Ölkə Prezidentinin sülh
danışıqlarını dəstəkləyirik, Ali
Baş Komandanın "İrəli!" əmrini yerinə
yetirməyə də tam hazırıq
İllərdən bəri ürəklərində vətən həsrəti, yurd nisgili gəzdirən, min bir əzab-əziyyətlərə düçar olan Dağlıq Qarabağ azərbaycanlılarını iyunun 5-də bir araya gətirən tarixi qurultay hər birimizin üzərinə böyük məsuliyyət və vəzifələr qoydu. Qarabağ müharibəsinin dəhşətlərini öz talelərində yaşamış insanlarla yanaşı, Azərbaycanın tanınmış ziyalılarının, o cümlədən görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri qurultayda ötən dövr ərzində görülmüş işlər bir daha ətraflı təhlil edildi, gələcək məqsəd və hədəflər yenidən müəyyənləşdirildi. Ali məclisimiz yüksək səviyyədə keçdi və qarşısına qoyduğu məqsədə nail oldu.
Ermənistanın əsassız
torpaq-ərazi iddiası, etnik təmizləmə siyasəti
yürütməsi nəticəsində cəlb olunduğumuz
bu ədalətsiz müharibədə Dağlıq Qarabağ
vilayəti, Ağdam, Fizuli, Kəlbəcər, Laçın,
Cəbrayıl, Zəngilan, Qubadlı rayonları işğal
olunmuş, yandırılaraq talan edilmiş, əhalisinə
amansız divan tutulmuş, yüz minlərlə
soydaşımız məcburi köçkünə
çevrilmiş, çoxlu sayda tarixi memarlıq və mədəniyyət
abidələri məhv edilmişdir.
Təəssüf ki, ötən əsrdə
və yaxın tarixdə münaqişə zamanı ermənilərin
Dağlıq Qarabağda törətmiş olduqları bu cinayətlər,
soyqırımlar, vəhşiliklər tam
araşdırılmamışdır. Nəinki dünya
ictimaiyyətinin, hətta ölkə əhalisinin belə, bu
hadisələrlə bağlı məlumatları olduqca
azdır. Buna görə də qurultaydan sonrakı dövrdə
Dağlıq Qarabağ bölgəsi Azərbaycanlı İcması
İctimai Birliyi dünya ictimaiyyətinin məlumatlandırılması
istiqamətində öz işini fəallaşdırmalı,
təxirəsalınmaz tədbirlər həyata keçirməlidir.
Bu məqsədlə icma elektron informasiya vasitələrindən
geniş istifadə etməli, kompüter mərkəzi, internet
şəbəkəsi yaratmalı, təşkilatın
saytı və mətbu orqanı olmalıdır. Bütün
bunların vasitəsilə mütəmadi olaraq ölkə və
dünya ictimaiyyətinə ermənilərin törətmiş
olduqları soyqırımı və insanlığa
sığmayan cinayətləri, torpaqlarımızın
işğala məruz qalması, tarix və mədəniyyət
abidələrimizin məhv edilməsi, Dağlıq Qarabağ
azərbaycanlılarının pozulmuş hüquq və
azadlıqları barəsində ardıcıl məlumatlar
çatdırılmalıdır.
Bir məqamı unutmamalıyq ki,
Dağlıq Qarabağın hansısa yaşayış məntəqəsi
döyüşsüz tərk edilməmişdir. Dörd il ərzində
ermənilərə qarşı inadlı müqavimət
göstərilmiş, bu torpaqların hər qarışı
uğrunda qanlar tökülmüş, şəhidlər
verilmişdir. Bu qeyri-bərabər döyüşlərdə
Dağlıq Qarabağın və ətraf rayonların
uşaqlı-qadınlı, cavanlı-qocalı, bütün
azərbaycanlı sakinləri qəhrəmanlıqla iştirak
etmişlər. Məhz xocavəndlilərdən təşkil
olunmuş özünümüdafiə taburunun
apardığı döyüşlər nəticəsində
Dağlıq Qarabağın - Xocavənd rayonunun bir hissəsi
düşmənlərdən azad edilmiş, qorunub
saxlanılmışdır. Təkcə ermənilərlə
mübarizədə 4 ay mühasirədə qalan
Qaradağlı kəndinin qəhrəman müdafiəçiləri
77 nəfər şəhid vermişdir, bu isə kənd əhalisinin
hər 10 nəfərindən biri deməkdir. Əslində isə,
erməni vəhşilikləri və işğalı, əsirlik
və girovluqda aldıqları fiziki zərbələr, mənəvi
və psixoloji sarsıntılar nəticəsində doğma
yurdlarını tərk etdikdən sonra həyatdan
köçən sakinlərimizin sayı yüzlərlədir.
