Dövlətçilikdə uğurlu siyasi varislik ənənəsi
Tarix sübut edir ki,
zamanın nəbzini tutmağı, hadisələrə real
qiymət verməyi, siyasi potensialını düzgün dəyərləndirməyi
bacaran liderlər cəmiyyətdəki prosesləri məharətlə
istiqamətləndirməyə nail olur, təmsil etdikləri
xalqları zamanın ən güclü
fırtınalarından, çətin sınaqlarından
üzüağ çıxarır, milli xilaskara çevrilirlər.
Müdrik və təcrübəli dövlət xadimləri ən
ekstremal şəraitlərdə belə, mürəkkəb vəziyyətdən
az itki ilə çıxış imkanına malik olmaqla optimal
qərarlar qəbul edir, həyatını riskə atmaqdan belə
çəkinmir. Bu nöqteyi-nəzərdən ulu öndər
Heydər Əliyev də 40 illik siyasi fəaliyyəti
dövründə üzləşdiyi bütün çətinlikləri,
maneələri, problemləri, hətta uğursuzluqları mətinliklə
dəf edən, məğlubiyyət sözünü
yaxına buraxmayan, inamlı qərarları ilə milyonlarla
insanın taleyində müstəsna rol oynayan millət fədaisi,
sərkərdə və lider kimi xatırlanır.
Ümummilli lider şərəfli
ömür yolu ilə xalqın çağdaş tarixinin fəxrlə
anılan parlaq səhifələrini yazmışdır. Heydər
Əliyevin tarixi xidmətləri, xilaskarlıq, quruculuq
missiyası, həyata keçirdiyi siyasi, sosial-iqtisadi, mədəni
və humanitar islahatlar haqqında indiyədək qələmə
alınmış çoxcildli əsərlər, kitab və
monoqrafiyalar, sanballı elmi məqalələr bu mənada həm
də Azərbaycanın son 40 illik tarixinə elmi-politoloji
baxışdır. Lakin bu da bir reallıqdır ki, tarixin
axarını dəyişən böyük dühaların bəşəri
ideya və prinsipləri, milli idarəçilik ənənələri,
çoxqatlı siyasi gedişləri, adətən, zaman və
məkanın fövqündə olur. Bu mənada, Heydər Əliyev
tarixi epoxasını sözün qüdrəti ilə
canlandırmaq, ulu öndərin milli maraq və mənafelərə
söykənən genişmiqyaslı fəaliyyəti ilə
bağlı dolğun təsəvvür formalaşdırmaq,
şəxsiyyətinin miqyasını tam əhatə etmək
çətindir.
Bu gün Heydər Əliyev
dühası həyatının mənasını xalqa və
dövlətə təmənnasız xidmətdə görən,
həmin müqəddəs amal uğrunda ən çətin
maneələrə, problemlərə mərdliklə sinə gərən
millət atası kimi hər bir azərbaycanlının qəlbində
yaşayır və dərin rəğbətlə yad edilir. Ulu
öndərin əbədiyyətə qovuşmasından
ötən zaman kəsiyi bizə bu fövqəlşəxsiyyətin
çağdaş Azərbaycan və dünya tarixindəki
yerini, rolunu daha dərindən başa düşmək, onun həyata
keçirdiyi siyasətin mahiyyətini dərindən dərk
etmək, qiymətləndirmək imkanı vermişdir.
Ümummilli lider Heydər
Əliyevin hələ sağlığında əfsanəvi
və xarizmatik şəxsiyyətə çevrilməsində
onun millətinin mənafeyi naminə həyatını hər
cür riskə atması, sözünü məqamında deməyi
bacarması, milli ideallar uğrunda mübarizədə yüksək
qətiyyət və prinsipiallıq göstərməsi kimi
xarakterik xüsusiyyətləri mühüm rol
oynamışdır. Məhz bu bütöv və prinsipial
xarakteri sayəsində ulu öndər harada olursa-olsun, hadisələrin
fövqünə qalxaraq idarəçilik qabiliyyətini
reallaşdıra bilmiş, lider imicini qorumuşdur. Xalqa layiqli
rəhbərlik missiyası onun xarakterindən,
dünyagörüşündən, yaradıcılıq
enerjisindən, qurub-yaratmaq həvəsindən
mayalanmışdır.
