Səudiyyə Ərəbistanı qəzeti ölkəmizə səhifə həsr etmişdir

 

Səudiyyə Ərəbistanı Krallığında çıxan nüfuzlu "Əl-Cəzirə" qəzeti ölkəmizdə gedən prosesləri müntəzəm olaraq işıqlandırır. Qəzet 25 may 2009-cu il tarixli nömrəsində Azərbaycana bütöv bir səhifə həsr etmişdir. Səhifə Respublika günü münasibətilə hazırlanmışdır.

Səhifə ölkəmizin krallıqdakı fövqəladə və səlahiyyətli səfiri Tofiq Abdullayevin məqaləsi ilə açılır. Müəllif yerli oxucuları Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə tanış edir, milli müstəqilliyimizin bərpasından sonra ölkədə cərəyan edən hadisələrdən, həyata keçirilən genişmiqyaslı islahatlardan bəhs edir.

"Azərbaycan xalqı Respublika gününü qeyd edir" sərlövhəli redaksiya məqaləsində isə ölkəmizin dünəni və bugünü haqqında müfəssəl məlumat verilir. Qeyd olunur ki, keçmiş SSRİ-nin dağılması ilə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan çoxsaylı, bir-birindən mürəkkəb çətinliklərlə qarşılaşmışdı. Xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin 20 faizini işğal etməsi və bir milyondan çox dinc sakini yurd-yuvasından didərgin salması ölkədə ağır şərait yaratmışdı. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra vəziyyət dəyişməyə başladı. Makroiqtisadi göstəricilər yaxşılaşdı, milli valyutanın sabitliyi təmin olundu. Ölkədə ictimai-siyasi-iqtisadi həyatın bütün sahələrini əhatə edən köklü islahatlara start verildi. 1995-ci ildə ilk dəfə olaraq demokratik parlament seçkiləri keçirildi, ümumxalq səsverməsi yolu ilə Konstitusiya qəbul olundu. Hazırda demokratik dövlət kimi Azərbaycanda onlarla siyasi partiya, çoxsaylı ictimai təşkilat fəaliyyət göstərir.

Məqalədə Azərbaycanda neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Göstərilir ki, 1847-ci ildə dünyada ilk dəfə olaraq Bakıda sənaye üsulu ilə neft çıxarılmışdır. Ötən əsrin əvvəllərində Azərbaycan dünyada ən çox neft hasil edən ölkə idi. Belə ki, dünya üzrə hasil olunan neftin yarısı Bakının payına düşürdü. Yazıda xüsusi olaraq vurğulanır ki, İkinci Dünya müharibəsi illərində keçmiş SSRİ-də neftin 76 faizi məhz Azərbaycanda istehsal edilirdi. Eyni zamanda Azərbaycan neftçiləri dünyada ilk dəfə olaraq dənizdə neft çıxarmışlar. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yerli geoloqlar Xəzər dənizində böyük neft ehtiyatı (31 neft-qaz yatağı) aşkar etmişlər. Azərbaycan rəhbərliyi ölkənin karbohidrogen ehtiyatlarını istismar etmək üçün dünyanın iri şirkətləri ilə bir sıra müqavilələr imzalamışdır. Bu müqavilələrin ümumi dəyəri 20 milyard dollara bərabərdir. Hazırda quruda neft-qaz yataqlarını istismar etmək üçün xarici şirkətlərlə danışıqlar davam edir. Mütəxəssislər Azərbaycanın neft ehtiyatını 4-10 milyard ton həcmində qiymətləndirirlər və onun çıxarılması üçün 50 milyard dollar investisiya tələb olunur.

Qəzet qeyd edir ki, Azərbaycanda investisiyalar üçün əlverişli şərait mövcuddur: müvafiq qanunvericilik bazası yaradılmış, hökumət səviyyəsində ardıcıl tədbirlər həyata keçirilmişdir. Odur ki, ölkə iqtisadiyyatına investisiya axını ildən-ilə artır.

Eyni zamanda "Əl-Cəzirə" Azərbaycanın aqrar sahədə əldə etdiyi uğurları qeyd edir. Qəzet yazır ki, milli müstəqilliyin bərpasından sonra bu sahədə köklü dəyişikliklər baş vermiş, özəlləşdirmə nəticəsində torpaq əvəzsiz olaraq kəndlilərə paylanmışdır. Dövlət iqtisadiyyatın bütün sahələri kimi kənd təsərrüfatına da investisiya qoyuluşunu təşviq edir, eləcə də fermer təsərrüfatları üçün güzəştlər tətbiq edir.

Məqalədə qeyd olunur ki, hazırkı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yüksəliş dövrünü yaşayır. Dövlət uğurlu daxili siyasət yürütməklə yanaşı, fəal diplomatiya həyata keçirir və beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir. Bu gün Azərbaycan BMT, ATƏT, İKT, Avropa Şurası kimi bir çox beynəlxalq və regional təşkilatların üzvüdür. Qəzet dövlətimizin yeritdiyi xarici siyasətin üstün istiqamətlərindən geniş bəhs edir.

Yazıda göstərilir ki, bütün bunlarla yanaşı, müstəqillik illərində Azərbaycanın mənəvi həyatında böyük dəyişikliklər baş vermişdir. Xalq milli köklərinə qayıtmış, vaxtilə sovet rejiminin qadağan etdiyi dəyərlərinə qovuşmuşdur. Milli bayramlarla yanaşı, dini bayramlar da geniş qeyd olunur. Fəaliyyətdə olan məscidlər təmir olunur, yeniləri tikilir. Azərbaycan 70 illik ayrılıqdan sonra yenidən islam sivilizasiyasına qovuşmuşdur. Dövlət milli mədəniyyətin inkişafına xüsusi diqqət yetirir.

"Əl-Cəzirə" Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinə toxunarkən yazır ki, iki dost ölkə arasında əməkdaşlıq müxtəlif sahələrdə, nazirliklər və özəl şirkətlər səviyyəsində yüksələn xətlə inkişaf edir. Krallığın biznes dairələri Azərbaycan iqtisadiyyatına maraq göstərir. Artıq Bakıda Səudiyyə Ərəbistanının bir sıra şirkətlərinin nümayəndəlikləri fəaliyyət göstərir. Eyni zamanda azərbaycanlı mütəxəssislər Səudiyyə Ərəbistanında çalışırlar. Krallığın əksər bölgələrindəki səhiyyə müəssisələrində 100-dən çox azərbaycanlı həkim işləyir. Həmçinin azərbaycanlı pedaqoq-alimlər Səudiyyə Ərəbistanının universitetlərində, müxtəlif təhsil müəssisələrində fəaliyyət göstərirlər. Digər tərəfdən, iki ölkə beynəlxalq təşkilatlar səviyyəsində fəal əməkdaşlıq edir, bir-birinə dəstək verir. Səudiyyə Ərəbistanı beynəlxalq dairələrdə Azərbaycanın haqq işini daim müdafiə edir.

Məqalədə göstərilir ki, Azərbaycan-Səudiyyə Ərəbistanı müştərək hökumətlərarası komissiyasının yaradılması və fəaliyyətə başlaması ikitərəfli əməkdaşlığın dərinləşməsinə şərait yaradır. Belə bir əminlik ifadə olunur ki, qarşılıqlı əlaqələr iki dost xalqın mənafeyi naminə gələcəkdə daha da genişlənəcək.

 

 

Azərbaycan.-2009.-9 iyun.-S.5.