Müsəlman Şərqi Azərbaycanın
uğurları ilə
fəxr edir
Azərbaycan dünya
birliyinə uğurla inteqrasiya edən dövlətlərdəndir.
Respublikamız milli irsini qoruyan, iqtisadiyyatını, elm və
mədəniyyətini sürətlə inkişaf etdirən
dünyəvi bir dövlət kimi beynəlxalq nüfuzunu
gücləndirməkdədir. Məhz buna görə də
dünya kütləvi informasiya vasitələrində
artıq Azərbaycana xüsusi yer ayrılır, nailiyyətlərimiz
diqqətlə izlənilir, araşdırılır və təbliğ
edilir.
İordaniya jurnalisti
Sudah Mərvan ərəb mətbuatında ölkəmizlə
bağlı ərəb və rus dillərində mütəmadi
çıxış edən yazarlardandır. Aşağıda
dərc etdiyimiz yazını isə redaksiyamıza müəllif
özü göndərib.
Hörmətli redaksiya!
Uzun müddətdir ki,
İordaniya mətbuatında çalışıram. Biz
Şərqdən doğan günəşin şəfəqləri
altında sizin ölkənin uğurlarını aydın
görür və bərq vuran qələbələrinizə
qəlbən sevinirik. Mənim Azərbaycanla və azərbaycanlılarla
tanışlığımın 30 illik tarixçəsi var.
1979-cu ildə rus dilini öyrənmək üçün
SSRİ-yə gəlmişdim və Lomonosov adına Moskva
Dövlət Universitetinin yataqxanasında qalırdım. Yaşadığımız
bina qoşa lövbər salan gəmilərə bənzəyirdi
və o zamankı sovet memarlığının ən gözəl
nümunələrindən biri sayılırdı. Burada bir
neçə minə yaxın tələbə və aspirant
yaşayırdı. Onların arasında azərbaycanlılar
da var idi. Bəziləri ilə tanış olmuşduq,
salamlaşırdıq, yoldaşlıq edirdik. Bir dəfə
İman adlı azərbaycanlı dostumla gəzintiyə
çıxmışdıq. Zaqorski şosesində
benzindoldurma stansiyalarından birinə od
düşdüyünü gördük. Torpağın
altındakı benzin çənlərinin bir anda partlayıb
göyə sovrulmaq təhlükəsi var idi. Hamı hadisə
yerindən qaçırdı və azəri dostum da
qaçdı, amma hamının yüyürdüyü istiqamətə
yox, odun-alovun içinə cumdu. Mən də bir an belə
düşünmədən onun arxasınca atıldım. Biz
təxminən bir saata qədər yanğını
söndürməyə çalışdıq, stansiyada qalan
bir neçə nəfərlə partlayışın
qarşısını almaq üçün əlimizdən gələni
etdik. Ölüm ayağımızın altındakı benzin
çənlərində ləngər vururdu. Həyəcanlı
anlar yaşadıq. Sonra əlavə kömək gəldi.
Yanğının qarşısı çətinliklə
alındı. Dostum isə mənə sadə bir söz dedi:
"Gərək kimisə xilas etməyə tələsəndə
öz ölümünü unudasan, bu haqda düşünməyəsən".
Mən onda İordaniya mətbuatında
böyük maraqlı bir yazı ilə çıxış
etmişdim. Bu hadisədən 30 il keçsə də azərbaycanlı
dostumu unutmuram. Həm də bütün azərbaycanlıların
belə mərd və fədakar olmasına inanıram.
Elə o vaxtdan bəri həm
dostumla məktublaşır, həm də ki, Azərbaycan
haqqında əksər xəbərləri izləyirəm. Sizin
ölkə haqqında əməkdaşlıq etdiyim qəzetlərin
əksəriyyətində müntəzəm
çıxış etmişəm.
Keçmiş ittifaq
dağıldıqdan sonra hadisələrin hansı məcraya
yönələcəyini, respublikaların hansı istiqamətdə
inkişaf edəcəyini demək çətin idi. Postsovet məkanındakı
dövlətlərin bir çoxu ciddi iqtisadi çətinliklərlə
üzləşir, böyük problemlərin həllində
aciz qalırdılar. Lakin dünya şöhrətli bir
insanın, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə
təkrar qayıdışından sonra ölkənizdə vəziyyət
büsbütün dəyişdi, iqtisadiyyat dirçəldi,
insanların həyatında dönüş yarandı, Azərbaycan
addım-addım xaosdan stabilliyə, müharibədən
sülhə yaxınlaşdı, dağılan postsovet
dövlətləri sırasından ayrılaraq iqtisadi
islahatların yoluna uğurlu qədəm qoydu, beynəlxalq aləmdə
nüfuzunu gücləndirdi.