Heydər Əliyev fenomeninin
böyüklüyü həm də ümummilli liderin daim xalq
qarşısında yüksək mənəvi və siyasi məsuliyyət
hissi daşıması, ictimai inamı doğrultmaq
üçün böyük səylə, əzmlə,
vicdanla çalışması olmuşdur. Siyasətə
ideyaların realizə vasitəsi kimi yanaşan ulu öndər
bütün məsələlərdə daim ümumxalq mənafeyindən
çıxış etmiş, hakimiyyətdə olduğu hər
iki mərhələdə eyni əzmlə, həvəslə
çalışmış, qarşıya qoyduğu hədəflərə
yetişmək naminə bütün gücünü səfərbər
etmişdir. Məhz bu keyfiyyətləri sayəsində
Heydər Əliyev heç zaman kiçik qrupun, toplumun lideri
olmamış, bütöv bir millətə, xalqa rəhbərlik
etmək haqqını təmin etmişdir. Şəxsiyyət
və lider kimi miqyasının böyüklüyü ona hələ
sağlığında ümummilli liderlik zirvəsini fəth
etmək imkanı vermişdir.
Siyasət
insanları inandırmaq, müəyyən məqsədlər
naminə səfərbər etmək vasitəsidir. Şəxsiyyətcə
bütöv, milli və mütərəqqi olmayan liderlərin
cəmiyyətin konsolidasiyası prosesinə nüfuz və təsir
imkanlarından danışmaq da mümkün deyildir. Siyasi liderin etimad qazanmaq
üçün seçdiyi vasitə nə qədər
dürüst və saf olarsa, xalqın həmin şəxsiyyətə
inamı bir o qədər güclü olar. Bəşər
tarixinə möhürünü vurmuş fenomenal liderlər
ilk növbədə toplum üçün cəlbedici və
real görünən mütərəqqi ideyalarla öz cəmiyyətlərinin
həmrəylik və bütövlüyünə, mənəvi
birliyinə nail ola bilmişlər. Milli irs
və düşüncə sistemindən qaynaqlanan bu ideyalar dərin
məzmun yükü ilə cəmiyyətin təkamül
prosesində, tərəqqisində və monolitliyində
aparıcı amilə çevrilməkdən savayı, həm
də tarixi şəxsiyyətlərə xalqı öz ətrafında
birləşdirmək, milli ideallar ətrafında səfərbər
etmək imkanı vermişdir.
Ulu öndər Heydər Əliyevin
1993-cü ilin iyununda xalqın təkidli tələbi və
istəyi ilə hakimiyyətə qayıdışından
sonra Azərbaycanda əldə edilmiş milli birlik
respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən
biridir. Xalqın təhtəlşüurunda
bütöv və milli şəxsiyyət kimi təcəssüm
olunan Heydər Əliyev dühasının tarixi sınaq
anında üzərinə düşən missiyanın
öhdəsindən uğurla gəlməsi, sözün həqiqi
mənasında, Milli Qurtuluşa nail olması da onun
xalqla mənəvi birliyinin nəticəsi
sayılmalıdır. Dövlətçiliyin
taleyi baxımından ən ağrılı və çətin
günlərdə xalq öz gələcəyini məhz
inandığı, müdrikliyinə, idarəçilik səriştəsinə,
siyasi fəhminə qəlbən güvəndiyi liderə -
Heydər Əliyevə etibar etmiş, üzləşdiyi fəlakətdən
onun rəhbərliyi altında xilas olacağına
böyük ümid bəsləmişdir. Ulu
öndər malik olduğu yüksək dövlətçilik
və idarəçilik səriştəsi ilə çiyinlərini
son dərəcə ağır bir yükün altına
vermiş, məsuliyyətdən çəkinməmiş, əsl
liderlərə xas bir şəkildə dövlətinin
üzləşdiyi faciələrə biganə
qalmamışdır.
Ümummilli lider
Heydər Əliyev xalqın tələbi və istəyi,
ozamankı AXC-Müsavat hakimiyyətinin acizanə xahişi ilə
1993-cü il iyunun 9-da Bakıya qayıtmağa razılıq
verəndə respublikada silahlı vətəndaş
qarşıdurması zəminində cərəyan edən
proseslərin nə ilə nəticələnəcəyi çoxlarına bəlli deyildi.