Bu gün müharibənin toxunmadığı bir ailə belə
tapmaq mümkün deyildir.
Atəşkəsdən 15 il
keçməsinə baxmayaraq, rayonumuzun işğaldan azad
olunmuş ərazilərində məskunlaşan sakinlərimizin
təhlükəsizliyi yenə də ermənilər tərəfindən
pozulur, Xocavənd istiqamətində olan ərazilərimiz demək
olar ki, hər gün atəşə tutulur. Dəfələrlə
bu ərazidə rayon sakinlərinə, onlara məxsus
mal-qaraya, texnikalara ermənilər tərəfindən
atılan atəş və basdırılmış
minaların partlaması nəticəsində ciddi ziyanlar dəymişdir.
Demək olar ki, hər il işğal altında olan ərazilərimiz
yandırılır, bəzən bu yanğınlar istifadəmizdə
olan ərazilərə keçir, təsərrüfatla məşğul
olan əhali üçün böyük çətinliklər
yaradır, torpaqlarımıza, meşələrimizə, bir
sözlə, ölkəmizin ekologiyasına ciddi ziyan vurulur.
Münaqişənin tənzimlənməsi
missiyasını öz üzərinə götürən
beynəlxalq təşkilatların, dünyanın
aparıcı dövlətlərinin, xüsusilə
yaradıldığı dövrdən 17 il keçməsinə
baxmayaraq, problemin nizamlanması istiqamətində heç bir
ciddi irəliləyişə nail ola bilməyən ATƏT-in
Minsk qrupunun bu məsələyə ikili standartlardan
yanaşması qəbuledilməzdir. Biz beynəlxalq təşkilatlardan,
ATƏT-in Minsk qrupunun üzvlərindən tələb edirik
ki, deyilənlərə biganə qalmasınlar, ikili
standartlardan əl çəksinlər,
işğalçını və işğala məruz qalan
tərəfi öz adları ilə
çağırsınlar, münaqişənin həllində
birmənalı və ədalətli olsunlar.
Regiona səfərləri
zamanı Xankəndidə erməni icması ilə görüşən,
müzakirələr aparan həmsədrlər Dağlıq
Qarabağın azərbaycanlı icmasının haqlı tələblərini
dinləməli və nəzərə almalıdırlar.
Ümumiyyətlə, gələcəkdə icma Dağlıq
Qarabağla bağlı aparılan bütün
danışıqlarda iştirak etməli və təmsil
olunmalıdır. Eyni zamanda, münaqişə ilə
bağlı təşkil olunan tədbirlərdə
Qarabağdan olan ictimaiyyət nümayəndələrinin,
xüsusilə gənclərin iştirakına şərait
yaradılmalı, Qarabağ həqiqətlərinin dünyaya
çatdırılmasına nail olunmalıdır.
Bütün beynəlxalq təşkilatlar və münaqişənin
həlli missiyasını öz üzərinə
götürmüş beynəlxalq qurumlar birmənalı
olaraq bilməlidirlər ki, Dağlıq Qarabağ azərbaycanlılarının
rəyi nəzərə alınmadan, hüquqları
tanınmadan münaqişənin həlli yoxdur.
İyunun 5-də Dağlıq
Qarabağ bölgəsi Azərbaycanlı İcması
İctimai Birliyi İdarə Heyətinin üzvlərinin xarici
ölkələrin səfirləri ilə
görüşündə də bu məsələyə
toxunuldu. Diplomatların diqqətinə
çatdırıldı ki, Azərbaycan gec-tez öz problemini
həll edəcək, məcburi köçkünlər
doğma torpaqlarına qayıdacaqlar. Çünki biz ulu öndər
Heydər Əliyevin siyasətinə əsaslanırıq və
cənab İlham Əliyev kimi qətiyyətli Prezidentimiz var.