Müharibə şəraitində
yaşayan bir dövlətin belə sürətlə iqtisadi
islahatları həyata keçirməsi, xarici siyasətdəki
davamlı qələbələri şəksiz ki, Heydər Əliyev
kimi dahi liderin siyasi istedanının bəhrəsi idi. Axı
80-ci illərdə biz hələ Moskvada oxuyarkən onun digər
Siyasi Büro üzvlərindən necə fərqləndiyini
yaxşı bilirdik və onun Moskvada Brejnev komandasında ən
güclü şəxsiyyət olduğunu bütün
dünya etiraf edirdi.
Onun Azərbaycana
qayıdışı tək Azərbaycan xalqının yox,
bütün Şərqin qələbəsi idi. Biz sevinirik ki,
ulu öndəriniz Heydər Əliyev irsinin, siyasi fəaliyyətinin
layiqli davamçısı kimi Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev də ölkənizi
bölgənin liderinə çevirdi.
Azərbaycanla
İordaniya xalqları arasında doğmalıqlar
mövcuddur: biz eyni dinin, eyni kökdən gələn milli adət
və ənənələrin daşıyıcısı kimi
bir-birimizə digərlərindən daha yaxınıq.
Təhsilimi başa vurub
İordaniyaya qayıtdıqdan sonra dəfələrlə
Moskvaya gəlmişəm və dövrü mətbuatı izləyəndə
Azərbaycanın bütün respublikalardan fərqli
inkişafının şahidi olmuşam. İndi bir çox
nüfuzlu beynalxalq təşkilat və qurumların
hesabatlarında ölkənizin lider elan olunmasına, Azərbaycanın
dünya mədəniyyətinə və iqtisadiyyatına
uğurlu inteqrasiyasına biz, Şərq mətbuatının
təmsilçiləri kimi qürur hissi ilə
yanaşırıq.
Mən beynəlxalq hadisələri
mütəmadi izləyən qələm sahibi kimi deyə bilərəm
ki, sizin ölkənin perspektivləri göründüyündən
daha böyükdür. Bu perspektivlərin təməlini
İlham Əliyevin uğurlu, stabil və praqmatik xarici siyasəti
təşkil edir. Mən Azərbaycan haqqında İordaniya mətbuatında
müntəzəm yazıram və sizin İordaniyadakı səfirliyin
bir çox tədbirlərində iştirak edirəm. Elə
bu yaxınlarda Azərbaycanın İordaniyadakı səfirliyində
Heydər Əliyevin doğum gününə həsr
olunmuş tədbirdə iştirak etdik, bizim paytaxtda
ümummilli liderin adını daşıyan küçədə
yenə də sərv ağacları əkilir. Heydər Əliyevin
adının Əmməni şəhərinin ən
yaraşıqlı küçələrindən birinə
verilməsi, bizim bütün Şərqin liderinə və Azərbaycan
xalqına olan ehtiramımızdan irəli gəlir.
Qafqazda ən sülhsevər dövlət Azərbaycandır, ən praqmatik və balanslaşdırılmış siyasəti yeridən də sizsiniz. Eyni zamanda çətin atəşkəs şəraitində yaşamağınıza baxmayaraq bölgədə sülhün inkişafı üçün bütün vacib addımları atır, beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edirsiniz. Azərbaycanın nailiyyətlərini öz uğurlarımız sayır və eyni zamanda olkələrimiz arasında mədəni, iqtisadi əlaqələrin getdikcə güclənməsinə sevinirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə İordaniya Haşimiyyə Krallığının Kralı əlahəzrət İkinci Abdullanı qırılmaz dostluq əlaqələri bağlayır. Bu əlaqələr xalqlarımızın da qarşılıqlı inkişafı və əməkdaşlığına təkan verir.
Hörmətlə,
Sudah Mərvan,
İordaniya, "Ər-Rəy"
qəzetinin
beynəlxalq şərhçisi
Azərbaycan.-2009.-9 iyun.-S.5.