Tamamilə iflic vəziyyətinə düşən,
kiçik silahlı qruplaşmaya belə müqavimət
qabiliyyətini itirən, xalqın dəstəyindən məhrum
olan, mövcudluğu formal mahiyyət kəsb edən bir
hakimiyyətin sükanı arxasına keçmək,
yaranmış acınacaqlı vəziyyətin aradan
qaldırılması istiqamətində addımlar
atmaq son dərəcə çətin, hətta
mümkünsüz görünürdü. Buna baxmayaraq,
hakimiyyətə qayıdan ulu öndər özünün
müdrik və uzaqgörən addımları, birləşdiricilik,
ən müxtəlif maraqları bir nöqtəyə gətirmək
bacarığı sayəsində hakimiyyət böhranını
aradan qaldırmış, qanunsuz silahlı qüvvələri
zərərsizləşdirmiş, xaos və anarxiya
mühitinin, özbaşınalığın aradan
qaldırılması, ictimai-siyasi sabitliyin,
qanunçuluğun təmini istiqamətində prinsipial
addımlar atmışdır. Heydər Əliyevin
qısa müddətdə vətəndaş sülhü və
həmrəyliyinə, milli barışa nail olması, paralel
olaraq respublikada tənəzzül prosesini dayandıraraq
iqtisadi dirçəliş yönümündə praktik
addımlar atması da məhz xalqın öz rəhbərinə
olan dəstəyindən irəli gəlmişdir. Heydər
Əliyev hakimiyyətinə - iqtidarda olan Yeni Azərbaycan
Partiyasına sonsuz ictimai inam və etimad
qarşılığında dövlətçiliyə
diş qıcamış bir çox daxili və xarici qüvvələr
məkrli niyyətlərindən əl çəkməyə
məcbur olmuşlar.
Siyasi liderin gücü və
qüdrəti onun elan etdiyi məqsəd və vəzifələrin,
ideoloji prinsiplərin cəlbediciliyi ilə deyil, ilk növbədə,
qarşıya qoyduğu vəzifələri real həyatda tətbiq
imkanları ilə ölçülür. Ulu
öndər Heydər Əliyev də təcrübəli
dövlət xadimi və hakimiyyət ustası olaraq Azərbaycan
xalqının milli mentaliteti və dünyagörüşü
ilə uzlaşan, reallığa adekvat olan milli inkişaf
strategiyası seçmiş, iqtisadi modernləşməyə
və siyasi liberallaşmaya xidmət edən çoxşaxəli
islahatlar həyata keçirmişdir.
Azərbaycan xalqının
demokratik, hüquqi dövlətdə yaşamaq
idealının real və dayanıqlı əsaslar üzərində
gerçəkləşərək əbədiləşməsi
məhz ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Ulu öndərin idarəçiliyinin
ikinci mərhələsində də qanunçuluğa,
hüquq qaydalarına, ədalətə bağlı olması
onun zəngin mənəviyyatından, demokratizmindən irəli
gəlmişdir. Heydər Əliyevin müəllifliyi
ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında
ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk
milli Konstitusiya Azərbaycanın unitar, demokratik və dünyəvi
dövlət imicini təsbit etmiş, vətəndaş cəmiyyətinə,
insan hüquq və azadlıqlarının prioritetliyinə əsaslanan
islahatların əsasına çevrilmişdir. Məhz
bu mərhələdən hüquq-mühafizə, məhkəmə
sistemində mütərəqqi islahatların həyata
keçirilməsinə başlanmış, qanunvericiliyin
Avropa standartlarına uyğunlaşdırılması istiqamətində
ardıcıl tədbirlər həyata keçirilmişdir. Respublikada əfvetmə institutunun bərpası,
ölüm hökmü üzərində moratoriumun
qoyulması, 1998-ci ildə bu hökmün birdəfəlik ləğv
olunması, İnsan hüquqları üzrə Müvəkkil
İnstitutunun (Ombudsman) yaradılması, hüquq-mühafizə
orqanlarında dövrün tələblərinə cavab verən
mütərəqqi islahatların aparılması - bütün
bunlar məhz Heydər Əliyevin qətiyyətli
addımları sayəsində gerçəkliyə
çevrilmişdir. Eyni zamanda, Heydər Əliyev
respublikamızın Avratlantik məkana sürətli inteqrasiyasına
çalışmış, bu məqsədlə müxtəlif
demokratik institutlarla, o cümlədən ATƏT, Avropa
Şurası, Avropa Birliyi və s. təşkilatlarla əməkdaşlıq
əlaqələri qurulmuşdur.
Hər bir siyasi liderin dövlətçilik
məharəti onun ictimai inkişafın mövcud mərhələlərinə
uyğun olaraq öz ardıcıllarının idarəçilikdə
iştirakı formalarını müəyyənləşdirmək
bacarığında müəyyən olunur. Güclü
müstəqil dövlət yaradan Heydər Əliyevin Azərbaycan
xalqı qarşısındakı ən mühüm xidməti
də məhz bundan ibarətdir ki, ümummilli lider müəllifi
olduğu ənənələrin
davamlılığını təmin etmiş, dərin zəkası
hesabına ölkəmizin gələcək uğurlarına
təminat yaratmışdır.
