükür,
nəhayət, bizim də bir yerdə
əyləşib sənət
düşüncələrini bölüşdürmək üçün
imkanımız və
yerimiz var.
2009-cu ildə Bakının İslam mədəniyyətinin
paytaxtı elan edilməsi ilə əlaqədar şəhərdə
müxtəlif tədbirlərin
işıq üzü
görməsi böyük
rəğbət və
maraqla qarşılandı.
Bunun bariz nümunəsi Novruz bayramı günlərində
Bakıda Beynəlxalq
muğam festivalının keçirilməsi
oldu. Müxtəlif ölkələrin musiqi həvəskarlarının
paytaxtımıza toplaşması
və onların həm tamaşaçılar,
həm də münsiflər qarşısında
yaradıcılıq hesabatı
verməsi xoş duyğular yaratdı. Beynəlxalq muğam festivalından əvvəl
Bakıda respublika muğam ifaçılarının müsabiqəsi
keçirildi. Həmin
müsabiqədə münsiflər
heyətinin üzvləri
arasında xalq artisti Əlibaba Məmmədov da var idi. O, bir
sənət xiridarı
kimi Beynəlxalq muğam festivalında iştirak edəcək gənc ifaçıların
düzgün seçilməsində
öz ustad qərarını vermişdi.
Ömrünün ahıl yaşını yaşayan
xalq artisti, prezident təqaüdçüsü,
muğam ustadı, təsniflərimizin mahir ifaçısı Əlibaba
Məmmədov Azərbaycanın,
eləcə də türk dünyasının
çox sevilən sənətçisidir. Onun
hələ gənclik
illərində oxuduğu
"Simayi-Şəms"
ritmik muğamı,
"Şur" dəstgahı,
"Çahargah" muğamı
fərqli şəkildə
dinləyici qəlbini
fəth etmişdir. Ustad Seyid Şuşinskidən
aldığı dərs
ömrü boyu yaddaşından və yaradıcılıq fəaliyyətindən
silinməmişdir. Oxuduğu
hər bir muğama, xalq mahnısına öz möhürünü vuran
Əlibaba Məmmədov
həqiqətən milli
musiqimizin təbliğində,
inkişafında, öyrədilməsində
böyük rol oynamışdır. Sənətdə
ucalan ömrünün
bəxş etdiyi səadətdən biri də məhz bu məziyyətinə görə Heydər Əliyev Fondu tərəfindən təsis
olunan "Qızıl
çinar" beynəlxalq
mükafata layiq görülməsi idi. Mükafatın təqdimetmə
mərasimində Əlibaba
Məmmədov duyğularını
dilə gətirərək
təşəkkürünü belə bildirdi: "Mən bu gün
çox şadam ki, bu mükafat
ulu öndərimizin doğum günündə
mənə təqdim olunur".
Həyatında çox
alqışları eşitmiş,
hörmət və izzət görmüş,
mükafat və fəxri adlarla təltif edilmiş Əlibaba Məmmədov üçün "Qızıl
çinar" bir də ona görə
unudulmaz təsir bağışladı ki,
o, ilkinlər arasında idi.
Flora Xəlilzadə
Azərbaycan .-2009.-7 iyun.-S.6.