Sadəcə olaraq, başqa ölkələr də ədalətli
mövqe nümayiş etdirsələr, münaqişə daha
tez həll olunar. Görüşdə vurğulandı ki, BMT
Təhlükəsizlik Şurasının müvafiq qətnamələri
icra olunmadığından, ATƏT-in Minsk qrupu həmsədrlərinin
fəaliyyəti nəticə vermədiyindən,
münaqişə tərəflərinə münasibətdə
ikili standart yeridildiyindən, təcavüzkarla təcavüz
qurbanının bərabər tutulduğundan icma üzvləri
narazı qalsalar da, bir çox ölkələrdə bu
münaqişənin ədalətli həllinin tərəfdarı
olan ciddi qüvvələrin olduğuna əmindirlər. Səfirlərdən
xahiş olundu ki, bu qüvvələrlə əlaqələrin
yaradılmasında dəstəklərini əsirgəməsinlər.
Diplomatlarla görüşdə o da qeyd edildi ki, məsələnin
sülh yolu ilə həll edilməməsi müharibəyə
əl atmaq demək deyildir. Çünki təcavüzkara
qarşı sanksiya tətbiqi, müxtəlif təzyiq vasitələri
mövcuddur.
Müharibə görən
insanlar yaxşı bilir ki, müharibə hansı fəlakətlər
törədir. Müharibə anaların göz yaşı,
itkilər, ağrı, acı və faciələr deməkdir.
Ölkə başçısı bu məsələnin
sülh yolu ilə həll olunması üçün gərgin
iş aparır. Beynəlxalq hüquq normaları, eləcə
də beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar
əsasında bu problemin həllinə nail olunmasına
çalışır. Ancaq ermənilər də, dünya
birliyi də bilməlidirlər ki, danışıqlar əbədi
ola bilməz, biz nəyin bahasına olursa-olsun
torpaqlarımıza qayıdacağıq. Heç kim
unutmamalıdır ki, biz bu torpaqların əzəli sakinləriyik.
Hazırda bizim işğal edilmiş torpaqlarımızı hər
an azad etməyə qadir güclü ordumuz var. Bugünkü
Azərbaycan dövləti Dağlıq Qarabağın
işğal olunduğu dövrdəki Azərbaycan deyil.
İndi qüdrətli dövlətimiz, qətiyyətli Ali
Baş Komandanımız var. Böyük inam və əminliklə
bildirirəm ki, vətən həsrəti ilə yaşayan
Dağlıq Qarabağ azərbaycanlıları bir nəfər
kimi torpaqlarımızın yadelli işğalçılardan
təmizlənməsi, ölkəmizin ərazi
bütövlüyünün bərpa olunması
üçün hər an silaha sarılmağa, ön cərgələrdə
döyüşməyə hazırdırlar.
Bu gün ölkəmizdə həssas
qayğıya ehtiyacı olan elə insanlar var ki, onların
problemlərinin həlli, sosial rifahlarının yüksəldilməsi
daha çox diqqət tələb edir. Söhbət Ermənistanın
hərbi təcavüzü nəticəsində doğma
yurd-yuvalarından, ev-eşiklərindən didərgin
düşmüş məcburi köçkünlərdən
gedir. Ölkəmizin uğurlu sosial siyasəti, iqtisadi
potensialının qüdrətlənməsi məcburi
köçkünlərə dövlət
qayğısının artmasında və onların həyat
şəraitinin yaxşılaşdırılmasında da
aydın nəzərə çarpır. Ulu öndər Heydər
Əliyevin cəbhəyanı rayonların inkişafına və
məcburi köçkünlərə olan diqqət və
qayğısının bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi hər bir məcburi
köçkün ailəsi tərəfindən böyük rəğbətlə
qarşılanır. Hələ 2003-cü ildə prezident
seçkiləri ərəfəsində cənab İlham Əliyev
bəyan etmişdi ki, Azərbaycanda bir dənə də
çadır şəhərciyi qalmayacaqdır. Azərbaycan
Prezidenti vədinə vaxtından tez əməl etməklə
məcburi köçkünlərin ən böyük sosial
problemlərindən birini qayğıkeşliklə yoluna
qoydu. Prezident İlham Əliyev tərəfindən layiqincə
gerçəkləşdirilən inkişaf konsepsiyasının
nəticəsidir ki, indi bütün cəbhəyanı
rayonlara yeni həyat verilir.