Ulu öndərin hələ
2003-cü ilin prezident seçkiləri ərəfəsində
"Mən ona özüm qədər inanıram" deməklə
layiqli davamçısı kimi cəmiyyətə təqdim
etdiyi cənab İlham Əliyevin respublikaya rəhbərliyi
dövründə əldə olunmuş böyük nailiyyətlər
Azərbaycan xalqının seçimində qətiyyən
yanılmadığını tam təsdiqləyir. Bu gün
respublikamız və onun istiqlaliyyəti üçün ən
mühüm təminat faktoru odur ki, ümummilli lider Heydər Əliyevin
bərqərar etdiyi güclü dövlətçilik xəttini
uğurla davam etdirən yeni lider var. Dövlət
başçısı böyük öndərdən təhvil
aldığı ölkəni onun ideallarına sadiq qalaraq
inkişaf etdirmək əzmindədir.
Cənab İlham Əliyevin
2008-ci ilin 15 oktyabr seçkilərində xalqın
böyük rəğbət və etimadını qazanaraq
ikinci müddətə Azərbaycan Respublikasının
Prezidenti seçilməsi ilk növbədə onun cəmiyyətdə
yüksək idarəçilik keyfiyyətlərinə malik
lider kimi qəbul olunduğunu nümayiş etdirir. Seçicilərin
88,73 faizinin səsini toplayaraq qalib gəlməsi cənab
İlham Əliyevin xalqın inandığı, etibar etdiyi
lider olduğunu bir daha təsdiqlədi. Seçkilərdə
iştirak edən digər namizədlərin isə heç
biri 3 faizlik baryeri aşa bilmədi. Fərq böyük
olduğundan qələbəni də böyük adlandırmaq
olar. Amma bu, gözlənilməz deyildi - xalq öz səsini
tanıdığına, sevdiyinə və
inandığına verdi!
Prezident seçkiləri bir qayda
olaraq konkret zaman intervalında həyata keçirilən siyasətin
ictimai rəy tərəfindən adekvat dəyərləndirilməsi
prosesi kimi xarakterizə edilir. Seçkilər ərəfəsində
hakimiyyət xalqın və dövlətin mənafeyi naminə
həyata keçirdiyi kompleks tədbirlər barədə
hesabat verərək seçicilərin səsini qazanmağa
çalışır. Bu mənada, cənab İlham Əliyevin
son seçkilərdəki möhtəşəm zəfəri
ilk növbədə ötən beş ildə ölkənin
keçdiyi inkişaf yoluna verilən obyektiv ictimai qiymətdir.
Dövlət başçısı bu müddətdə
konseptual əsasları ümummilli lider Heydər Əliyev tərəfindən
müəyyənləşdirilmiş islahatları uğurla
davam etdirmiş və yeni çalarlarla zənginləşdirmişdir.
"Əsl siyasət konkret, real iş görməkdən ibarətdir"
- deyən dövlət başçısının ötən
5 ildə qəbul etdiyi fundamental qərarlar,
imzaladığı sərəncamlar onun daim xalqın mənafeyindən
çıxış etdiyini, habelə verdiyi vədlərin
sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini,
gerçəkliyə adekvat olduğunu göstərmişdir.
Azərbaycan
Prezidenti İlham Əliyev zaman baxımından o qədər
də böyük olmayan müddətdə cəmiyyətin
bütün gözləntilərini gerçəkləşdirməyə
çalışmaqla hər bir vətəndaşın
marağına cavab verən, cəmiyyət həyatının
müxtəlif sahələrində uğurlu nəticələrə yol
açan çevik, qətiyyətli və düzgün qərarlar
qəbul etmişdir. Cənab İlham Əliyevin həyata
keçirdiyi məqsədyönlü siyasət nəticəsində
son illər əldə etdiyimiz uğurlar da məhz bu amilə
əsaslanır. Siyasi illüziyalardan, populizmdən uzaq
olması, problemlərə rasional mövqedən və real
situasiyadan yanaşması, praqmatizmi və yüksək idarəçilik
keyfiyyətləri cənab İlham Əliyevin yetkin və
peşəkar siyasətçi portretini
formalaşdırır. Bütün bu keyfiyyətləri
dövlət başçısının malik olduğu
yüksək qətiyyət, intellekt, enerji,
işgüzarlıq, novatorluq və birləşdiricilik məziyyətləri
tamamlayır.
