"Müasirlik pedaqogikanın aktual problemləri" mövzusunda konfrans keçirilir

 

Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin 90 illik yubileyinə həsr olunmuş "Müasirlik pedaqogikanın aktual problemləri" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.

Açılış mərasimində BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ölkə Prezidenti İlham Əliyevin "Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında" müvafiq sərəncamının əhəmiyyətini vurğulamışdır.

Rektor ölkəmizdə elmin, təhsilin inkişafında, milli ideologiyamızın formalaşmasında BDU-nun müstəsna rolunu xatırladaraq, onun 90 illik yubileyinin geniş şəkildə keçirildiyini bildirmişdir. Eyni zamanda, təhsil sahəsində pedaqogikanın əhəmiyyətini diqqətə çatdırmışdır.

Bakı Dövlət Universiteti pedaqogika kafedrasının müdiri, professor Nübar Muxtarova "Heydər Əliyev - vətənpərvərlik tərbiyəsinin elmi konsepsiyası", Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov "Rəqabətədavamlı insanın formalaşmasında təhsilin rolu" mövzularında məruzələr etmişlər.

Natiqlər ümummilli lider Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafına daim böyük önəm verdiyini vurğulamışlar. Cəmiyyətin tərəqqisində təhsilin mühüm rolundan, pedaqogikanın aktual problemlərindən danışan məruzəçilər bu sahənin inkişaf etdirilməsinin vacibliyini nəzərə çarpdırmışlar.

Sonra digər mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Konfrans iyunun 9-da başa çatacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-9 iyun.-S.3.