"İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının milli qanunvericiliyin məhkəmə təcrübəsinin inkişafına təsiri" mövzusunda "dəyirmi masa"

 

İyunun 8-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə birlikdə "İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının milli qanunvericiliyin məhkəmə təcrübəsinin inkişafına təsiri" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbiri açaraq bildirmişdir ki, insan vətəndaş hüquq azadlıqlarının prioriteti hər bir demokratik dövlətin hüquq sisteminin ayrılmaz hissəsidir. İnsan vətəndaş hüquq azadlıqlarının müdafiəsi, ədalət prinsiplərinin təmin edilməsi hər bir məhkəmənin əsas vəzifəsidir. Konstitusiya Məhkəməsi fəaliyyətində milli qanunvericiliklə yanaşı, insan hüquqları sahəsində beynəlxalq hüquq sənədlərinin müddəalarına əsaslanır. Bu isə məhkəməyə işlərə Konstitusiya əsasında baxarkən beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş demokratik normalara riayət etmək imkanı yaradır. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası bu məsələdə mühüm rol oynayır.

Sədr demişdir ki, Konstitusiya Məhkəməsi öz hüquqi mövqeyini Konstitusiya normalarına əsaslandırsa da o, həmçinin əlavə dəlillərin axtarışında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə də istinad edir. Bu cür dəlillərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi üçün artıq ənənəyə çevrilmişdir.

F.Abdullayev vurğulamışdır ki, milli məhkəmələrimizlə Avropa Məhkəməsinin qərarları arasında ziddiyyətlərin aradan qaldırılması üçün Avropa Məhkəməsinin presedent hüququna istinad etmək həm nəzəri, həm də praktiki cəhətdən məqsədəmüvafiqdir. Avropa Konvensiyasının yaradılması yarım əsrlik tarixə malik olmasına baxmayaraq, təsbit edilmiş hüquq və azadlıqlar qəbul olunan yeni protokollara, eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına əsasən onun məzmunu daim yenilənir, dəqiqləşdirilir və təkmilləşdirilir.

"Dəyirmi masa"da İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyev çıxış edərək bu qurumun strukturu, iş təcrübəsi, presedent hüququ, qərarların hüquqi qüvvəsi, həmin qərarlardan irəli gələn öhdəliklər barədə ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, Strasburq Məhkəməsi Avropa hüququnun inkişafı və həmçinin ümumi Avropa məhkəmə təcrübəsinin formalaşdırılmasında mühüm rol oynamaqla, Avropa Konvensiyasında təsbit edilmiş dəyərlərin təmin edilməsinə öz töhfəsini verir. Son illər ərzində isə Azərbaycan Respublikasının yüksək məhkəmə instansiyaları ilə Avropa Məhkəməsi arasında hüquqi əməkdaşlıq uğurla inkişaf etməkdədir.

X.Hacıyev həmçinin Avropa Məhkəməsində Azərbaycanla bağlı işlər barədə məlumatları da diqqətə çatdırmışdır.

Konstitusiya Məhkəməsinin, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun məsul əməkdaşlarının iştirak etdikləri və canlı diskussiya şəraitində keçən "dəyirmi masa"da mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2009.-9 iyun.-S.3.