Mövcud siyasi
kursun ictimaiyyət tərəfindən birmənalı dəstəklənməsini
təmin edən ən başlıca amil məhz son beş ildə
müstəqil Azərbaycanın əldə etdiyi inanılmaz
sosial-iqtisadi nailiyyətlərdir. Ötən müddətdə
ölkənin davamlı və sabit inkişafı
baxımından vacib amil olan ictimai-siyasi sabitlik qorunub
saxlanılmış, respublikamız iqtisadi inkişaf tempinə
görə dünyanın lider dövlətləri
sırasına yüksəlmiş, sosial problemlərin aradan
qaldırılması istiqamətində ardıcıl
addımlar atılmış, Azərbaycan Avropa geosiyasi
arealında həyata keçirilən qlobal layihələrin
təminatçısına çevrilmişdir. Bu gün ikinci elə bir dövlət tapmaq çətindir
ki, son 5 ildə ümumi daxili məhsulun artım tempinə
görə dünyada lider mövqeyini qoruyub saxlasın,
qısa müddətdə büdcənin vəsaitlərini 10
dəfədən çox artıra bilsin.
İdarəetmə
sisteminə novator düşüncə tərzi, dinamizm,
müasirlik çalarları gətirən dövlət
başçısı hər yeni il üçün hökumətin
həyata keçirməli olduğu tədbirlərin əhatə
dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə
onların icra prosesini şəxsi nəzarətdə saxlamış, habelə ölkənin
strateji resurslarını milli inkişafa təkan verən
qlobal layihələrin reallaşdırılması
yönündə səfərbər etmişdir. Bu nöqteyi-nəzərdən
son beş ildə regional inkişaf və qeyri-neft sektorunun
inkişafı naminə həyata keçirilmiş tədbirləri
xüsusi vurğulamaq olar. Bölgələrin
tarazlı və davamlı inkişafının təmin
olunması, yeni iş yerlərinin açılması, infrastrukturun
yeniləşdirilməsi, mövcud problemlərin aradan
qaldırılması məqsədilə imzaladığı
dövlət proqramlarının, fərman və sərəncamların
icrası vəziyyəti ilə yerindəcə tanış
olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət
quraraq mövcud çətinliklər barədə informasiyaları
ilkin mənbədən almaq üçün
vaxtaşırı Azərbaycanın müxtəlif
rayonlarına təşkil edilən səfərlər də cənab
İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas istiqamətlərindən
biri kimi diqqəti çəkir. Vətəndaşlarla
birbaşa təmaslara üstünlük verən, özünəməxsus
təmkin və sadəliklə onların problemlərini dinləyən
və həlli üçün qəti tapşırıqlar
verən dövlət başçısının bu
addımları ictimaiyyət tərəfindən yüksək
qiymətləndirilmiş, xalqın öz Prezidentinə
olan inamını, etimadını daha da
artırmışdır. 2003-2008-ci illərdə Azərbaycanın
demək olar ki, bütün rayonlarına səfərlər
edən, eləcə də Bakıətrafı kənd və
qəsəbələrdə olan cənab İlham Əliyev
insan amilinə necə yüksək dəyər verdiyini,
bütün fəaliyyətində vətəndaşların
maraq və mənafeyini, firavanlığını uca tutduğunu
əməli olaraq təsdiqləmişdir.
Nazirlər
Kabinetinin 2008-ci ilin sosial-iqtisadi yekunlarına həsr
olunmuş iclası hökumətin qarşıya qoyduğu
strateji hədəflərə doğru inamla irəlilədiyini
bir daha təsdiqləməklə yanaşı, Azərbaycan
iqtisadiyyatının bütün sahələrdə dinamik
inkişaf etdiyini göstərir. İclasda inkişafın real təcəssümü
kimi səslənən bir sıra statistik rəqəmlər
respublikanın hərtərəfli inkişaf yolunda olduğunu
nümayiş etdirir. 2008-ci ildə respublikada ümumi daxili məhsul
istehsalı 10,8 faiz təşkil etmiş, ölkənin
strateji valyuta ehtiyatları 18 milyard manata yüksəlmiş,
ÜDM-in adambaşına düşən həcmi ötən
illə müqayisədə 36,2 faiz artaraq 4440 manata, orta
aylıq əməkhaqqı 268 manata çatmış, orta
aylıq pensiya 100 manat civarında olmuşdur. Müqayisə
üçün bildirək ki, 2003-cü ildə
adambaşına düşən ÜDM cəmi 880, orta
aylıq pensiya isə 17 dollar təşkil edirdi. Azərbaycanın dövlət büdcəsi
2003-cü ildə 1 milyard 200 milyon manat təşkil edirdisə,
hazırda bu rəqəm 15 milyard manatdır. İnkişaf
göstəriciləri quru statistik rəqəmlər
olmayıb hər bir vətəndaşın sosial rifah
halında, gündəlik həyat tərzində,
yaşayışında həllini tapır. Azərbaycanın
uğurlu tərəqqisini, paytaxtla yanaşı, bölgələrin
də sürətlə inkişaf etdiyini, işsizlik, yoxsulluq
kimi problemlərin aradan qalxdığını görən,
böyük tikinti və quruculuq, abadlıq işlərini
razılıqla qarşılayan ölkə vətəndaşları
mövcud siyasi kursu birmənalı dəstəkləyir,
onun davamlı olmasını istəyirlər.