Ötən ilin oktyabrın 4-də
Beyləqan rayonuna gələn Prezident İlham Əliyev burada
Xocavənd rayonundan olan məcburi köçkünlər
üçün salınmış 500 ailəlik qəsəbənin
açılışında iştirak etdi. Bu qəsəbə
"Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"na əlavə tədbirlər planı əsasında
inşa edilmişdir. Burada 60 birotaqlı, 245 ikiotaqlı, 180
üçotaqlı və 15 dördotaqlı mənzil var. Qəsəbədə
360 şagird yerlik orta məktəb, 50 yerlik uşaq
bağçası, poçt şöbəsi, 25
çarpayılıq xəstəxana, klub, icma mərkəzi,
baytarlıq məntəqəsi, yanğınsöndürmə
deposu, inzibati və anbar binaları da var. Qəsəbənin
yolları, su və elektrik təchizatı normal səviyyədədir.
Yeni qəsəbə ilə
tanışlıqdan sonra xocavəndlilərlə
görüşündə Prezident İlham Əliyev bildirdi
ki, məcburi köçkünlərin sosial
rifahlarının yaxşılaşdırılması
problemin tam həlli deyildir: "Mən demişdim ki, bir dənə
də çadır şəhərciyi qalmayacaqdır.
Artıq yoxdur. Bundan sonra da heç vaxt olmayacaqdır. Biz bu səhifəni
bağladıq. Növbəti illərdə, mən qeyd etdiyim
kimi, məktəblərdə, hərbi hissələrin ərazilərində,
digər yerlərdə yaşayan
qaçqın-köçkün soydaşlarımızın
yaşayış səviyyəsinin yaxşılaşdırılması
üçün əlavə tədbirlər görüləcəkdir.
Beləliklə, biz bu böyük sosial problemi aradan
qaldıracağıq. Amma bu, məsələnin bir hissəsidir.
Sosial yükün azaldılması və insanların
yaşayış səviyyəsinin
yaxşılaşdırılması məsələnin tam həlli
demək deyildir. Məsələnin tam həlli
torpaqlarımızın işğalçılardan azad
olunmasıdır. Bu məqsədə nail olmaq
üçün biz bütün gücümüzü səfərbər
etməliyik və edirik. Azərbaycanın artan imkanları,
iqtisadi gücü, bölgədəki mövqeləri, bizim həm
daxili, həm də xarici siyasətimiz o günü
yaxınlaşdırır".
İctimai Birliyimizin tarixi
qurultayı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllinə öz töhfəsini verəcək,
bu məsələdə Dağlıq Qarabağ bölgəsinin
azərbaycanlı icmasının yerini bir daha müəyyənləşdirəcəkdir.
İnanırıq ki, tezliklə dövlət
başçısının, Ali Baş Komandanın rəhbərliyi
altında doğma yurdlarımızı, şəhidlərimizin
uğrunda vuruşduqları müqəddəs
torpaqlarımızı düşmən işğalından
azad edəcək və növbəti qurultayımızı
Cıdır düzündə keçirəcəyik!
Biz Dağlıq Qarabağdan olan
xəyanətkar ermənilərlə deyil, Ermənistanla,
dünya erməniləri ilə, beynəlxalq terrorçularla,
muzdlular və sovet ordusu ilə təkbaşına vuruşduq,
şəhidlər verdik. Amma tökülmüş qan yerdə
qalmayacaq, nəyin bahasına olursa-olsun torpaqlarımızı
azad edəcək, öz tarixi yurd-yuvamıza
qayıdacağıq. Həmin gün uzaqda deyildir...
Eyvaz Hüseynov,
Xocavənd Rayon İcra
Hakimiyyətinin başçısı,
Dağlıq Qarabağ bölgəsi
Azərbaycanlı İcması
İctimai Birliyi İdarə
Heyətinin üzvü
Azərbaycan.-2009.-9 iyun.-S.3.