Bütün bunlarla yanaşı,
cənab İlham Əliyevin ikinci dəfə Azərbaycan Prezidenti
seçilməsinin sadə, mahiyyətcə isə əsaslı
və prinsipial səbəbləri var. Məsələnin
"sadəliyi" onun hamı tərəfindən və birmənalı
şəkildə qəbul edilməsindədir. Nədir o?
2008-ci il seçkilərinə
qatılan 6 namizəddən (habelə nəticələrin
onsuz da onların xeyrinə olmayacağını dəqiq
bildiklərindən seçkiyə getməkdən qorxan radikal
müxalifət partiyalarının digər namizədlərindən)
cənab İlham Əliyevin çox böyük
üstünlükləri var. Bu üstünlüklər
təkcə onun yüksək intellekti, fitri istedadı və
xüsusi qabiliyyəti, beynəlxalq aləmdə nüfuzu və
təcrübəsində deyil. Ən öncə cənab
İlham Əliyev Heydər Əliyevin siyasi kursunun ən
layiqli davamçısıdır - bu kurs Azərbaycan xalqı
üçün əsas, bəlkə də hər
şey deməkdir. Məhz buna görə də 2003-cü ildə
ulu öndərin vəsiyyətinə sədaqət göstərərək
cənab İlham Əliyevə səs verdilər. Budəfəki
seçkilərdə isə Heydər Əliyev siyasi kursunu
alternativsiz yol kimi qəbul edərək həmin siyasətin ən
layiqli davamçısı İlham Əliyevə böyük
həvəs və istəklə səs verdilər. Həm
müstəqil dövlətləri, həm özlərinin
normal həyatı, həm də övladlarının gələcəyi
naminə!
Başqa bir vacib məqam. Namizədlər sırasında yalnız cənab
İlham Əliyev özünü əməli işdə
göstərən və doğruldan, sözünün sahibi
olan dövlət başçısı kimi sübut
etmişdir. Ötən beş ildə onun tərəfindən
qırxa qədər dövlət proqramı və onlara
əlavələr imzalanmışdır. Həmin proqramlar ən
müxtəlif sahələri əhatə etməklə
bütövlükdə ölkənin sürətli və məqsədyönlü
inkişafını təmin etdi. Bu siyasəti Azərbaycan
xalqı gözəl anlayır, qəbul edir və davamlı
olmasını istəyir. Həm də yaxşı bilir ki, həmin
siyasəti - əslində Heydər Əliyev siyasi kursunu
yalnız İlham Əliyev uğurla davam etdirməyə
qadirdir. Üstəlik, o, verdiyi sözə daim əməl
edir, heç zaman vədinə xilaf çıxmır. Digər
namizədlər isə əməli işdə
yoxlanmamışdır. Adətən, insan
sınadığına inanır. Bir də sevdiyinə!
İlham Əliyev beşillik fəaliyyəti dövründə
xalqın sonsuz məhəbbətini qazandı. Müdrik siyasəti,
Heydər Əliyev ideyalarına sədaqəti, təmkin və
uzaqgörənliyi, bir də xalqına qədərsiz sevgisi ilə!
Təbii ki, insan bir işi ürəklə, vurğunluqla
görməsə, yüksək nəticəyə çata
bilməz!
Qaçqın və
məcburi köçkünlər xalqımızın ən
çox köməyə və qayğıya ehtiyacı olan təbəqəsidir.
Çox qısa müddətdə hər şeylərini
itirmiş bu insanlar çaşqın vəziyyətdə,
arxasız qalmışdılar. Xalqın arzu və tələbi ilə
ulu öndər Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə
qayıtması ilə onların da üzünə gün
doğdu. Münasib sosial obyektlərdə yerləşdirildilər,
daimi yardımla təmin olundular, hüquqları inamla qorundu,
statusları dəqiq müəyyənləşdirildi. Məhz ilk dəfə olaraq ümummilli lider Heydər
Əliyevin imzası ilə onlara yeni, müasir tipli qəsəbələr
tikilməsi məqsədilə Dövlət Neft Fondundan vəsait
ayrıldı. Sonra bu iş cənab İlham Əliyev tərəfindən
ardıcıllıqla davam etdirildi.
Bu barədə möhtərəm
İlham Əliyev özü belə deyir: "Məcburi
köçkünlərin problemlərinin həlli
üçün bu beş il ərzində görülən
işlər göz qabağındadır. Mən məcburi
köçkünlərlə çoxsaylı
görüşlər zamanı onların problemlərinin həlli
üçün səylərimi göstərmişəm,
onlara söz vermişdim. Söz vermişdim ki,
bir dənə də çadır şəhərciyi
qalmayacaq və bu gün Azərbaycanda bir dənə də
çadır şəhərciyi yoxdur. 2004-cü ildə qəbul
edilmiş məcburi köçkünlərin
yaşayış səviyyəsinin
yaxşılaşdırılması və məşğulluğun
artırılması Dövlət Proqramının
uğurlu icrası bizim niyyətimizi, bizim siyasətimizi
göstərir. 2007-ci ildə proqrama əlavələr edildi, əlavə
vəsait nəzərdə tutulur. Son beş il ərzində
12 çadır şəhərciyi ləğv edilmişdir.
Onların əvəzinə müasir binalar, müasir qəsəbələr
salınmışdır. 36 yeni qəsəbə
salınmış, onlarda 47 min nəfər məcburi
köçkün məskunlaşdırılmışdır.
Bu qəsəbələrdə 34 məktəb, 24 tibb məntəqəsi
tikilib və insanların yaşaması üçün
lazım olan digər tədbirlər görülübdür.
Son beş il ərzində bu məqsədlər
üçün 1 milyard dollar xərclənib, proqrama əlavələr
hesabına əlavə minimum 500 milyon dollar xərclənəcəkdir.
Bu vəsait də Azərbaycan Dövlət Neft
Fondunun hesabına, Azərbaycan dövlətinin hesabına və
yenə də deyirəm, Heydər Əliyevin neft siyasətinin
hesabına yaradılır. Əgər bu olmasaydı, əgər
Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşməsəydi,
Neft Fondunda pul olmazdı, heç Neft Fondu da
olmazdı".
Aqressiv müxalifət
partiyalarının öz namizədləri ilə budəfəki
prezident seçkilərində iştirak etməmələrindən
Azərbaycan xalqı və seçicisi heç nə itirmədi.
Əksinə, prosesin müxtəlif mərhələlərində
müəyyən müsbət məqamlar müşahidə
olundu. Ən əvvəl, prezidentliyə namizədlərin irəli
sürülməsi, təşviqat kampaniyası dövründə
və səsvermə günündə nə icazəsiz mitinq
keçirmək cəhdi oldu, nə də qanunsuz kütləvi
aksiyalar yolu ilə polislə qarşıdurma yaradıldı.
Təbii ki, mətbuatın bu mövzuya xüsusi və
geniş yer ayırmasına, beynəlxalq qurum və təşkilatlara
donoslar göndərilməsinə də ehtiyac qalmadı. Təşviqat
kampaniyası da əsasən qalmaqalsız keçdi. Səsvermə günü isə prosesin sakit məcrada,
sərbəst şəkildə, insanların fəallığı
və ruh yüksəkliyi şəraitində təbii
axarlığı ilə yadda qaldı. Səsvermə məntəqələrində
"maraqlı müşahidəçilərin" süni
qarşıdurma və əsəbi şərait yaratmaq,
"saxta bülleten və protokol" barədə qəsdən
yaradılan hay-küy, seçkidən sonra məğlubiyyətə
uğrayan aqressiv müxalifət partiyalarının xaos və
anarxiya doğurmaq niyyəti, vandallığı və hakimiyyəti
zorla mənimsəmək cəhdi müşahidə
olunmadı. Əksinə, seçkilərin ilkin nəticələri
məlum olduqdan sonra Bakıda və respublikanın bir
çox yerlərində çal-çağır, Yeni Azərbaycan
Partiyası üzvləri ilə xalqın birgə şənliyi
başladı. Musiqi səsi mahnı sədalarına,
xalqın sevinci gənclərin rəqsinə
qarışdı.
Sən demə, Azərbaycanda da
normal - qarşıdurmasız, şər-böhtansız,
çığır-bağırla beynəlxalq təşkilatları
köməyə çağırmadan da seçki keçirmək
olarmış! Sən demə, müxalifət partiyaları da
seçkilərdə özlərini təmkinli və mədəni
apara, mübarizələrini sivil qaydada təşkil edə
bilərmişlər! Sən demə, məğlubiyyəti
faciə kimi qarşılamağa, bundan "qəzəblənərək"
iqtidara və xalqın, dövlətin mənafeyinə
düşməncəsinə zərbə vurmağa
çalışmağa ehtiyac yox imiş!
Bundan ötrü isə
müxalifət normal müxalifət olmalı, qanunun aliliyinə
və demokratik prinsiplərə hörmətlə
yanaşmağı bacarmalıdır! Sivil siyasi münasibətlər
sisteminin formalaşmasını dövlətin və xalqın
mənafeyi tələb edir. Bu məqamda akademik Ramiz Mehdiyevin
"Azərbaycan qloballaşma dövründə: inkişaf
strategiyası" əsərindən bir fikri diqqətə
çəkmək istəyirik: "Azərbaycan
öz inkişafının elə bir mərhələsinə
qədəm qoymuşdur ki, müxalifətin hakimiyyətlə
qarşılıqlı münasibətləri, hakimiyyət
uğrunda mübarizə yalnız sivilizasiyalı forma və
üsullarla, dialoq, real şüarlar və daha cəlbedici
sosial-iqtisadi proqramlar irəli sürmək yolu ilə aparıla
bilər. Dəyənəklər, dəmir çubuqlar,
daş-kəsək "proletariatın silahı" kimi
tarixin arxivinə göndərilməlidir".
Əlbəttə,
köhnə təfəkkürlü müxalifətin siyasi səhnədən
silinib getməsi gözlənilən idi və çoxdan
vaxtı çatmışdı. Xüsusən, 2003-cü ilin
15-16 oktyabr hadisələrindən sonra hazırkı iqtidarla
zor dili ilə danışmağın, hakimiyyəti
zorakılıqla ələ keçirməyin mənasızlığını
və mümkünsüzlüyünü görənlər məğlubiyyətləri
ilə barışaraq geri çəkilməliydilər!
Üstəlik, onların real güc olmadıqlarını,
xalqın dəstəyini tamamilə itirdiklərini, daha
pozuculuq və qarışıqlıq törədə bilmədiklərini
görən antiazərbaycançı qüvvələr
də aqressiv müxalifətə daha bel bağlamayaraq onlara
qrant ayırmaq, maliyyələşdirmək fikrindən vaz
keçdilər. Beləliklə, pulsuz və dəstəksiz
qalan, getdikcə parçalanaraq cılızlaşan ifrat
radikal müxalifət bütün mümkün gələcəyini
itirərək siyasi səhnəni acınacaqlı sonluqla tərk
etdi.
Obyektivlik hissi və vicdanı
olanlar gördüklərini səmimi etiraf etdilər. Əlbəttə,
biz ideal seçki keçirildiyini söyləmək fikrində
deyilik. Ümumiyyətlə, "ideal seçki"
anlayışının mümkünlüyü də sual
altındadır. Amma bir həqiqətdir ki, Azərbaycanda
açıq, şəffaf, seçki qanunvericiliyinə
uyğun səsvermə keçirildi. Bir dənə də
olsun saxtakarlıq faktı aşkarlanmadı. Beynəlxalq qurum
və təşkilatların əksəriyyəti bu gerçəkliyi
etiraf etdilər, obyektiv rəylərini söylədilər. Qərəzlilər
isə yenə də köhnə bayatılarını
söylədilər. Amma heç bir konkret fakt, misal göstərmədən.
Onların adını qəsdən çəkmirik.
Çünki həqiqətin və xalqın iradəsinin
yanında məkrlilərin mövcudluğu bilinmir. Əslində,
qərəzli və mənfi rəylər obyektivlik selinin
qarşısında dayana bilməyərək it-bata
düşdülər.
Son prezident
seçkilərinin nəticələrinə nəzərən
bir daha təsdiqləndi ki, Azərbaycan cəmiyyəti Heydər
Əliyevin zəngin dövlətçilik irsini ölkənin
milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və
siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn
mükəmməl
siyasi konsepsiya kimi qəbul edir. Bu siyasəti
ötən müddətdə yeni dövrün tələblərinə
uyğun təkmilləşdirən dövlət
başçısı İlham Əliyev əsl vətənpərvər
və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi
vədlərin böyük əksəriyyətini əməli
işi ilə doğruldaraq hər bir vətəndaşın
layiqli Prezidenti olduğunu sübuta yetirmişdir.
Qarşıda isə Azərbaycanı cənab İlham Əliyevin
rəhbərliyi altında çox böyük nailiyyətlər
gözləyir.
Bəxtiyar Sadıqov
Azərbaycan.-2009.-9 iyun.-S.2.